Bu gün müasir insan nəyi harada və necə istifadə edəcəyini bilmir

Nəcəf Allahverdiyev: "İnsan dəyişikliyi üçün tək bilgi kifayət etmir"

Olaylar.az "Karnegi Klub"un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevi ilə olan müsahibəni təqdim edir.

- Nəcəf bəy, uğur qazanmaq istəyən insanların ilk qorxuları nələr olur? Bu vaxta qədər uğursuzluqlarını necə izah edirlər?

- İnsan bağça yaşından, universitet, iş həyatında müxtəlif psixoloji stresslər, narahatçılıq, kompleks, həyəcan, qorxu yaşayır. Bunlardan xilas olmaq, qarşısını almaq, qorxulardan azad olmaq, toplum qarşısında necə çıxış etmək, işə düzələn zaman necə danışmaq- bütün bunları bilmək hər bir insan üçün önəmlidi. Təəssüf ki, bütün bunlar universitetlərdə tədris olunmur. Bir çox insanın uğur qazanmasına az öncə sadaladığım nüanslar böyük maneə yaradır.

- Qadınlar uğur qazanmaq üçün iddialıdırlar, ya kişilər?

- Uğur qazanmaq istəyənlər arasında qadın və kişi bərabərdi. Burada fərq əsasən yaş olaraq hiss olunur. Sosial şəbəkədə kişilər aktiv olduğundan məlumat 64 faiz kişilərə, 46 faiz xanımlara çatdırılır. Geri dönüşdə isə göstərici tamam fərqli olur. Təşkil olunan forumlarda xanım iştirakçıların sayı üstünlük təşkil edir. Biz sonuncu Uğur Forumunda da buna şahid olduq. Xanımlar ailə quranda ictimai həyatda fəaliyyətləri qısa zaman məhdudlaşır. Uşaqlar böyüdükdən sonra isə bir çoxları yenidən aktiv fəaliyyətə başlayırlar.

- Natiqlik bacarığı olmadan uğur qazanmaq mümkündür? Müasir dövrdə natiqlik nə dərəcədə tələb olunan sahədir?

- Natiqlik özü ayrıca bir sahədir, ixtisasdır. Bu sahədə də insan uğur qazansa gözəl olar. Amma hamının bir nömrəli natiq olması vacib deyil. Bu əlavə bilgi olaraq insanlar üçün önəmlidir. Natiqlik özü çox geniş anlayışdır. Toplum önündə səlis, gözəl, onu öz arxası ilə apara biləcək çıxış etməyi bacarana biz natiq deyirik. Natiqliyin özünün də müxtəlif istiqamətləri var. Ünsiyyət qurma, kommunikasiya, təqdimat bacarıqları iş həyatında hər bir insan üçün vacibdir. Natiqliyin diksiya, səlis və düzgün danışmaq, qorxmamaq və özgüvən, təqdimat və ətrafla ünsiyyət kimi bir neçə önəmli istiqamətləri var. Biz bu məlumatları insanlara veririk. Onlar da öz iş həyatlarında hansı lazımdırsa, ondan istifadə edirlər. Birinci ən əsas amil qorxu və həyəcanı dəf etməkdir. Bir neçə insan qarşısında rahat fikrini ifadə etmək, ünsiyyət bacarığı əsas amillərdən biridir. Bu gün bir çox ailələrdə, ortamlarda ünsiyyət problemi var. Bəzən də, bilikli insanın öz bildiklərini təqdimetmə bacarığının olmadığının şahidi oluruq. Bizim əsas məqsədimiz odur ki, insanlar həyatda öyrəndiklərini təqdim etməyi bacarsınlar. Bu onlara həm də iqtisadi baxımdan gəlir gətirəcək. Napoleonun bir sözü var ki, yaxşı danışa bilməyən insan karyera qura bilməz.

- Abituryentlərin imtahan həyəcanında psixoloqlar daha çox valideynləri günahlandırırlar. Gələcəkdə abituriyent və valideynlər üçün geniş forum təşkil etməyi düşünürsünüzmü?

- Ötən il bu istiqamətdə geniş tədbirimiz oldu. Biz bu məsələyə daha çox təlabat olduğunu gördük. Valideynlərin çoxu övladlarının daha çox oxumasını hədəf götürür. Oxumaq çox vacibdir. Amma bir qisim insan oxuduqca daha çox qorxur. Bu səbəbdən də bir çox abituriyent və məzunlar xeyli sayda ballarını itirmiş olurlar. Amma valideynlər düşünürlər ki, psixoloqlara getmək uşaqları üçün vaxt itgisidir, ondansa bir az çox oxuyub 5 sual da artıq cavablandırarlar. Uşaq artıq oxuyur, amma imtahan zamanı həm artıq yazacağı 5 sualın cavabını, həm də bildiyi digər sualları cavablandırmaq üçün stressdən qurtulmalıdır.

Bizim uşaq tərbiyəsi ilə bağlı dərslərimiz də olur. Orada ilk olaraq uşaqları yox, valideynləri tərbiyə etmək lazımdır deyirik. Çünki uşaqlar hər bir halda bizə oxşayacaq. Yetkinlik dövründə uşaqların tərbiyyəsində çox boşluqlar olur. Və bu haqda heç yerdə danışılmır, maarifləndirici bilgilər demək olar ki, yoxdur. Hər kəs özünün doğru bildiyi, gördüyü üsuldan istifadə edir. Bir qrup valideyn övladlarının gələcək həyatına çox laqeyd yanaşır, bir qrup valideyn isə uşaqlarına həddindən artıq psixoloji basqı edərək oxutmağa çalışır.

- Bizneslə məşğul olan bir çox gənclər düşünürlər ki, çoxlu pul qazanmaq artıq uğur əldə etmək deməkdir. Bu fikir nə qədər doğrudur?

-Uğur və ya xoşbəxtlik. Uğur xoşbəxtlikdirmi? Uğura geniş anlamda baxsaq orada xoşbəxtlik var. İndiki dövrdə müasir insanın düşüncəsi ilə baxsaq uğur daha çox hansısa bir sahədə iqtisadi baxımdan daha çox gəlir əldə edən insana deyirlər. Çox pul qazanmaq nə qədər yaxşı olsa da, bu hələ hər şey demək deyil. Mən həmişə sual verirəm ki, bizim həyatdan istədiyimiz ən vacib şey uğurdurmu? Burada insanlar bir qədər düşünürlər və deyirlər ki, yox. İnsan üçün ən önəmli amil xoşbəxtlikdir. Uğurla xoşbəxtlik arasında bərabərlik işarəsi olması üçün təkcə maddi yox, həm çinin mənəvi amillər nəzərə alınmalıdır.

- Çoxları təlim mərkəzinə gedənləri qınayır. Səbəb isə bu istiqamətdə yetərincə ədəbiyyatın mövcud olmasıdır. Sizcə, uğur haqqında yazılan ədəbiyyatı oxumaqla uğur əldə etmək mümkündür?

- Qınayanlar iki yerə bölünür: bunlardan biri bu işlə məşğul olan insanlara daim mane olmaq istəyirlər, onları hər zaman olduqları yerdən aşağı çəkməyə çalışırlar. Digər ikinci qrup insanlar isə nəinki təlimdə iştirak edənləri, hətta bu istiqamətdə ədəbiyyatlar oxuyanları, filmə baxanları həvəsdən salır, ancaq öz istiqaməti üzrə oxumağı "məsləhət" görürlər.

Bu istiqamətdə kifayət qədər ədəbiyyat var. Bunları oxumaq hər bir insan üçün vacibdir. Özü özünümaarifləndirmə önəmlidir. Amma bəzi bilgilər var ki, insan özü oxumaqla onun nəticəsini çox az görür. İnsan dəyişikliyi üçün tək bilgi kifayət etmir. Xüsusi təlimlərdə iştirak etmək önəmlidir.

- Vacib, əhəmiyyətli və təcili işlər var. Uğur qazanmaq istədikdə bunlardan hansına diqqət və zaman ayırmalıyıq?

- Bu bizim söbhətimizin life time menecment hissəsidir. İşlər bir neçə yerə bölünür: vacib və təcili. Təcili işləri tez görmək lazımdır. Vacib işlər tam başqa işlərdir. Ola bilər ki, tez görülməsi vacibdir və ya əksinə. Məsələn, imtahana hazırlaşıram. Amma imtahan üçün iki il vaxtım var. Təbii ki, mən gündəlik oxumalıyam. Bu oxuma vacibdir, amma təcili deyil. Amma bəzi işlər var ki, onlar vacib və təcilidir. Məsələn, imtahana 3 gün qalıb və mən oxumuşam, amma təkrarlamamışam. Üçüncü tip işlər var ki, onlar vacib deyil, amma tələsikdir. Mən dostuma kitab çatdıracağıma söz vermişəm. Mənim üçün o kitabın ona verilməsi vacib deyil, amma mən söz vermişəm və təcili çatdırmalıyam. Bir də nə vacib, nə də təcili işlər var. Təəssüflər olsun ki, bu işlər vaxt oğrusudur və biz gündəlik həyatımızda bu cür işlərlə daha çox məşğul oluruq. Buna misal olaraq sosial şəbəkələri göstərə bilərik. İşlə bağlı sosial şəbəkəyə daxil olmamışıq, başqalarının paylaşımlarını izləyirik, like edirik. Çox vaxt istirahəti bura aid edirlər. Amma istirahət üçün ayrılan vaxt bura aid deyil. Çalışmalıyıq ki, əsas işlərimizin böyük hissəsi vacib olsun, təcili olmasın.

- Çoxları sosial şəbəkənin zaman oğrusu olduğunu anlayır, amma ondan uzaqlaşa bilmədiyini etiraf edir. Sizcə, bu cür asılılığa səbəb nədir?

- Burada önəmli məsələ qızıl orta xəttdir. Sosial şəbəkələr iti bıçağa bənzəyir. Həm çox xeyirlidir, həm də çox ziyanlıdır. Amma baxır kimin əlindədir və ondan necə istifadə olunacaq. imtahana hazırlaşan şəxsin zamanını sosial şəbəkəyə sərf etməsi onun ziyanınadır. Həftədə bir gün istifadə etməsi normaldır. Amma bütün günü orada olmaq düzgün deyil. İnsan özünü və zamanını düzgün nizamlayırsa, artıq o qızıl ortamı tapmış olur. Əgər insanın qarşısında onun sevdiyi, nail olmaq istədiyi məqsədləri varsa, o təbii ki, zamanını ona həsr edəcək. Amma heç bir məqsədi olmayan, vaxtını öldürmək istəyən insanı sonda vaxt özü öldürür. Sosial şəbəkədə gərəksiz vaxt keçirmək kimlərinsə maraqlarını yaşamaqdır. Təlimlərimizin məqsədi yaşayan ölü insanları yenidən həyata qaytarmaqdır.

- Stress insanlara hər sahədə mane olan əsas "qüvvə"dir. Stressdən necə qurtula bilərik?

- Bu gün sanki daha çox rassional beynin inkişafı, məntiq, IQ savaşı yaranıb. Bunlar lazımdı, yaxşıdı. İstər qərbdə, istərsə də şərqdə hər kəs bilgi savaşındadır. Bu bilgilər o qədər inkişaf etdi ki, insanlar atom bombası icad elədi və sonda onu öz üzərində sınadılar, bilgi o yerə çatdı ki, bu gün istənilən ölkəsi ilə ən qısa zamanda əlaqə saxlaya bilirik. Amma bu bilginin artması ilə yanaşı təəssüflər olsun ki, insanlararası münasibətdə ziddiyyət yarandı. Ən inkişaf etmiş ölkələrdə intiharların sayı artdı, uçan maşınlar icad edildi, amma insanlar xoşbəxt deyil. Paralel olaraq bu ölkələrdə olan texnologiyanın bənzərini istehsal edən ölkələrdə də insanlar xoşbəxt deyil. İnkişaf etmiş ölkələr nəyin çatmadığını araşdıranda məlum oldu ki, insanlararası münasibət, emosional intelekt (EQ), yəni emosiyaların idarə olunmasıdır. Burada fərdi, şəxsi, iş münasibətləri də nəzərdə tutulur. İnsanlar emosiyalarını idarə etməkdə, digər insanlara qarşı empatiya, simpatiya, özlərinə qarşı emosiyaların idarə olunması təəssüf ki, arxa planda qalıb. İnsan öz nəfsini ram etsə, daxilində olan hissləri yerində və düzgün istifadə etsə çox xoşbəxt olar. İnsanlar çox mənasız və cılız məsələlərə çox tez və kəsgin reaksiya verirlər. Təəssüf ki, bu gün müasir insan nəyi harada və necə istifadə edəcəyini bilmir. Burada təbii ki, paxıllıq, həsəd, qəzəb hissi yerində olmayanda xoşbəxt olmur. Stresslərin də qaynağı insanların daxilində olan neqativ hisslər qaynağı emosiayaların düzgün formalaşmamasıdır.

Sonda fürsətdən istifadə edib bütün oxuculara uğur və xoşbətlik arzu edirəm.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR