Türkiyə hərbi kəşfiyyatının sabiq rəhbəri: “Ankara Suriya hökuməti ilə əməkdaşlığa başlamalıdır”

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının  keçmiş rəisi, istefada polan general-polkovnik İsmayıl Hakkı Pekinin müsahibəsi

- "Zeytun budağı" əməliyyatının 5-ci günündə gəlinən mərhələ barədə nə deyə bilərsiniz?

- Hər şeydən əvvəl bu əməliyyatın hərbi-diplomatik-siyasi baxımdan çox yaxşı hazırlandığını deyə bilərəm. Əməliyyatdan əvvəl ABŞ, Rusiya, AB ölkələriylə danışılaraq, lazımi məlumatlar verilib. Baş Qərargah rəisimizin Moskvaya getməsi həm əməliyyat barədə ətraflı məlumat vermək, həm də ordumuzun o bölgədə nə qədər qalacağını birlikdə müəyyənləşdirmək məqsədi daşıyırdı. Mənə görə, silahlı qüvvələrimiz uğurla həyata keçirdiyi əməliyyatları bundan sonra 10 gün də davam etdirərək lazımi nöqtələrə yerləşəndən sonra geri qayıdacaq. PYD terror təşkilatının ordumuza müqavimət göstərməsi mümkün deyildi, necə ki, əksəriyyəti bölgədən qaçdı. Üç şəhidimizin olmasını normal qarşılamaq lazımdır, çünki bu cür əməliyyatlarda qaçılmazdır. "Zeytun budağı" əməliyyatının "Fərat qalxanı" əməliyyatından əsas fərqi burada hər şeyin düşməni mühasirəyə alaraq həyata keçirilməsidir. Türkiyə əməliyyatdan əvvəl bölgədəki mülki əhali arasında da yaxşı təbliğat işləri aparıb. ABŞ-ın bu əməliyyata etiraz etmədiyini gördük, Rusiya da əvvəlcədən öz  qoşunlarını bölgədən uzaqlaşdırdı. Məncə, bu əməliyyatların axırında ABŞ Türkiyə ilə razılığa gəlmək məcburiyyətində qalacaq. Çünki Çini, Rusiyanı və İranı müxtəlif bölgələrdən mühasirəyə almaq istəyən ABŞ-ın bizim bölgəmizdə Türkiyə olmadan bunu reallaşdıra bilməsi mümkün deyil. Digər tərəfdən, Türkiyəyə dəstək verən Putin bu minvalla NATO-nu parçalamağa çalışır ki, bu da ABŞ üçün çox təhlükəlidir. NATO-da çat baş versə, bunun qabağını almaq mümkün olmaz. Ona görə, ABŞ Türkiyəyə ehtiyatla yanaşır. Türkiyə dəfələrlə vurğulayıb ki, bölgədəki türkmən, ərəb, kürd vətəndaşları ilə heç bir işimiz yoxdur, bizim üçün əsas məsələ terrorçuların oradan təmizlənməsi və Hatay bölgəmizdəki Amanos dağları üzərindən bizi narahat etməmələridir. Türkiyənin bölgədəki rolunu və gücünü bu çərçivədə dəyərləndirəndə Münbiçdə keçirməyi planlaşdırdığımız hərbi əməliyyata ABŞ-ın dəstək verəcəyini deyə bilərəm. Əməliyyat başa çatan kimi, türk ordusu geri qayıdacaq və bununla  da Suriyatorpaqlarında gözü olmadığını, yeganə məsələnin terrora qarşı mübarizə olduğunu dünyaya göstərəcək. Bu durum Soçidəki müzakirələrdə də  Türkiyənin gücünə güc qatacaq.

- Afrində PYD-ni dəstəkləmədiyini açıqlayan ABŞ eyni şeyi Fərat çayının şərq tərəfində də edəcəkmi? Rusiyanın oradakı mövqeyi necə olacaq?

- Fərat çayının şərqində ABŞ-ın dəstəyi ilə güclənməyə çalışan terror qrupunun oradan təmizlənməsi üçün Türkiyənin hamıdan əvvəlSuriya ilə razılığa gəlməsi lazımdır. Çünki bizim problemimiz kürd xalqı ilə deyil, PKK-PYD/YPG terrorçuları ilədir. Biz heç bir əməliyyatımızda kürdlər və ərəbləri hədəfə götürməmişik. Ona görə, iş Fəratın şərq sahilinə gələndə oradakı amerikan dəstəkli terror qruplarını təmizləmək üçün ən düzgün yol Dəməşqlə əməkdaşlıq olacaq. Çünki nə qədər əcnəbi qüvvə olsa da, oralar Suriya əraziləridir və bütün hallarda bir gün Suriya dövləti ilə əməkdaşlıq etmək lazım gələcək. Unutmamalıyıq ki, bu, terrorçuluğa qarşı mübarizədir və birinci növbədə terrorçuların yuvalandığı ölkə ilə əməkdaşlıq etmək lazımdır. O mübarizədə Rusiyanın, İranın və İraqın da iştirakına nail olmalıyıq.

- Prezident Ərdoğan hələ işin əvvəlində Afrindən sonra əməliyyatın Münbiçdə davam etdiriləcəyini vurğulamışdı. İdlibdə yuva salan dini cihadçılara qarşı əməliyyatlar keçirilərkən Türkiyədən hansı tələblər olacaq?

- Rusiyanın dəstəyi ilə Suriya ordusu İdlibdə əməliyyat keçirməkdə qərarlıdır, başqa cür ölkənin ərazi bütövlüyünü təmin etmək mümkün olmaz. Türkyə İdlibə özünün müşahidəçi qruplarını yerləşdirib, içəriyə dövlət qüvvələri, bayıra Türkiyə nəzarət edir. Başda "əl-Nusra" terror təşkilatı olmaqla, İdlibin terrorçulardan təmizlənməsi üçün keçiriləcək əməliyyatlarda Türkiyənin yaxından iştirak etməsi lazımdır. Yoxsa terrorçunun birinə qarşı qərarlı şəkildə mübarizə aparıb, o birini ideoloji səbəblərə görə görməzdən gəlmək düz olmaz və Türkiyənin haqlı mübarizəsinə ziyan vurar.

- Türkiyənin uğurlu Afrin əməliyyatı Soçi müzakirələrinə necə təsir göstərəcək?

- Türkiyə əvvəldən bəri Soçi müzakirələrində PYD-nin iştirakını istəmir. ABŞ-ın PYD-yə verdiyi dəstək açıqdır, Rusiya da bu məsələdə Türkiyədən fərqli düşünür və əlində silah olan PYD-ninSuriyada İŞİD-ə qarşı savaşdığını arqument kimi gətirir. Soçi müzakirələrində Suriyadan kürd əşirətlərini təmsil edən müxtəlif qruplar iştirak edəcək. Məncə, hərbi-diplomatik-siyasi baxımdan çox yaxşı hazırlanmış Afrin əməliyyatından sonra Türkiyə Soçi müzakirələrində PYD ilə bağlı mövqeyində daha güclü hala gəlib.

- Siz Suriya rejimini də yaxından tanıyırsınız. İŞİD terror təşkilatının Suriyadakı "paytaxtı" indi PYD-nin nəzarəti altındadır. Suriya dövlət qüvvələrinin Rakkada nəzarəti nə vaxt ələ alacağını düşünürsünüz?

- Rakka və Deyr- əz Zor- Suriyanın neftlə zəngin olan bölgələridir. İŞİD terror təşkilatı oradakı neft müəssisələrini viran qoyub. O müəssisələri bərpa etməyə 10-15 il vaxt lazımdır. İndi suriyalı mütəxəssislərin Rakkaya gedərək bu məsələlərlə məşğul olduqlarından xəbərimiz var. ABŞ Rakkadakı terrorçu qrupu dəstəkləməzsə, Suriya dövlət qüvvələrinin qısa müddətdə Rakkada da nəzarəti ələ keçirəcəklərini düşünürəm. Türkiyə qəti şəkildəSuriyanın parçalanmasını istəmir, Rusiya, İran və İraq da istəmir. İstəyən yeganə ölkə ABŞ-dır. Türkiyənin Suriya ilə yaradacağı yaxın münasibət ABŞ-ın bölgədəki nüfuzunu çox azaldacaq.

Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR