“Bu gün heç bir xarici dairə radikal müxalifətlə maraqlanmır”

Niyaməddin Orduxanlı: "Xarici qüvvələr də çox yaxşı bilir ki, radikal müxalifətin başında duran adamlar Azərbaycanı qan gölünə çevirə bilərlər"

"Qısas hissi ilə yaşayan və dövlət idarəçilik təcrübəsi olmayan səriştəsiz adamlara dövləti etibar etmək olmaz"

Məlum olduğu kimi bu il həm də seçki ilidir. Son Konstitusiya dəyişikliyindən sonra keçirilən ilk prezident seçkilərinin nəticəsinə əsasən ölkənin bir nömrəli postuna seçiləcək şəxs əvvəllər olduğu kimi 5 il deyil, 7 il idarə edəcək. Artıq qeyri-rəsmi olsa da, iqtidar düşərgəsində seçki hazırlıqlarına start verilib. Və hakim Yeni Azərbaycan Partiyasında bu istiqamətdə müəyyən işlər görülür. Bəs görəsən, müxalifət düşərgəsində vəziyyət necədir? Müxalifət partiyaları prezident seçkilərinə necə hazırlaşır? Bu və digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik.

-Niyaməddin bəy, artıq seçki ilinə qədəm qoymuşuq. Əvvəla bilmək istərdim ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərində iştirak edəcəkmi və partiyanın seçkidə öz namizədi olacaqmı?

-Bu il Azərbaycanda  ilk dəfə olaraq prezidentin səlahiyyət  müddətinin 7 il olması ilə bağlı seçki keçiriləcək. Bu Konstitutsiyanın sonuncu dəfə dəyişdirilməsindən sonra baş tutacaq ilk prezident seçkiləridir . Bu ildən prezidentin səlahiyyət müddəti 7 il olacaq.  Bizim partiya 2001-ci ildən, partiya birləşəndən (söhbət ikiyə bölümmüş Xalq Cəbhəsi Partiyasından gedir)  bu günə kimi ölkədə keçirilmiş bütün seçkilərdə yaxından işitak edib. Tək prezident seçkilərində deyil, eyni zamanda parlament, bələdiyyə və digər seçkilərdə yaxından iştirak etmişik. Ümumiyyətlə, siyasi təşkilatın ən əsas vəzifələrindən biri də seçkilərdə iştirak etməkdir. Bu hər bir təşkilatın mühüm vəzifələrindən biridir. BütövAzərbaycan Xalq Cəbhəsi Partiyasının  bu il keçiriləcək prezident seçkilərində iştirakına gəldikdə, isə, bu il BAXCP-nin növbəti qurultayının keçirilməsi nəzərdə tutulub. Bu günə kimi 4 dəfə qurultay keçirmişik və hər qurultayda da cəbhəçilər prezident seçkilərində liderimiz Qüdrət Həsənquliyevin iştirak etməsi ilə bağlı qərar qəbul etmişik. Böyük ehtimalla bu qurultayda da BAXCP-nin lideri Qüdrət Həsənquliyevin prezident seçkilərində iştirak etməsi ilə bağlı qərar qəbul edəcəyik. Artıq 3 aya yaxındır ki, BAXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi öz fəaliyyətini davam etdirir. Ola bilsin ki, may ayından BAXCP-nin qurultayını keçirdik.

-Ümumiyyətlə, seçki ərəfəsində mövcud ictimai-siyasi durumu necə xarakterizə edərdiniz və seçkilər yaxınlaşdıqca siyasi sahədə hərəkətlilik arta bilərmi?

-Son 20 illik təcrübəyə nəzər yetirsək, görərik ki, seçki ilində hər zaman siyasi partiyalarda, cəmiyyətdə aktivlik müşahidə olub. Yəqin ki, bu il də bir neçə aydan sonra aktivlik artacaq.  Bu birmənalı belədir. Artıq prezident seçkilərində iştirak edəcək bir neçə şəxs öz iddialarını ortaya qoyub və seçkidə iştirak edəcəklərini bildiriblər.

-Bəs müxalifətin seçki hazırlıqlarını necə dəyərləndirərdiniz?

-Söhbət radikal müxalifətdən gedirsə, radikal müxalifət də son 20 ildə seçkidə yaxından iştirak edib. Və bəzən başqa ölkənin, konkret olaraq Rusiyanın layihəsində də yer alıblar. Sonuncu seçkidə, 2013-cü ildə radikal müxalifətin İsa Qəmbərin, Rəsul Quliyevin, Əli Kərimlinin vahid namizədi bu gün də Rusiyada yaşayan Rüstəm İbrahimbəyov oldu.  Lakin Rusiya öz layihəsinin başa çatdığını bəyan etdikdən sonra, Rüstəm İbrahimbəyovun namizədliyini Cəmil Həsənli əvəz etdi. Konret bir məqama toxunum ki, Rusiya istəsə idi, bir gün ərzində İbrahimbəyovun vətəndaşlığını ləğv edərdi. Və buna görə, Milli Şuranın rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə "şanlı məktub" yazaraq, hətta onu " Demokratik adam" adlandırmışdı. Bu gün isə, hələ radikal müxalifət gözləmə mövqeyindədir. Fikirləşirlər ki, bəlkə yenə də Rusiya Azərbaycanda keçiriləcək prezident seçkilərində öz layihəsi ilə iştirak edə bilər. Və bu zaman onlar da öz iştirakını irəli sürsünlər. Radikal müxalifət üçün heç bir fərqi yoxdur, istər Rusiya olsun, istər Qərb. Məqsəd odur ki, seçki müddəti ərzində müəyyən maliyyə qazanmaq imkanı yaransın. Bu pulu qoparmaq uğrundan çox güclü mübarizə aparılır. Bir-birinə qarşı nifrəti belə gizlətmirlər. Bu səbəbdəndir ki, 25 ildir radikal müxalifət "müxalifətin liderliyi" uğrundan müharibəvə mübarizə aparır.

-Hər seçki ərəfəsində xarici dairələr seçki prosesini öz xeyirlərinə dəyişməyə cəhd edirlər. Bu dəfə də belə bir cəhd gözləniləndirmi?

-Rusiya niyə 2013-cü ildə öz namizədi ilə iştirak etmək istəyirdi? Məqsəd Azərbaycan hakimiyyətinə, cənab İlham Əliyevə təzyiq etmək idi. Konkret buna görə, prezident İlham Əliyevə təzyiq edib, Azərbaycanın dövlət maraqlarında, Dağlıq Qarabağ məsələsində müəyyən güzəştləri qazanmaq idi. Ancaq Rusiya görəndə ki, bu yolla İlham Əliyevə heç bir təzyiq etmək mümkün deyil. Və onun seçilmək şansı çoxdur.  Bundan sonra Rüstəm İbrahimbəyova əmr etdilər ki, get kino çəkməklə məşğul ol. Buna  qədər Rüstəm İbrahimbəyov Əli Kərimlini, İsa Qəmbəri, Eldar Namazovu  və digərlərini inadırmışdır ki, Rusiya Azərbaycanda hakmiyyət dəyişikliyinə nail olacaq. 75 yaşlı İbrahimbəyov çox ustalıqla 25 il hakmiyyətə gəlmək üçün alışıb-yanan radikal müxalifəti aldatmışdı.  Yaxşı bir atalar misalı var, tamahgiri yalancı aldadar.

-Ümumiyyətlə, radikal siyasi düşərgəyə bu dəfə xarici dairələr stavka edib dəstək verəcəklərmi?

-Bu gün heç bir xarici dairə radikal müxalifətlə maraqlanmır. Ancaq bir aydan və bir neçə aydan sonra xarici qüvvələrin belə bir sifariş verəcəyi haqqında bir söz deyə bilmərəm.  Zaman gəldikdə bunu görəcəyik. Xarici qüvvələr də çox yaxşı bilir ki, radikal müxalifətin başında duran adamlar Azərbaycanı qan gölünə çevirə bilərlər. Bu adamlara xalqın dəstəyi yoxdur. Qısas hissi ilə yaşayan və dövlət idarəçilik təcrübəsi olmayan səriştəsiz adamlara dövləti etibar etmək olmaz. Bunu Azərbaycan cəmiyyəti çox yaxşı bilir.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR