Azərbaycan dövlət siyasətində insan amilinə yüksək dəyər verilir

Ölkədə həyata keçirilən hüquqi və iqtisadi islahatlar bir-birini tamamlayır

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasında həyata keçirilən hüquqi islahatlar əhəmiyyətli rol oynayıb. Sirr deyil ki, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü vətəndaşların fundamental hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Etiraf edilməlidir ki, Azərbaycanda bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və görülən işlər hazırda öz müsbət nəticəsini verməkdədir. Müsahibimiz vəkil Rövşən Qasımovdur.

-Azərbaycanda həyata keçirilən hüquqi islahaları necə dəyərləndirisiniz?

-Azərbaycanda həyata keçirilən hüquqi islahatlar təkcə ölkə ictimiyəti deyil, eləcə də beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanda son dövrdə aparılan hüquqi islahatları, xüsusilə cəzaların humanistləşdirilməsinə dair atılan addımları yüksək qiymətləndirib, əhəmiyyətli irəliləyişlər olduğunu vurğulayıb. Hazırda da bu islahatlar davam edir. Belə ki, ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi islahatlar aparılır. Xüsusilə vəkillərin sayının artırılması, vəkillərə olan etimadın gücləndirilməsi, habelə son nəticədə vəkilliyin nüfuzunun artırılması üçün işlər görülür. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanununa dəyişikliklər təsdiqlənib. Həmin qanunlar ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə edilməsi qət olunub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamında ölkədə vəkillərin sayının artırılması məsələsi Vəkillər Kollegiyasına tövsiyə olunub ki, artıq bu günədək bu sahədə Kollegiya tərəfindən bir sıra addımlar atılıb. İlham Əliyevin prezidentliyi dövründə yeni hakim korpusunun formalaşdırılması da daxil olmaqla, məhkəmə, prokurorluq orqanlarının və ümumiyyətlə, dövlətin hüquqi-inzibati sahədə fəaliyyətini həyata keçirən demək olar ki, bütün qurumların əməkdaşlarının işə qəbulunda şəffaflıq təmin olundu. İnsan hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətin ali məqsədidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə layiqli həyat səviyyəsinin təmin olunması bir-birindən ayrılmaz, qarşılıqlı asılılıqda olan anlayışlardır. Mütərəqqi hüquqi islahatların həyata keçirildiyi dövlətlərdə iqtisadi və sosial rifahın daha yüksək səviyyədə təmin olunması artıq əksər dövlətlərin təcrübəsində öz təsdiqini tapmışdır. Hazırda Azərbaycanda vətəndaşlar cəmiyyət həyatında qanunla qadağan edilməmiş hər şeydə azaddırlar. Dövlət məmurları öz vəzifələrində yalnız qanunla icazə verilmiş azadlıqlara malikdirlər.

- Ölkədəki mövcud hüquqi baza iqtisadi inkişaf üçün nə dərəcədə yetərlidir?

- Ümumiyyətlə İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində ölkəmizin iqtisadi sahədə olan uğurları birmənalıdır və statistik rəqəmlərlə, eləcə də beynəlxalq qiymətləndirmələrlə təsdiqlənmişdir. Həyata keçirilən sosial proqramlar, yoxsulluq səviyyəsinin azaldılması, infrastruktur layihələri, təhsil və səhiyyə sahələrindəki islahatlar vətəndaşların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. İqtisadi inkişaf üçün hüquqi bazanın və islahatların əhəmiyyəti ondan ibarətdir ki, hüquqi baza və normativ əsaslara söykənərək fəaliyyət göstərən dövlət institutları əlverişli biznes mühitinin yaranması və tərəflər üçün bərabər imkanları təmin edir. Belə ki, şəxsi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilən və uzunmüddətli müqavilələrin bağlanmasını təşviq edən qanunvericilik sistemi investisiyaların həcminin artması və iqtisadi inkişaf üçün mühüm şərtlərdir. Bu baxımdan hüquqi islahatlara olan yanaşma və onların davamlılığı sosial-iqtisadi rifahı təmin edir. Digər ölkələrin də təcrübəsi göstərir ki, məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını daha möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olmuşlar. Eyni zamanda, iqtisadi göstəricilərin və inkişafın zəif olduğu ölkələr daha kövrək hüquq sisteminin və siyasi sabitliyin olduğu ölkələrdir. Yəni, iqtisadi inkişafı hüquqi islahatlarla paralel həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyulduqda həmin dövlətlərdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.

- Azərbaycanda həyata keçirilən hüquqi islahatları mütərəqqi və dünyəvi dəyərlərə uyğun hesab etmək olarmı?

-Azərbaycanın müаsir tarixini ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir. Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zərurir idi. Lakin, 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Hazırda Аzərbаycаn Rеspublikаsındа mütərəqqi və dünyəvi dəyərlərə uyğun islаhаtlаr аpаrılmаqlа dеmоkrаtik, hüquqi və sivil dövlət qurulmuş, dönməz və dаyаnıqlı ictimаi-siyаsi sаbitlik əldə еdilməklə qаnunun аliliyinə və insаn hüquq və аzаdlıqlаrınа rеal təminаt vеrən vətəndаş cəmiyyəti fоrmаlаşmışdır.Sadalanan məqamlar bir daha onu göstərir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri müstəsna əhəmiyyət kəsb edir.

- Ölkədə hüquqi islahatların davamlı olmasına əminlik haradan qaynaqlanlr və bunun vətəndaşlar üçün əhəmiyyəti nədən ibarətdir?

- Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir.Qarşıdan gələn illər üçün ölkəmizin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Azərbaycan dövlətinin siyasətində insan amilinə yüksək dəyər verilməsi təqdir olunan hal kimi önə çəkilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Dövlətimizin başçısı İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı hüquqi islahatların davamlılığını, təkmilləşmənin dövlət siyasətinin əsasında dayandığını, ən əsası insan amilinə verilən dəyəri bir daha təsdiqləyir. Bu mühüm addımı şərtləndirən amillər aydındır. İnsan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, idarəçilik sistemində təkmilləşmə dövlət siyasətinin əsasında dayanır. Məlum olduğu kimi, ötən ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin müəyyən hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bu baxımdan hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili bir zərurətə çevrilib. Sərəncamın əsas məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Sənəddən irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan məqsədlərin gerçəkləşməsinə stimul olacaq. Hüquq sisteminin təkmilləşdirilməsi yüksək iqtisadi inkişafı şərtləndirməklə yanaşı, onun ayrılmaz hissəsidir. Eyni zamanda, uyğun hüquqi çərçivə təmin edilmədən iqtisadi inkişaf uzunömürlü ola bilməz. Bu qarşılıqlı asılılığı hər mənada dərk edən və idarəçiliyi buna uyğun təşkil edən dövlətlərin inkişafı digərlərindən müsbət mənada xeyli fərqlənir. Hüquqi islahatlarla bağlı son 15 ildə Prezident İlham Əliyevin iradəsi və mövcud nailiyyətlər, tətbiq edilən yanaşmanın səmərəli və düzgün olmasını bir daha təsdiq edir və gələcəkdə bu sahənin inkişafını, iqtisadiyyatın daha da güclənməsini və vətəndaş rifahının artmasını təmin edəcəyi şübhəsizdir. Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR