Televiziyada insan amili hər şeydən vacibdir

Bu gün ölkədə fəaliyyət göstərən yerli telekanallarda yayımlanan müxtəlif səpkili verilişlərə ümumi nəzər salmaq istədik. Buna görə uzun illər müxtəlif televiziya şirkətlərində rəhbər vəzifələrdə çalışan və hazırda "Azad Azərbaycan" teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayevlə görüşüb söhbət etdik.

- Etibar bəy, deyirlər, televziyada hər iş proqramlaşdırmadan başlayır. Odur ki, ilk olaraq bilmək istərdik, proqramlaşdırma sistemi, verilişlərin bölgüsü necə aparılır? Əvvəl necə idi, indi necə?

- Ötən əsrin əllinci illərində Azərbaycanda televiziya yarananda biz başqa ictimai formasiyada yaşayırdıq.Hər şey, o cümlədən kütləvi informasiya vasitələri, dövlət mülkiyyətində olduğundan dövlət tərəfindən maliyyələşdirilir və idarə edilirdi. Kütləvi informasiya vasitələri vahid ideoloji xəttin müəyyən etdiyi istiqamətdə fəaliyyət göstərirdi. Televiziya da öz işini həmin tələblər əsasında qururdu. Bunu müəyyən edən, tənzimləyən, istiqamətləndirən müvafiq qərarlar, nor-mativ aktlar, digər sənədlər mövcud idi. Televiziyaların strukturu, ştat cədvəli, kimə, nəyə görə və nə qədər maaş veriləcəyi SSRİ məkanına daxil olan bütün respublikalarda demək olar, eyni idi. Studiyalar da, texniki təhcizat da bəlli standartlara cavab verirdi. Texniki avadanlıq vaxtaşırı təzələnsə də, ideoloji məfkurə dəyişməz qalırdı. Cari məqsəd və vəzifələr, məhz vahid mərkəzdən müəyyənləşdrilirdi. Az.TV kimi tanınan ilk milli elektron kütləvi-informasiya qurumu tarixən qısa müddətdə mürəkkəb və maraqlı inkişaf yolu keçib. İlk vaxtlardan orada müxtəlif redaksiyalar yaradılmışdı. Şirkət böyüdükcə, redaksiyaların sayı da artmışdı. İllik, aylıq, həftəlik proqramlaşma əsasında onlara efir vaxtı ayrılırdı. İşin həcminə görə ştat cədvəli müəyyənləşdirilir, texniki vasitələr nəzərdə tutulurdu. Hər redaksiyanın öz iş planı olduğu kimi, ayrıca büdcəsi də vardı. Aylıq maaşdan əlavə redaksiya əməkdaşları, eləcə də kənar müəlliflər üçün qonorar fondu müəyyənləşdirilirdi. Vəsaitin, səhv etmirəmsə, 40 faizi ştatda olan işçilərə, 60 faizi kənar müəlliflərə ödənilərdi. İctimai-siyasi, tələbə-gənclər, uşaq verilişləri, kənd həyatı, idman,musiqi, təhsil, hərbi-vətənpərvərlik mövzuları, xəbərlər müvafiq redaksiyalarda hazırlanıb proqrama salınardı. Keçmişi yada salmaqla demək istəyirəm ki, özəl teleradiolar boş yerdə yaranmayıb. Müstəqillik illərində özəl kanalların fəaliyyətə başlayanda AzTV məktəbini keçən mütəxəssilər yaxından iştirak ediblər. Televiziya quruculuğunun əsas bel sütunu demək olar ki, eynidir, sadəcə adlar, mülkiyyət forması, maliyyə qaynaqları dəyişib. Əvvəl teleradio şirktinə rəhbərlik edən vəzifə sahibinə "sədr", indi isə "prezident" deyirlər. Sədr müavinləri müvafiq olaraq vitse-prezident olublar. Redaksiyaları departamentlər, kənar müəllifləri də prodakşn şirkətlər əvəz edib. Hər kanal öz yayın siyasətinə və maddi imkalarına görə verilişlər hazırlayır. Bu məsələdə standart qaydalar, normativlər yoxdur. Proqram siyasəti dövlətçilik və milli maraqlar nəzərə alınmaqla, kanal rəhbərliyi tərəfindən müəyyənləşdirlir.

- Bəs, televiziyaların əsas maliyyə qaynağı nədir?

- "Azərbaycan Televizziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti dövlət büdcəsindən maliyələşdirilir. Digər teleradioların büdcəsi reklam gəlirlərindən və sponsor ödəmələrindən qaynaqlanır. Türklər demiş, "kəndin bişir, kəndin ye" prinsipi ilə çalışırlar. Belə olan halda proqramlaşdırmada reytinq göstəriciləri istər-istəməz mühim amilə çevrilir. Kanal rəhbərləri bəzən ictimai rəydən daha çox reytinq göstəricilərini nəzərə almaq məcburiyyətində qalırlar. Çünki, böyük reklamvericilər reytinq hesabatlarına istinadən reklam büdcələrini bölüşdürürlər.

- Televiziyanın əsas üç vəzifəsi var: xəbər, maarifləndirmə, əyləncə. Buna neçə baxırsız? Bunlar mütləq qaydada bütün kanallarda gözlənilməlidir?

- Bu prinsiplər televiziya yaranandan indiyə kimi dəyişməz qalıb. Amma onu təkcə televiziyalara deyil, qəzetlərə, saytlara da şamil etmək olar. Televiziyanın mövcud olmadığı vaxtlarda qəzetlər həm xəbər mənbəyi idi , həm də maarifləndirmə funksiyasını yerinə yetirirdilər. Əyləcə xarakterli materiallara da öz səhifələrində yer ayırırdılar. Bu gün özəl kanalların mütləq qaydada tamaşaçılar qarşısında elə bir öhdəliyi yoxdur. Kimsə tələb edə bilməz ki, niyə bu və ya digər kanalda uşaq verilişləri, yaxud tamaşalar göstərilmir, idman verilişləri, yaxud simfonik musiqi səslənmir və s. Hər hansı kanala baxmaq və ya düyməni dəyişmək hər kəsin öz seçimidir. Yüksək səviyyəli orijinal verilişlərin hazırlığı, keyfiyyətli teleməhsulun hazırlığı böyük xərc aparır. Nəzərə alın ki, təkcə verilişlərin hazırlığına deyil, materialın yüksək səs və görüntü keyfiyyəti ilə uzaq məsafələrə ötürülməsinə də böyük vəsait sərf edilir. Bazar iqtisadiyyatı qanunları hakimi-mütləq olan yerdə hamı yorğanına görə ayağını uzatmaq məcburiyyətində qalır. Son illər Azərbaycanda ixtisaslaşmış kanalların açılması müsbət haldır. Dünya efir məkanında bunun örnəyi çoxdur. Ayrıca moda nümayişi, uşaq verilişləri, kino filmlər göstərən, yaxud sırf xəbər yayan kanallar kifayət qədərdir. Gələcəkdə ixtisaslaşmış kanalların sayı, ola bilsin bizdə də artacaq. Amma mənim fikrimcə, televiziya inkişafında, səviyyəcə yüksəlişində, auditoriyasının genişlənməsində maraqlıyıqsa, ilk növbədə peşəkar kadr hazırlığına diqqəti artırmalıyıq. Ən müasir avadanlıqlar müəyyən vaxtdan sonra köhnəlir. Özəl televiziyalar açılanda VHS kasetlərlə yayına çıxırdılar. İndi bu formatda heç ev şəraitində belə, kimsə film izləmir. Sabah daha müasir avadanlıqdan istifadə ediləcəyi də şübhə doğurmur. Amma dünən də, bu gün də, sabah da, "Kadrlar hər şeyi həll edir" prinsipi dəyişməz qalacaq. Bunu unutmaq olmaz. Azərbaycan teleməkanında kadr hazırlığı məsələsi kölgədə qalıb. İndiki halda bu boşluğu hərə bir cür doldurmağa çalışır. Nəticədə bu həvəskar operatorlar, rejissorlar, jurnalistlər çoxalır. Yubanmadan teleradio sahəsində yaradıcı və texniki kadrların hazırlığına münasibət kökündən dəyişməlidir. Belə olmasa, televiziyaların sayı artsa da, efirdə keyfiyyətli məhsul qıtlığı yaranacaq. Bayağı verilişlərlə efiri doldurmaq tamaşaçı auditoriyanı itirmək təhlükəsi ilə yanaşı, milli mənəviyyatımıza ciddi zərbədir.

- Son vaxtlar televiziya kanallarında ailə - məişət mövzularına üstünlük verilir. Bu gün bir çox kanallarda fərdi məişət problemlərinin yayımlanmasını nəzərə alaraq, ailə problərindən bəhs edən verilişlərin təbliğ olunmasına münasibətinizi bilmək maraqlıdır.

- Təqdim olunmaqla, təbliğ olunmaq başqa-başqa şeylərdir. Bəli, televiziya kanallarında ailə-məişət zəminində yaranan problemlərə toxunulur. Amma insanları narahat edən mövzuları gündəmə gətirmək təbliğ etmək məqsədi daşımır. Televiziya bu və ya digər mövzunu qabartmaqla ictimailəşdirir, məsələnin həlli yollarını tapmağa çalışır. Eyni səpkili verilişlərin müxtəlif kanallarda təkrarlanması isə, təbii ki, xoş qarşılanmır. Belə hallara Mİlli Teleradio Şurası münasibət bildirməlidir . Eyni səpkili verilişlərin efir məkanında tirajlanması reytinq cədvəllərinin təsirinin təsirinin nəticəsidir. Təqdimat və televiziya həlli baxımından oxşarlıq sağlamlıq  problemlərinə hərs olunan verilişlərdə də özünü biruzə verir.

- Aparıcıların efirdən ədəbi dildə deyil, gündəlik danışıq dilindən istifadə edərək verilişlər təqdim etmələrini necə qarşılayırsınız?

- Azərbaycan ədəbi-bədii dilinin saflığı hər yerdə, o cümlədən kütləvi informasiya vasitələrində qorunmalıdır. Dövlət tərəfindən bu məsələyə hər zaman xüsusi diqqət yetirilir. Amma dilimizin sağlığını qorumaq kompaniya xarakteri daşımamalıdır. Hər birimiz onun keşiyində durmasaq, problem aradan qalxmaz. Bunun üçün dili uşaq vaxtından düzgün öyrənməli, nitq mədəniyyətinə yiyələnməliyik. Baxçada, məktəbdə qol-qanadını sındıraraq öyrədilən ana dilini sonradan qaydaya salmaq çətindir. Təəssüf ki, orta və ali təhsil müəssisələrində çalışan bəzi müəllimlərin nitqi qüsurlu, söz ehtiyatı kasaddır. Azərbaycanın müxtəlif bölgələri var. Orada yaşayan həmvətənlərimizin fərqli ləhcə, şivə ilə danışması hamıya məlumdur. Əsrlərlə qoruyub-saxlanan koloriti itirmək lazım deyil. Verilişə müxtəlif bölgələrədən gələn qonaqların adət etdikləri şəkildə danışması normal qəbul edilməlidir. Amma televiziya aparıcısı efirdə Azərbaycan ədəbi dilinin qaydalarını tam gözləməklə danışmalıdır. Hər verilişin məzmununa, xarakterinə görə, zahiri görkəmi, geyimi kimi, danışıq tərzi də uyğun gələn aparıcı seçilməlidir. Sizin sualınızda səslənən "danışıq dilindən istifadə etmək" ifadəsi, məncə doğru deyil. Radio və televiziya dili sadə danışıq dilinə yaxın olmalıdır ki, deyilən söz asanlıqla qavransın. Siz ola bilər, "loru danışıq tərzi"ni nəzərdə tuturdunuz. Bu, həqiqətən yolverilməzdir.

- Televiziyada iş şəraitinin yaxşılaşmasından söz düşəndə, adətən deyirlər ki, kameralar, nəqliyyat vasitələri təzələnməlidir, maaşlar artırılmalıdır. Siz bu barədə nə düşünürsüz?

- Deyilənlərdə həqiqət var. Amma mənim fikrimcə, hər şeydən əvvəl kollektivdə sağlam mənəvi iqlim şəraiti yaradılmalıdır. Dedi-qodunun qarşısı alınmalıdır. Yaradıcı və texniki heyət, əsasən peşəkarlardan ibarət olmalıdır. Televiziyada İnsan amili ən başılıca məqamdır. Hər kəsin əməyinə vaxtında maddi-mənəvi qiymət verilməsi vacib şərtdir. Kollektivə istedadlı, gənclər dəvət edilməlidir. Ənənələr nəsildən-nəslə ötürülməklə inkişaf etməlidir. Peşəkarlıq yalnız uzun illərin təcrübəsi ilə əldə edilmir. Televiziya işçisi üçün bilik, savad, məlumat, geniş dünyagörüşü, fərqli düşüncə tərzi,yaradıcı qabiliyyət, yenilik duyumu mühüm şərtdir. Əgər bunlar varsa, zamanla təcrübə toplamaqla iş qabiliyyəti daha da artar, cilalanar. Yoxsa, vaxtında başqa sahədə iş axtarmaq lazımdır.

- Etibar bəy, bir qədər də yaradıcılığınızdan danışmaq istərdik. İşiniz yaradıcılığınıza mane olurmu? Hazırda hansı kitab üzərində işləyirsiniz?

- İşim yaradıcılığıma mane olmadığı kimi, yaradıcılığım da işimə heç vaxt problem yaratmayıb. Gündəlik iş rejimimdə hər birinin öz vaxtı var. 1969 -cu ildən imzam mətbuatda görünməyə başlayıb. Televiziya fəaliyyətinə 1972-ci illərdən başlamışam. İndiyə qədər hazırladığım televiziya və radioda verilişlərimin, mətbuatda dərc olunan yazılarımın sayı, təbii ki, çoxdur. Müxtəlif elmi jurnallarda məqalələrim, Azərbaycanda və Türkiyədə on bir kitabım dərc olunub. Otuza yaxın sənədli filmin müəllifiəym. Bugünlərdə "Barış körpüsü" adlı yeni kitabın çapdan çıxıb. Əziz dostum, unudulmaz ustad sənətçi Barış Mançonun 75 illiyinə hədiyyəmdir. Barış Mançonun Azərbaycana böyük sevgisi vardı. Müstəqilliyimizin ilk illərində Azərbaycandan silsilə verilişlər hazırlayıb TRT ilə yaınlamışdı. Qarabağ həqiqət-lərindən hər fürsətdə söz açardı. Xalqın haqq səsini səsinin yetdiyi yerlərdə ucaldardı. Bu kitabda onun həyat və yaradıcılığı ilə oxucuları tanış etməyə çalışmışam. Azərbaycanda müxtəlif vaxtlarda müxtəlif şəraitdə görüşdüyü insanların xatirələrinə də yer ayırmışam. Kitab üzərində işləyərkən onun həyat yoldaşı Lalə xanımla, vaxtilə iş ortağı və ən qədim dostu Ərkmən Sağlamla, bərabər çalışdığı digər insanlarla da görüşüb söhbət etmişəm, məsləhət almışam. Kitabda istifadə edilən foto şəkillərin bir qismini əziz dostum Ərkmən Sağlam mənə təmənnasız verib. Barış Manço ilə bağlı maraqlı xatirələrini onun öz dilindən, olduğu kimi, oxuculara təqdim etmişəm. Ailə foto şəkillərini və bəəzi bilgiləri hörmətli Lalə xanımın köməyi ilə əldə etmişəm. Nəticədə, zənnimcə barışsevərlərin diqqətini çəkəcək maraqlı kitab nəşr ərsəyə gəlib. Barış Manço yaşasaydı, 2018- ci ilin yanvar ayının 2-də 75 illik yubileyini qeyd edəcəkdik. Əslində, Barış bəyin yalnız doğum tarixi var. Ustad sənətçi 1999 -cu ildə dünyasını dəyişsə də, bu günə qədər onun yaratdığı əsərlər Türkiyədə olduğu kimi, dünyanın bir çox ölkəsində böyük rəğbətlə qarşılanır. Onun haqqında Türkiyədə bir neçə kitab çap olunub. O kitablardan fərqli olaraq, mən Barışın Azərbaycanla bağlı fəaliyyətini ön plana çəkmiəşm. Azərbaycanla bağlı hazırladığı proqramları, bu böyük şəxsiyyətlə keçən illərimi, xatirələrimi, foto şəkillərimi oxucularla bölüşmüşəm. Bəlkə də hər şeyi söyləməmişəm, bildiklərimin hamısını yazmamışam. Mən pərəstişkarlarının yaddaşına həkk olan Barış portretinə kölgə salmayacaq, yalnız əlavə rəng qatacaq məqamları qabartmağa çalışmışam. Buna nə dərəcədə nail olduğumu sizdən öyrənəcəm, İnşaallah. Növbəti kitabım isə, "Sözlü-nəğməli İstanbul" adlanacaq. Bu kitabda Türkiyə ilə bağlı otuz illik xatirələrim, görkəmli şəxsiyyətlərə maraqlı foto şəkillərim yer alacaq.

- Yeri gəlmişkən, sizi təbrik etmək istərdim. 2017-ci ilin yekunlarına görə İstanbulda Azərbaycan -Türkiyə Qardaşlıq Ödülünə layiq görülmüsüz.

- Təşəkkür edirəm. Hər bir insana əməyinə qiymət verilməsi xoşdur. Qırx illik əmək fəaliyyətimdə müxtəlif mükafatlarla təltf olunmuşam. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüşəm. Mükafatın böyük-kiçikliyi olmaz. Önəmli olan diqqətdir, əməyinə dəyər verilməsidir. Hər mükafat yaradıcı insana daha məhsuldar işləməsi üçün əlavə stimuldur, mənəvi dayaqdır. On ildən çox Azərbaycan efirində tamaşaçılara təqdim etdiyim "Sözlü -nəğməli İstannbul" adlı müəllif proqramına Türkiyədə "Onur ödülü", yəni "Şərəf mükafatı" verilməsi Yeni il ərəfəsində mənə böyük sevinc mənbəyi, çox qiymətli hədiyyədir.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR