“Ənənəvi medianın heç bir halda sosial şəbəkəyə uduzması mümkün deyil”

Mətanət Ağamirli: "Sosial şəbəkənin funksiyası haqq-nahaq fikirləri söyləmək, ağzına gələni yazmaq üçün bir vasitəyə çevrilib"

Yaradıcı, istedadlı insanların çalışdıqları sahələrdəki uğurlardan, nöqsan və hədəflərdən danışması doğrudan da maraqlı olur. Çünki mükəmməl nəzəri biliyə malik insanlar praktiki iş zamanı çatışmazlıqları daha dəqiq görür və çıxış yillarını ərsəyə gətirə bilirlər. Müsahibimiz bu qəbildən olan insanlardan biri-Lider TV-nin aparıcı-prodüsseri, Əməkdar jurnalist Mətanət Ağamirlidir.

-Mətanət xanım, cap mediasını izləyirsiniz?
- Çap mediasının mənim üçün çox əhəmiyyəti, ayrıca bir yeri var. Çünki mən ilk jurnalist fəaliyyətimə çap mediasında başlamışam. Ötən əsrin 90-cı illərindən gündəlik dövrü nəşrlərdə korrektor kimi işləmişəm. Baxmayaraq ki, bu gün çap mediası, klassik mütaliə müasir texnologiyanın inkişafı ilə əlaqədar sıradan çıxmaqdadır. Amma çap mediası, klassik oxu tərzi mənim üçün çox əzizdir. Çünki biz o qəzetləri, kitabları oxumaqdan zövq alan dövrün insanlarındanıq. Elə indi də, çap mediasında informasiyanı almağın zövqünü yaşamağı sevirəm. Və ya eynilə kitab mütaliəsini də qeyd edə bilərəm. Lakin nəzərə alsaq ki, elektron media günümüzün reallığıdır, istəsək də, istəməsək də bu tendensiyanın içindəyik. Bu baxımdan həm də dövrün standartlarının tələbləri ilə ayaqlaşmalıyıq.

- Çap və elektron medianın durumu barədə kifayət qədər məlumatlısız. Necə hesab edirsiz, medianın hazırki durumunu qənaətbəxş hesab etmək olarmı?

- Artıq 24 ilə yaxındır ki, mediadayam. İllərlə müxtəlif müəyyən arzuolunmaz hallar, çatışmazlıqlar və ya uğurlar, üstünlüklərin müşahidəçisi olmuşam. İllər öncə hətta çap mediasını barmaqla saymaq olardı. Həmin dövrdə media orqanlarının sayı çoxalmağa doğru gedirdi. Beləliklə, mən də Azərbaycan mediasının formalaşmasının şahidi oldum. Azərbaycan müstəqillik əldə etdikdən sonra mediada ən çox diqqət çəkən məqam bu sahəni daha da nüfuzlandırır, jurnalist adını şərəfləndirirdi. Bu məqam ondan ibarət idi ki, jurnalistikaya üz tutan insanlar fədakarcasına, bu peşəni sevərək gəlirdilər. Amma hazırda bu proses başqa tendensiyalarla müşahidə olunur.Yəqin siz də razılaşarsınız ki, bu gün jurnalistikaya daha çox populiyarlıq naminə, maddi qazanc naminə gəlirlər. Bu gün bəzi hallarda bəzi jurnalistlərin tanınması peşəkar yazı ilə deyil, daha çox populizm üzərində qurulur. Bu gün hansısa media mənsubu təəssüf ki, öz karyerasını kimlərəsə ünvanlanmış təhqir, şər-böhtanla qurur.
Yaxud, digər sahələrdə işdən xaric edilən, yalnız orta məktəbi bitirən, jurnalistikadan heç bir anlayışı olmayan insanlar informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək müxtəlif saytlar açırlar. Bəzən adamın başı itir bu çoxluğun içində. İnternet medianın, xüsusən, saytların sayı günü-gündən artır. Hamısının da iddiası ortadadır ki, bu da ürəkaçan deyil. Çünki mətbuatda da say-sambal, kəmiyyət-keyfiyyət məsələsi var. Əgər qəzetlərdə, saytlarda, portallarda, ümumiyyətlə mediada "reket jurnalistika"dan söhbət gedirsə, leksikonumuza "reket jurnalistika" daxil olubsa, bu jurnalistikamızın faciəsidir. Ümumiyyətlə, jurnalist sözünün reket sözü ilə assosiasiya olunması heç xoş deyil.
Hansı ki, 20-25 il bundan əvvəl terminalogiyamızda bu ifadə yox idi. İndi isə ali qanunverici orqandan tutmuş məhkəmə salonlarına qədər, sadə vətəndaşdan tutmuş ziyalılara qədər hamı "reket jurnalistika"sından danışır.

- Necə hesab edirsiniz, hazırki mətbuat bolluğu fonunda media cəmiyyəti lazımi informasiya ilə təmin edə bilirmi? Belə fikir var ki, cəmiyyət informasiya aclığından əziyyət çəkir.

- Bəli, bizim qismətimizə informasiya bolluğu şəraitində yaşamaq düşdü. İstəsək də istəməsək də, saytların sayı çox olsa da, az olsa da, qloballaşmanın gətirdiyi tendensiyalar, sosial şəbəkələrin inkişafı və hər kəsin orada təmsil olunması müəyyən mənada həm də informasiya təminatı funksiyasını yerinə yetirir. Saytların, televiziyaların, xüsusən internet televiziyaların, radioların sayının artması insanları informasiya ilə təmin edə bilmirsə, doğrudanda bu bizim faciəmiz olar. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda kifayət qədər oturuşmuş media qurumları fəaliyyət göstərir, İllərin təcrübəsinə əsaslanan media təmsilçiləri, imzalar var. Həmin mətbuat orqanları baş verən hadisələri Azərbaycanın dövlət və milli maraqlarına uyğun çatdırmağı bacarır və çatdırırsa, belə bir şəraitdə şikayət varsa ki, lazımi informasiyanı ala bilmir, bu artıq medianın yox, həmin tərəfin günahıdır. Əgər cəmiyyət hesab edirsə hazırki informasiya bolluğunda lazımi məlumatı ala bilmir, demək ki, cəmiyyətin intellektual çəkisinə, üz tutduğu yola diqqət yetirmək lazımdır.

- Hazırda operativlik baxımından sosial medianın öndə getməsi danılmaz faktdır. Necə hesab edirsiniz, media sosial şəbəkəyə uduzurmu?

- Əsla belə düşünmürəm. Mətbuatın inkişafı məsələsində həmişə Qərbi, qonşu Rusiyanı, qardaş Türkiyəni misal gətiririk. Günümüzdə internet televiziyalar, internet media daha çox inkişaf edir. Bu tendensiya bütün dünyada gedir. Ancaq klassik televiziya daim aktuallığını saxlayır. Baxın, bu gün dünyanın ən qaynar nöqtələri ilə bağlı informasiyaları yayan hansı mənbələr etibarlı sayılır? Bütün dünyada Əlcəzirə, CNN, BBC və sair kimi klassik media orqanlarına istinadən yayılan xəbərlərə güvən var. Bu baxımdan dünya səviyyəsində oxunan, izlənən gündəlik çap orqanlarını da sadalaya bilərik. Bu onu göstərir ki, informasiyanın dəqiqliyi güvənli klassik media orqanlarının yayımı ilə bağlıdır. Şahidi oluruq ki, baş verən müxtəlif hadisələrlə bağlı çoxsaylı çaşdırıcı xəbərlər yayılır. Bu xəbərlərin saxta, qərəzli və məqsədli olması dərhal üzə çıxır. Özünə hörmət edən ciddi media qurumlarında belə informasiyaları müşahidə etmək mümkündürmü? Əlbəttə yox. Bu isə o deməkdir ki, ənənəvi media heç bir halda sosial şəbəkəyə uduza bilməz.

- Sosial şəbəkələrdə varsınız? Ümumiyyətlə sosial şəbəkələrə münasibətiniz necədir?

- Günümüzdə sosial şəbəkələrdən istifadə etmək normal bir haldır. Amma görək bu şəbəkələrdən səmərəli istifadə edə bilirikmi? Mən aparıcısı olduğum proqramlarda dəfələrlə bu mövzunu müzakirəyə də çıxarmışam, mütəxəssislər, peşəkarlar, ziyalılar dəvət etmişəm. Məqsəd isə sosial şəbəkələrdən necə istifadə etməyi cəmiyyətə, gənclərə aşılamaq olub. Sosial şəbəkə sadəcə marka geyimləri, restoranlarda yeməkdə olmağı, hardasa necə dincəlməyi reklam etmək üçün deyil. Məncə haqqında danışdığımız şəbəkələrin funksiyası şəxslər arasındakı ədavəti biədəb formada müzakirəyə çıxarmaq, arzuolunmaz halları və şəxsləri cəmiyyətə nümunə kimi sırımaq, insanların şərəf və layaqətinə toxunmaq, kiməsə şər və böhtan atmaq, kiminsə biədəb videosunu yaymaqdan da ibarət deyil.
Amma hər gün nəyin şahidi oluruq? Bu gün təəssüf ki, sosial şəbəkənin funksiyası haqq-nahaq fikirləri söyləmək, ağzına gələni yazmaq üçün bir vasitəyə çevrilib. Kiçik bir müşahidə aparsaq aydın olacaq ki, sosial şəbəkələrdə Dağlıq Qarabağ problemi, torpaqlarımızın işğal altında qalması kimi ümumilli məsələlərlə bağlı yalnız ümumi müzakirələr aparılır. Sosial şəbəkələrdən ən çox istifadə edən toplumlardan biri də bizim toplumdur, Azərbaycan vətəndaşlarıdır. Lakin bizim işğal altında olan rayonlarımız haqqında, DQ münaqişəsi ilə bağlı müxtəlif debatlar məhdud sayda aparılır. Əslində isə sosial şəbəkələr təmsil olunduqları toplumları narahat edən ümumi məsələləri, mövzuları beynəlxalq aləmə çıxarmaq üçün gözəl vasitədir. Sizcə bu vasitədən ümumi Azərbaycanımız üçün yetərincə istifadə edirikmi?.. Məncə əlavə şərhə ehtiyac yoxdur.

- Belə məlum olur ki, biz informasiya təhlükəsizliyinin təmin olunması üçün hələ çox işlər görməliyik. Biz həm də məlum düşmən dövlətlə informasiya müharibəsi şəraitində yaşıyırıq. Sizcə bu müharibədə uduzuruqmu?

- Bu məsələdə mən qətiyyən bədbin deyiləm, bədbinliyi də qəbul etmirəm. Düşünmürəm ki, düşmənlərə də uduzuruq. Müəyyən reallıqlar var. Təbii ki, o reallıqları biz dana bilmərik. Artıq 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinə Qərbin ədalətli mövqeyi əvəzinə təzyiq mexanizmini görürüksə, artıq bu ikili standartlardan xəbər verir. Təbii ki, burada dini faktor, İslam amili və digər arqumentlər əsas rol oynayır. Niyə açıq deməyək ki, biz müsəlman-xristian, sivilizasiyalararası toqquşmanın qurbanıyıq. Bu informasiya müharibəsində erməni Fransada, Rusiyada, Avropanın müxtəlif ölkələrində dəstəklənirsə və onları bir sivilizasiya birləşdirirsə, bu sivilizasiyada bizim haqqımıza göz yumulursa, düşünmürəm ki, burada bizim ciddi bir qəbahətimiz var. Bütün bunlara baxmayaraq Azərbaycanın son 15 ildə gücləndiyinin, informasiya blokadasının çox kəsərli formada yarıldığının şahidiyik. Burada mütləq Azərbaycanın dövlət qurumları ilə bərabər vətəndaş cəmiyyətinin rolunu, Heydər Əliyev Fondunun bu istiqamətdə göstərdiyi misilsiz xidmətlərini qeyd etmək lazımdır. Bunları qeyd etmək, vurğulamaq əslində bizim boynumuza vətəndaş olaraq düşən məsələlərdir. Azərbaycanda müxtəlif dillərdə dünyaya informasiya yayan media qurumları var. Qeyri-hökumət təşkilatları tərəfindən xarici dillərdə çap olunan bukletlər, kitablar və digər nəşrlər var. Düşünmürəm ki, biz informasiya müharibəsində uduzuruq, sadəcə bəzi məsələlərdə çatışmazlıqlar, daha konkret desək, ədalətsizlik hiss edirik. Hansı ki, düşmənimizin arxasında çox ciddi maraqlı qüvvələrin olduğunu görürük. Maraqlı qüvvələrin hədəfi də fərdlər deyil, regionda güc sahibi ola biləcək türkdilli bir müsəlman dövlətinin güclənməsidir. Azərbaycanın müstəqillik qazandığı gündən bu vaxta qədər baş verən proseslərin şahidi olmuş bizim həmkarlarımız var. Özünü bu ölkənin vətəndaşı sayan, bu ölkədən bəhrələnən, övladlarını gələcəyə hazırlayan kifayət qədər seçilən qələm sahibləri, yazarlar, jurnalistlər, QHT təmsilçiləri var. Belə olduğu halda düşmən qarşısında biz niyə aciz oluruq ki?

-Bununla yanaşı, Azərbaycanın dövlət və milli maraqlarına zidd informasiya yaymaqda maraqlı olan həmkarlarımız da var. Sizcə, bununla ermənilərin dəyirmanına su tökmürükmü?

-Nahaq yerə deyilməyib ki, meşə çaqqalsız olmur. Əlbəttə ki, belə hallar da baş verir. Bütün uğurlar təcrübədən qazanılır, təcrübədən keçib gələrək əldə olunur. Mən belə halları kütləvi olaraq Azərbaycan mediasının üzərinə qoymaq istəməzdim. Düşünürəm ki, bizim içimizdə bir az Qarabağ aclığı, bir az Qarabağ savaşında uduzmuşluğun acısı var. Bəlkə də bu uduzulmuşluğun acısına rəğmən həmkarlarımızın bəziləri tələskənlik edirlər. Vahid platformada deyil, pərakəndə şəkildə informasiyanı yayırlar. Aprel hadisələri zamanı belə hallar baş verdi, zənnimcə həmkarlarımız bundan nəticə çıxarmağı bacardılar.

- Sizin aparıcısı olduğunuz proqramlar ən müxtəlif sahələri əhatə edir. Ən müxtəlif mövzular qabardılır. Diskussiyalara sosial, iqtisadi, siyasi, beynəlxalq məsələlər üzrə mütəxəssislər dəvət edirsiz. Sirr deyilsə, onlarla necə dil tapırsız?

-Proqramlarda müxtəlif mövzuların qoyulmasında əsas məqsəd vətəndaşlarımızın, xalqımızın maarifləndirilməsi, onlara düzgün informasiyaların çatdırılmasıdır. Yeri gəlmişkən, ruhları qarşısında çox böyük ehtiramla baş əyəcəyimiz Azərbaycan mətbuatının banilərinin dediyi frazaları xatırlatmaq istərdim: "Media cəmiyyətin maarifləndirilməsində müstəsna rola malikdir" və ya "Mətbuat cəmiyyətin güzgüsüdür". Çox istərdim ki, bu gün bizim hər bir həmkarımız bu məsuliyyəti dərk etsin. Biz də həmin meyara əsaslanaraq "Lider" televiziyasının efirində illərdir yayımlanan proqramlarda müxtəlif sferalarda Azərbaycan cəmiyyətinin maariflənməsi üçün əlimizdən gələni edirik. Nə qədər nail oluruq bunu, əlbəttə ki, tamaşaçılarımız deyə bilər. Amma bir şeyi məsuliyyətlə qeyd edə bilərəm ki, təvazökarklıqdan uzaq olsa da o proqramların mövzuları müəyyən ediləndə, mövzulara uyğun, söz deməyə sözün əsl mənasında haqqı çatan peşəkarlarıŞ mütəxəssisləri seçirik. Bu məqam çox önəmlidir. Məncə hər hansı məsələ ilə bağlı mövzunu dərindən bilən, peşəkarlar, haqqı çatanlar cəmiyyətə təqdim olunmalıdır. Mövzuya aid qonaq mütləq peşəkar ekspert olmalıdır. Aidiyyatı sahədə fəaliyyəti uzun illik təcrübəyə əsaslanan şəxs olmalıdır. Hazırda "Lider" televiziyasında bu səpkili çoxsaylı proqramlar var. Və bu proqramlar aidiyyatı mövzular üzrə şəxslərin, politoloqların, ekspertlərin, ziyalıların çıxış etməsini təmin edir. Ümumiyyətlə bu günkü teleməkanda bir nüansa toxunmaq istərdim. Düşünürəm ki, hər hansı bir mövzu müzakirəyə çıxarılarkən mütləq şəkildə o mövzuya aid olan insanlar dəvət almalıdır, hansısa maraq naminə yox.
Tutaq ki, ailə dəyərlərindən söhbət gedirsə, nümunəvi, ziyalı bir ailə başçısının fikirləri təqdim olunmalıdır. Müğənnini çağırıb sosial mövzunun müzakirəsində otuzdurmaq düzgün deyil. Müğənnilərimizi çox istəyirəm, mədəniyyət adamlarına çox böyük hörmətim, böyük sevgim var. Amma hər kəs öz yerində dəyərlidir, hər kəs yerində daha hörmətli olur. İstərdim ki, bizim televiziyalarda çalışan həmkarlarımız bunu unutmasınlar. O ki qaldı müxtəlif mövzuların müzakirəsi ilə bağlı verdiyiniz suala, uzun illər öncə fəaliyyətə başlayanda ictimai-siyasi sferanı əhatə edən mövzular daha çox diqqətimi çəkib.Yəqin ki, uzun illərin təcrübəsidir ki, bu kimi mövzuların müzakirəsinə davam edirəm. Amma bu o demək deyil ki, mən hazırlaşmadan müsahiblərimin qarşısına çıxıram. Fərqindəyəm ki, efirə çox böyük intellektuala sahib şəxslər gəlir: ziyalılar, alimlər, peşəkar ekspertlər və s. Söhbət 20-30 il eyni sahədə olan, öz üzərində çalışan şəxslərdən gedir. Düşünürəm ki, onların qarşısına sadəcə efir naminə, iş naminə hazırlaşmadan çıxmaq düzgün deyil. Hər bir jurnalist mövzuya dair mütləq mənada hazırlaşmalıdır. Yəni belə deyim var ki, "təkrar biliyin anasıdır". Başqa sözlə, kreativlik hər kəsin öz üzərində günbəgün işləməsidir.

- Şou proqramlara baxırsız?

-Açığı, bu gün mən də vaxtın azlığından şikayətlənənlərdənəm. Yəni TV proqramların hamısını izləməyə zaman yoxdur. Digər tərəfdən şou proqramların əksəriyyəti o qədər bəsit, şit təqdim olunur ki, məni cəlb etmir. Amma hansısa kanalı dəyişib görəndə ki, Mənsum İbrahimov oxuyur, mən onu böyük zövqlə dinləyirəm. Hansısa kanalda görəndə ki, Fidan və Xuraman bacıları çıxış edirlər, böyük zövqlə onları izləyirəm. Təbii ki, xəbərləri də izləyirəm. Çünki bu bilavasitə mənim peşəmə aiddir.

- İş rejimi sizin ailə həyatınıza təsir edirmi?

-Müəyyən mənada təsir edir, müəyyən mənada yox. (Gülümsünərək) Ona görə təsir edir ki, qızım üzümü az görəndə şikayətlənir, ona haqlı olaraq daha çox vaxt ayırmağımı tələb edir. Müəyyən mənada təsir etmir, məncə ona görə ki, mən artıq jurnalistikanın sərhədsizliyini qəbul etmişəm... Yəni jurnalistika üçün zaman, vaxt çərçivəsi yoxdur. Hazırda çəkilişlər üçün bəlli saatlar var. Əgər situasiyalar dəyişərsə, efir canlı olarsa o da mənə problem yaratmır. Bir az təvazökarlıqdan uzaq olsa, bu sahədə mənim qorxum yoxdur. Çünki 24 saatın əksər hissəsini efirdə keçirdiyimiz zamanlar da az olmayıb. Bu təcrübəni Lider TV-nin sıralarında keçdim. Düşünürəm ki, 20 il eyni sahədə işləyib, daha sonra ailə həyatını peşəyə, ya da peşə həyatını ailəyə sığışdıra bilməmək insanın zəifliyidir. Mən özümü zəif insan saymıram.

Alim
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR