Azərbaycan Kemposu öndə gedir- Rauf İbrahimli

Rauf İbrahimli: "Avropalı bizi udanda, dizini atır yerə, əlini qaldırır göyə, elə bir şəkil alır ki, sanki namaz qılır..."

Onunla redaksiyamızda görüşdük. Kempo Federasiyasının rəhbəri Rauf İbrahimli ilə. Səmimi, çox sadə adamdır. Amma həm görünüşündən, həm də söhbətindən döyüş ruhu hiss olunur. Əvvəlcə qeyd edək ki, Kempo - döyüş sənət məktəbinin qədim ənənələrini yaşadan, mənəvi və fiziki mədəniyyətini öyrənən bir elmdir və bu elm özündə bir çox döyüş sənətlərini birləşdirir. Ruslar Kempoya "əlbayaxa döyüş", çinlilər "Tsuan-Fa", yaponlar elə "Kempo" deyirlər.

İndi də Rauf İbrahimlini tanıdaq. Federasiyanın prezidenti 2009-cu ildə Rumıniyanın Buxarest şəhərində ilk mütləq dünya çempionu olub, 2011-cu ildə Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda səlahiyyətli nümayəndəsi təyin olunub, Beynəlxalq Kempo Federasiyası tərəfindən dördüncü dan qara kəmərə, 2012-ci ildə isə Kempo üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülüb.

-       Rauf müəllim, əvvəlcə sizə belə bir sual. Kempo idman növü ilk dəfə olaraq Azərbaycanda necə yaradıldı?

-       Kempo idman növü Azərbaycanda 2009-cu ildə yaradılıb. Bu idmanın ölkəyə gəlişi mənim adımla bağlıdır. Mən 2009-cu ildə  Beynəlxalq Kempo Federasiyası ilə əlaqə yaradaraq təklif aldım ki, Rumıniyanın Buxarest şəhərinə gedim. Orada  keçirilən 6 cı Dünya çempionatında biz nəyə qadir olduğumuzu göstərməli, daha sonra seminarda iştirak etməliydik. Bunların nəticəsinə uyğun olaraq Azərbaycanda nümayəndəlik ala bilərdim. Buna görə də 2009-cu ildə Rumıniyanın Buxarest şəhərində keçirilən çempionata qatıldım və orada finala qədər üç döyüş keçirdərək, finalda amerikalı rəqibimə qalib gələrək Kemponun full versiyası üzrə mütləq Dünya çempionu oldum.

-       Maraqlıdır, Kempo idman növünü digər idman növlərindən fərqləndirən cəhətlər hansılardır?

-       Əvvəlcə qeyd edim ki, Kempo idman növü eramızdan əvvəl 525-ci ildə Yaponiyada yaranıb.Kempo ən qədim və eyni zamanda da idmanın ən ağır növlərindən biri hesab olunur. Kempoçu olaraq yarışlarda bir idmançı kata (karatedə olduğu kimi kompleks hərəkətlər göstərmək), Weapon Kata (silahlardan istifadə etmə), self-defenc (özünü müdafiə etmə), semi(zərbəni tam vurmadan imitasiya etmək) və knockdown(bu versiyada başa əl ilə vurmağa icazə verilmir) full (döyüş sistemidi) və submission (güləş versiyasına bənzəyir) versiyalarında iştirak etməlidirlər.Əlbətdə ki,bütün bu versiyalarda iştirakı vacib deyil.Hər versiyada idmançı ayrı-ayrı xallar qazanır və versiyalar üzrə ən yüksək götürülən nəticə hansıdırsa, ona uyğun yer təyin olunur.

Yəni bu idman növündə idmançı həm döyüşməli, həm silahlardan istifadə etməli,həm özünü müdafiə sistemini göstərməli, həm güləşməlidir. Kempoda bir neçə idman növü bir arada cəmləşib, desək, daha düzgün olar.

-       Rauf müəllim, Kempo üzrə dünyada öndə gedən ölkələr hansılardır və Azərbaycan bu ölkələr siyahısına daxildirmi?

-       Sevindirici haldır ki, Azərbaycan bu idman növündə öndəgedən ölkələr sırasındadır. Mən bir azərbaycanlı olaraq Beynəlxalq Kempo Federasiyasının full və submission versiyası üzrə texniki direktoruyam və o versiyalar üzrə yarış gedəndə bütün nəzarət mənim üzərimdədir. Düşünürəm ki, bunun özü balaca bir iş deyil.

Rumıniya Kempo idmanı üzrə dünyada bir nömrə sayılır. Daha sonra Fransa, Macarıstan, Rusiya kimi ölkələr ilk sıralarda qərarlaşıb. Azərbaycana gəldikdə isə 120 ölkə arasında 6-cı yerdədir. Sadəcə olaraq bizdə maliyyə  çatışmazlığı var. Maliyyə olarsa və tam heyətlə yarışlara qatılsaq daha ilk pillələrdə qərarlaşa bilərik.

-       Beynəlxalq miqyasda Azərbaycan Kemposunun ən böyük uğuru hansılardır?

-       Bilirsiniz, baxmayaraq ki, bizim, bundan öncə qeyd etdiyim kimi, maliyyə çətinliklərimiz var, Azərbaycan bu idman növündə dünya arenasında öz sözünü demiş ölkələrdən biridir. Məsələn Antaliyada keçirilən yarışlarda dünyada komanda hesabında 3-cü yer qazandıq. Bundan başqa, keçən il Buxarestdə Avropa yarışlarında 3-cü yerə çıxmışıq. Çox az sayda idmançı ilə bu qədər nailiyyətlər əldə etmək düşünürəm ki, Azərbaycan üçün heç də asan deyil, amma eyni anda da qürurvericidir.

-       Rauf müəllim, adətən yarışlarda idmançılar hakim səhvlərindən şikayət edirlər. Bəs siz necə,  Beynəlxalq yarışlarda hakim səhvləri ilə üzləşmisinizmi?

-       O qədər...Bizim idmançılar sözün əsl mənasında Avropa ölkəri üçün çox güclü rəqibdirlər. Əgər bu gün bizim idmançıları udmaq onlar üçün böyük şərəfdirsə, görün biz onlar üçün necə böyük baryerik ki, bizi özlərinin qarşısında nəhəng bir divar görürlər. Avropalı bizi udanda, dizini atır yerə, əlini qaldırır göyə, elə bir şəkil alır ki, sanki namaz qılır...(gülür)

Avropada da haqsızlıq öz yerində...çünki Avropa hakimlərinin əksəriyyəti öz ölkələrindən olur.  Məsələn bu il mənim oğlum Toğrul İbrahimli ful versiyada rumın rəqibini üstələsə də, yenə də qalib rumin seçildi. Olur belə hallar...çox yaşanır.

-       Yeri gəlmişkən, Azərbaycanda Kempo "Toğrul" idman klubunun adı ilə bağlıdır. "Toğrul" idman klubunun inkişafı və  adı  ilə  bağlı   nə deyə bilərsiniz?

-       Mən o vaxtı idman klubuna Toğrul adı qoyanda çoxu düşünürdü ki,   oğlumun şərəfinə bu adı vermişəm, lakin klubun adı təkcə oğlumun adı ilə bağlı deyil. Toğrul adının mənası zirvə, yüksəliş deməkdir. Mən 2005-ci ildə klubu yaradanda    məhz ona görə Toğrul adı qoydum ki, tezliklə  zirvələri fəth edək.    "Toğrul" idman klubu bu gün də öz daxili imkanları hesabına çox işlər görür. Bu gün klub olaraq Sambo, Karate, Kick-Boks, Konfu, Uşu sanda,Karate WKF federasiyaları ilə sıx əməkdaşlıq edirik, idmançılarımız onların yarışlarında iştirak edirlər. Onlar da öz növbəsində bizim   tədbirlərimizə qatılırlar. Regionlara gəldikdə isə burada 16-ya yaxın klub fəaliyyət göstərir.Regionlardan olan idmançılarımız respublika yarışlarında və dövlət dəstəyi ilə dünya yarışlarında mütəmadi iştirak edirlər.

-       Qarşıda sizi hansı yeniliklər gözləyir?

Yenilik olaraq biz çalışacağıq ki, bu idman daha da geniş inkişaf eləsin.Bu gün müharibə şəraiti yaşayan bir dövlətin gənclərinin Azərbaycanın gələcəyi naminə vətənpərvər ruhda böyümələrinə qatqımız olsun.

Banu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR