Baba Vəziroğlu: "Tolstoy yazıçı deyil..." - YENİ LAYİHƏ

Olaylar.az -ın "Mənim kitabxanam" layihəsinin bu dəfəki qonağı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludu.

 - Salam, Baba müəllim, necəsiniz? "Mənim kitabxanam" layihəsində sizinlə kitablarla bağlı söhbət etmək istəyirik. İlk olaraq qeyd edim ki, kitablarınızın satışa verilmədiyini deyirlər. Oxucularınız bunu necə qarşılayır?

- Kitabların tapılmaması mövzusunda oxucular arasında inciklik yox, bir az da sərt desəm düşmənçilik var. Mənə elə gəlir ki, bu da əslində kitaba məhəbbətdən yaranır. Oxunan şairlərin, yazarların kitablarının tapılmaması kitaba olan sevgini göstərir. Yəni, tez bir zamanda ya satılır, ya da bağışlanıb qurtarır. Bu mənada oxucular məndən çox inciyir. Xüsusilə, kitab satışı ilə məşğul olan insanlar. Mən robot deyiləm ki, hər gün hekayə, şeirlər istehsal edim və ya kitab çap edim. Bu mənada tənbəl yazıçıyam, şairəm.

Bilirsiniz, bir az da zəmanə dəyişib. Kitab yavaş - yavaş öz yerini texnoloji vasitələrə verir. Kitabın ən böyük təbliğatçısı kimi bunu etiraf eləmək çox ağırdı, çətindi. Mənim ilk və son məhəbbətim bəlkə də kitab olacaq. Ona görə bunu etiraf eləmək mənim üçün ağırdı. Nə qədər ağır olsa belə, yumşaq deməyə çalışacam: ən azından bu gün kitab ikinci plana çəkilib demək istərdim. Amma mənim fikrimcə, kitab heç ikinci planda da deyil, bəlkə 40 -cı, 50 - ci yerdədi. Bu gün yazılı mətbuat demək olar ki, yoxdu. Yazılı mətbuat əvvəlki kimi tələb olunan deyil. Bu mənada təəssüf ki, kitab yavaş -yavaş tarixə qovuşur. Təbii ki, bu mənim üçün belə deyil. Mən təkcə özümü nəzərdə tutsam bundan danışmağa ehtiyac olmazdı. Mən bir ziyalı kimi, bir qələm əhli kimi bu qorxulu gələcəyi görürəm. Həyat təkcə mənimlə bitmir. Biz dünyadan köçəndən sonra yeni nəsillər gələcək. Qorxuram ki, onlar ümumiyyətlə kitabla tanış olmasınlar.

Mən bu əqidədəyəm ki, kitabdan müqəddəs kəbə yoxdu. Fikrimi çoxları şüar kimi qəbul edəcək və onlar bu həqiqəti anlamayacaqlar. Çünki, onlar kitabı sevməyiblər. Biz kitaba inanırıq, amma onlar heç nəyə inanmırlar.İndikilər, hətta müqəddəs kitabın özünə belə inanmırlar. Ümumiyyətlə kitaba inanmaq lazımdı. Ya müqəddəs, ya qeyri- müqəddəs. Hətta Hitlerin, faşistlərin, terrorçuların yazdıqları kitablar belə kitabdı. Kitab silahdı. Onu sən vətəni qorumaq üçün də istifadə edə bilərsən, başqa ölkələri zəbt etmək üçün də. Bu mənada hamısı kitabdı və bütün kitablar dəyərlidir. Diktatura rejimi hakimiyyətə gələndə həmişə kitabları yandırır. Təsəvvür edin ki, insanları terror etməmişdən öncə, kitabları terror edirdilər. Bu günkü Azərbaycanda da bu terrorun bəzi nişanələrinə rast gəlmək olur. Müəyyən bir qrup insanlar Anarla polemikaya girməyə, ona əks arqument gətirməyə acizdirlər və ona qarşı  ən sadə variantdan -kitabları yandırmaqdan istifadə etmək istəyirlər. Kitab bu qədər böyük qüvvədi. Amma təəssüf ki, o böyük güc yavaş -yavaş əlimizdən çıxır.

- Siz bir şair, ziyalı kimi kitabın təbliği yönündə hansı təklifləri irəli sürərdiniz?

- Bu gün həqiqi oxucunu kitaba qaytarmaq hələ ki, real görünmür. Mənə hər gün almanaxlar gəlir. Baxıram ki, 1000 tirajla çıxır. 1000 tirajla çıxan kitabı, almanağı heç 500 nəfər oxuya bilmir. Amma bu gün bir şeiri sosial şəbəkəyə yerləşdirəndə görürsən ki, bir gecənin içində 50 min, 100 min oxucu bəyəndi. Allah Lütfü Zadəyə rəhmət eləsinmi deyim, demiyim, bilmirəm. Onun qeyri -səlis məntiq nəzəriyyəsindən yaranmış texnologiya kitabı sıradan çıxartdı. Bu nə qədər çəkəcək, yenidən insanlara kitaba qayıdacaqmı, bu dəbdirmi, ya həmişəlik olaraq həyat tərzimizə, mənəviyyatımıza daxildirmi deyə bilmərəm. Bu gün real görünən odur ki, texnoloji vasitələr kitabın üzərinə böyük kölgə salıb. Bulud kölgəsi deyil bu. Bu kabusdu ki, gecə -gündüz kitabı məhv eləməklə məşğuldu. Kitabı belə bədbinliklə kənara atmaq olmaz.

Hələlik kitaba yox, şeirə, sözə qayıdış var. Həftədə bir neçə dəfə canlı görüşlərdə iştirak edirəm. Bir neçəsini vaxt baxımından təxirə salırıq. Keçirilən görüşlərdə iştirakçıların heç biri rəhbərliyin istəyi ilə deyil, orada çalışan, oxuyan insanların öz istəyi ilə seçilir. Bu görüşlərdə artıq sözə, sənətə bir "aclıq" yarandığını görürəm. Bunu yolun başlanğıcı hesab edirəm və ümid edirəm ki, kitaba qarşı da belə "aclıq" olacaq. Bəzi ziyalılarımız, şöhrət xəstələri televiziyaya can atırlar. Mən onları "şoulaşmış qələm əhli" adlandırıram. Keçirilən canlı görüşlərdən belə qənaətə gəldim ki, televiziya bu görüşlərin heç birini əvəz eləmir. Canlı görüş tamamilə başqadı. Televiziya milyonlar, canlı görüşlər isə maksimum 200-300 nəfər üçün nəzərdə tutulur. Amma yenə də canlı görüşləri üstün tuturam. Oradakı səmimiyyət, ünsiyyət tamamilə ayrı aləmdi. Ona görə son vaxtlar televiziya çəkilişlərini təxirə salıb, canlı görüşlərə gedirəm.

Bu da kitabın təbliğatına hesablanmış addımdır. Kitabı direktiv yollarla təbliğ etmək, gündəmdə saxlamaq mümkün deyil. Kitaba məhəbbət yaratmaq lazımdır. Kitab böyükdü, müqəddəsdi demədən, kitabı sevdirmək lazımdır. Ədəbiyyat insan olmaq üçün lazımdı. Ədəbiyyat insanşünaslıq elmidir. İnsanlığın yolu ancaq kitabdan keçir.

- Baba müəllim, az öncə texnologiyanın kitaba, ədəbiyyata təsirindən danışdınız. Sizin yaradıcılığınıza texnologiyanın təsiri nə dərəcədədi? Müasir texnologiyanın rahatlığından istifadə edirsinizmi?

- Mən şeirlərimi əllə, heç kimin oxuya bilmədiyi xətlə yazıram. Səhifələrimi idarə edən köməkçilərim daha sonra şeirlərimi kompüterdə yığırlar. Əvvəllər Sovet makinalarında bu rahatlıq olmasa da, özüm əlyazmalarımı yığırdım. Amma artıq buna səbrim çatmır. Burda, yazını texologiyaya qurban verməmək kimi bir prinsip yoxdu. Bu sanki, genin yaddaşına keçib. Bunu məxsusi düşünmürəm. Gen yaddaşıdı bu.

- Bu yaxınlarda kanalların birində "Xalqın şairi" adlı müsabiqə keçirildi və münsiflər heyətində siz də iştirak edirdiniz. Sonra müsabiqə ətrafında söz -söhbətlər dolandı və müsabiqənin final turu keçirilmədi.

- Bu da sözün, kitabın təbliği üçün bir bəhanədi. Biz yox, televiziya işçiləri o layihəyə bir az da şou xarakteri vermişdilər ki, veriliş baxılsın. Tamaşaçıların tam ciddi ədəbi verilişlərə marağının nə dərəcədə olduğu hər kəsə məlumdu.

"Xalqın şair"-nə gəldikdə isə deyim ki, harda müsabiqə, yarış var, orda söz -söhbət olacaq. 2 min həvəskar şair birinci yer uğrunda mübarizə aparırdı. Və bu cür söz -söhbətin olması normaldı. Rəqabət, bəzən düşmənçilik də olur. Burda insan faktoru da var. Heç kəs öz ayranına turş demir. Hər kəs "xalqın şair"i məhz özünü bilir.

Müsabiqədə mən orda heç kimə yox deyə bilmirdim. Çünki, söz adamını sındırmaq olmaz. Bir insan ki, sözlə məşğuldu ona kimsə səndən yaxşı yazır, kimsə pis yazır demək mümkün deyil. Müsabiqənin nəticəsi o oldu ki, biz final turuna çıxdıq. Səhv etmirəmsə, finalda 12 nəfər birincilik üçün mübarizə aparacaq. Layihənin rəhbəri Mübariz Əsgərovla danışmışıq ki, layihənin sıradan bir final yox, əzəmətli bir finalla yekunlaşdıraq. Bu həm də sponsorlarla bağlı məsələdi. Yəqin ki, yay aylarında yox, payızda müsabiqənin finalı keçiriləcək.

- Kitabxananızda şeir kitabları daha çoxdur, yoxsa nəsr kitabları. Ümumiyyətlə, bu janrların hansını oxumağa üstünlük verirsiniz?

- Mənim kitabxanamda daha çox nəsr ədəbiyyatı üstünlük təşkil edir. Ən çox oxuduğum da elə nəsrdir. Mən hələ orta məktəbə getməmişdən öncə yazıb -oxumağı bilirdim. Birinci sinifə qədər mən Hüqonun "Səfillər"ini oxumuşdum. Təbii ki, sözün əsl mənasında əsəri anlamamışdım. Amma cümlələri anlayırdım. Orta məktəbdə oxuyanda məktəb, kolxoz kitabxanalarını, qonşu kəndin və  rayon kitabxanasında olan bütün kitabları oxumuşdum. Seçim etmədən, yaxşı -pis demədən. Universitetə daxil olanda mənim kitab baqajım bəlkə də, professorların kitab baqajından, elmindən demirəm, daha ağır idi. O təməl möhkəm olduğu üçün mən heç vaxt kitab aclığı çəkmədim. Amma buna baxmayaraq, mən özüm öz mütailəmdən narazı idim. Bakı Dövlət Universitetində jurnalistika fakültəsində, daha sonra isə Moskvada yerləşən Qorki adına Ədəbiyyat İnstitutunda bütün rus və dünya ədəbiyyatını oxudum. Mən bu gün özümdən razıyam ki, çox oxumuşam, çox yazmamışam. Oxuduqca, zənginləşirəm, bəzən hətta müəyyən şeyləri yazmağa çəkinirsən. Görürsən ki, elə mövzular var ki, orda sənin sözünün gücü çatmır. Ona görə də deyirlər ki, dünyanın ən bəxtəvər adamları cahil adamlardı. Təsəvvürlərində onlar hər şeyi bilir və tez bunu qələmə alırlar. Halbuki, oxuduqca, gəzdikcə, öyrəndikcə görürsən ki, sən nə qədər az oxumusan, az görmüsən, az gəzmisən, dünyanı az tanıyırsan. Bu mənada mən öz mütailəmdən razıyam.

- Baba Vəziroğlu bu gün kimləri oxuyur?

- Bu gün müasirləri oxuyuram, tanış oluram. Amma müasirləri təkrar -təkrar oxumuram. Bu gün Çexovu təkrar -təkrar oxumaqdan zövq alıram. Çexovun nəsrini demək olar ki, əzbər bilirəm. Bir də mənim unudulmaz, əziz dostum, böyük yazıçı və təbib Rafiq Tağının hekayələrini əzbər bilirəm. Rus ədəbiyyatında Çexov nə qədər böyük hekayə ustasıdırsa, Azərbaycan ədəbiyyatında Rafiq Tağı o qədər  hekayə ustasıdır, mütəfəkkirdir. Poeziyadan isə  hər gün dostum, gözəl insan Leyla xanımı oxuyuram. O xahiş edib ki, şeirlərini ancaq mən tərcümə edim. Bir neçə şeirlərini tərcümə etmişəm və onlar mahnıya çevrilib. Ona tərcümə deməzdim, çevirmə edirəm. Çünki Leyla xanım elə demək olar ki, Azərbaycanca yazır.

Mənim yazıçılarım çoxdur. Klassiklər aydındır. Məndə klassik Əli Kərimdir. Müasir nasirlərdən Şərif Ağayar, Mübariz Örən, Şəhriyar del Gerani, Ayxan Ayvaz, Kəramət Böyükçöl, Qan Turalını oxuyuram. Bu cür nasirləri oxuduqdan sonra mən Azərbaycan ədəbiyyatının gələcəyindən tamam arxayınam.

Həmişə nəsillərin rəqabəti olur. Biz də o dövrü yaşamışıq. Ədəbiyyata təzə gələnə deyirdik ki, İsmayıl Şıxlı, Mirzə İbrahimov yoxe, onlar yazdı getdi. Təzə ədəbiyyatı biz yaradırıq. Amma sən demə ədəbiyyatın təzəsi - köhnəsi olmur. Ədəbiyyat əbədiyat sözündəndir. Yaxşı yazı, yaxşı əsər əbədiyatdır. Sonradan biz necə ki, həqiqətə qayıtdıq, cavanlar da bir zamanlar ona qayıdacaqlar. İndi inkarçılırq meyilləri var, bu normal bir şeydir. Heç nə yazmamış, deyirlər ki, bizdən öncəkilər heç nə yazmayıblar O zaman ədəbiyyata gələn bir qrup gənc vardı ki, Ramiz Rövşən, mən, Vaqif Bayatlı Odər, Seyran Səxavət, Səfər Alışarlı, Mövlud Süleymanlı onlar da eyni hissiyyatla gəlmişdilər. Bu yaradıcı gəncliyə xas olan normal bir xüsusiyyətdir. Və sonradan dinə imana qayıtmaq prosesi də var. O mərhələdə gəlir və o mərhələ bu gənclər üçün də gələcək. Və gənclər o mərhələdən keçməyə məhkumdurlar. Ona görə də mən onlardan incimirəm. Bir gün Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı inkar edəndə, bir gün ümumiyyətlə Şəhriyarı şair hesab etməyəndə deyirəm ki, keçəcək.

Mən onların nə dediklərini də oxuyuram. Amma ən əsası onların nə yazdıqlarını oxuyuram. Onların dedikləri ilə yazdıqlarını müqayisə də eləmirəm. Müqayisə də ziyanlı bir şeydi. Onların nə dediklərini unuduram. Dünyada pis kitab və pis müəllif yoxdur. Hər kəs özünü yazır. Oxucu kimi mənim də öz imzalarım var. Məsələn, deyim ki, Tolstoy yazıçı deyil. Bu düzgün olmaz. Tolstoy sadəcə mənim yazıçım deyil, mənim yazıçım Çexovdu. Bu başqa söhbətdir. Məhəmməd Hadi böyük şairdi, mənim şairim deyil. Mənim şairim Əli Kərimidir. Amma Hadi bəlkə də Əli Kərimdən yüksəkdə dayanan poetik təfəkkürdür. Azərbaycan ədəbiyyatında nə qədər şair var. Amma mənim şairim Ramiz Rövşəndir. Hər kəsin öz müəllifi, öz imzaları var. Poeziyadan nəsə oxumaq istəyəndə kitab axtarmıram. Ramiz Rövşənin kitabını götürürəm. Bir az ciddi əhval ruhiyyədə olanda Çexovu, başqa əhvalda olan Mirzə Cəlili oxuyuram. İnsan ovqatı tez -tez dəyişir. Ona uyğunda müəlliflərini dəyişir.

- Son günlər oxucular türk ədəbiyyatına üstünlük verirlər. Siz necə izləyirsinizmi Türkiyə ədəbiyyatını?

- Mən heç vaxt nə musiqidə, nə də ədəbiyyatda dəb deyilən bir şeyi qəbul eləmirəm. Mən türk ədəbiyyatının ən gözəl nümayəndələrini - Nazim Hikmət, Rəşad Nuri Güntekin, Yaşar Kamalı sevə - sevə oxumuşam. Amma türk ədəbiyyatı böyük bir bazaya malik olan irs deyil. Barmaqla sayılası qədər yaxşı müəlliflər, yazarlar var. XIX əsr rus və Azərbaycan ədəbiyyatı ilə müqayisədə türk ədəbiyyatı bəlkə də heç mininci yerdə deyil. Bu mənada türkiyə ədəbiyyat fondu çox kasıb görünür. Latın Amerikası, Fransa ədəbiyyatı ilə də müqayisə etmək olmur. Son illərdə Türkiyə ədəbiyyatının dünyada təmsilçisi Orhan Pamuk olduğu deyilir. İlk dəfə dəbə uyub onu oxumağa çalışdım. Amma məni qınasalar da, deyəcəm ki, "Mənim adım qırmızı" əsərini 10- 20 səhifədən çox oxuya bilmədim. Mən ədəbiyyatı su kimi içən adam, onu oxuya bilmədim. Dəb budursa, mən o dəbdən kənaram. Pamukun bütün romanlarını Çexovun, Mirzə Cəlilin, Haqverdiyevin hekayələrinə, İsa Hüseynovun bir povestinə dəyişmərəm. Ədəbiyyat meyarları budursa, mənim ədəbiyyat meyarlarım da budur. Çoxları deyir ki, Orhan Pamuk dünya ədəbiyyatının zirvəsidir, Nobel mükafatı alıb. Mən Nobel mükafatını ədəbiyyat üçün meyar saymıram. Kim öz ölkəsini yaxşı söysə, öz rejimini çox tənqid eləsə, öz xalqını biabır eləsə Nobel mükafatını ona verirlər. Bir halda ki, bütün ölkəni qan içində boğan Qorboçova sülh mükafatı verir, o nə mükafatdır. Ədəbi keyfiyyət, meyarlar mükafatla ölçülməz. Hüseyn Cavidin nə mükafatı var idi, Füzuli Yazıçılar Birliyinin üzvü idi? Bu absurddur. Yazıçının böyüklüyü mükafatla ölçülməz. Məsələn, mən əməkdar incəsənət xadimiyəm. Ramiz Rövşənin heç bir komsomol, pianer mükafatı da yoxdur. Bu o deməkdir ki, mən ondan böyük şairəm? Mükafat, fəxri adlar heç bir şeyi həll eləmir. Bunlar sadəcə dövlətin, müəyyən təşkilatların diqqətidir, stimul verən faktordır. Bütün bunlar şairliyin dərəcəsini müəyyən eləmək üçün kriteriya deyil. Bu gün elə şairlərin, yazıçıların adlarını çəkərəm ki, xalq yazıçısı, şairi, SSR - i dövlət mükafatı laureatı və.s adını alıblar. Amma adları heç vikipediyada da tapan yoxdu. Amma Əli Kərim... İçki içir adı ilə işdən çıxartdılar. Halbuki, onu içən görən olmamışdı. Onun işdən çıxarılmasının səbəbi onda idi ki, Əli Kərimin istedadının fonunda boz şairlər, yazarlar görsənmirdi. Ona görə də tez o işıqlı simanı uzaqlaşdırdılar.

- Baba müəllim, sonda sizin ədəbiyyat onluğunzu bilmək maraqlı olardı.

- Çexov, Rafiq Tağı, Mirzə Cəlil, İsa Hüseynov, Anar, Əli Kərim, Yusif Səmədoğlu, Yuri Trifonov, Mübariz Örən, sonda Leyla xanım başda olmaqla bütün cavanları oxumaq lazımdır.

Təbii ki, bu şərti siyahıdı.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR