Müxalifət partiyaları seçkilərə hazır deyil

Mais Səfərli: "Onların qələbə şansı sıfıra bərabərdir"

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının ilk iclası keçirilib. İclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. Komissiyanın iclasında seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub. İclasda, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib. Bu isə o deməkdir ki, artıq növbədənkənar prezident seçkilərinə rəsmi start verilib. Lakin hələ də özünü radikal müxalifət adlandıran kəsim növbədənkənar prezident seçkisi ilə bağlı cəmiyyəti çaşdırmağa hesablanmış fikirlər səsləndirməkdədir. Növbədənkənar prezident seçkisinin qanunauyğunluğu, eləcə də müxalifətin seçkilərdə şansı barədə Yurddaş Partiyasının sədri Mais Səfərli ilə söhbətləşdik.

-Mais bəy, ölkədə növbədənkənar prezident seçkisinin keçirilməs barədə müxtəlif fikirlər səsləndirilir. Siyasi partiya rəhbəri olaraq siz bu qərarı necə qiymətləndirisiniz?

- Növbədənkənar prezident seçkisinin keçirilməsi tamamilə bizim Konstitusiyamıza uyğun məsələdir. Konstitusiyaya görə, prezident səlahiyyətlidir ki, seçkiləri nəzərdə tutulduğu vaxtdan əvvələ keçirsin. Biz İlham Əliyevə inanıb, ona etimad göstərib prezident seçmişik. Prezidentlik fəaliyyəti dövründə İlham Əliyev tamamilə cəmiyyətin, seçilicilərin etimadını doğruldub.O, Azərbaycanı ardıcıl olaraq inkişaf yolu ilə irəli aparır. Təkcə iqtisadi sahədə deyil, eləcə də dövlət həyatının bütün sahələrində Azərbaycanı uğurla inkişaf etdirir. Odur ki, seçicilər İlham Əliyevə tamamilə inanırlar. İlham Əliyev əgər məsləhət bilibsə növbədənkənar prezident seçkiləri keçirilsin,deməli burada mütləq və mütləq ciddi məqamları nəzərə alıb. Yəni, dövlətimizin, xalqızmızın maraqlarını nəzərə alıb. Bu gün bir sıra versiyalar irəli sürülür, növbədənkənar prezident seçkiləri bölgədə və dünyada baş verən hadisələr, Qarabağ problemi ilə bağlanır. Nəzərə almaq lazımdır ki, cari ilin mart ayında Rusiya və Ermənistanda da prezident seçkiləri keçiriləcək. Qarabağ problemi isə bu ölkələrdən asılı olan bir məsələdir. Bütün bunlara baxmayaraq, dövlət başçımızın verdiyi qərarı dəstəkləyirik, hesab edirik ki, prezident bu qərarın doğruluğuna əmindir.

-Seçkilərdə müxalifətin şansını necə dəyərləndirirsiz?

-Bu seçkilərdə müxalifətin şansı sıfıra bərabərdir. Müxalifət elə bir durumdadır ki, ondan qələbə gözləmək sadəlövlük olardı. Əslində müxalifət özünü bu duruma fəaliyyətsizliyi ilə salıb. 25 ildir ki, onların əksəriyyəti- müxalifət liderləri rəhbərlikdədir, saçı-saqqalı ağarıb, amma bütün seçkiləri uduza-uduza gəlirlər. Onlar öz partiyalarında normal quruculuq işləri aparmayıblar, demokratiyanı təmin etməyiblər. Əgər o partiyalarda doğurdan da demokratiya olsaydı artıq bir yaxud iki seçkini uduzan partiya sədri siyasətdən getmiş olardı. Demokratik dövlətlərdə siyasi partiyalarən fəaliyyəti bu istiqamətdə təzahür edir. Bunlar isə illərlədir partiya sədri kimi oturublar, seçkidən-seçkiyə mövzular tapırlar ki, gündəmdə qalsınlar. Əslində isə normal siyasi nəzəriyyələrdə göstərildiyi kimi yetərli quruculuq işləri aparmayıblar, normal partiya fəaliyyəti ortaya qoymayıblar. Cəmiyyətə altertnativ proqramlar təqdim etməyiblər, cəmiyyəti özlərinin proqramlarına inandıra bilməyiblər. Ona görə də müxalifət seçici dəstəyindən məhrumdur. İndi bunların əllərinə fürsət düşüb ki, özlərini nümayış etdirsinlər. Ancaq proseslər deməyə əsas verir ki, müxalifət partiyaları seçkilərə hazır deyillər. Bu isə bəhanədən başqa bir şey deyil. Çünki siyasi partiyalar hər zaman seçkilərə hazır olmalıdırlar. Partiyaların əsas missiyası ondan ibarətdir ki, seçkilərdə içtirak etsin. Fərqi yoxdur prezident, parlament, yaxud bələdiyyə seçkilərində. Onların əsas missiyası bundan ibarətdir. Çünki partiyalar siyasi təşkilatdırlar, onlar hakimiyyətə iddialı qüvvələrdir. Siyasi hakimiyyətə iddialı qüvvələr isə hər zaman seçkilərə hazır olmalıdır. Müxalifət partiyalarının isə seçkilərdə iştirak etmək üçün sosial bazası, insan resursları, seçki platformaları yoxdur. Ona görə də müxalifət partiyaları gündəmdə qalmaq üçün müxtəlif mövzulu bəyanatlardan istifadə edirlər. Bununla da köpük kimi suyun üzərində qalmaq istəyirlər.

- Müxalifətin vahid blokda birləşmə şansı nə dərəcədə realdır?

-Əslində müxalifət seçkilərə qatılmaqdan qorxur. Yaxşı bilir ki, prezident seçkilərinə qatılmaq onların növbəti uğursuzluğu olacaq. Bu səbədən də müxalifətin vahid blokda birləşmə şansı son dərəcədə aşağıdır. Əgər bir neçə il bundan əvvəl belə bir şansları var idisə, indi həmin şanslar tamamilə tükənib. Müxalifət hətta nəzəri cəhətdən vahid blokda birləşsə belə, onların seçkilərdə qələbə qazanmaq şansı olduqca aşağıdır. Cəmiyyət isə müxalifətdən fərqli olaraq bu seçkilərə hazırdır. Düşünürəm ki, bu seçkilər də əvvəlkilər kimi azad, ədalətli və demokratik şəraitdə keçiriləcək. Xalqımızın iradəsi ilə yenidən Azərbaycan özünə dövlət başçısı seçəcək.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR