Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi

Məhəmməd Əsədullazadə: "Yerevanın mövqeyi, il başlayan kimi danışıqlar prosesini sabotaj etmək və irəliləyişi hər vəchlə əngəlləməkdən ibarətdir"

Artıq 2018-ci ilin bir neçə gününü yaşayırıq. Başa vurduğumuz 2017-ci il iqtisadi və siyasi, sosial, humanitar, eləcə də beynəlxalq münasibətlər sistemində yadda qalan il olsa da, lakin Dağlıq Qarabağ probleminin həlli baxımından keçən il heç də Azərbaycan üçün uğurlu olmadı. Bəs görəsən, cari ildə gözləntilər nədən ibarətdir? Yaxın vaxtlarda baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü problemin həllinə hansısa formada müsbət təsir göstərəcəkmi? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, yola saldığımız 2017-ci il Dağlıq Qarabağ probleminin həlli baxımından nə dərəcədə uğurlu və ya uğursuz oldu?

-Yola saldığımız 2017-ci il Azərbaycan üçün bir o qədər uğurlu il olmadı. Çünki, əsas problem olan işğal olunmuş ərazilərin qaytarılması istiqamətində aparılan danışıqlar nəticə vermədi. Bununlada, daha bir ili Qarabağdan uzaq düşmüş olduq. Ancaq keçən il bir sıra nıqliyyat və enerji layihəllərinin reallaşması baxımından Azərbayan üçün uğurlu oldu deyə bilərik. Belə ki, meqa layihələr olan "Bakı-Tiflis-Qars" beynəlxalq dəmiryolunun istifadəyə verilməsi, ölkəmizin dünyada və regionda tranzit ölkə kimi əhəmiyyətini artırdı. Azərbaycanın "Şahdəniz" qaz yatağından ixrac olunacaq qazın Avropaya çatdırılmasında, həmçinin Avropanın enerji şaxələndirilməsi siyasətində mühüm rol oynayacaq "Cənubi Qaz dəhlizinin" davamı olan "TANAP" və "TAP" lahiyələrinin uğurla davam etməsi, ölkəmizin qoca qitə ilə enerji əməkdaşlığının inkişafına töhfə vermiş oldu. Ölkəmizin enerji siyasətində Qərbin neft şirkətləri ilə, xüsusilə BP -Azərbaycan arasında neft müqaviləsinin 2050-ci ilə qədər uzadılması və bununla bağlı yeni bir sazişin bağlanması, Azərbaycanın Qərbin siyasətində prioritet ölkə olacağından xəbər verir. Sadalanan iqtisadi əhəmiyyətli layihələr ölkəmizin tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır.

"Şimal-Cənub Dəmir yol nəqliyyat" dəhlizinin tikintisinin davam etməsi, həmçinin Xəzər dənizinin yekun hüquqi statusu ilə bağlı 20 ildən artıqdır ki, aparılan danışıqlarda Yekun Konvensiyanın hazırlanması, Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitində Azərbaycanın ərazi bütövlüynün birmənalı şəkildə dəstəklənməsini, bu ilin uğurlu hadisələri kimi xarakterizə etmək olar.

-Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü nəzərdə tutulur. Bu görüşdən gözləntiləriniz nədir və bu il Qarabağ probleminin həllindı hansısa dönüş ola bilərmi?

-Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın ilin yekunlarına dair mətbuat konfransında Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları bir daha təsdiq edir ki, Sərkisyan rejimi bu il də konfliktin həllinə real yanaşmayacaq. Eduard Nalbandyanın çıxışı regionda ümumi təhlükəsizliyə ziddir. Çünki, rəsmi Yerevan güzəştə getməyincə, müharibə ehtimalı öz aktuallığını saxlayır. Erməni nazir danışıqların gedişi ilə bağlı qeyd edir ki, həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündə konkret üç prinsip irəli sürülüb. Bura ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək, güc tətbiq etməmək prinsipi daxildir. Və, Ermənistan həmin prinsiplərə sadiq olduğunu vurğulayır. Hətta Azərbaycanında əvvəl bu prinsipi qəbul etdiyini bildirir. Həmçinin o, qeyd edir ki, Qarabağ konfliktinin həllində paket həll variantı var. Bundan əlavə, qeyd edir ki, Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyin etmə azad şəkildə həyata keçməli, beynəlxalq hüququ qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır. - Göründüyü kimi, ilin başlanğıcında Yerevandan verilən mesaj birbaşa Bakı və ATƏT-in Minsk qrupunun həmsədrlərinə yönəlib. Qarabağ münaqişəsində son dörd ayda və bundan sonrakı danışıqların gedişində substantiv danışıqlardan yayınan və yayınacaq Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi. Qeyd edim ki, Ermənistan xarici işlər nazirinin arqumentləri yenilənmiş Madrid prinsiplərini özündə ehtiva edən mərhələli həll planının əleyhinədir. Xarici İşlər Nazirliyi daima vurğulayır ki, danışıqlar mərhələli həll planı üzrə aparılır və Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qorunur. Qeyd edim ki, paket həll variantında isə, ərazi bütövlüyü məsələsi sual altındadır.

-Deməli Ermənistan XİN rəhbərinin açıqlamalarından belə çıxır ki, növbəti danışıqlar prosesi də nəticəsiz başa çatacaq

-Məlumat üçün qeyd edim ki, keçən ilin sentyabr ayından başlanan danışıqlar prosesi çərçivəsində həm prezidentlərin görüşü keçirildi, həm də xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə bir neçə dəfə görüşərək problemin detallarını müzakirə ediblər. Növbəti görüş isə bu ayın sonunda reallaşacaq. Gözlənilən növbəti görüş qabağı Eduard Nalbandyanın açıqlamalarına düşünürəm ki, Xarici İşlər Nazirliyi rəsmi cavab verməli və danışıqların hansı istiqamətdə getdiyi barədə cəmiyyətə məlumat verməlidir. Hazırda E.Nalbandyanın dedikləri istiqamətdə gedən proseslər birbaşa Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edir. Çünki, ötən ay Vyanada həmsədr ölkələrinin xarici işlər nazirlərinin razılaşdırdığı üç prinsipdən ibarət konkret təkliflər əsasən paket həll variantıdır və burada Qarabağın yekun statusunda referendumun keçirilməsinə hesablanıb. Göründüyü kimi, münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-müəyyənlik davam edir. Sadəcə, bu danışıqlar, yalnız atəşkəsin qorunmasına xidmət edib və konkret münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunmayıb. Ermənistan tərəfinin məlum açıqlamaları bir daha göstərir ki, belə bir danışıqların aparılması vaxt itkisindən ibarətdir. E. Nalbandyan mətbuat konfransında 9 bəndlik həll prinsipləri ilə bağlı Azərbaycanın mövqeyini irəliləyişə mane olduğunu deməklə, əslində Ermənistanın həll variantına hazır olmadığını açıq vurğulayıb. Azərbaycanın həll variantı mərhələli, Qarabağa yüksək muxtariyyət verməkdən ibarətdir. Təbii ki, yüksək muxtariyyətlə razılaşmayan Ermənistan bir müddətdən sonra, mədəni muxtariyyətə razı olacaq. Dünyada və regionda geosiyasi şərtlər dəyişilir. Yerevanın arxalandığı Rusiya və İran demokratik dünyanın hədəfində öz çöküşlərini gözləyirlər. Ermənistan meydanda tək qalınca, güzəştsiz əraziləri Azərbaycana qaytarar. Ermənistan XİN rəhbərinin bu açıqlamasından sonra, yanvar ayının sonunda xarici işlər nazirlərinin görüşünə ehtiyac olmamalıdır. Çünki, rəsmi Yerevanın mövqeyi, il başlayan kimi danışıqlar prosesini sabotaj etmək və irəliləyişi hər vəchlə əngəlləməkdi ki, bu da danışıqların pozulmasına hesablanıb. Sonda qeyd edim ki, "Paket həll" variantı masada varsa, buna Xarici İşlər Nazirliyi aydınlıq gətirməli və danışıqları dayandırmalı, güc tətbiqi variantına keçməlidir.

-İrandan söz düşmüşkən, bir neçə gündür cənub qonşumuzda kütləvi etiraz aksiyaları keçirilir. İranda baş verənləri necə dəyərləndirərdiniz?

-İranda davam edən aksiyalar, birbaşa Tehran teokratik rejimini hədəf alıb. İqtisadi-sosial faktorlarla müşaiyət olunan aksiyalarda səslənən siyasi şüarlar, Suriya və Misirdəki ərəb baharındakı aksiyaları xatırlayır. İran təbii ki, Suriya və Misir deyil, güclü dövlət aparatına və orduya malik bir ölkədir. Buradakı proseslər qızışarsa, üçüncü ölklərin müdaxiləsi mümkün deyil. Qeyd edim ki, ABŞ və İsrail İrana qarşı hərbi fəaliyyətdən daimi çəkinib. Ona görə də teokratik rejimin dəyişməsi üçün daxili faktorlardan istifadə etməyə çalışıb. İranda hazırda infilyasiya dərinləşir, iqtisadi islahatlar aparılmır və milli valyutanın dəyər itirməsi nəticəsində qiymətlər durmadan artır. Təbii ki, belə bir situasiyada xalq öz etirazını bildirməli idi. Belə bir nümayişləri fürsət bilən müəyyən qüvvələr, bu etirazları hakimiyyətin dəyişməsinə yönəltməyə çalışacaq. Qeyd edim ki, ABŞ-ın İrana qarşı yönəlmiş iqtisadi sanksiyaları, məhz xalqın etirazının formalaşmasına və bu etirazlarla mövcud rejimin dəyişməsinə hesablanıb.

Birləşmiş Ştatlar tarix boyu hərbi müdaxilədən çəkinmiş ölkələrə iqtisadi sanksiyalardan hücum edir. Dünya iqtisadiyyatını idarə edən ABŞ-ın sanksiyaları, təbii ki, həmin ölkəni kifayət qədər zəiflədir. Fikir versək, Rusiyaya yönəlmiş iqtisadi sanksiyalar Putin rejiminin laxlanmasına yönəlib. Xalqın bu sanksiyaların təsiri ilə ağırlaşan sosial vəziyyəti, birbaşa mövcud rejimə qarşı etiraz dalğasına çevrilir. Neftin dünya bazarında qiymətdən düşməsi və tətbiq olunan sanksiyalar İran iqtisadiyyatını laxlatdı. Həmçinin Tehran rejimi daxilində siyasi ziddiyyətlər, ABŞ-ın bu vəziyyətdən məharətlə istifadə etməsinə zəmin yaradır. Bir məsələni xüsusi olaraq qeyd edim ki, İranda hakimiyyət dəyişikliyi baş verərsə, (hazırda bu mümkün görünmür) istənilən dəyişiklik İranın ərazi bütövlüyünün pozulmasına gətirib çıxartmayacaq. ABŞ və Qərb ölkələri Tehranla düşmən münasibətdə olsalar da, Azərbaycanın birləşməsinə qarşı ortaq mövqedədirlər.

-Ümumiyyətlə, bu etirazlar nəyə hesablanıb?

-İran İslam Respublikasında etirazlar, əsasən Tehran rejimini hədəf alıb. Qeyd edim ki, bu etirazlar Yaxın Şərq ssenarisinin davamıdır. Etirazlar ilk gündən sosial yönümlü olsa da, səslənən şüarlar əsasən "Azadlıq" tələbi və birbaşa İranın Ali rəhbərliyini hədəf alır. Təbii ki, bu kütləvi iğtişaşlar bir mərkəzdən, əsasən xaricdən planlı şəkildə idarə olunur. Məqsəd, İranı Yaxın Şərqdə aktiv siyasi-hərbi hərəkətlilikdən daxili problemə çəkmək və rejimin dəyişməsinə nail olmaqdır. Vurğulamaq lazımdır ki, ABŞ Tehran rejimini daxili faktorla laxladılması üçün bir neçə ildir bu yöndə siyasət aparır. Daxili iğtişaşlarla ölkəni xaosa sürükləmək və rejimi dəyişmək 21-ci əsrdə geniş tətbiq edilən ən dəhşətli və qanlı müharibənin bir parçasıdır. Belə bir planlar Liviyada başlayaraq, hazırda İranda baş tutmaqdadır. Suriyada həyata keçirilən kiçik etiraz aksiya ssenarisi, artıq İranda da tətbiq olunur.

İran hakimiyyəti, bu kütləvi nümayişlərin qarşısını ala bilməsə rejim dəyişikliyi olacaq. Artıq regionda proseslər öz ciddiyətini qoruyur. İranda siyasi sabitlik Azərbaycan üçün önəmlidir. Qonşu ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi Azərbaycan üçün arzuolunan deyil. Çünki, qaçqın axını, humanitar böhran ən əsası 35 milyon soydaşımızın taleyi mütləq şəkildə Azərbaycanı narahat edir.

Göründüyü kimi ABŞ-ın "Yaxın və Ortaq Şərq projesi" qanlı və böyük müharibələrlə müşayət olunur. İranda strateji planın əsas tərkib hissəsidir. İranda plan baş tutsa, növbədə Türkiyədir.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR