Ər-arvad boşananda borcları kim ödəməlidir?

Rövşən Qasımov: "İstənilən halda qadının aliment almaq hüququ var"

Hazırda ölkədə müşahidə olunan boşanmaların sayının artımı fonunda əmlak bölgüsü və alimentin məsələsi aktuallıq təşkil edir. Sözügedən məsələlərlə bağlı qanunvericilikdə konkret müddəaların olmasına baxmayaraq onların təıtbiqi zamanı yaranan anlaşılmazlıqlar mübahisələrin uzun müddət davam etməsinə səbəb olur. Bu və ya digər məsələlərlə bağlı suallarımızı vəkil Rövşən Qasımov cavablandırır.

-Rövşən müəllim, boşanmalar zamanı ər-arvadın borcları və ya hər hansı öhdəlikləri üzrə məsuliyyəti necə tənzimlənir?

-Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər. Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Məsələn, Mülki Məcəllənin 1103-cü maddəsinə görə- On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Düşünürəm ki, Azərbaycan Respublikası qanunvericiliyində ailə münasibətlərini tənzimləyən nə qədər qanunlar olsa da, reallıqda ailənin qanunlarını ailə üzvləri müəyyən edir.Unutmayaq ki, ailə sanki dövlətin kiçik bir formasıdır. Ailə olmasa nə cəmiyyət olar nə də dövlət.

-Nikah pozularkən əmlak hansı qaydalarla bölünür?

-Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı birgə mülkiyyət sayıla bilər. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

- Bəs hansı hallarda əmlak bərabər şəkildə bölnüməyə bilər?

- Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

-Hansı halda qadının aliment almaq hüququ var?

-Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Təəssüf ki, son zamanlar boşanmaların sayı sürətlə artır. Tərəflər arasında bir çox problemlər və mübahisələr yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri də aliment məsələsidir. Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, onun qazancı və ya digər gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstənilən halda qadının aliment almaq hüququ var. Bunun ödənməsi üçün ən vacibi atalıq faktının müəyyən olunmasıdır. Ata həmin uşağın ondan olmasını təsdiqləyir və heç bir mübahisə yaranmırsa, aliment könüllü şəkildə veriləcək. Mübahisəli şəraitdə məhkəmə mövcud qanunvericilik əsasında qərar çıxarır. Yəni bu gün Azərbaycanda "Minimum yaşayış həddi haqqında" qanunda bir uşağın saxlanması üçün müəyyən edilən məbləği ata ödəmək istəmirsə, qadın sabit pul məbləğində bu alimenti tələb edə bilər. Lakin qadın kişinin əlavə gəlir yerlərinin olduğunu sübut edə bilərsə, qanunda bir uşaq üçün aliment əmək haqqı və digər gəlirlərin dörddə biri qədər müəyyənləşir. Qadının sabit pul məbləğində nə qədər aliment istəməsi onun hüququdur. Yəni bu rəqəmi qadın özü müəyyənləşdirir. Əgər bu əlavə gəlirlərin olması sübuta yetirilməsə, məhkəmə bu həcmdə aliment müəyyənləşdirir.Ata aliment ödəyərkən uşaq yetkinlik yaşına çatmayıbsa, onun yetkinlik yaşına çatana qədər ödədiyi alimentin hər ay 50 faizinin uşağının adına açılan hesaba qoyulmasını tələb etmək hüququ var. Bu vəsaiti uşaq yetkinlik yaşına çatdıqda götürüb öz ehtiyacları üçün istifadə edə bilər. Alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı ortaya çıxan problemlər alimenti verən şəxsin işləməməsi, əlavə gəlir mənbəyinin olmaması, işləməkdən boyun qaçırması səbəbindən yaranır. Bu gün əsas problemlərdən biri alimentlə bağlı işlərə baxarkən cavabdehin faktiki işsiz olduğu halda əlavə gəlirlərinin olması və bunu məhkəmədən gizlətməsidir. Onlar hesab edirlər ki, qadınlar ərlərinin maddi gəlir səviyyəsini müəyyən edə bilmirlər. Yəni, cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum olur ki, obyektlərin heç biri cavabdehin adına deyil. Təcrübədə ərin öz iş yerini, gəlirlərini gizlətməsi, alimenti ödəməyə maddi imkanının olduğu halda ödəməkdən boyun qaçırması, yaxud da onun Azərbaycandan kənarda olması səbəbindən bu sahədəki məhkəmə qərarları icra olunmur.

Nurlan
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR