Regionların sosial-iqtisadi inkişafına dair indiyədək qəbul edilən bütün Dövlət Proqramlarının icrası uğurla həyata keçirilib

Pərviz Heydərov: "Əgər, belə olmasa idi, ardıcıl olaraq bu Proqramlar hazırlanıb qəbul edilməzdi"

Bu gün öz dinamik inkişaf yolunda olan Azərbaycan iqtisadiyyatının hazırkı mərhıələyə gəlib çatmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi yeri və çəkisi var. Məhz bu proqramların uğurlu icrasının nəticəsidir di, bu gün ölkədə bütün parametrlər üzrə inkişaf nəzərə çarpır. İstər iqtisadi. Istər sosial, istərsə də təhsil və mədəni sahələrdə əldə etdiyimiz uğurların təməlində məhz 2004-cü ildən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dayanır. Bu məqam bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə keçirilən Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda da bir daha öz təsdiqini tapdı.

Elə əksər ekspertlər də birmənalı şəkildə qeyd edirlər ki, Azərbaycanın günümüzdə hərtərəfli şəkildə inkişafında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi payı var. İqtisadçı ekspert Pərviz Heydərov da bu qənaətdədir. Onunla söhbətimizdə ötən illərdə Dövlət Proqramlarının icrası nəticəsində qazanılan nailiyyətlər və qarşıda duran hədəflərə nəzər yetirdik.

-Pərviz müəllim, Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının sonuncu ilidir. Və bu məqsədlə bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə konfrans keçirildi. Ümumiyyətlə, proqramın icrasını necə dəyərləndirirsiniz?

-Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafına dair indiyədək qəbul edilən bütün Dövlət Proqramlarının icrası uğurla həyata keçirilib. Əgər, belə olmasa idi, ardıcıl olaraq bu Proqramlar hazırlanıb qəbul edilməzdi. Ayrı-ayrı bölgələrə və istiqamətlərə aid istisna olmaqla indiyədək 3 belə Proqram qəbul edilib. Bunun birincisi 2004-2008-ci ilə aid olub, ikincisi 2009-2013-cü illəri əhatə edib, üçüncüsü isə bu günlərdə dördüncü, yəni yekun ilinə həsr edilən konfrans keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" idi. Sözügedən Proqramların nəticələrini ayrı-ayrılıqda nəzərdən keçirtmək olmaz. Bu, son 14 il ərzində gəlinən bir yoldur. Qeyd etdim ki, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlandı. Elektrik təsərrüfatına böyük investisiyalar qoyuldu. Nəticədə ölkədə 30 elektrik stansiyası tikildi. Bu stansiyaların generasiya gücü 2500 meqavat təşkil edir. Buna qədər ölkədə 9 elektrik stansiyası tikilmişdi. Düzdür, onların generasiya gücü 3900 meqavat idi. Son 14 ildə generasiya gücünün 2500 meqavat artırılması böyük nailiyyətdi. Hələ bu il sözügedən rəqəmin 2900 meqavata çatdırılacağı deyilir. 2004-cü ildə Azərbaycanda qazlaşdırma səviyyəsi 51 faiz idi. Hazırda 93 faiz təşkil edir. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idisə, hazırda bu, 67 faizdir. Qeyd edim ki, Bakı şəhərində bu rəqəm 81, bölgələrdə isə 43 təşkil edir. Son 14 il ərzində 4 su anbarı tikilib - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri var. Eyni zamanda, 14 il ərzində 12 min 300 kilometr yol çəkilib ki,. bu il 15 min kilometrə çatacaq. 443 körpü tikilib.

2004-cü ildə qəbul edilən birinci proqramda bunlar nəzərdə tutulmamışdı və tutula da bilməzdi. Bunlar həm ilk proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavə edildi. Sözün qısası, bütün bu işlərin nəticəsində iqtisadiyyat 14 ildə 3,2 dəfə artdı. Qeyri-neft sektoru isə 2,8 dəfə. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə genişlənib.

-Məlum olduğu kimi 2004 cü ildən bu proqram mərhələli şəkildə icra edilir. Ümumiyyətlə, proqramın icrası Azərbaycana nə verdi?

-Təkcə bir faktı qeyd edim ki, 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollara bərabər idi. İlk regional inkişaf proqramının icrası bu rəqəmlə start götürdü. Əslində, heç bir hökumət cəmi 1,8 milyard dollar valyuta ehtiyatları ilə belə böyük bir yükün və vəzifələrin altına risk edib girməzdi. Ancaq Azərbaycan hökuməti üçün regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi prioritet təşkil etdiyindən buna getdi. Bu gün isə valyuta ehtiyatları 42 milyard dollar təşkil edir. Yəni 14 il ərzində valyuta ehtiyatlarımız 23 dəfə artıb. Təsəvvür edin ki, həm böyük investisiya, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoyulub, həm də valyuta ehtiyatları 23 dəfə artıb.

Ümumiyyətlə, 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Müstəqilliyimiz dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 ilin ərzinə düşür. Məhz bunun nəticələrindəndir ki, birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idisə, indi bu rəqəm 6 faizə yaxın təşkil edir.

-İlk Dövlət proqramının hədəfi və məqsədləri nə idi və hədəflərə nə dərəcədə nail olundu?

-Ayrı-ayrı bölgələrə və istiqamətlərə aid istisna olmaqla indiyədək 3 belə Proqram qəbul edilib. Bunun birincisi 2004-2008-ci ilə aid olub. Prezident də qeyd etdi ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Belə ki, real olaraq da bu, özünü əyani şəkildə göstərdi. 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk Proqram Azərbaycan regionlarında böyük dönüş yaratdı. Məhz ilk proqramın icrası nəticəsində regionlar sürətlə dəyişməyə və inkişaf etməyə başladı. Ümumiyyətlə, 2004-cü ildə birinci Proqram qəbul olunanda məsələ qoyulmuşdu ki, regionlar sürətlə inkişaf etsin. Sonrakı daha iki Proqramın əsas məqsədi və icrasında başlıca hədəf isə regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaratmaqdan ibarət idi. Bu məqsədlə, sahibkarlığın inkişafına böyük dəstək həyata keçirildi və sair.

-Konfransda çıxışı zamanı Prezident İlham Əliyev yeni bir proqramın icrasına başlanacağını bəyan etdi. Sizcə bu dəfə hədəf və məqsədlər nə olmalıdır?

-Azərbaycan Prezidenti çıxışında bildirdi ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır. Enerji təhlükəsizliyimizin təmini istiqamətində yeni addımlar atılmalıdır. Həmçinin, ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır. Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur ki, onlardan bir neçəsi artıq, fəaliyyətə başlayıb. 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Bu aqroparklar nəticəsində ərzaq təhlükəsizliyi ilə bağlı əsas məsələləri həll edə biləcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Aqroparklara 183 min hektar torpaq ayrılıb. Bununla belə,  görüləsi işlər də hələ çoxdur. Kənd təsərrüfatını inkişaf etdirməyin qayğısına daha çox qalmaq lazımdır. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir.

Məsələ bundadır ki, rayonlar mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdə olmamalıdr. Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilməli deyil. Son 2 ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşayırdı. Ancaq indi 30-dan çox rayon özünü yerli gəlirlə maliyyələşdirir. Bu işdə əsaslı dönüş yaratmaq üçün aqrar sektorun inkişafı prioritet olmalıdır. Ölkədə əmək qabiliyyətli əhalinin 40 faizə yaxını məhz aqrar istehsalla birbaşa bağlı olan regionlarda yaşayır. Aqrar məhsulların istehsalı və emalı ilə bağlı işlək mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsulları geniş tətbiq olunmalıdır.

 S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR