Çəkdikləri filmlərə də qəribə adlar verirlər

Ömrünün 55 ilini 120 illik Azərbaycan kino tarixinə həsr edən Əməkdar İncəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə ilə Azərbaycan kinosu haqqında danışdıq.

Aydın Kazımzadə: "Yaradıcı adamın özü senzur olmalıdır"

- Aydın müəllim, necəsiniz?           

- Şükür, indi yaxşıyam. İki dəfə ağır əməliyyat olundum. Görünür, yaşamaq hələ qismətimdə imiş. Qarşıdan kinonun 120 illiyi gəlir. Bu yubileyi ona görə səbirsizliklə gözləyirəm və çox sevinirəm ki, mən bu tarixi tapanda kinonun 80 illiyi qeyd olunacaqdı. Amma 80 illiyini qeyd eləməmişdən öncə məsələ qaldırdım ki, kinonun 80 yox, 98 yaşı var. O zaman aləm qarışdı bir -birinə. İndi həmin 98 olub 120. Avqust ayının 2 - də kinonun 120 illiyini qeyd edəcəyik. Bu barədə Azərbaycan Respublikasının Prezidenti , möhtərəm İlham Əliyevin sərəncamı var.

Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi. Azərbaycanda kino tənqidçisi Ayaz Salayevi hesab edirəm. Ayaz Salayev kino tənqidini gözəl bilsə də, təəssüf ki, bu sahə üzrə məqalələr az yazır. Kino nəzəriyyəsini Aydın Dadaşov çox gözəl bilirdi. O da ki, həyatda yoxdu.

Kino tarixi bütün bu sahələrin hamısından ən çox zəhmət, əziyyət tələb edən sahədi. Həyatının yarısından çoxunu arxivlərdə, kitabxanalarda keçirməlisən. Tarixlə bağlı hər bir faktı zərrəbinlə axtarıb tapmalısan. Özü də illər uzunu. Mən "Azərbaycanfilm" kinostudiyasının tarixini yazmaq üçün 40 ildən çox material toplamışam. 

Kino tənqidçisi filmə baxır və film haqqında tənqidi fikirlərini əsaslandıraraq yazır. Kino nəzəriyyəçisi filmi nəzəri baxımdan əlaqələndirir. Kino tarixçisi isə daim axtarışda olmalıdı. Mən 55 ildir ki, axtarışdayam, arxivlərdə, kitabxanalardayam. Hələ də Azərbaycan kinosunun tarixini tam araşdırıb, yekunlaşdıra bilməmişəm. Buna bir yox, bir neçə ömür lazımdı. Təəssüf edirəm ki, ardıcıllarım yoxdu.

- Bizdə bu sahədə böyük boşluq var, deyəsən. Bu gün kino tənqidçiləri, nəzəriyyəçiləri və araşdırmaçıları demək olar ki, yox səviyyəsindədir.

- Mən belə deməzdim. Mədəniyyət və İncəsənət Universitetində bu sahələr üzrə mütəxəssislər hazırlanır. Yeni çəkilən filmlər haqqında məqalələr də yazılır. Mən universitetdə işlədiyim dövrdə kino tarixindən dərs keçməklə yanaşı, kadr arxası kino aləmində baş verənlərlə də tələbələri məlumatlandırırdım. Çünki, mən bu hadisələrin içərisində olurdum. Tələbələrin kinoya marağı artırdı. Amma kino tədqiqatının böyük zəhmət tələb etdiyini görüb, əksəriyyəti geri çəkildi. Ona görə də bu sahə ilə məşğul olan demək olar ki, yoxdu.

İnstitutu bitirəndən sonra heç kim bu sənətin arxasınca getmir. Tək təbliğat məsələsi deyil. Gərək, insanın öz canında da olsun. Mən kinoşünaslığı bitirməmişəm. Çox vaxt deyirəm ki, mən kinoşünas deyiləm, jurnalistəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Mənə heç bir müəllim kinonun tarixindən, nəzəriyyəsindən, tənqidindən dərs deməyib. Bu fənlərin heç birini oxumamışam. Kinoya təsadüfən gəldim. Kinoya düşəndən sonra onu sevdim, kinonu dərindən öyrənməyə başladım, ömrüm boyu araşdırmalar apardım. Təqaüdə çıxandan sonra da, 78 yaşım olmasına baxmayaraq bu işi davam etdirirəm. Kino mənim həyatımdı...

- Siz kinoya təsadüfən gəldiniz. İndi hər kəs düşünərək və istəyərək ali təhsil alacağı fakültələri seçir. Amma sonda...

- Pedaqoq başqadı, mütəxəssis başqa. Pedaqoq ümumi fənləri keçir. İxtisas dərslərini mütəxəssislər keçməlidi. Mütəxəssislər də Azərbaycan kinosu ilə bağlı olan dərslərə xüsusi diqqət yetirməlidilər. Müəllimi işə götürəndə onun hansı kitablarının, məqalələrinin olub-olmaması ilə maraqlanmaq lazımdı. Alimdi, müdafiə edir, kitabı yoxdu və ən əsası sonra da kitabı olmur.  Rəhmətlik Aydın Dadaşov məsələ qaldırmışdı ki, Azərbaycan kinosunun tarixini tədris etməyə ehtiyac yoxdu. Fikrini də belə əsaslandırırdı ki, Moskva da Rusiya kino tarixini tədris etmir. Özü bunu mənə demişdi və bildirmişdi ki, onsuz da tələbələr Azərbaycan kino tarixini biləcəklər. Mən də etiraz etmişdim ki, bu bizim milli kinonun tarixidi. Öyrətməsək, hardan biləcəklər.

Azərbaycan kino tarixi universitetdə ətraflı tədris olunmalıdı. Çünki, kino tarixi Azərbaycanın vizual tarixidi. Tələbələr, elə tamaşaçılar da sənətkarlarımızı tanımalıdırlar. Filmlərimizə gözucu, çay içə -içə yox, oturub diqqətlə baxmalıdırlar. Çünki, kinonun insanlara təsiri güclüdür. Bundan istifadə etmək lazımdır.

- Aydın müəllim, son günlər gənclər yeni filmlər çəkirlər, geniş təqdimat mərasimləri keçirirlər.Təqdimatlarda sizi görmürük.

- Bütün bu işlərdən uzağam. Dəvət olunan yerə gedirəm. Nələr elədiklərindən xəbərim yoxdu, amma eşidirəm ki, nəsə keçirildi. Çəkdikləri filmlərə də qəribə adlar verirlər "Ağ tük", "Qız qaçırtma" vəs. Mən bu filmləri izləməmişəm. Nə də təqdimatlarında olmamışam.  

Son vaxtlar filmlərlə bağlı "möhtəşəm" sözü dəbə düşüb. Filmi çəkib qurtarmamış, "Möhtəşəm film olacaq" və yaxud "Bu filmimiz beynəlxalq festival üçün çəkilir" deyirlər. Belə sözləri rejissorlardan nə H. Seyidbəyli, nə H. Seyidzadə, nə də Şamil Mahmudbəyov deyiblər. Nə də efirə çıxanda başlarında papaq olmayıb, ayağını -ayağının üstünə aşırıb oturmayıblar. Ədəb-ərkanı həm hərəkətlərində, həm də danışıqlarında gözləyiblər.

- Serialları necə, izləyirsinizmi?

- İndi çəkilən serialların içərisində bəyəndiyim və izlədiyim seriallardan biri "Vicdan haqqı"dır. Maraqlı serialdı. Çünki, olmuş hadisədi. Bu serialda həyati məsələ var.

"Qız atası" serialı da maraqlıdı. Amma o serialda təkrarçılıq halları tez-tez baş verir. Orda da qoyulan problemlər bu gün çox aktualdı. Belə seriallarda xırdaçılığa getmək olmaz. Olmasın 150 bölüm, olsun 50 bölüm. Yığcam olanda qoyulan problem daha da qabardılır və tamaşaçıların yadında qalır. Əvvəlki seriyalar yadımda qalmayıb. Filmə baxanda hiss edirsən ki, 6 ssenarist oturub bir gecəyə süjetləri qururlar.

Amma əvvəllər kinostudiyada ssenarilər yazılanda birinci, ikinci, üçüncü, dördüncü variantlar yazılırdı və onların hamısı müzakirə olunurdu və çox zaman yenidən işlənilməsi üçün qərar qəbul edilirdi. İşləyə -işləyə normal, baxımlı ssenari alınırdı.

- Aydın müəllim, əvvəllər incəsənət sahəsində senzura var idi. Və yaradıcı şəxslər hər zaman azad mühit arzulayırdılar. İndi incəsənətdə azadlıq var. Amma yaşlı nəsil bu azadlıqdan narazıdı. Düşünürsünüzmü, kaş indiki azadlıq o zaman olardı. Yoxsa, o zaman da azadlıq olsaydı, vəziyyət bugünkü kimi olardı?

Elə senzuranın nəticəsidir ki, vaxtilə çəkilmiş "Koroğlu", "Dəli Kür", "Axırıncı aşırım", "Kəndlilər" və.s filmlərə əl gəzdirilib. "Bir cənub şəhərində", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü" filmlərinə isə nə yaxşı ki, senzuranın əli çatmayıb.

Bu gün yaradıcı adamın özü senzur olmalıdır. Nəyi demək olar, nəyi demək olmaz -bunu hər kəs bilməlidir. Son illər Azərbaycanda "Hökmdarın taleyi", "Cavad xan" və.s tarixi filmlər çəkilib. Belə filmlərin sovet dövründə çəkilməsi müşkül məsələ idi. İndi bu filmlərdə tarixi həqiqətləri görə bilirik. Azadlıq budur, senzuranın olmaması budur!

Bu gün yaradılan filmlər  müstəqil Azərbaycanımızın çiçəklənməsinə, bütün dünyada tanıdılmasına xidmət etməlidir. Gənclərimizin zövqlərinin artmasına, onların layiqli vətəndaş kimi formalaşmalarına kömək etməlidir. Buna görə də yaradıcı insanlar böyük mövzulara müraciət etməli, xırda məişət mövzularına az diqqət yetirməlidirlər.

İndi də müstəqilliyi hərə bir cür anlayır. Nə istəyirəm onu edirəm, yazıram kimi düşünmək olmaz. Hətta o zamanın müğənnilərinə baxanda görürük ki, tərpənmədən oxuyurlar. Vaqif Mustafazadəni bığlarına görə səhnəyə çıxmasına icazə vermirdilər. İndi baxırsan ki, cavanlar saqqal saxlayırlar. Hətta filmdə baş rolu oynayan, təzə evlənən oğlanın saqqalı var. Cavanlar da belələrinə baxıb, nümunə götürürlər. Sənətlər arasında kino ən güclü təbliğat vasitəsidir. "Vicdan haqqı" serialında əsas qəhrəmanların üzləri həmişə təmiz olur. Mən serialların əksinə getmirəm. Seriallar bizim kino üçün əhəmiyyətlidi. Amma bəzi nüansları nəzərə almaq lazımdı. Özümüzü kənar müdaxilələrdən qorumalıyıq.

İndi efirlərdə sanki dəb halını alıb cırıq cinslə çıxmaq. Qızlar köynəyin uclarını bağlayıb, qarnı açıq halda bəzi seriallarda çəkilirlər. Nəyə lazımdı bunlar? Bunu geyinən cavan qız, gəlindi. Nəyə görə mən efirdən və ya metroda oturanda qarşımdakının dizdən yuxarı cırıq şalvarını, ayaqlarını görməliyəm. Niyə? Mən xəcalət çəkirəm. Onlar bu haqda heç düşünmürlər də. Üstəlik bunları filmlərə də gətirirlər və təbliğ edirlər.

- Azərbaycan kino tarixinə məxsus arxiv sənədlər Moskvada daha çoxdu, deyəsən. Başqa hansı ölkədə Azərbaycan kinosunun tarixinə aid materiallar var?

- Özümüzdə daha çoxdu. Mərkəzi Komitənin qərarlarının hamısı burdadı, Moskvada deyil. İnqilabdan əvvəlki arxiv də ölkəmizdə var. Ermənilərlə bağlı, kinoya aid olmayan sənədlər başda Moskva olmaqla, İngiltərədə də, Fransada da var. Amma kinomuza aid inqilabdan öncə olan bəzi sənədlər Leninqradda və Moskvada saxlanılır. Özümüzdə kifayət qədər sənədlər var. Kinoya aid daha çox material inqilabdan öncə yayımlanan "Kaspi" qəzetində yer alıb. O qəzet kinonun tarixini araşdırmaqda, yeni məlumatlar, sənədlər tapmaqda mənə çox kömək edib. İnqilabdan öncəki dövrü ordan tapmışam. Sadəcə diqqətlə oxumaq lazımdı. İnqilabdan sonrakı dövrü isə öz arxivimizdən tapmışam.

- Aydın müəllim, kinonun 120 illik tarixində elə faktlar varmı ki, onları əldə etdikdən sonra yayımlamaqğa ehtiyac duymamısınız, ya ehtiyat etmisiniz?

Elə bir hadisə olmayıb. Əksinə, bu illər ərzində bir cümlə belə tapanda uşaq kimi sevinmişəm. Bu işin çətinliyi ondadır ki, sənin üçün hazır heç nə qoymayıblar. Cümlə-cümlə axtarıb, hansısa yeni məlumat əldə eləmişəm. Kinonun tarixini yazanda mən, inanmazsan, ayda bir cümlə tapıb yazırdım. Kinonun tarixini məndən qabaq yazan olub. Amma o dərinliklər yox idi. Mir Cəfər Bağırovun hakimiyyəti illərində kinoda nələrin olduğuna dair heç bir məlumat yox idi. Sonuncu kitabım "Kino və zaman" da mən Mir Cəfər Bağırovun 30 -40 cı illərdə "Azərbaycanfilm"in vəziyyəti ilə bağlı Moskvaya yazdığı məktublar və Moskvanın Mərkəzi Komitəyə yazdığı məktubları toplayıb, üzə çıxartmışam.

- Aydın müəllim, 120 illik tarixin araşdırmaçısı kimi əməyiniz dəyərləndirilirmi?

-  Kinoda işlərim, 55 illik fəaliyyətim Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, dövlətimiz tərəfindən həmişə qiymətləndirilib. Əməkdar incəsənət xadimiyəm, prezident təqaüdçüsüyəm, müxtəlif təşkilatların laureatıyam, "Zirvə" mükafatına layiq görülmüşəm, 25 -dən çox kitabım nəşr olunub. Həm dövlətimizin, həm də xalqımızın diqqətindəyəm! Belə gözəl ölkədə bundan artıq insan nə lazımdır!?Yalnız işləmək və yazıb yaratmaq! Mən də bu işlə məşğul oluram!

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR