Atambayevin Sosial-Demokrat Partiyasına sədr seçilməsi onun opponentlərinin xeyrinədir

Sabiq vitse-prezident və baş nazir Feliks Kulov belə düşünür

Qırğızıstanda son prezident seçkilərindən dörd ay keçməsinə baxmayaraq, bu mövzu ölkə mətbuatında hələ də gündəmdədir. Qırğızıstanın sabiq vitse-prezidenti və baş naziri vəzifələrində çalışmış Feliks Kulov hakimiyyətin siyasi opponentlərinin həbsi, jurnalistlər və azad mətbuat, eləcə də hüquq müdafiəçilərinə qarşı misli görünməmiş məhkəmə çəkişmələri, prezidentliyə əsas namizədlərdən olan Omurbek Babanovun təqib olunması fonunda baş verən prezident seçkilərini "kaktus.media" internet portalına şərh edib. O, müsahibəsində , həmçinin Sooronbay Jeenbekovun prezident kimi ilk növbədə hansı problemlərin həllindən başlamasının vacibliyindən, eləcə də sabiq prezident Almazbek Atambayevin atmış olduğu yanlış addımlardan danışıb. Materialın aktuallığını nəzərə alaraq, ona oxucularımıza təqdim edirik.

-Cənab Kulov, gərgin bir seçki ili arxada qaldı,ölkə yeni prezidentini seçdi. Necə düşünürsüz, seçkilər zamanı hakimiyyət öz administrativ rıçaqlarında geniş istifadə edə bildimi?

-Mən burada yalnız seçki kampaniyası dövründə Almazbek Atambayevin söylədiyi rəqəmlərə istinad edəcəyəm. O deyirdi ki, seçki kampaniyası başlayanda Sooranbay Jeenbekovun ölkə üzrə reytinqi cəmi 3 %-ə bərabər idi. Amma seçki günü ərəfəsində bu rəqəm 40%-ə yaxınlaşdı. Başqa sözlə, hakimiyyət əlindən gələni edirdi ki, öz namizədini ən azı ikinci tura keçirə bilsin. Amma bir məsələ də var idi ki, ikinci tur bir qədər qəliz məsələdir- hər şey ola bilər. O heç də həmişə 100% qələbəni təmin etmir. Bu isə keçmiş prezidentin tərəfdarlarının sonunun çatması demək ola bilərdi. Odur ki, Atambayev hakimiyyətdə "öz komandasını" saxlamaqdan ötrü vabanka getdi-bütün etik normaları, o cümlədən Konstitusiya normalarını və seçki haqqında qanunları pozaraq açıq şəkildə Sooranbay Jeenbekobun təbliğatına başladı. Maraqlısı isə o oldu ki, Atambayevin seçki günü S.Jeenbekovla öz kabinetində görüşdü. Görüşə jurnalistlər buraxılmadılar, dəvət olunanlardan isə mobil telefonlar yığıldı ki, burdakı söhbət kənara çıxmasın. Beləliklə də , seçkilərin talehi elə birinci turda həll edildi və S.Jeenbekov seçkidən qalıb kimi çıxdı.

-Siz Roza Otumbayeva, eləcə də digər siyasətçilər və ölkədə tanınmış şəxslərlə birgə seçkilərər nəzarət etmək məqsədilə "Təmiz seçkilər" vətəndaş hərəkatını yaratmışdınız. Necə hesab edirsiz,əgər A.Atambayev açıq şəkildə dəstək verməsəydi, S.Jeenbekov ikinci turda qalib gələ biləcəkdimi?

-Bizim fikrimizcə, prezidentliyə əsas namizədlərdən hesab edilən Omurbek Babanovun seçkilər zamanı buraxdığı bir sıra səhvlər ucbatından, Sooroaanbay Jeenbekov sabiq prezidentin dəstəyi olmadan da seçkidən qalıb çıxa bilərdi.Nəzərə almalıyıq ki, seçki dövründə o, ölkənin cənub bölgəsində çox aktiv təbliğat işi aparırdı. Amma məsələ ondadır ki, hakimiyyətin kəskin müdaxiləsi,bütün administrativ resursların bu işə cəlb edilməsi, "Samara-qeyt" və digər seçki pozuntuları ona gətirib çıxardı ki, indi prezident seçkilərinin legitimliyi müzakirə predmetinə çevrilib.
 Bundan əlavə, əgər ikinci tur keçirilsəydi,-əslində hər şey elə ona da gedirdi,-bu elə Atambayevin qələbəsi olacaqdı. Axı o həmişə ölkədə demokratiyanın qələbəsindən, qanunun aliliyindən danışmağı çox sevirdi..
-Cəmiyyətdə belə rəy formalaşıb ki, öz sələfinə mənəvi borcu olduğundan S.Jeenbekov ölkədə müstəqil qərarlar qəbul etmək iqtidarında deyildir. O, hətta kadr dəyişikliyi etməyə belə acizlik çəkir. Bundan əlavə, Konstitusiyaya edilən yeni dəyişikliklər artıq qüvvəyə mindiyindən, indi ölkədə baş nazir Sapar İsakovun səlahiyyətləri daha da artıb. Digər tərəfdən isə heç kimə sirr deyil ki, Almazbek Atambayev onu həmişə özünün "sağ əli" adlandırıb...

-Əgər S.İsakov Atambayevin "sağ əli"dirsə, bəs onda Jeerenbekov kimdir? Axı Atambayev onu həmişə özünün ən yaxın dostu adlandırıb? İndi bunlardan hansının Atambayev üçün vacib fiqur olduğunu zaman göstərəcək. Məni onların şəxsi münasibətləri heç maraqlandırmır. Onlar dövlət adamlarıdırlar və dövləti məsələlərin həllində şəxsi münasibətlər rol oynamamalıdır.
Roza Otunbayevanın da qeyd etdiyi kimi, indi ölkədə elə bir adam qalmayıb ki, Atambayev onu təhqir etməsin. Odur ki, əgər S.Jeenbekov da eyni siyasət yürüdəkəksə, Atambayevin "düşmən"lərini öz düşmənləri sırasına əlavə edəcəksə, bu, heç də uzaqgörənlik olmayacaq.

-Bəs siz nə məsləhət görürsünüz?

-.Mən öz fikrimi hələ seçkilər başlarkən söyləmişdim. Təklif etmişdim ki, bir qayda olaraq, yeni seçiləcək prezident rəhmkarlıq və ürəyigenişlik nümayiş etdirərək, siyasi motivlərlə həbs edilən bütün məhbusları azad etsin, barələrində böyük məbləğdə cərimə iddiaları qaldırılmış jurnalistlər və hüquq müdafiəçilərinin işlərinə yenidən baxılsın. Axı hamıya bəllidir ki, həmin məhkəmə qərarları qəbul edilərkən ədalət prinsipləri pozulub.

-Axı sizin dedikləriniz eks-prezidentə heç də xoş gəlməyəcək..

-Əsas odur ki, xalq tərəfindən belə bir humanist addım xoş qarşılansın.Kənardakıların, yaxud xarici qüvvələrin nə düşündükləri bir o qədər də önəmli deyil.Digər tərəfdən isə, xalq da görəcək ki, prezident müstəqil qərarlar qəbul etmək iqtidarındadır. Əsas odur ki, yeni prezident ürəyigenişlilik nümayiş etdirsin, hər şeyi təmiz və təzə bir səhifədən başlasın, xalqı birləşdirmək yolunda öz proqramını həyata keçirmiş olsun..
-Yaxın günlərdə hakim partiya-Qırğızıstan Sosial-Demokrat Partiyasının qurultayı(QSDP) keçiriləcək. Gözlənilir ki, A.Atambayev qurultayda partiyanın baş katibi seçilsin. Əgər bu baş verərsə, o zaman Atambayevin həm prezidentə, həm parlamentə, həm də baş nazirə təsiri qat-qat artmış olacaqdır. O zaman vəziyyət necə olacaq?Axı hakimiyyət faktiki olaraq o adamın əlində cəmləşəcək ki, o nə hər hansı bir dövlət postu tutur, nə də ki, qanun qarşısında cavabdehlik daşıyır?..
-Kimi partiya üzvləri QSDP-nin lideri seçəcək-bu onların daxili işidir. Amma oppontləri üçün Atambayevin QSDP-nin sədri seçilməsi çox əlverişlidir. Nəyə görə?Anlatıram.Mən hesab edirəm ki, hər hansı bir prezidentin vəzifədən getdikdən sonra hansısa partiyaya rəhbərlik etməsi doğru addım deyil və bu, ölkəyə heç də xeyir gətirmir. Diqqət edin,tutaq ki, hər hansı eks-prezident partiya lideri olaraq 3-4 ildən sonra parlamentə oz üvzlərini "yerləşdirir".Onlar da başlayacaqlar özləri üçün pullar toplamağa. Axı heç kimə sirr deyil ki, bu gün pulsuz seçkidən qalıb çıxmaq mümkün deyildir. Bu pullar isə prezidentin maaşı hesabına toplanmır. Ölkə prezidenti və yaxud baş nazir məhz onların partiyasının gələcək seçkilərdə parlamentdə böyük say üstünlüyü qazanmaları üçün, özləri də olmasa, ətraflarındakılara "şərait" yaratmalıdırlar ki, həmin pullar toplanılsın. Bax bu korrupsiyaya gətirib çıxarır, "partiya mafiya"sını ölumsüz edir. Odur ki, partiya xətti ilə hakimiyyətə gəlmiş prezident , vəzifəsinin icrasına başlayan andan partiya sıralarını tərk etməlidir və vəzifədən getdikdən də sonra hər hansı bir partiyanın üzvü olmamalıdır. Sonra elə olmasın ki, sənin dalınca danışsınlar ki, bir buna bax- vaxt var idi ölkəyə ağalıq edirdi, indi 5-10 % əhalini güclə idarə edir..

-Yəqin görünür elə ona görədir ki, Vladimir Putin "Vahid Rusiya" partiyasının namizədi kimi yox, müstəqil surətdə qatılmaq qərarına gəlib?

-Yəqin ki, bu da təsadüfü deyil.

-Elə siz də vaxti ilə prezidentin partiya mənsubiyyətsizliyinin Konstitusiyada əksini tapmasını təklif edirdiniz.

-Bəli, doğrudur, etmişəm..

-Joqorku Keneşə(parlamentə) son seçkilər zamanı pulun necə böyük rol oynadığından hər kəs xəbərdardır. Hətta A.Atambayev belə etiraf etmişdi ki, seçicilərin pulla əla alınması onlar üçün ciddi problemə çevrilmişdi. Belə görünür ki, parlamentdə təmsil olunanların böyük əksəriyyəti pul cəhətdən heç də korluq çəkmirlər. Yəni pulları hesabına özlərinə partiya siyahısında yuxarı yerlər təmin ediblər. Bəs bu məsələ sizin partiyada - "Ar-Namıs" partiyasında necə öz həllini tapıb?.

-Mənə də bir çoxları müəyyən məbləğdə pullar təklif edirdilər ki, seçkilər zamanı onları partiya siyahısında ilk onluqda yazım. Əgər mən bunu etsəydim, o zaman bu, partiyadaşlarıma qarşı satqınlıq olardı.

-Sirr deyilsə, təqribən hansı məbləğdə puldan söhbət gedir?

-Təqribən 300-500 min ABŞ dolları. "Ar-Namıs" partiyasının üzvləri hətta parlament seçkilərindən sonra etiraf edirdilər ki, yaxşı ki, Joqorku Keneşə düşə bilməyiblər.Onsuz da xalq arasında parlamentə heç elə də böyük rəğbət yoxdur.
Söhbət heç də onda deyil ki, bəxtin gətirdi, belə çirkin "kampaniya"nın iştirakçısı olmadın. Elə etmək lazımdır ki, heç olmasa növbəti seçkilərdə parlamentdə xalqın həqiqi nümayəndələri təmsil olunsunlar. Daha parlament mandatını yalnız şəxsi biznesini qorumaq üçün istifadə edən hansısa imkanlı şəxslər yox!
Seçici bilməlidir ki, o öz səsini kimə verib, kim onun maraqlarını parlamentdə təmsil edəcək. Biz bir neçə ay bundan əvvəl belə bir qanun layihəsin hazırlamışıq. Doğrudur, buraya son prezident seçkiləri zamanı aşkar edilən çatışmamazlıq nəzərə alınmamışdı. İndi onları da qanun layihəsinə əlavə etmişik və tezliklə onu geniş ictimaiyyətin müzakirəsinə təqdim edəcəyik.

-Bəs bu, ölkə Konsttusiyasının dəyişdirilməsinə gətirib çıxarmaz?Axı qanunvericilikdə parlament seçkilərinin partiya siyahısı üzrə keçirilməsi öz əksini tapıb?

-Xeyir. Konstitusiyaya dəyişikliklərə ehtiyac qalmayacaq. Çünki, biz də elə seçkilərin partiya siyahısı üzrə, yəni proporsional sistem üzrə keçirilməsini təklif edirik. Amma bir az fərqli şəkildə.Seçici partiyaya səs verməklə yanaşı, həm də konkret namizədə də səs verəcək.Başqa sözlə, proporsional seçki sisteminin daxilində daha bir seçki sisteminin- mojaritar qaydada olduğu kimi bir seçki sistemini təklif edirik.
Konstitusiyaya görə, Joqorku Keneş 120 deputatdan ibarətdir. Biz ölkədəki vahid seçki dairəsinin 118 şərti seçki dairəsinə bölünməsini təklif edirik. Bunu necə istəyirsiz adlandırmaq olar-məsələn yarım dairələr və s. Seçkidə iştirak etmək istəyn partiya 120 namizədinin adı yazılmız seçki siyahısını tərtib edir. Onlardan 117-i birbaşa olaraq bütün ölkə üzrə hər biri 25 min seçicini əhatə edən yarımdairələrdən seçilirlər. 118-ci seçki dairəsi isə ölkə xaricində yaşayan, müvəqqəti məskunlaşan vətəndaşlarımızın səs vermələri üçün saxlanılır. Partiya siyahısında ilk 3 yerdə olan namizədlərin adları 118 yarımdairə üzrə seçki bülleteninə daxil edilir. İlk üçlük-bunlar bir partiyanın bayrağı altında birləşmiş lidelərdir. Seçici həm öz partiyasına,eyni zamanda partiya tərəfindən bu seçki yarımdairəsindən irəli sürülmüş konkret namizədə səsini vermiş olur.Xaricdə yaşayan seçici isə, həm partiyaya səs verirlər, həm də ilk üçlükdə təmsil olunanlara.
Seçkilərin nəticələri hesablanarkən, əgər partiya müəyyən edilmiş barajı keçərsə, o zaman hesablanır ki, həmin partiya parlamentdə neçə deputat yeri qazanıb.Yalnız bundan sonra hansı namizədin nə qədər səs toplamasına baxılır və partiyanın həmin səslərə uyğun siyahısı tərtib olunur. Partiya lideri bu zaman hansısa namizədi irəli-geri çəkmək imkanından məhrum olur. Belə ki siyahı mütləq qaydada namizədlərin topladıqları səslərə uyğun şəkildə hazırlanır.
Bundan əlavə, qanunda öz əksini tapdığı kimi, ayrıca gender bərabərliyi, yaş və milli mənsubiyyətlər nəzərə alınmaqla hazırlanan siyahıdan ümumi bir siyahı tərtib olunur. Beləliklə, siyahıda ilk üç yeri partiya liderləri tuturlar, sonrakı yerlərdə isə öz seçki yarımdairələrində daha çox səs toplamış namizədlər gəlirlər. Bir şərtlə ki, hər dörd deputatdan biri qadın olur, daha sonra isə qanunvericilikdə nəzərdə tutulan digər tələblər yerinə yetirilir. Seçki öncəsi kampaniyalarda əsas diqqət MSK tərəfindən tərtib olunmuş qrafik üzrə birgə teledebatların təşkili, eləcə də akimlərin təşkil etdiyi seçicilərlə görüşlərin keçirilməsinə yönəldilir. Yerli icra hakimiyyətlərinin hansısa namizədə əlverişli şərait yaratmasın deyə, fərdi qaydada ictimai görüşlərin keçirilməsi qadağan olunur. Bundan əlavə, namizədin iri həcmli bilbort və ya diğır təbliğat vasitəsinin hazırlanması da yasaqlanır. Layihədə bir sıra digər yeniliklər də vardır.
-Onda elə çıxır ki, administrativ resurslardan istifadə etmək hakim partiya üçün bir qədər çətin olacaq. Bəs bu qanun layihəsi Joqorku Keneşdən keçə biləcəkmi?
-Əgər deputatlar təklif olunan proporsional-majoritar qarışıq seçki sistemini qəbul etməsələr, özlərinə pislik etmiş olacaqlar.Bununla da bütün ölkəyə göstərəcəklər ki, birbaşa xalq tərəfindən seçilməkdən çəkinirlər. Seçkilərdə istirak edən digər qüvvələr də məhz bu amildən öz xeyirləri üçün istifadə etmiş olacaqlar.
Bundan əlavə, biz parlamentə düşmək üçün keçid baryerini 4%-dək aşağı endirilməsini təklif edirik. Əgər xatırlayırsınızsa, o vaxtlar 10%-li keçid baryeri təklifini dəstəkləyənlərin arasında mən də var idim. Zaman göstərdi ki, bu çox yanlış bir qərar idi. O vaxt biz belə hesab edirdik ki, partiyaların Qərb modeli üzrə gücləndirilməsi ölkəyə daha çox demokratiya gətirəcək. Amma, bu gün həqiqət ondan ibarətdir ki, partiyanın güclənməsi oliqarxizmə, hakimiyyətin mənimsənilməsinə gətirib çıxardı.

-Bəs prezidentliyə əsas namizədlərdən olan Omurbek Babanovun birdən-birə siyasətdən getməsi barədə bəyanatını necə qiymətləndirirsiz?Axı prezident seçkisində onun namizədliyinə təqribən 600 min seçici səs verdi? Sizə elə gəlmirmi ki, bu hakimiyyətlə olan danışıqların nəticəsidir? Bəlkə də qorxur ki, ona qarşı hansısa cinayət işi qaldıra bilərlər?

-Əgər siz onu nəzərdə tutursunuz ki, guya Babanov seçki təbliğatı zamanı hansısa milli zəmində münaqişə yaratmağa cəhd edib- bu cəfəngiyatdır. Buna görə onu cinayət məsuliyyətinə cəlb edə bilməzlər. Onun söylədikləri siyasi kəlmələrin sadəcə guya ikibaşlı məna verdiyini deyə bilərdilər ki, bunu da hələ sübuta yetirmək lazımdır. Digər tərəfdən isə belə güman edirəm ki, O.Babanov yəqin fikirləşib ki, parlamentdə oturan adi bir deputatdan, siyasətçidən biri olmaqdansa, ən yaxşısı elə " milyoner" qalmaq daha yaxşıdır. Bizim onun verdiyi qərarı müzakirə etmək haqqımız yoxdur, hər kəsin bu həyatda tutduğu bir yol, ideya vardır.

-Məsələn, elə sizi götürək. Bir siyasətçi olaraq, nələri düşünürsüz, gələcək planlarınız hansılardır?

-Daxil olduğum təşəbbüs qrupu yaxın vaxtlarda hökumətə konkret təkliflər paketini təqdim etməyi planlayıb. Təkliflər paketinə bir sıra layihələr daxildir ki, onların icrasına dövlət büdcəsindən vəsait ayrılması tələb olunmur. Biz düşünürük ki, təkliflərimiz reallaşması ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişafına öz real töhfəsini verəcəkdir. Biz bunu heç də nəyinsə xətrinə, yaxud nəyinsə qarşılığında etmirik. Bu bizim bir fəal ictimai xadimlər olaraq xalq qarşısında, dövlət qarşısında olan vətəndaşlıq borcumuzdur. Bunu, həm də, yeni hökumətə bir vətəndaş dəstəyi kimi də qəbul etmək olar.

-Əgər təklifləriniz rədd edilərsə, yaxud heç oxumadan arxivin bir küncünə atarlarsa, onda nə edəcəksiniz?

-O zaman bizim də əlimizdə əsas olacaq ki, yeni hökuməti geninə-boluna tənqid edək. Bu bizim əlimizdə əlavə bir fakt olacaqdır. Yaşayarıq, görərik. Biz öz xoş niyyətimizi ortaya qoyuruq. Bundan sonra artıq top qarşı tərəfdə olacaq...

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR