Xaricdən ölkəmiz əleyhinə olan təhdidlər və çağırışlar artıb- Vüqar Əhmədov

 "Qərb ölkələrindən anti-Azərbaycan qüvvələri ölkəmiz əleyhinə müntəzəm və gündəlik iş aparır, xarici ölkələrdə yerləşən Azərbaycan səfirlikləri qarşısında mitinqlər təşkil edir"

"Bu günkü sosial şəbəkələrimizin acı reallığı xarici ölkələrdə sapı özümüzdən olan baltaların gündəlik ölkəmizin maraqları əleyhinə apardığı məkirli fəaliyyət plan

Son vaxtlar diaspor sahəsində ciddi bir hərəkətlilik, aktivlik nümayiş olunur. Şəxsən Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bir-bir müxtəlif ölkələrə səfər edərək oradakı diaspor nümayəndələrimizlə görüşməsi. ayrı-ayrı ölkələrdə Koordinasiya Şuralarının yaradılması belə qənaət yaradıb ki, diaspor fəaliyyətində yeni bir mərhələ başlayıb. Bəs görəsən bu proses kənardan necə görünür və görülən işlərə münasibət necədir? Bütün bunlara aydınlıq gətirmək üçün Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovla söhbətləşdik.

-Vüqar müəllim, son vaxtlar diaspor sahəsində görülən işlər, atılan addımları necə qiymətləndirirsiniz?

-Əvvəla onu qeyd edim ki, diasporla işin effektiv qurulması ölkəmiz üçün hər zaman prioritet sahə hesab olunub. Hələ zamanında Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən diaspor quruculuğu sahəsinə xüsusi önəm vermiş, bu sahəyə dövlət dəstəyini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət        Komitəsini yaratmış və demək olar ki, əksər xarici səfərlərində Azərbaycan diaspor nümayəndələri ilə görüşlər keçirmişdi. Prezident İlham Əliyevin dövründə isə diasporla iş yeni mərhələyə qədəm qoydu. Bu dövr diasporla işin daha səmərəli qurulması, diaspor təşkilatlarının maddi texniki bazasının möhkəmləndirilməsi və inkişafına yönəldi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev dəfələrlə diaspor nümayəndələri ilə görüşdə Azərbaycan diasporunun hücum taktikasından daha geniş istifadə etməsini önə çəkmişdi. Məhz bu dövrlərdə xarici ölkələrdə yeni diaspor təşkilatları yarandı, Azərbaycanın xarici ölkələrdə uğurlu lobbiçilik ənənələrinin əsası qoyuldu. Prezident İlham Əliyevin bu sahədə ən mütərəqqi addımlarından biri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin adının dəyişdirilərək Diasporla iş üzrə Dövlət Komitəsi adlandırılması və işinin yenidən təşkil edilməsi oldu. Əlbəttə ki, Azərbaycanın diaspor quruculuğu və Azərbaycan maraqlarının qorunması istiqamətində lobbiçilik işinin aparılması yalnız bir komitə vasitəsi ilə olmamışdı. Bu sahədə fəaliyyət göstərən ayrı-ayrı Qeyri-Hökumət Təşkilatları və qurumlar Azərbaycanın haqq işinin və ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin xarici ölkələrdə təbliğ olunması istiqamətində fəal iş aparıblar. Lakin hər zaman istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bu komitədən gözləntilər yüksək olub.

-Bütün bunların fonunda xaricdə Azərbaycan diasporu necə görünür? Tam aktivdirmir?

-Xarici ölkələrdə bu gün diasporumuzun vəziyyətinə nəzər salsaq, bu sahənin heç də urəkaçan olmadığının şahidi olarıq. Əslində Azərbaycan diasporunda mövcud olan parçalanmalar, fikir ayrılıqları və çəkişmələr yeni xəbər deyildir. Azərbaycan diasporu formalaşandan biz bu proseslərin şahidi olmuşuq və bir-biriləri ilə fikir ayrılığında olan diaspor təşkilatlarını yenidən barışdırmaq və birləşdirmək cəhdləri bu sahədə keyfiyyətcə yeni mərhələyə qədəm qoymaq əvəzinə hər şeyi yenidən başlamaq cəhdlərinə bənzəyir. Hazırda biz elə bir mərhələyə qədəm qoymuşuq ki, mövcud olanları kənara qoyub diasporla işi yenidən təşkil etməyə başlamışıq. Sözsüz ki, yeni rəhbərlik tərəfindən başlanan hər yeni işdə yeni yanaşmalar və ideyalar olmalıdır, lakin əsas strateji xətt olan hücum taktikasından yenidən diaspor quruculuğuna qayıtmaq ölkəmizin bu sahədə son 20 ildə qət etdiyi yolun yenidən başlanmasına bənzəyir. Zaman isə gözləmir, biz bu sahədə müdafiə mövqeyinə çəkildiyimiz bir anda, düşmən qondarma "Dağlıq Qarabağ" respublikasının qərb dövlətlərində geniş təbliği ilə məşquldur.

-Bəs, diaspor sahəsindəki fəaliyyətlər xaricdə antiAzərbaycan təbliğatının nə dərəcədə qarşısını almağa imkan yaradıb?

-Digər tərəfdən otən dövrlərlə müqayisədə xaricdən bizim ölkəmizin əleyhinə olan təhdidlər və çağırışlar dəfələrlə artıb. Qərb ölkələrində anti-Azərbaycan qüvvələri ölkəmiz əleyhinə müntəzəm və gündəlik iş aparır, xarici ölkələrdə yerləşən Azərbaycan səfirlikləri qarşısında mitinqlər təşkil edirlər. Bu günkü sosial şəbəkələrimizin acı reallığı xarici ölkələrdə sapı özümüzdən olan baltaların gündəlik ölkəmizin maraqları əleyhinə apardığı məkirli fəaliyyət planıdır. Və heç şübhəsiz ki, xarici ölkələrdəki Azərbaycanlı gənclərdən qərb dövlətlərinin müəyyən dairələri öz məqsədləri üçün istifadə edir.

Təəssüflər olsun ki, bu gün biz Azərbaycançılıq məfkurəsi və ideyası, dövlətin milli maraqlarının xarici ölkələrdə qorunması istiqamətində əsas götürdüyümüz strateji xətdən və hədəfdən yayınırıq. Bu gün biz əsas hədəf olaraq qərb ölkələrində, ABŞ və Avropada güclü lobbiçilik imkanlarına malik diaspora formalaşdırmalıyıq, dünyada yaşayan azərbaycanlılar bu cəmiyyətlərdə sıx birləşməlidir və qərb dövlətlərinin hökumətləri formalaşarkən öz seçki kampaniyasında diaspor cəmiyyətlərimizin gücü ilə hesablaşmalıdır. Buna nail olmaq üçün isə dövlətimizin və millətimizin lazım olan bütün imkanları və Prezident İlham Əliyev kimi lideri vardır. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada ən güclü diaspora sahib olacaq.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR