Cavid İsmayıl: "Turan Araşdırma Mərkəzinin əsas məqsədi ümumtürk tarixinə xidmətdir"

 "Turan Araşdırma Mərkəzi" İB-nin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayılla söhbətimiz qloballaşan dünyamızda türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsindən oldu. Başqa məqamlardan da danışdıq.

     -Cavid müəllim, söhbətimizə Turan Araşdırma Mərkəzinin
yaranma  tarixindən başlayaq .

-Öncə qeyd edim ki, Turan Araşdırma Mərkəzi (TAM) 2017-ci ildə Ədliyyə
Nazirliyində qeydiyyatdan keçərək öz fəaliyyətinə 2018-ci ildən başlayan
ictimai təşkilatdır. TAM-ın əsas məqsədi qloballaşan dünyamızda türk
dövlətlərinin folklorunu və adət-ənənələrini,
türk xalqlarının zəngin mədəniyyətini, qədim tarixi
irsini, etnoqrafiyasını, ədəbiyyatını və ümumillikdə, bu sahələri dərindən
öyrənmək, onu təbliğ etmək və türk xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etməkdən
ibarətdir. Bunlarla yanaşı ümumtürk dünyasının
tərkib hissəsi olan Azərbaycanın mədəniyyətinin, tarixinin və ədəbiyyatının
təbliği də qarşıda duran əsas məqsəd kimi qoyulub.

Bu baxımdan elmi araşdırmalar
aparmaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər
təşkil etmək, habelə ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif
qeyri-hökümət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurmaq və
onlarla birlikdə layihələr həyata keçirmək vəzifələrini qarşıya qoymuşuq.

TAM ictimai-siyasi xadim, türkçü alim, professor Əjdər İsmayılovun təşəbbüsü ilə
yaradılıb. Professorun bu istiqamətdə ciddi elmi araşdırmaları, əsərləri
mövcuddur. Belə ki, türk dünyasının tanınmış ədəbiyyat simalarından biri olan
Hüseyn Cavid irsinin hələ Sovetlər dönəmində öyrənilməsi, tədqiqi istiqamətində
professor Əjdər İsmayılovun təqdirəlayiq araşdırmaları var.  Əjdər müəllim "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları",
"Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos
əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" və digər əsərlərin
müəllifidir. Əjdər İsmayılovun ABŞ Konqres Kitabxanasının elektron kataloquna
daxil edilən əsərlərindən 2006-cı ildə nəşr edilmiş "Qədim Ön Asiya və Ön
Qafqaz Türk tayfaları" (səh.800) və "Dünya romantizm ənənələri və Hüseyn
Cavid" (ilk nəşr 1982-ci ildə "Yazıçı", təkrar nəşr 2017-ci "Elm və təhsil"
nəşriyyatı, səh.220) əsərləridə yer almışdır.

TAM yarandığı gündən qarşısına qoyduğu tədbirlərin həyata
keçirilməsinə başlamışdır. 2018-ci ildə ilk olaraq Türkiyədə yaşayan
həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə
"Xocalı Soyqırımı" adlı dissertasiyaya elmi rəhbərlik etmiş türk
dünyasının dəyərli ziyalısı professor Aygün Attarın "Erməniçilik müasir
dövrün böyük problemi kimi" yeni əsərinin Azərbaycan oxucularına
çatdırılması, onun müzakirəsinin təşkil etdirilməsi istiqamətində işlər
görüldü. Aygün Attarın müəllifi olduğu bu
kitabda 1830-cu ildən bu tərəfə cərəyan edən proseslər ayrı-ayrılıqda təhlil
edilir və Zəngəzur, Göyçə və digər ərazilərimizdə törədilən qırğınlar barədə
geniş məlumat verilir. Kitabda sovet dövründə baş verənlər, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri amansızlıqlar, insanlığa sığmayan
hərəkətlər geniş təhlil edilib. Ermənilərin Azərbaycan ərazilərinə
yerləşdirilməsi, onların müxtəlif illərdə azərbaycanlılara qarşı həyata
keçirdikləri deportasiya və soyqırımlar geniş şəkildə oxuculara çatdırılır.
Bundan başqa müasir dövrümüzdə törədilən 20 Yanvar faciəsi, Xocalı soyqırımı
barədə məlumatlar verilir. Kitabda
yaş yarımlıq şəhid balamız Zəhra ilə bağlı fikirlərin əks olunması bir ana
harayıdır. Biz TAM olaraq düşündük ki, alimlərimiz,
tədqiqatçılarımız, müəllimlərimiz, tələbələrimiz və bir sözlə Azərbaycan
oxucuları bu mənbədən istifadə eləsin. Aygün Attarın əsəri kifayət qədər tarixi
mənbəələrə istinad edilərək yazılıb və biz kitabın təqdimatını millət
vəkilləri, ictimai-siyasi, elm, təhsil xadimlərinin, müəllim-tələbə və s.
iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirdik.

-Ötən il Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyilə
əlaqədar "Cümhuriyyət" ili elan edilmişdi. Mediadan da bizə məlumdur ki, Turan
Araşdırma Mərkəzi də bununla bağlı silsilə tədbirlər  keçirdi...

-Bəli, TAM olaraq biz də cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə nail
olduq. Əsas tədbirlərdən biri İstanbul Kültür Dərnəyi ilə birgə Bakıda Atatürk
Mərkəzində Türkiyədən gələn 30 nəfərə yaxın əksəriyyəti alimlər, araşdırmaçılar,
bir sözlə tanınmış ziyalıların iştirakı ilə elmi-praktik konfrans
keçirildi. Konfransdan öncə ilk olaraq iştirakçılarla birgə Fəxri Xiyabanda
müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, daha sonra
Xiyabanda uyuyan bir sıra digər görkəmli insanlarımızın məzarlarını ziyarət etdik.
Ziyarət çərçivəsində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün
abidəsini, qürur yerimiz olan Şəhidlər Xiyabanı və oradaca XX əsrdə Türkiyədən
Azərbaycana qardaş harayına gələrək şəhid olan qardaşlarımızı birgə ziyarət
etdik. Daha sonra beynəlxalq elmi-praktik konfransımız Atatürk Mərkəzində
başladı. TAM tərəfindən tədbirdə mən daha sonra
tarixi romanlar müəllifi, tanınmış yazıçı, publisist Yunus Oğuz, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, professor Əhməd
Qəşəmoğlu, "İstanbul - Azərbaycan Kültür Evi" dərnəyinin rəhbəri Hikmət Elp və
bir sıra digər görkəmli alimlərin geniş məruzə və çıxışları oldu.

Tədbirdə Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya
xəritəsində bir reallığa çevrildiyini, Cümhuriyyətin XX əsrin əvvəllərində
olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını, müsəlman Şərqində ilk
demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyəti vurğulandı.
Tarixin ən çətin və mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin
demokratik ənənələrə malik olması, ümumiyyətlə, Cümhuriyyətin yaranması tarixinin
bir hadisə olduğu haqda geniş tarixi məlumatlar verildi. Eyni zamanda, konfrans
iştirakçılarına Azərbaycanın tarixi keçmişini, milli-mədəni dəyərlərimizi
tanıtmaq baxımından Milli Azərbaycan Tarix Muzeyinə, Qobustan dövlət
tarixi-bədii qoruğuna, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq
Qoruğuna, dahi şair-dramaturq Hüseyn Cavidin ev müzeyinə ekskursiyalar təşkil
edildi. Bununla yanaşı Azərbaycanda gedən iqtisadi inkişafı ilə yaxından tanış
etmək məqsədilə bəzi bölgələrə  səfərlər edildi.

-Cavid müəllim, regionlardan söz
düşmüşkən, 2018-ci ildə regionlarda tədbirləriniz oldumu, oldusa bu barədə nə deyə
bilərsiniz?

-Bəli, regionlarda bir sıra geniş tədbirlərimiz oldu. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi
qrant müsabiqəsində TAM-ın qalib gəlmiş "Tarixini unutma!" adlı
layihəsi çərçivəsində, 200 ildən artıq bir
zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan
xalqına qarşı həyata keçirilən soyqırım hadisələri o, cümlədən XX əsr
tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin azərbaycanlıların
düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, terrora, repressiyalara
məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasını
vətəndaşlarımızın nəzərinə bir daha çatdırmaq idi.

Layihə çərçivəsində ilk tədbirimiz, Gəncə şəhərində "Qafqaz İslam Ordusu və
Gəncə" mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) TAM-ın
sədri professor Əjdər İsmayılov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü,
professor İbrahim Cəfərov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki
Öztürk, Mərkəzin idarə heyətinin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun
ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev və Şərq Ölkələri Beynəlxalq
Memarlıq Akademiyasının müxbir üzvü, memarlıq üzrə fəlsəfə doktoru, dosent
Rizvan Qarabağlı və Gəncə ictimaiyyətinin nümayəndələri, professor, müəllim və
tələbələrin iştirakı ilə geniş tədbir baş tutdu.

İkinci tədbirimiz, Şamaxı rayonunda iki hissədən ibarət olaraq baş tutdu. İlk tədbirimiz,
görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə Bakının erməni-bolşevik
işğalından azad edilməsindən 100 il ötdüyü bir dönəmdə, Qafqaz İslam Ordusunun
Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordusu ilə birlikdə
Qarabağda, eləcə də digər bölgələrdə apardığı xilaskarlıq missiyasında verdiyi
şəhidləri və Azərbaycana qardaş harayına gələn şanlı Osmanlı əsgərlərinin
döyüşlərdə qəhrəmancasına həlak olan əsgər və zabitlərin xatirəsini heç vaxt
unutmadığı və daim əziz tutulduğunun davamı olaraq Şamaxı-Bakı magistral
yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid
türk əsgərinin məzarını ziyarət edərək elə o abidə önündə oldu. Saha sonrakı
tədbir Şamaxı Təhsil Şöbəsinin akt zalında keçirildi. Tədbirdə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru, filologiya
üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova, təhsil ocağının professor,
müəllim, tələbə və eyni zamanda orta məktəb müəllimləri, Şamaxı ictimaiyyətinin
nümayəndələri iştirak edirdi. TAM tərəfindən isə, mən, "Olaylar"
İnformasiya Agentliyinin təsisçisi və baş direktoru, tarixi romanların
müəllifi, tanınmış yazıçı-publisist, TAM idarə heyətinin üzvü Yunus Oğuz, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, yazıçı, şair-dramaturq Nizami Muradoğlu, TAM-ın mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinin rəhbəri Bilman Allahverdiyev və b. iştirak edirdi.

Layihədaxili regionda son tədbirimiz Quba rayonunda baş tutdu. Qubada da tədbirimiz
iki hissədən ibarət oldu. İlk tədbir 100 il bundan
əvvəl erməni quldurlarının insanlarımızı kütləvi qətl etdiyi məkanda- Quba
Soyqırım Memorial Kompleksində, ikinci tədbir isə Quba
rayon Tarix Diyarşunaslıq muzeyində oldu. Tədbirdə mənimlə bərabər TAM
tərəfindən sosioloq, professor Əhməd Qəşəmoğlu, tanınmış jurnalist
Kamil Məhərrəmoğlunun iştirakı ilə yanaşı Quba
rayonu icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva və əsasən gənclərdən
ibarət olaraq müxtəlif peşə sahibləri, müəllim, tələbə və s. iştirak edirdi.

Layihənin sonu olaraq isə Bakı şəhərində  Azərbaycan Dövlət Pedoqoji  Universitetində yekun tədbir keçirildi. Bu tədbirdə də mənimlə birgə idarə heyətimizin üzvləri tanınmış yazıçı-publisist
Yunus Oğuz, professor Qasım Hacıyev, professor Əhməd Qəşəmoğlu və Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən ikinci katib Tuba Uzər də iştirak
edirdi.   

-Cavid müəllim, niyə məhz "Tarixini unutma!"? Və mövzu ilə bağlı əyani vəsaitlər
hazırlanmışdımı?

-Ümummilli lider Heydər Əliyevin elə yerinə düşən bir sözünü xatırladım -
"Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.
Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq,
böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq
ruhunda tərbiyə etmək mühüm vəzifədir". Bu sözlər müasir Azərbaycanımızın
qurucusu olan ulu öndərin bizlərə bir nəsihətidir. Əfsuslar olsun ki, bizlər
unutqanıq. Elə bizlər unutduqca tarixən davamlı olaraq zaman fərqliliyi ilə
eyni müsibətlərə düçar qalmışıq. Bu baxımdan layihəmizə "Tarixini unutma!" adı
verdik və tədbirin regional marşrutunu həmin qanlı-qadalı "yolun" izi ilə
apardıq.

Bütün tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə
hazırlanmış xüsusi film və nəfis şəkildə buklet hazırlanmışdı. Filmdə elmi araşdırmalar beynəlxalq
terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox
olduğunu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı
yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu
təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş
məlumat verilir. Bütün tədbir iştirakçılarına xüsusi hazırlanmış bukletlər və
təqdim edilmiş film elektron daşıyıcılar da paylanıldı.

-Tədbirlərinizi mütəmadi olaraq mediadan, sosial şəbəkələrdən izləmək mümkün
idi. Bu istiqamətdə nə deyə bilərsiniz?

-TAM-ın profesionallardan ibarət KİV və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət
göstərir. Ümumiyyətlə, TAM-da aparılan bütün işlər əvvəlcədən planlaşdırılır və
hər bir şöbə üzərinə düşən işi tam keyfiyyətlə həyata keçirirlər. Bu
baxımdan 2018-ci ildə də bütün proseslərin daha geniş radiusda insanlarımıza
çatdırılması üçün KİV-lərlə düzgün, məqsədyönlü iş aparılmışdı. Elə bu işin
nəticəsi olaraq bildirmək istəyirəm ki, bütün tədbirlərimiz, fəliyyət planına
uyğun olaraq Respublikanın aparıcı televiziyalarında, informasiya vasitələri -
KİV-də, sosial şəbəkələrdə, "Facebook" səhifəsində, "Youtube" kanalında öz
əksini tapdı. Baxış sayı və rəylər əldə
olunan nailliyyətləri göstərdi.

Yeri gəlmişgən əziyyəti, zəhməti olan bütün KİV nümayəndələrinə, dəyərli
dostlarımıza tədbirlərimizi işıqlandırdıqları üçün təşəkkürümü bildirirəm.

- Söhbət KİV-lərdən düşmüşkən, respublikadan kənarda olan KİV-lərlə əlaqə yarada bilmisinizmi?

- Bizim əsas məqsədlərimizdən biri də dünya KİV-ləri ilə mümkün əlaqələrin
yaradılmasıdır. Dünya mediasına çıxmaq bildiyiniz kimi, o qədər də asan deyil.
Hələ söhbət türkçülükdən gedirsə bu məsələ daha da çətinləşir. Eyni zamanda bu
istiqamətdə də müəyyən işlərə başlanılıb. Qardaş Türkiyə və Pakistan
dövlətlərində fəaliyyət göstərən bəzi informasiya vasitələri ilə əlaqə yarada
bilmişik. Və bir sıra mühüm elmi məqalələrimiz yuxarıda göstərilən qardaş
ölkələrin oxucularına çatdırılmışdı.

Ümumiyyətlə nəinki KİV-lər, eyni zamanda əsas qarşıya qoyduğumuz məqsədlərdən biri də,
Respublikadan kənarda müəyyən tədbirlərdə iştirak etmək, Türk tarixi,
mədəniyyəti və s., eyni zamanda erməni saxtakarlığını mümkün vasitələrlə dünya
oxucularına çatdırmaqdı.

Elə buna misal
kimi, 2018-ci il may ayında Rusya Federasiyasında, Qaraçay-Cərkəz Respublikasında Qaraçayların
dirçəliş günü olan 3 mayı onlarla bir yerdə keçirdik.

Eyni zamanda 2018-ci ildə  TAM-ın sədri professor Əjdər
İsmayılovun erməni yalanların ifşası məqsədilə Türkiyədə "Doğu
Kütüphanesi"nin nəşriyyatında "Erməni xalqının saxta "tarixi" üç türk
dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir"
seriyasından erməni "tarixşünaslığı"nın şah damarını kəsən əsəri, "Moisey
Xorenatsi anonim keşiş müəllifdir" adlı kitabı anadolu türkçəsində "Sahte ermeni
tarihi ve sahte keşiş yazar Movses Horenatsi" adı ilə çap edildi.

- 2018- ci ildə TAM-ın saytını da
qurmusunuz. Bu barədə nə demək istərdiniz?

-
-Türk dünyasının mədəniyyətinin, tarixinin, ədəbiyyatının, etnoqrafiyasının və
digər sahələrinin öyrənilməsi, təbliğ edilməsi məqsədi ilə Turan Araşdırma
Mərkəzinin saytı  fəaliyyətə başlayıb. Saytımızda bütün türk
coğrafiyasını əhatə edən məlumatları təqdim edirik. Saytımızda tarixi türk
dövlətləri və bu gün faktiki olan müstəqil türk dövlətləri, muxtar respublika,
vilayət və ümumiyyətlə, bütün türk xalqlarını əhatə edəcək məlumatların
yerləşdirilməsini nəzərdə tutmuşuq. Bir növü insanlara ensiklopedik
məlumatların da təqdim edilməsini nəzərdə tutmuşuq. Hətta gələcəkdə
palanlaşdırmışıq ki, hər bir türk etnosu məqalələrini öz dillərində təqdim edə
biləcəklər.

-Çağdaş dövrümüzdə Turan
Araşdırma Mərkəzi kimi bir beyin mərkəzinin yaranması zamanın zəruri
tələblərindən biridir. Bu baxımdan türk dövlətləri, bir sözlə türk dünyası ilə
Turan Araşdırma Mərkəzinin əlaqələrindən danışardınız.

-Bu sualı çox yaxşı vurğuladınız. Turan Araşdırma Mərkəzinin başlıca
məqsədlərindən biri türk dövlətlərində düşünən beyinlər arasında əlaqələrin
yaradılmasıdır; təbii ki, biz ictimai təşkilatıq deyə bu işləri görməyə vəsait
tələb edilir, amma daxili imkanlarımız çərçivəsində bu əlaqələrin yaradılmasına
çalışırıq. Qeyd edim ki, türk dünyası ilə əlaqələrin qurulmasında müəyyən
addımlar atılır, amma bu bizi hələ tam qane etmir. Əsasən əlaqələrimiz Türkiyə
və Orta Asiya dövlətləri arasındadır. Gələcəkdə bu əlaqələrin vahid
istiqamətdən geniş bir şəkildə yaradılmasına nail olunacağına əminik. Lakin tam
şəkildə buna nail olmaq üçün maliyyə lazımdır.

      -2018-ci ili necə qiymətləndirirsiniz və 2019-da nələri planlaşdırırsınız?

- 2018-ci ildə qarşımıza qoyduğumuz məqsədləri həyata keçirmişik. Lakin 2019-cu
ilin ilk 6 ayında hansı tədbirlərin həyata keçirilməsi qarşımıza bir məqsəd
kimi qoyulub və artıq bununla bağlı müvafiq işlərin görülməsinə başlanılıb.

Söhbəti qələmə aldı: Mahmud Əyyublu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR