ABŞ-Rusiya gərginliyi yeni mərhələdə

Məhəmməd Əsədullazadə: "Bundan sonra, Vaşinqton və Moskva Qarabağ konfliktinin həllində birgə çalışa bilməzlər"

Birləşmiş Ştatlarla Rusiya arasında gərginlik getdikcə artmaqdadır. Bir müddət əvvəl Vaşinqtonun Moskvanı özünə təhlükə ölkə hesab etmısindən sonra bu dəfə də Birləşmiş Ştatların Maliyyə Nazirliyinin Rusiya ilə bağlı hazırladığı hesabat dünyanın iki super gücü arasında ziddiyyətləri daha da artırıb. Bəs görəsən Vaşinqtonla Moskva arasında artan gərginliyin məntiqi nəticəsi necə olacaq? Xüsusilə Cənubi Qafqazda maraqları toqquşan bu iki ölkənin bundan sonra regiondakı münaqişələrin həllində ortaq mövqeyə gəlməsi mümkün olacaqmı? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, Birləşmiş Ştatlarla Rusiya arasında artan gərginliyin məntiqi nəticəsini necə görürsünüz?

-Məlum olduğu kimi yanvarın 29-da Birləşmiş Ştatların Maliyyə Nazirliyi Konqresdə "Kreml hesabatı"nı-Rusiya prezidenti Vladimir Putinə yaxın olan vəzifəli şəxslər və iş adamları və Rusiya hakimiyyətilə sıx əlaqələri olan "yarımdövlət kompaniyaları" haqqında hesabat təqdim edib. Siyahıya cəmi 210 ad - 114 məmur və 96 iş adamı düşüb. Siyahıya xüsusilə də bu adamlar daxil edilib: Dmitri Medvedev, Sergey Şoyqu, Sergey Lavrov, Gerasimov, Dmitri Peskov. Eləcə də Vladimir Putinin siyasi elitasına yaxın olan maliyyə maqnatlarıdı. Bu siyahıya fikir verdikdə Rusiyanı idarə edən əsas şəxslərin sanksiya paketində yer alması, Vaşinqtonun Moskvaya qarşı açıq iqtisadi təzyiqdi.

-Rusiyada yaxın aylarda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, sizcə, Vaşinqtonun belə bir hesabat təqdim etməsi indiki vaxtda təsadüfdürmü?

-Rusiyada martın 18-də gözlənilən prezident seçkiləri öncəsi, Birləşmiş Ştatların "Kreml hesabatı" adlanan icitimaiyyətə bəlli olan siyahını elan etməsi, təsadüfi deyil və Putinə qarşı təzyiq mexanizmidi. Bununla Vaşinqton Rusiyanın maliyyə dayaqlarını zəiflətməyi və Kremlə yaxın olan maliyyə oliqarxlarını Putinə qarşı qaldırmağı düşünür və Saray çevrilişinə apara biləcək proseslərə zəmin hazırlayır. Qeyd edim ki, bu hesabatla Vaşinqton Rusiyaya qarşı iqtisadi-maliyyə müharibəsi elan etmiş oldu.

-Belə demək mümkündürmü ki, məlum hesabat Vaşinqtonla Moskva arasında gərginliyi bir qədər də artıracaq?

-Təbii ki. Bu misli görünməmiş sanksiyalar siyahısı Birləşmiş Ştatlarla Rusiya arasında gərginliyi artıracaq və heç də Rusiyanın aqressiyasının qarşısını almayacaq. Eyni zamanda sanksiyalar Rusiyanın müdafiƏ sənayesi sahəsinin zəifləməsinə və ölkədə iqtisadi defoltun yaşanacağına aparacağı şübhə doğurmur. Qeyd edək ki, Vladimir Putin seçkidən sonra Birləşmiş Ştatların bu siyasətinə qarşı revaranş götürəcək, Şərqi Avropada xüsusi ilə Ukraynada vəziyyəti mürəkkəbləşdirməklə öz hərbi təsirlərini Polşa və Baltikyanı ölkələrə artıracaq. Və, bununla ABŞ-ın hərbi sahəyə daha çox maliyyə ayırmasına səbəb ola biləcək hərbi avantüralara getməsi istisna edilmir. Məsələnin digər tərəfi odur ki, Birləşmiş Ştatlarla Rusiya arasında problemlər Əfqanistanda da dərinləşir. ABŞ-ın antiterror siyasətinin iflasa uğramasında Rusiyanın rolu danılmazdı. Birləşmiş Ştatlar bunu beynəlxaq müstəviyə çıxartmasa da, ABŞ-Rusiya gərginliyi Əfqanistanda yaşanır. Bu gün Talibanın silahlandırılmasında və siyasi-hərbi dəstəyin verilməsində Rusiyanın rolu əvəzsizdir. Talibanın Əfqanistanın böyük bir hissəsini nəzarətə götürməsi, artan hücumları ABŞ-ın Əfqanistan siyasətinin iflası deməkdir. Rusiya və ABŞ Şərqi Avropada, Yaxın Şərqdə təkcə münaqişədə deyil. Hesab edirəm ki, Əfqanistanda bura daxil olmaqla ciddi münaqişədədirlər. Vaşinqtonun bu sanksiyalar paketi Rusiyanın beynəlxaq konyukturada mövqeyinin zəifləməsinə gətirib çıxaracağı bir neçə il çəkə bilər.

-Bəs Kreml rəhbərinin yaxın ətrafı bu hesabatı necə qarşılayır?

-Vaşinqtonun "Kreml hesabatı" siyahısında Putin admistrasiyasının adı çəkilən üzvüləri heç də rahat deyillər. İllərdi yığdıqları sərvətin Putinin aqressiya siyasəti nəticəsində təhlükə ilə üzləşməsi dərin narahatlığa səbəb olur. Siyasi elitanın Putinə qarşı çıxacağı gözlənilməsə də, ölkədə sosial etirazlar dalğasının başlanmasına və adı sanksiya siyahısında olan maliyyə oliqarxların Putin rejiminin laxlaması üçün hakimiyyət əleyhinə formalaşan etirazlara maliyyə dəstəyi verməsi mümkündür. Oliqarxiyanın belə bir dəstəyi mümkündü və öz sərvətlərinin Putinə görə əllərindən çıxmaması üçün rejim dəyişikliyinaminə istənilən ssenaridə yer ala bilərlər. ABŞ çalışacaq ki, adı siyahıda olan rus milyaderlərlə siyasi bazarlığa getsin. Göründüyü kimi Rusiyanı çox ciddi sınaqlar gözləyir. Avropa İttifaqı və ABŞ bir cəbhədə birləşməklə Putin Rusiyasının hərbi və təhlükəli siyasətinin qarşısını almağa çalışırlar.

-Dünyanın iki güc mərkəzi arasında artan gərginlik regional münaqişələrin həllində hansı mənfi təsirlərə səbəb ola bilər?

-Birləşmiş Ştatların Rusiyaya qarşı "Kreml hesabatı" adlanan sankisyalar paketi iki dövlət arasında regional münaqişələrin həllində birgə çalışdığı formatların işinə də ciddi şəkildə mənfi təsir göstərəcək. Ukraynada Donbas və Luqansk, həmçinin Qarabağ münaqişəsi üzrə Minsk formatının bundan sonra fəaliyyətində heç bir müsbət təsir olmayacaq. Vaşinqtonun Moskvaya qarşı sanksiyaları iki ölkənin siyasi-diplomatik və regional əməşdaşlığının inkişafının qarşısın alacaq və problemləri dərinləşdirəcək. Hazırda Birləşmiş Ştatlar və Rusiya Qarabağ münaqişənin nizamlanması üzrə fəaliyyətdə olan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Həmsədr kimi, iki ölkə daimi konfliktin nizamlanması üçün birgə həll variantları irəli sürür, yaxud biri digərinin həll təkliflərini dəstəkləyir. Demək olar ki, üç həmsdr ölkə ümumi konsensusa gəlir və əməşdaşlıq edir. Vurğulamaq lazımdır ki, Qarabağ münaqişəsi elə bir regional konfliktdir ki, bütün münaqişələrdə əks qütbdə olan ABŞ və Rusiya bu münaqişədə ortaq siyasi iradə nümayiş etdirirlər. Təbii ki, bu təssüf doğurur və ABŞ-ın indiyə qədər siyasəti ilə tərs mütənasib təşkil edir. Vaşinqtonun bu siyasəti, sözsüz erməni lobbisindən qaynaqlanır. Hazırda tarixdə görünmədiyi kimi Birləşmiş Ştatlarla Rusiya çox dərin və həlli yaxın perspektivdə mümkün olmayan problemin astanasındadırlar. ABŞ, Cənubi Qafqazda Rusiyanın siyasəti ilə, xüsusi ilə Qarabağ münaqişəsinin nizamlanmasında eyni siyasi mövqe ortaya qoyub əməşdaşlıq edəcəksə, yaxud da əks tərəfdə durub problemə real və ədaləli şəkildə yanaşacaqsa, münaqişədə irəlləyiş ola bilər. Əgər, Birləşmiş Ştatlar Minsk formatında Rusiya ilə əməşdaşlıq edəcəksə, həqiqətən bu avantüra və Ermənistanı müdafiə etmək olacaq. Mümkün deyil ki, soyuq savaş aparan iki ölkə bir formatda əməşdaşlıq edib, münaqişənin birgə həllinə nail olsunlar. Qeyd edim ki, Azərbaycan Minsk formatına ciddi şəkildə yanaşmalı, beynəlxalq siyasi situasiyanın gərginləşməsi və iki həmsədr ölkənin soyuq savaşda olduğu üçün birgə əmədaşlığından müsbət nəticə gözləmədiyini elan edərək, Minsk qrupunun formatını dəyişməyə, yaxud münaqişənin həllini BMT-nin mandatına verməyə çalışmalıdır. Bundan sonra, ABŞ və Rusiya Qarabağ konfliktinin həllində birgə çalışa bilməzlər.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR