"Ümummilli liderimizin parlaq ideyaları hər zaman Azərbaycanın inkişafının önündə gedəcək"

Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun müsahibəsi.

- Nizami müəllim, məlum olduğu kimi, may ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur. İstərdik ki, Ulu öndərimizin Azərbaycanın inkişaf və tərəqqisindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...

- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib. Haqlı olaraq biz Heydər Əliyevi müasir Azərbaycanın qurucusu hesab edirik. Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. Bütövlükdə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir.

Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.

Bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Qazanılan uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Heydər Əliyevin parlaq ideyaları isə həmişə bu inkişaf və tərəqqinin önündə gedəcək.

- Ümummilli liderimizin Azərbaycan dilinin inkişafı sahəsində xidmətləri haqqında da fikirlərinizi bilmək istərdik...

- Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin qərarı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Belə bir günün təsis olunması müstəqil dövlətimizin dil məsələsinə nə qədər ciddi yanaşdığını göstərən amildir. Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılıb, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılıb. Mütəxəssislərin demək olar ki, hamısı belə bir möhkəm qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti Onun milli dövlət quruculuğu siyasətinin üzvü tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Və doğrudan da, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son illərə qədər Azərbaycanda apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.

Fikrimizcə, Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla, ümumilikdə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.

O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.

Hələ 1990-cı illərin ortalarında ilk milli Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi olaraq müzakirə olundu. Bu müzakirələr şəraitində müxtəlif mülahizələr ortaya çıxırdı. Fikrimcə, bu Ümummilli liderimiz Heydər Əliyev bununla dünyaya göstərdi ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə nə qədr ciddi yanaşır və onun milli mövcudluğunun böyük göstərici hesab edilir. Həmin müzakirələrdə böyük mütəxəssislər iştirak edirdi. Və sonra da dil məsələsi həmişə diqqət mərkəzində oldu. Həmin illərdə çox ciddi proseslər baş verirdi.
Bildiyiniz kimi müstəqilliyin ilk illərində çox sürətlə, referendum keçirilmədən dövlət dilimiz türk dili adlandırıldı. Amma Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiya layihəsi hazırlanarkən bu məsələyə xüsusi diqqət yetirdi və geniş müzakirlər aparıldı. O, vurğulayırdı ki, belə bir mühüm məsələ bir neçə nəfərin qərarı ilə ola bilməz, burada xalqın mövqeyi öyrənilməlidir. 1995-ci ildə konstitusiya layihəsi geniş müzakirə olundu. Mürəkkəblik odur ki, Azərbaycan yer adıdır. Amma türk dili deyəndə də türk dilləri çoxdur və Azərbaycan dili onların içərisində fərqlənmir. Elmi baxımdan daha doğrusu yerin və dilin adı ola bilərdi, yəni Azərbaycan türkcəsi. Amma bu da ifadəni mürəkkəbləşdirirdi. Ümumiyyətlə, Azərbaycan dili ənənəsi var. Bu, respublikamızda işlənirdi və ictimai təfəkkür bunu qəbul etmişdi. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.

- Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman Azərbaycan dilinin qorunmasına və inkişafına nə dərəcədə təsir göstərdi?

- Dil məsələsi ilə bağlı çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Hesab edirəm ki, bu fərman Azərbaycan dilinin tarixində görünməmiş hadisə idi. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.
Haqqında söhbət gedən Fərman bir dövlət sənədi olaraq bütövlükdə, Azərbaycan dövlətinin və xalqının marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna görə, sırvai yox, tarixi səciyyə daşıdığına görə, xüsusi elmi konsepsiya ifadə edir.

Əlbəttə, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur.

Onu da qeyd edim ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı, həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Eləcə də, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı da müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir.

- Nizami müəllim, Ulu öndərimiz Azərbaycan ədəbiyyatının inkişafına da daim yüksək qayğı göstərib. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, Ümummilli liderimizin ədəbiyyata, sənətə, bütövlükdə mədəniyyətə qayğısı çox yüksək səviyyədə olub. Hələ sovetlər dövründə respublikanı həm iqtisadi, həm ictimai-siyasi, həm də mədəni baxımdan inkişafını qarşısına məqsəd qoymuş Heydər Əliyev ədəbiyyat və incəsənət adamları önündə də görünməmiş bir meydan, yaradıcılıq üfüqləri açdı. O, sovet dövründə yazıçılarımızı, şairlərimizi bütün təzyiqlərdən, təhdidlərdən qoruyurdu. Keçən əsrin 70-80-ci illərində Azərbaycan ədəbiyyatının ideya-mövzu, məzmun-mündərəcə etibarilə yeniləşməsində, zənginləşməsində, özünün tarixi təkamül məcrasına düşməsində Heydər Əliyevin rolu, heç şübhəsiz ki, müstəsnadır. Və bu böyük şəxsiyyətin "Ümummilli lider" səviyyəsinə yüksəlməsində milli ədəbiyyat və incəsənət sahəsində sözün geniş mənasında quruculuq-təşkilatçılıq xidmətləri digər sahələrdəki xidmətlərindən heç də az əhəmiyyət kəsb etməyib.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk illərdən yalnız müasir ədəbi proseslərin düzgün istiqamətdə, çoxmiqyaslı, çoxşaxəli və çoxqütblü inkişafı qayğısına qalmaqla kifayətlənmirdi, eyni zamanda təxminən min beş yüz illik bir tarixə malik Azərbaycan ədəbiyyatının hər bir hadisəsini xalqa yenidən və dərindən tanıdılması üçün ardıcıl olaraq çalışırdı. Çünki Ümummilli lider yaxşı bilirdi ki, öz ədəbiyyatını, tarixini, milli mənəvi dəyərlərini unudan xalq heç zaman ruhən mütəşəkkil ola, qarşısına çıxan müxtəlif xarakterli problemləri uğurla həll edib dünya səhnəsinə çıxa bilməz. Xalqın ən böyük sərvəti onun milli mənliyi, milli qürurudur ki, o da yalnız tarixdən gəlməklə, dədə-babaların keçdiyi yolu yaxşı bilib mənəvi sərvətə çevirməklə qazanılır.

Ümummili liderin bilavasitə rəhbərliyi ilə müxtəlif illərdə keçirilmiş möhtəşəm yubileylərin hər biri xalqı özünə tanıtmaqda çox böyük rol oynamış tarixi forumlar idi. "Kitabi-Dədə Qorqud", Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Aşıq Ələsgər, Sabir, Mirzə Cəlil, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Səməd Vurğun... həmin ictimai-kütləvi forumlarda bütün miqyasları ilə həm Azərbaycan xalqına, həm də dünyaya tanıtdırılırdı ki, bu ənənə sürətlə inkişaf edən Azərbaycanda bu gün də davam və inkişaf etdirilir.
Ulu öndər Heydər Əliyev üçün milli ədəbiyyatın nə demək olduğunu bir daha dərk etmək üçün dahi şəxsiyyətin Azərbaycan yazıçılarının X qurultayındakı nitqindən aşağıdakı fikirləri xatırlatmağa ehtiyac vardır: "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil. Çünki bizim xalqımız, birincisi, öz istedadına görə şair, yazıçı, söz ustası olubdur. İkincisi, bizim xalqımız çoxəsrlik tarixində böyük şairlər, yazıçılar, mütəfəkkirlər yetişdiribdir. Xalqımızın tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik".  yap.org.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR