“Dağlıq Qarabağ probleminin sonuna yaxınlaşmaq üçün Serj Sərkisyanın getməsi vacib idi”

Umud Rəhimoğlu: "Ancaq onu da deməzdim ki, Ermənistan cameəsi, yaxud yeni hakimiyyət Qarabağla əlaqədar öz  mənasız və absurd iddialarından dərhal imtina edəcəklər"

Son həftələr ərzində Ermənistanda baş verən proseslər diqqətlə izlənməkdədir. Artıq Birləşmiş Ştatlar və Rusiyadan da ilk reaksiyalar səsləndirilib və Sərkisyanın istefaya getməsinə, etiraz aksiyalarına münasibət açıqlanıb.

Ermənistanda yaşananlar təbii olaraq Azərbaycanda da müşahidə edilir, proseslərin hansı sonluqla yekunlaşacağı barədə dəyərləndirmələr aparılır. Və haqlı olaraq belə bir sual ortaya çıxır ki, Ermənistanda baş verən proseslər bu ölkni hara aparar və ən əsas sual ondan ibarətdir ki, düşmən ölkədə yaşananların Dağlıq Qarabağ probleminin həllinə hansısa formada təsiri olacaqmı? Bu və ya digər suallarla bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu ilə söhbətləşdik.

-Umud müəlllim, son vaxtlar Ermənistanda bir-birindən maraqlı hadisələr baş verir. İki həftədən artıq davam edən etiraz aksiyaları sonunda baş nazir Serj Sərkisyanın istefası ilə nəticələndi. Bundan sonrakı prosesləri necə dəyərləndirirsiniz və bunun Dağlıq Qarabağ probleminin həllinə bu və ya digər dərəcədə təsiri mümkündürmü?

- Mən deməzdim ki, Ermənistanda cərəyan edən proseslər birdən birə baş verdi. Əslində Ermənistan cameəsi, erməni əhalisi içərisində Qarabağ klanına qarşı illərlə yaranmış bir aqressiya vardı. Bir müddət idi ki, əli qana batmış cinayətkar xuntanın hakimiyyət başında olması Ermənistan cəmiyyətində müzakirə olunur, ona qarşı təpki baş qaldırırdı. Gündən-günə həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistanın çökməsi, erməni xalqının aclıq və safalət içərisində yaşaması, eyni zamanda bu ölkədən böyük bir miqrasiya axnının baş verməsi, orduda olan pərakəndəlik Sərkisyan hakimiyyətinə qarşı çox böyük bir aqressiya formalaşdırırdı. Bu səbəbdən də Paşinyan tərəfindən olan təşəbbüs dəstək qazandı və müxalif qüvvələri Paşinyan öz ətrafına  cəm edərək Sərkisyanımn istefasına nail oldular. Ümumiyyətlə, Ermənistanda bu prosesin baş verməsi gözlənilən idi və Sərkisyan hökumətinin bundan sonra Ermənistanda hakimiyyətdə qalması həm erməni xalqının ziyanına, həm də Qarabağ probleminin həllinin daha 5-10 il uzanmasına səbəb ola bilərdi.   Hər halda Dağlıq Qarabağ probleminin sonuna yaxınlaşmaq üçün Serj Sərkisyanın getməsi vacib idi.

-Belə zənn etmək olarmı ki, yeni seçiləcək baş nazir və ya formalaşacaq hakimiyyət Sej Sərkisyandan daha kompromis olacaq?

-Serj Sərkisyanın zorla hakimiyyətdən uzaqlaşdırılması həm də indiyə qədər Artsax ideyası ilə hakimiyyətə gəlmiş qüvvələrin iflasa uğraması deməkdir.  Deməli, bu ideyanın özü uğursuz və cəmiyyətin qəbul etmədiyi bir ideya olduğu üçün Srrj Sərkisyan biabırçı şəkildə hakimiyyətdən uzaqlaşdırıldı. Mən deməzdim ki, Ermənistan cameəsi, yaxud yeni hakimiyyət Qarabağla əlaqədar öz  mənasız və absurd iddialarından dərhal imtina edəcəklər. Prosesləri bu şəkildə təhlil, analiz etmək sadəlövhlük olardı. Amma artıq Ermənistan cəmiyyətinin içərisində Qarabağ savaşının ermənilərə nə vermiş olduğu məsələsi gündəmə gəlib və işğalçı ölkədə yaşanan son proseslər də bunun əyani sübutudur. Bu gün Ermənistan cəmiyyətində hər kəs bu məsələni müzakirə edir. İstər son günlərdə İrəvanda keçirilən kütləvi aksiyalarda səslənən fikirlər, istər erməni əsgər analarının öz övladlarının Qarabağda mənasız yerə həlak olmaları barədə müntəzəm olaraq səsləndirdikləri etiraz dolu ifadələrdə bunu aydın şəkildə görürük. Eyni zamanda münaqişənin qısa bir müddətdə həllini tapması ilə bağlı erməni cəmiyyəti tərəfindən səsləndirilən çağırışları eşidirik. Bütün bunlar hamısı onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətində mütərəqqi, düşünən qüvvələr də var və onlar hər ötən gün daha aydın şəkildə anlayırlar ki, Dağlıq Qarabağ probleminin ən böyük zərbəsi məhz Ermənistana dəyir. Bundan isə daha çox beynəlxalq güclər, regionda marağı olan qüvvələr faydalanırlar. Bu gün hansısa bir dövlət pz marağının təmin olunması üçün demək olar ki, erməni əsgərlərindən canlı sipər kimi istifadə edir. Bütün bunlar Ermənistan cəmiyyətində geniş müzakirə edilir və erməni xalqı bu mənasız mübarizəyə öz təpkisini göstərir. Ermənistanla müqayisədə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf tendensiyası müşahidə edilir, Azərbaycan Ordusu gündən-günə güclənir, maddi-texniki bazasını möhkəmləndirir. Eyni zamanda Azərbaycan iqtisadi cəhətdən daha da inkişaf edir, möhkəmlənir. Təbii ki, bu da Ermənistan cəmiyyəti tərəfindən izlənilir, müşahidə olunur və narahatçılıqla qarşılanır. Hər halda Ermənistanda baş verən məlum dəyişiklik yeni bir mərhələnin start verilməsinə zərurət yaradacaq.

-Ermənistanda baş verənləri təhlil edən bəzi ekspertlər hesab edirlər ki, əslində bütün bunlar Qərbin "demokratiya" dalğasının növbəti mərhələsidir və bundan sonra eyni proseslər Gürcüstanda baş verəcək. Bu nə dərəcədə real görünür?

-Mən elə zənn etməzdim.  Onu da qeyd edim ki, Ermənistanda baş verən proseslərlə bağlı belə bir fikir də səslənir ki, sözügedən hadisələr Rusiyanın da müəyyən rolu olub. Ancaq mən deməzdim ki, hansısa araşdırmaçı qruplar tərəfindən Qərb dairələri barədə söylənilən iddialar səsləndirildiyi kimidir. Əslində yuxarıda qeyd etdiyim kimi Ermənistanda baş verənlər cinayətkar Sərkisyan rejiminin illərlə apardığı mənasız mübrizəyə xalqın göstərdiyi təpki idi. Bu olmalı idi və gözlənilən proses idi. Ancaq Gürcüstanda belə bir situasiyanın yetişməsi ilə bağlı hansısa fikir yürüdə bilmərəm. Çünki Gürcüstanda proseslər kifayət qədər demokratik müstəvidə inkişaf edir.

-Bütün bunların fonunda Azərbaycanın regiondakı yeri və rolunu necə xarakterizə edərdiniz?

-Ermənistanda yaşanan proseslərdən fərqli olaraq Azərbaycanda cəmiyyət, vətəndaşlar ölkədə gedən prosesləri dəstəkləyir, hakimiyyətin siyasi kursunu müdafiə edir, ona inanaraq, güvənərək etimad göstərir. Elə son prezident seçkilərində bunun əyani şahidi olduq və xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verərək Onu növbəti müddətə ölkə prezidenti seçdi. Bu gün Azərbaycan cəmiyyətində həmrəylik əhval-ruhiyyəsi var. Eyni zamanda ölkədə siyasi iradə var. Hakimiyyətin həyata keçirdiyi inkişaf konsepsiyası özünü doğruldan bir konsepsiyadır.  Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bundan sonra da regionda baş verən bütün proseslər bizim xeyrimizə olacaq.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR