Nikah müqaviləsi nikahın və ailənin qorunması vasitəsidir

Natiq Abdullayev: " Bu müqavilə təsadüfi, maddi maraqlar naminə bağlanan nikahların sayını azalda bilər"

Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində sosial institutlar da inkişaf edir. Son illərdə Azərbaycan cəmiyyətində nikah müqaviləsinə dair müzakirələr aparılır, bu sosial institutun məcburi formalaşmasına dair təkliflər səslənir. Mütəxəssislər arasında belə bir fikir var ki, ailədə əmlak münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun formalaşması və ailədə hər bir kəsin hüquqlarının mütənasib qorunmasını təmin etmək üçün nikah müqaviləsinin tətbiq olunması zəruri şərtdir. Bu barədə fikirlər müxtəlifdir, ayrı-ayrı mütəxəssislər nikah müqaviləsinə dair fərqli fikirdədir. Ancaq ümumilikdə götürdükdə, nikah müqaviləsinin bağlanmasının zəruriliyi əksəriyyətin fikridir. Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri hüquqşünas Natiq Abdullayevlə söhbətimiz də nikah müqaviləsinin tarixi, mahiyyəti, hazırki dövrdə əhəmiyyəti, tətbiqi zəruriyyəti ilə bağlıdır.

- Natiq müəllim, belə fikirlər var ki, nikah müqaviləsi inkişaf etmiş kapitalist cəmiyyətlərində ailənin ixtiyarında olan əmlakın bölüşdürülməsi üçün düşünülmüş növbəti bir vasitədir. Bildiyimiz kimi, ailənin mənşəyi qədim dövrlərə aiddir, bəs nikah müqaviləsi institutu nə vaxtdan yaranıb?

- Nikah müqaviləsinin ixtirasında birincilik hüququ nə müasir Avropaya, nə də ki, Amerikaya məxsusdur. Bu institut düşündüyümüz kimi gənc deyil. Hələ min il əvvəl Qədim Misirdə və Romada kişi və qadın ailə qurmamışdan əvvəl saziş imzalayırdılar, orada onlar öz əmlak münasibətlərini, həmçinin elə həmin anda, gələcəkdə birgə əldə olunacaq əmlakın vərəsəlik məsələlərini təsvir edirdilər. Bu, heç də utancverici bir şey deyildi və belə bir "sığorta" xristianlıq gələnədək yaılmışdır. Sonrakı zamanlarda "müqəddəs birlik" kilsə tərəfindən bağlanaraq tənzimlənirdi. İngiltərədə 1882-ci ilədək ər və arvadın əmlakı "ümumi hüqüq" üzrə ("common law") ərə məxsus idi. Hətta, qadının nikahadək olan əmlakı da ərinin mülkiyyətinə keçirdi. Lakin bir həqiqət də var ki, ailə-nikah münasibətlərinin inkişafında xüsusi mülkiyyət amili rol oynamışdır. Artıq XVII əsrdə İngiltərədə kapitalizmin inkişafı ilə əlaqədar "ümumi hüquq"un normaları varlı insanların maraqları ilə ziddiyyət təşkil etdiyindən 1882-ci ildə ingiltərə parlamenti tərəfindən ərdə olan qadınların mülkiyyəti haqqında qanun qəbul edilir. Ərli qadınlara hüquq verilirdi ki, mülkiyyətlərində olan əmlaklara dair müqavilələr bağlasınlar və onu vəsiyyət edə bilsinlər. Beləliklə də ilkin olaraq nikah kontraktlarının əmələ gəlməsinin səbəbi varlı insanların öz əmlaklarını kənar müdaxilədən qorumaq zərurəti olmuşdur.

- Bəs müasir dövrdə bu məsələnin aktuallığı nədən irəli gəlir? Nikah müqaviləsi bütünlükdə ailə münasibətlərinin tənzimlənməsinə xidmət edir, yoxsa bu, sadəcə əmlakın bölüşdürülməsini tənzimləyən bir sənəddir?

- 01 iyun 2000-ci ilədək qüvvədə olmuş ailə-nikah qanunvericiliyinə əsasən ər və arvadın əmlak münasibətləri sadəcə qanunla tənzimlənirdi. Sovet mülki hüququnda nikah müqaviləsi bir institut olaraq öz yerini tapmamışdı. Hətta, ümumi birgə əmlakın idarə olunması və sərəncamına dair bağlanmış hər hansı bir saziş qanuna zidd qəbul olunaraq etibarsız hesab olunurdu. Buna əsas səbəb, ər və arvadın əmlakı adətən gündəlik istifadə etdikləri (paltar, mebel və s.) əşyalar idi, ona görə də bir qayda olaraq "bölməyə" heç nə qalmırdı. Bundan əlavə, ehtimal olunurdu ki, sovet ailəsində mənəvi köklər maddi köklər üzərində üstünlük təşkil edir. Lakin müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatı ilə inkişaf edən respublikamızda (digər postsovet ölkələrində olduğu kimi) ictimai münasibətlərin xarakteri dəyişir, buna xüsusi mülkiyyət münasibətlərinin inkişaf etməsi də öz təsirini göstərir. Artıq öz var-dövlətini və kapitalını mühafizə etmək zərurəti yaranan və xeyli sayda əmlakları olan ailələr meydana cıxmışdır.
İctimai münasibətlərin bu cür inkişafına uyğun olaraq da qanunvericilikdə dəyişikliklər, yeni münasibətləri tənzimləyən normalar yaranır.Azərbaycanda nikah müqaviləsinin bağlanılması yeni ailə və mülki məcəllələrin qəbul olunması ilə mümkün oldu. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsində nəzərdə tutulur ki, "ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir".
Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət ailənin qorunmasına, himayə edilməsinə təminat verir. Dövlətin bu sahədəki siyasətini konkret müddəalarla tənzimləyən Mülki Məcəllə, Ailə Məcəlləsi və digər qanunvericilik aktları isə əsas insan hüquqları və azadlıqlarının qorunmasına müvafiq olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyir.

- Nikah müqaviləsinin bağlanmasının ailə münasibətlərinin qorunması və ya ümumiyyələ, insan hüquq və azadlıqlarının müdafiəsi üçün hansı praktiki əhəmiyyəti vardır?

- Nikah müqaviləsi ər və arvadın məhkəmə qaydasında əmlak bölgüsünə dair mübahisələrdən uzaq olmaq üçün onların maraqlarını nəzərə almaq məqsədilə bağlanan sazişdir. Məhz savadlı tərtib olunmuş nikah müqaviləsi, ər və arvadı artıq bölünməmiş əmlakdan başqa heç bir şey birləşdirmədiyi halda, onların tək istinad mənbəyi ola bilər. Doğrudur, Azərbaycan Respublikasının mülki qanunvericiliyi və Ailə Məcəlləsi ərlə arvadın nikaha qədərki əmlakının qanuni rejimini, birgə nikah dövründə əldə olunmuş əmlakın hüquqi rejimini, boşanma zamanı əmlakın bölüşdürülməsi qaydalarını və s. bu kimi məsələləri tənzimləyir. Lakin etiraf etmək lazımdır ki, yalnız qanunvericiliyin müddəalarına istinad etməklə bəzən ərlə arvad arasında istər birgə nikah dövründə, istərsə də nikah pozulduqdan sonra kifayət qədər mübahisəli məsələlər olur. Təbii ki, nikah müqaviləsi qanunvericiliyin tələblərindən kənara çıxa bilməz, belə ki, nikah müqavləsinin bağlanması özü qanunla tənzimlənir. Yuxarıda sadalanan müddəalardan da göründüyü kimi, qanunvericilikdə nikah müqaviləsində başqa qayda nəzərdə tutulmadığı hallarda, ərlə arvad arasında əmlak münasibətlərinin xarakteri və hüquqi rejimi göstərilir.
Nikah müqaviləsinin bağlanmasının ilk növbədə əhəmiyyəti ondadır ki, təsadüfi, müəyyən maddi maraqlar naminə bağlanan nikahların sayını azalda bilər. Heç də sirr deyil ki, qeyri-maraqlar naminə bağlanan nikahların da sayı az deyil. Nikah müqaviləsinin bağlanması, həmçinin, nikah dövründə ərlə arvadın birgə qazandığı əmlakın etibarlı təminatçısı rolunu oynaya bilər, xüsusi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilər. Bundan başqa, nikah müqaviləsinin bağlanması əsassız boşanmaların sayının azalmasında müəyyən rol oynaya bilər. Qanunvericiliyin tələbinə görə, nikaha girmə şəxslərin qarşılıqlı iradə ifadələri ilə reallaşır. Nikahın pozulması isə, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər istisna olmaqla, birtərəfli iradə ifadəsidir. Məlum olduğu kimi, bir çox hallarda əsaslı səbəblər olmadan, yalnız "xasiyyətimiz düz gəlmir" əsası ilə nikahın pozulmasına dair məhkəmələrə iddialar verilir və məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada belə iddiaları təmin edir. Təcrübə göstərir ki, hazırda Azərbaycanda boşanma işlərinin əhəmiyyətli bir hissəsi qadınların hüquqlarının pozulması ilə nəticələnir. Yəni, nikahı pozulmuş qadının mənzillə təminatı, aliment alınması və s. məsələlərdə problemlər var və bu problemlər obyektiv səbəblərdən yaranır. Bəzən ər və ya arvad, boşanmanın onun üçün ciddi əmlak nəticələrinə səbəb olmayacağını bildiyinə görə subyektiv mülahizələrdən nikahın pozulmasına dair iddia qaldırır. Belə hallarda qanunvericiliyə istinadla keçmiş ər və ya arvadın nikahdan sonrakı əmlak vəziyyətini, uşaqların maddi təminatını tənzimləmək mümkün olmur. Bax bu cür problemlərin aradan qaldırılması üçün nikah müqaviləsinin bağlanması zəruridir.

- Azərbaycanda nikah müqaviləsinin bağlanması, daha doğrusu, nikah müqaviləsi institutunun formalaşması üçün şərait varmı? Cəmiyyət, yeni ailə quran gənclər buna hazırdırlarmı?

- Mən nikah müqaviləsinin bağlanmamasından yaranan cəmi bir neçə problemi sadaladım. Əslində nikah müqaviləsinin bağlanması ailə institutunun möhkəmlənməsi, inkişafı üçün münbit şərait yaradır, ən azı subyektiv yanaşmaları, nikaha girməyə və boşanmalara əsassız səbəbləri aradan qaldıra bilər. Cəmiyyətin bu məsələyə münasibətinə gəlincə, hesab edirəm ki, hazırda bu məsələ kifayət qədər aktuallaşıb. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri nikah müqaviləsinin bağlanmasının zəruriliyinə dair fikirlərini bildirirlər. Son günlər Milli Məclisin deputatı Sədaqət Vəliyevanın bu məsələ ilə bağlı müsbət təşəbbüsü olub. Həmin təşəbbüs Milli Məclisin Ailə, qadın və uşaq hüquqları komitəsinin sədri Aqiyə xanım Naxçıvanlı tərəfindən də təqdirə layiq hesab edilib. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının rəhbərləri, hakimlər, çoxsaylı hüquqşünaslar da nikah müqaviləsinin tətbiq edilməsinin zəruriliyinə dair KİV-də fikirlərini bildirirlər. Yəni, bu məsələ kifayət qədər aktualdır və hesab edirəm ki, cəmiyyətin bu məsələyə həssas münasibəti də məsələnin aktuallığını göstərir.

- Nikah müqaviləsinin məcburi formada bağlanmasına dair qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə təkliflər səslənir. Sizcə, nikaha girən şəxslərdən birmənalı şəkildə müqavilə imzalamağı tələb etmək olarmı?

- Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Sözügedən müqavilənin predmeti yalnız ər və arvadın əmlak münasibətləri, bir-birini qarşılıqlı saxlamaq vəzifələri, bir-birinin gəlirlərində iştirak üsulları, ailənin ümumi xərclərində hər birinin iştirak qaydaları ilə bağlı hüquq və vəzifələri ola bilər. Hansı əmlaklar nikah müqaviləsinin predmeti ola bilər, bunu nikaha girən şəxslər özləri müstəqil surətdə müəyyənləşdirə bilərlər. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. (AR Ailə Məcəlləsinin 39.1-ci maddəsi).
Əlbəttə ki, nikaha girən şəxsləri birmənalı olaraq müqavilə imzalamağa məcbur etmək olmaz. Mülki Məcəllənin 6-cı maddəsində şəxslərin müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməsində sərbəst iradə ifadəsinə əsaslanması nəzərdə tutulur.
Ancaq bu gün sirr deyil ki, nikah müqaviləsi Azərbaycanda geniş tətbiq edilmir. Bunu milli mentalitetimizlə də əlaqələndirmək olar. Bizdə nikaha daxil olarkən bir qayda olaraq nikah müqaviləsinin bağlanmasını tərəflər bir-birlərindən tələb etmirlər, düşünürlər ki, belə olarsa, nikahlarını şübhə altına alarlar, yəni, nikahları hansısa niyyət daşımış olar. Ancaq məsələyə fərqli yanaşma lazımdır. Nə qədər ki, biz qanunla milli mentalitetimiz arasındakı bu fərqi qiymətləndirmirik, nikah müqaviləsi kimi vacib bir institut Azərbaycanda könüllülük əsasında inkişaf etməyəcək. Bəzən belə fikirlər səsləndirilir ki, bu institutun inkişafı üçün maarifləndirmə işinin genişləndirilməsi lazımdır. Lakin mən praktik-hüquqşünas olaraq düşünürəm ki, bu institutun inkişafı heç də maarifləndirmədən asılı deyil. Statistika göstərir ki, hətta, hüquqlarını yaxşı bilən hüquqşünaslarımız da nikah müqaviləsi bağlamadan ailə qururlar. Ölkəmizdə adətən təkrar nikahlar zamanı belə müqavilələrə təsadüf edilir.
Yuxarıda göstərilənlərə əsaslanaraq bir daha qeyd edirəm ki, bu məsələ qanunvericilik müstəvisində öz həllini tapmalıdır. Onu da qeyd edim ki, Ailə Məcəlləsində nikah müqaviləsinin bağlanması üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur, yəni, qanunvericilikdə bu institutun inkişafı üçün kifayət qədər əsaslar var. Bu mənada "qanunvericilikdə boşluqlar var" kimi fikirlərlə razılaşmaq olmaz. Təcrübədə nikah müqaviləsinin bağlanmasının genişləndirilməsi üçün isə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində yeni müddəalara zərurət var.
Digər vətəndaşlıq vəziyyəti aktları kimi, nikahın qeydə alınması da Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" ilə tənzimlənir. Təklif edirəm ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3-cü hissəsinə (Nikahın qeydə alınması) yeni müddəalar əlavə edilsin, bununla nikaha daxil olanların qeydiyyat orqanına təqdim etdiyi sənədlərin siyahısı müəyyənləşdirilsin və bu siyahıda digər sənədlərlə yanaşı, nikahın qeydə alınması üçün nikah müqaviləsinin təqdim olunması təsbit olunsun.
Bununla nikaha daxil olan şəxslərdən nikah müqaviləsinin bağlanması tələb edilmiş olacaqdır ki, bu halda nikahını qeydə aldırmaq istəyən şəxslər nikah müqaviləsini bağlayacaqlar. Digər tərəfdən, nikah müqaviləsinin iki növünün - yəni, nikah qeydə alındığı zaman və ya nikah qeydə alındıqdan sonra bağlanan müqavilələrin nümunəvi formaları (əmək müqviləsinin nümunəvi forması kimi) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir ki, müqavilələrin bağlanmasında pərakəndəliyə yol verilməsin. Bununla da həm mülki hüququn əsas prinsiplərindən olan müqavilə azadlığı prinsipinə riayət edilmiş olar, həm də nikah müqaviləsinin bağlanmasının tətbiqinin genişlənməsi təmin edilmiş olar.

- Siz praktik hüquqşünas olaraq, həm də ictimai təşkilatın rəhbərlərindən biri kimi, bu məsələnin qanunvericilik qaydasında tənzimlənməsi üçün nə kimi tədbirlər görürsünüz?

- Biz hüquqşünaslar bu sahədə fikirlərimizi mütəmadi olaraq ictimaiyyətə çatdırırıq, Televiziya verilişlərində də bu mövzuya dair çıxışlarımız olub. Hüquqi İslahatlara Yardım Mərkəzi İB-nin təcrübəli əməkdaşları ilə birgə təkliflərimizi hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik, bu istiqamətdə iş gedir. Biz nikah müqaviləsinin iki variantda (həm nikaha qədər, həm də nikah dövründə bağlanmalı olan) nümunəvi formasını hazırlamışıq və lazım gələrsə, əlaqədar qurumlarla birgə bu məsələnin müzakirəsinə də hazırıq. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin müvafiq qurumları, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri də bu müzakirələrdə iştirak etməlidir. Nazirlər Kabineti isə bütün təklifləri ümumiləşdirib yeni Qaydaları təsdiq etməklə nikah müqaviləsi məsələsini birmənalı olaraq həll edə bilər.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR