Ölkədə normal seçki mühiti varmı?

Ramiz Alıyev: "Seçkilərin qalibi Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyev olacaq"

Prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədə siyasi həyəcan da artır. Hər kəs səbirsizliklə 11 aprel tarixini, səsvermə məntəqələrinə gedərək öz vətəndaşlıq hüququndan istifadə etmə anını gözləyir. Seçkiöncəsi ölkədəki ictimai-siyasi mühit, namizədlərə yaradılan şəraitlə bağlı aparılan dəyərləndirmələr 11 aprel seçkilərinin azad və demokratik şəkildə baş tutacağına əminlik yaradır. Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. Politoloq "OLAYLAR"-a verdiyi müsahibədə son vaxtlar Azərbaycana qarşı başlanan çirkin kampaniya və onun qarşısının alınması istiqamətində atılması vacib olan addımlardan da danışıb. Ramiz Alıyev radikal müxalif düşərgənin seçki öncəsi ölkədə xaos, anarxiya yaratmaq cəhdlərini də pisləyib.

-Ramiz bəy, ölkədə seçkiqabağı mühiti necə dəyərləndirərdiniz?

-Ölkədə seçkiqabağı mühit, ictimai-siyasi vəziyyət kifayət qədər normaldır. Artıq prezident seçkilərinin müəyyən bir hissəsi arxada qalıb. Bir neçə gün sonra seçkilərin ən son mərhələsi keçiriləcək. Ötən müddət ərzində prezidentliyə iddialı olan şəxslər müstəqil, azad şəkildə öz namizədliklərini irəli sürüb, imzatoplama kampniyasını başa vuraraq təbliğat-təşviqat prosesini həyata keçiriblər. Hazırda da bu mərhələ davam edir. Qeyd edim ki, seçkilərin təbliğat-təşviqat mərhələsində də namizədlərə bütün zəruri imkanlar yaradılıb. Onlar üçün pulsuz efir vaxtı ayrılıb.  Həmçinin seçiciləri ilə görüş keçirmək üçün həm paytaxt, həm də yerlərdə müvafiq yerlər ayrılıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, ölkədə yaradılan normal, demokratik seçki mühiti beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Bu günlərdə Bolqarıstanın seçki müşahidə missiyasının açıqladığı hesabat xarakterli məlumat, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Komitəsinin seçki dəyərləndirmələri də bir daha onu deməyə əsas verir ki, ölkədə kifayət qədər normal seçki mühiti mövcuddur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan vətəndaşları aprelin 11-də seçki məntəqələrinə gələrək müstəqil şəkildə öz seçimlərini edəcək və öz prezidentlərini seçəcəklər.

-Ölkədə kifayət qədər demokratik seçki mühiti olduğu halda bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsini necə qəbul etmək olar?

-Bəzi müxalifət partiyaları dedikdə, onlar əsasən radikal mövqedə dayanan müxallifət partiyalarıdır. Əslində onların boykot qərarı vermələri başa düşüləndir. Çünki onlar istənilən halda seçkilərdə məğlub olacaqlarının fərqindədirlər. Ona görə də seçkilərə gedib biabırçı şəkildə məğlub olmaqdansa, elə seçkilərdə iştirak etməmək onlar üçün ən məqbul variantdır. Digər tərəfdən radikal qüvvələr kiminlə seçkiyə qatılsınlar axı? Müsavat lideri İsa Qəmbərin səhhətində problem var. Partiyanın başqanı Arif Hacılı kifayət qədər təcrübəsiz biridir. Həm də o, Müsavat başqanı seçiləndən, daha doğrusu təyin ediləndən sonra partiyada elə bir mühit yaradıb ki, heç sıravi müsavatçılar belə seçkilərdə Arif Hacılıya səs verməzlər. Yaxud radikalların digər qanadı Azərbaycan Xalq Cəbhəsi Partiyası olsun. Bu partiyada da barmaqla sayıla biləcək qədər adam qalıb. Onlar da Əli Kərimlinin yaxın ətrafı və qaragürühçü gənclərdir. Hətta Əli Kərimli namizədliyini irəli sürsə belə bu gün mitiqndə onunla bir cərgədə dayanan müsavatçılar ona dəstək verməyəcəkdilər. Çünki Müsavat Partiyası və AXCP arasında mehriban düşmənçilik prinsipi hökm sürür.  Bütün bunlarla yanaşı hətta radikallar namizəd müəyyən edə biləcəkləri təqdirdə onlar xalq tərəfindən dəstək görməyəcəkdilər. Bu düşərgənin keçirdiyi aksiyalarda məhdud sayda insanların iştirak etməsi onların hansı sosial bazaya malik olduqlarını ortaya qoyur. Belə olan halda həmin qüvvələr hansı sosial baza və üzlə seçkilərə qatılsınlar. Ona görə də qeyd etdiyim kimi onların ən məqbul variantı elə seçkilərə qatılmamaqdır. Sadəcə bu qüvvələr düşünürdülər ki, onların prezident seçkilərinə qatılmamaq qərarı beynəlxalq səviyyədə effektli olacaq, bununla Azərbaycana qarşı beynəlxalq səviyyədə təsirlər ediləcək. Ancaq göründüyü kimi radikalalların boykot qərarı nəinki beynəlxalq səviyyədə, heç daxildə belə dəstək görmədi. Bir neçə müxalifət partiyası prezident seçkilərində iştirak qərarı verdi və hazırda da onlar seçki mübarizəsini davam etdirirlər. Odur ki, radikalların seçkilərdə iştirak etməmək qərarı özlərini acı məğlubiyyətdən sığortalamaqdan başqa bir şey deyildi.

-Bu arada Avropada siyasi mühacir adı ilə fəaliyyət göstərən bir qrupun dövlət, dövlətçiliyi təhqir etməsi, rəsmi şəxslərin ünvanına şər-böhtan, etik çərçivəsdən kənar ifadələr işlətməsini necə dəyərləndirərdiniz?

-Mən hesab edirəm ki, bu Azərbaycana qarşı beynəlxalq səviyyədə formalaşmış şəbəkənin ölkəmizlə bağlı zaman-zaman həyata kçeirdiyi ssenarinin bir hissəsidir. Çox təəssüflər olsun ki, həmin qrup də antiAzərbaycan kampaniyasının bir hissəsinə çevrilib. Bilirsiniz, hakimiyyətə müxaliflik etmək, hakimiyyətin hansısa addımını tənqid etmək olar və bu normal bir şeydir. Bütün demokratik, sivil cəmiyyətlərdə bu belədir. Ancaq dövlətə dövlətçiliyə müxaliflik etmək, dövlət atributlarını, onun rəsmi şəxslərini təhqir etmək, bu artıq düşmən mövqeyindən çıxış etmək deməkdir. Ümumiyyətlə, siyasi mübarizəyə təhqir, qeyri-etik ifadələr gətirmək yolverilməzdir. Əgər təhqirə siyasi mübarizədə təhqirə, söyüşə keçirsənsə, deməli sən gücsüzsən, acizsən. Adətən gücsüzlər, acizlər heç bir nəticəyə nail olmayanda qeyri-etik hərəkətlərə yol verirlər. Ümid edirəm ki, tezliklə bu kimi neqativ hallar aradan qaldırılacaq və Azərbaycan dövlətçiliyi, xalqı, millətini, prezidentini təhqir edənlər törətdikləri əməllərə görə,  öz layiqli cavablarını alacaqlar. Əks təqdirdə cəzasıqlıq mühiti vəziyyəti daha da gərginləşdirə bilər.

-Ramiz bəy, bəs prezident seçkilərindən gözləntiləriniz nədən ibarətdir?

-Yuxarıda qeyd etdiyim kimi əminlikdə deyə bilərəm ki, Azərbaycan bu seçkiləri də azad və demokratik şəkildə başa vuracaq və dünyaya yenidən demokratiya, azad seçki nümunəsi göstərəcək.  Çünki Azərbaycanın zəngin seçki təcrübəsi var. Ötən illərdə ölkədə keçirilən bu və ya digər seçkilər bunu bir daha təsdiq edib.

-Seçkilərdə kimin qalib gələcəyini düşünürsünüz?

-Əslində düşünməyə ehtiyac da yoxdur. Çünki birmənalı olaraq deyə bilərik ki, seçkilərin qalibi məhz Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı Cənab İlham Əliyev olacaq. Ölkədə seçki öncəsi keçirilən rəy sorğuları da belə deməyə əsas verir. İlham Əliyevin qləbəsini şərtləndirən amillər isə Onun dövlət başçısı kimi ötən 15 il ərzində gördüyü işlərdir. Ötən 15 il ərzində bütün sahələrdə uğurlu inkişaf yolu keçən Azərbaycanda əhalinin sosial rifah halı yaxşılaşıb, ölkədə sabitlik davamlı xarakter alıb. Bütün bunları nəzərə alan Azərbaycan xalqı da məhz bu inkişafın, sabitliyin davamlı olması arzusundadır. Qeyd etdiyimiz müsbət tendensiyaların davam etməsi isə Cənab İlham Əliyevin timsalında mümkündür və ölkə vətəndaşları da bunu aydın şəkildə dərk etdiklərindən məhz Cənab İlham Əliyevə səs verəcəklər.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR