Türk general: “Üçtərəfli görüşün yekun sənədində PYD/PKK terror təşkilatının adının çəkilməməsi Türkiyəni narahat edir” - MÜSAHİBƏ

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekinin müsahibəsi

- Aprelin 4-də Ankarada keçirilən Türkiyə, Rusiya, İran üçtərəfli zirvəsindən çıxan nəticələri şərh etməyinizi istərdik.

- Üçtərəfli zirvə toplantısının ən mühüm mesajı Qərb ölkələrinə idi: Türkiyə, Rusiya və İran birlikdə hərəkət etdiklərini və bu əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətində olduqlarını Qərbə, xüsusilə ABŞ-a göstərdilər. Üç ölkə "Suriyada hər şeyin Qərbin istədiyi şəkildə olub-bitməsinə icazə verməyəcəyik" dedi. Gəldiyimiz nöqtədə Astana əməkdaşlığının  davam etdiyini görürük. Meydana çıxan tabloda bunu gördük ki, Suriyanın şimalında terror təşkilatının hər hansı idarəçilik strukturu yaradılmasını istəyən yoxdur. Hal-hazırda Suriyada yaxın müttəfiqliyik etdiyimiz İran Afrin hərəkatını bəzi məqamlarda dəstəkləməsə də, əməliyyat tamamilə uğurlu keçi. İran və Rusiya ilə bəzi nöqtələri də razılaşdırıb, əməliyyat halqasını tamamlamalıyıq. Bundan sonrakı mərhələdə Suriya probleminin siyasi baxımdan həlli məsələlərinə önəm veriləcək. Qərb ölkələri də Suriya probleminin prezident Əsədsiz həll edilə bilməyəcəyini gördülər. İndi ABŞ-dan sonra Fransa da bölgədəki proseslərə müdaxilə etməyə çalışır. Yeni mərhələdə Suriya Konstitusiyasının hazırlanması məsələsi gündəmdə əsas yeri tutacaq.

Mənə elə gəlir ki, Menbiç məsələsində ABŞ ilə Türkiyə ciddi şəkildə qarşı-qarşıya gəlməyəcək, problem diplomatik yollardan həll ediləcək. İndiyə qədər böyük dövlətlərin Suriyanın bəzi nöqtələrində qarşı-qarşıya gəldiyini görmüşdük. Məsələn, Raqqada ABŞ əsgərləri ilə Rusiya əsgərləri arasında ciddi qarşıdurma olmuşdu. Bundan sonra eyni şeylərin təkrarlanacağına ehtimal vermirəm. Üçtərəfli zirvə toplantısının yekun bəyannaməsində PYD/PKK terror təşkilatının adının konkret şəkildə çəkilməməsi Türkiyəni narahat edən məsələdir, İran  və Rusiyanı bu məsələyə razı etməyimiz lazım gələcək.

- Bəs Fərat çayının şərq sahilindəki problem necə həll ediləcək?

- Başda ABŞ olmaqla, Qərb ölkələri terror təşkilatına ən çox silah yardımını o bölgədə edib. Fəratın şərq sahilindəki PYD/PKK problemini həll etmək üçün Türkiyənin Dəməşq ilə birbaşa əməkdaşlıq etməsi lazımdır. Daşları ətəyimizdən tökməliyik: orada əhalinin böyük çoxluğu ərəbdir, Dəməşq rejiminin onların üzərindəki təsiri böyükdür, bölgədə yerli ərəb əşirətlərinin dəstəyini alaraq Fəratın şərq sahilindəki PYD/PKK terror təşkilatı problemini həll etmək ən doğru yoldur. Kürdlər oradakı əhalinin 4-5%-ni təşkil edir, onlar Suriya torpaqlarının təxminən 30%-nə necə nəzarət edə bilərlər? Buna nə Dəməşq, nə də yerli ərəb əşirətləri icazə verər. Bizim də onlarla əməkdaşlıq etməyimiz lazımdır. Hamı gördü ki, indiki mərhələdə Suriyadakı heç bir problem Əsədsiz həll edilməyəcək, Türkiyə də bunu görməlidir. Suriyada hər şeyin keçmişdəki kimi olacağını düşünmək çətin olsa da, Türkiyə ilk növbədə öz mənafeyini düşünməli və PYD terror təşkilatının Suriyada güclənməsinə icazə verməməlidir.

- Bəs İdlib məsələsi? Sizcə, Afrin əməliyyatını keçirmək üçün Türkiyə İdliblə bağlı Rusiya qarşısında hər hansı öhdəlik götürmüşdümü?

- Astanada əldə edilən razılaşmaya görə, İdlib "toqquşmaların olmadığı bölgə" elan edilmişdi. Şəhərin daxilinə Türkiyə, kənarına isə Rusiya nəzarət edir.

İndi ora Suriyanın ən həssas bölgəsidir. Çünki başda Hələb olmaqla, bir çox bölgədən qaçan terrorçular İdlibdə məskən salıblar. Oradakı təxminən 30 min terrorçunun yarısı çeçendir, Rusiya onların tamamilə təmizlənməsini istəyir. Oradakı terrorçu qrupların bir qismi Səudiyyə Ərəbistanının, o biri qismi Britaniyanın Mİ-6 kəşfiyyat təşkilatının nəzarəti altındadır, Türkiyənin nəzarətində olan qruplar da var. İdlibdə xaos baş versə, Türkiyəyə 2 milyon insanın gəlmə təhlükəsi yaranacaq. Ona görə, Türkiyə çox həssas  hərəkət etmək məcburiyyətindədir. Bu gün Türkiyə orada 9-cu nəzarət məntəqəsini qurur. Təkrar edirəm: İdlib Türkiyə üçün ən həssas və problemli bölgədir. Rusiya orada Suriya ilə birlikdə hərbi əməliyyat keçirməz, çünki aləm bir-birinə qarışar. Türkiyə birinci növbədə Rusiya ilə əməkdaşlıq edərək İdlib bölgəsini terrorçulardan təmizləməlidir. Bu prosesdə Türkiyə kəşfiyyatının üzərinə böyük iş düşəcək. Suriya probleminin həllində çox həssas bir dönəmə gəldiyimizi deməliyəm. İdlib terrorçulardan təmizlənərkən Türkiyədəki 3,5 milyon qaçqının üstünə əlavə 2 milyon qaçqın gələ biləcəyi narahatlıq doğurur. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR