Azərbaycanla bağlı xəyalımızı gerçəkləşdirdik

Ersin Tunay: "Bu gün Azərbaycan, paytaxt Bakı öz inkişafına görə dünyada fərqlənir"

Son illər Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə əlaqələr inkişaf etdirilir. Xüsusilə təhsil və turizm, eləcə də mədəni sahədə ikitərəfli əlaqələrdə müsbət inkişaf tendensiyası diqqət çəkir. Bu günlərdə Şimali Kipr Türk Respublikasında Azərbaycana geniş tərkibdə bir musiqi qrupunun gəlməsi və burada konsert proqramı ilə çıxış etməsi də Bakı ilə Lefkoşa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından xəbər verir. Məlumat üçün qeyd edək ki, bu günlərdə Ersin Tunayın dirijorluğu ilə Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyinin xor kollektivi Azərbaycanda səfərdə oldu. Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan səfər zamanı musiqi qrupu Rəşid Behbudov adına Mahnı Teatrında "Ölkəmdən soraqlar" adlı konsert proqramı ilə çıxış etdi. Biz də bu fürsətdən istifadə edərək Şimali Kipr Türk Respublikasından Azərbaycana səfər etmiş musiqi qrupunun rəhbəri Ersin Tunayla söhbətləşdik və səfərin məqsədi, təmsil etdiyi qrupun fəaliyyəti barədə suallara cavab aldıq.

-Ersin bəy, əvvəlcə özününz barədə məlumat verərdiniz və rəhbərlik etdiyiniz musiqi qrupu nə zamandan fəaliyyət göstərir?

-1972-ci ildə Şimali Kipr Türk Respublikasında, Lefkoşada anadan olmuşam. Kiçik yaşlarımdan musiqiyə qarşı marağım olub. 6-7 yaşlarında Orta məktəb illərində skripka çalmağı öyrəndim. Sonra valideynlərin məni musiqi sahəsinə yönəltdilər. Amma mən konservatoriya, filan bitirməmişəm. Əsl peşəm turizm işlətməçisidir. Amma musiqi sahəsində özümü yetişdirdim. Çox dəyərli müəllimlərlə çalışdım. Hazırda da Çağdaş Müzik Dərnəyinin başqanı, xorun dirijorluğunu həyata keçirirəm. Dərnəyimizin nəzdində uşaq, gənclər xorları, teatr klubuna rəhbərlik edirəm. Akademi Sanat Dərnəyinin İdarə Heyətindəyəm., Milli Eyitim və Kültür Bakanlığında çox dəyərli çalışmalarımız var. Çağdaş Musiqi Dərnəyi 5 il öncə yaradılıb. Artıq 5 ildir ki, bu cür fəaliyyətimizi davam etdiririk. Xüsusilə sosial məsələlərlə bağlı layihələr, yardım məqsədli konsertlər, xarici qastrol səfərləri ilə fəaliyyətimizi davam etdiririk.

-Azərbaycanla yanaşı bu günə qədər hansı ölkələrdə qastrol səfərlərində olmusunuz?

-Məlumat üçün qeyd edim ki, Azərbaycandan əvvəl Böyük Britaniyanın paytaxtı Londonda, Kosovoda üç böyük şəhərdə, həmçinin Türkiyənin Antalya, Corlu, Samsun, Ankara və digər şəhərlərdə konsertlərimiz təşkil edilib.

-Səhv etmiriksə Çağdaş Musiqi Dərnəyi olaraq Bakıya ilk səfərinizdir?

-Tamamilə düz buyurursunuz. Bu bizim Azərbaycana qrup olaraq ilk səfərimizdir. Ancaq şəxsim olaraq Bakıya ikinci səfərimdir. İlk dəfə 22 il öncə burada olmuşam. O dövrün Bakısı ilə indiki Bakı arasında yerlə göy qədər fərq var. Bu gün Azərbaycan, paytaxt Bakı öz inkişafına görə dünyada fərqlənir. Ən müasir binalar var. Hər şey çox gözəldi. Yollar, binalar, küçələr adamı heyran qoyur. Bakının gecəsi bir ayrı gözəl olur, gündüzü bir ayrı gözəl. Fəxr edirik ki, dünyada Türkiyə kimi Azərbaycan da belə gözəl inkişaf edib. Sizin bəxtiniz gətirib ki, Cənab İlham Əliyev kimi dövlətini və xalqını sevən ölkə rəhbəriniz var..

-Bəs Bakıda konsert proqramı ilə çıxış etmək hansı zərurət və ya ehtiyacdan irəli gəldi?

-Bu mənim daim arzum idi. Yəni bu dərnəyi qurduğumdan bəri Türk dövlətlərinə, xüsusilə də Azərbaycana qastrol səfəri etmək barədə düşünürdüm. Şükürlər olsun ki, Azərbaycanla bağlı xəyalımızı gerçəkləşdirdik. Onu da deyim ki, Azərbaycanı, onun paytaxtını çox sevdik, bəyəndik. Sizlərin, azərbaycanlı qardaşlarımızın bizlərə qarşı sevgisi, isti münasibəti bizi çox məmnun etdi.

-Bakı səfəriniz və konsertindən razı qaldınızmı?

Bəli. Bu səfərimizlə azərbaycanlı bacı-qardaşımıza sürpriz etdik. Biz həm də Azərbaycan musiqisini çox sevirik. Düşünürəm ki, ifamız bəyənildi. Hər halda tamaşaçılar uzun müddət ayaq üstə bizi alqışladılar. Mən özüm musiqi müəllimiyəm. Dünya musiqisini hər zaman yaxından izləməyə çalışıram. Elə repertuarımızda da fərqli ölkələrin musiqiləri var. Amma bunların içərisində Azərbaycanın mənim üçün, dərnəyimizin üzvləri üçün ayrı, dəyərli qiyməti var. Onu da qeyd edim ki, Bakıdakı konsertdə çox duyğusal anlar yaşadıq. Türkiyə səfiri bizlərə çox böyük dəstək oldu. Təşəkkür edirəm. Eyni zamanda ŞKTC təmsilçisi Ufuk xanım Turganer çox böyük dəstək oldu. Dəyərli millət vəkilləri, iş adamları, sadə vətəndaşlar dəstək oldular. Bakını bu qədər inkişaf etmiş, modern insanların bu qədər istiqanlı olması bizi sevindirdi. Çox xoşbəxtəm. Bu içimizdə, ruhumuzda yaşayan türklükdür. İnşallah böyük layihəni reallaşdırmaq üçün tezliklə yenə bura gəlmək arzusundayıq.

-Siz sosial layihələr dediniz və musiqinin özü də bir sosiallaşmadır. Gələcəkdə ortaq bir türk layihəsi barədə düşünürsünüzmü?

-Belə bir layihəm var. Kosovoda Londonda, Azərbaycanda, Türkiyədə və KKTC-də yaşayan türk qruplardan 5, yaxud 10 nəfəri bir araya gətirib, bir ortaq layihə reallaşdırmaq istəyirəm. İnşallah bunu yaxın bir zamanda reallaşdıracağımızı düşünürəm. Bu ortaq kollektiv həmin qrupa qatılan ölkələrdə sıra ilə konsert verəcək.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR