Bu il daha beş “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub- MÜSAHİBƏ

Elnur Niftəliyev: "Bu model bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur"

Azərbaycan brendi hesab olunan "ASAN xidmət" mərkəzləri hazırda dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən quruma çevrilib. Sirr deyil ki, "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin edib. Nəzərə almaq lazımdır ki, mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. Bəs, qurumun gələcək fəaliyyətində hansı yeniliklər nəzərdə tutulur? Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyevdir.

-Elnur müəllim, hazırda "ASAN xidmət" mərkəzləri vasitəsilə göstərilən xidmətlərin sayı və müraciət edən vətəndaşların statistikası nə səviyyədədir?

-Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 iyul 2012-ci tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılmışdır. Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.  Bu günə kimi "ASAN xidmət"ə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur.

-Səyyar ASAN xidmətlər vətəndaş məmnunluğunun təmin olunmasında hansı rolu oynayır?

-"ASAN xidmət"-in brendinin əhatə dairəsi təkcə statik mərkəzlərlə məhdudlaşmır. Həmçinin Səyyar avtobuslar və ASAN Qatar vasitəsi ilə də vətəndaşlara xidmət göstərilir. Daim innovativ yanaşma prinsiplərini rəhbər tutan "ASAN xidmət"in dövlət xidmətləri sahəsində tətbiq etdiyi yeniliklərdən biri dəSəyyar ASAN xidmət avtobuslarının fəaliyyətə başlaması oldu. Bu, "ASAN xidmət" mərkəzlərinin əhatə dairəsinə daxil olmayan regionlarda yaşayan vətəndaşların dövlət xidmətlərinə olan tələbatının ödənilməsi üçün atılmış bir addım idi. İlk aylarda 2 avtobusla xidmətə başlayan Səyyar ASAN xidmət konsepsiyası tezliklə özünü doğruldan təcrübənin fonunda avtobuslarının sayını 10-a çatdırdı və şəbəkəsini daha da genişləndirərək, ASAN Qatar konsepsiyasını təqdim etdi. Bu gün ölkəmizin geniş avtomobil və dəmir yolları şəbəkəsindən istifadə edən Səyyar ASAN xidmət ilboyu, istənilən iqlim şəraitində vətəndaşlarımızın xidmətində dayanır. 2013-cü ildən etibarən 1 700 000-dən çox vətəndaş müraciəti qeydə alınıb. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

- Səyyar ASAN xidmətdə könüllü fəaliyyətinin təşkili hansı səviyyədədir?

-2013-cü ildən fəaliyyətə başlayan "ASAN xidmət" öz fəaliyyətinə könüllüləri də cəlb edib. Könüllülər "ASAN xidmət" mərkəzlərində xidmət almağa gələn vətəndaşlara müxtəlif xidmətlər göstərirlər, bununla onların və ümumilikdə Mərkəzlərin işini əhəmiyyətli dərəcədə asanlaşdırırlar. Belə ki, vətəndaş axınının idarə olunmasından başlayaraq vətəndaşlar üçün  müxtəlif xarakterli ərzələrin doldurulmasında yardım etməyi əhatə edən fəaliyyət gənclər və vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Bu gün məzun könüllülərimizin sayı 18000-i keçib. ASAN Könüllülük Məktəbinin iştirakçıları Səyyar ASAN xidmətin də fəaliyyətinə öz töhfəsini verirlər. Respublikamızın müxtəlif bölgələrində həyata keçirilən Səyyar ASAN xidmətdə vətəndaşlarımıza köməklik edirlər və onlardan "ASAN xidmət" mərkəzlərində olduğu kimi xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə sorğular götürürlər. Bu fəaliyyət bölgə gəncləri tərəfindən də böyük həvəslə qarşılanır. Ümumilikdə Səyyar ASAN-da məzun olan könüllülərinimizin sayı 2000-dən artıqdır.

-ABAD lahihəsi və yenilikləri barədə məlumat verərdiniz. 

-"ABAD" yəni Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" mərkəzləri tərəfindən iki prioritet sahələrdə: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Hazırda dəstək alan ABADçı ailələrin sayı 353 təşkil edir. Onlardan 294-ü sənətkar, digərləri isə təsərrüfatçı ailələridir. "ABAD"ın dəstək proqramına biznes-planlaşdırma, avadanlıqla təhcizedilmə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, təlimlər, hüquqi yardım, qablaşdırma, daşınma, logistika və ən əsası, satışın təşkili daxildir. "ABAD" öz fəaliyyətini regional mərkəzləri sayəsində həyata keçirir. Bu günə ölkə üzrə 5 regional mərkəz və bah ofis mövcuddur.  Qida məhsulları sahəsində ABAD-çılar tərəfindən istehsal olunmuş məhsulların satışı məqsədi ilə Azərbaycanın ən iri "Bravo" hipermarketlərində "ABAD" bakaleyalar (satış guşələri) yaradılıb. Hazırda 5 Bakaleya fəaliyyət göstərir. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan ailərə dəstək çərçivəsində isə Respublikanın müxtəlif yerlərində 10 "ABAD" etno-butikləri açılıb. Burda təqdim olunan suvenirlərin böyük əksəriyyəti Azərbaycan mədəniyyətinə xas olan sənət nümünələridir. Yaxın gələcəkdə "ABAD"ın təşkilatçılığı ilə Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində ilk dəfə "Təbiətdən Tarixə" adlı Keramika üzrə Beynəlxalq Simpozium təşkil olunacaq. Simpoziumda müxtəlif ölkələrdən tanınmış olan keramistlər təşrif buyuraraq iki həftə ərzində öz məharətini göstərəcək. Bundan başqa "ABAD" analoji keramika mərkəzlərinin sayını artırmaq niyyətindəndədir. Yaxın zamanlarda Nardaranda da bu cür mərkəz yerli əhaliyə öz qapılarını açacaq.

-Daha hansı regionlarda ASAN xidmət mərkzlərinin açılışı gözlənir?

-Hazırda 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə "ASAN xidmət" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 aprel 2019-cu il tarixində Bakı şəhərində iki yeni "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

-Azərbaycanın brendi olan "ASAN xidmət" beynəlxalq aləmdə hecə dəyərləndirilir. Azərbaycan nümunəsinə xarici ölkələrdə maraq hansı səviyyədədir?

-Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Əfqanıstan İslam Respublikasında "ASAN xidmət" (Asan Khedmat) təsis edilib. Bundan başqa, Uqanda, Mərakeş, Koreya, , İndoneziya, Monteneqro, İtaliya və ISESCO təşkilatı ilə əməkdaşlığa dair "Anlaşma Memorandumu" imzalanıb. Hazırda bir sıra Afrika ölkələri: Misir, Əlcəzair, Özbəkistan ilə əməkdaşlığa başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. "ASAN xidmət" 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. "ISESCO-nun ASAN mükafatı" üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunacaqdır. BMT-nin İnsan Hüquqları Şurasında "ASAN xidmət" təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR