Azərbaycan balanslı siyasəti hesabına dövlətçiliyini qorudu

İlqar Altay: "Dünyada və xüsusən bizim regiondakı ziddiyyətli qarşıdurma dövrü və ümumi qlobal iqtisadi böhranı nəzərə alsaq, fikrimcə Azərbaycan ayaqda qaldı"

Başa çatmaqda olan 2017-ci il Azərbaycanda xarici siyasət sahəsində də bir sıra uğurlarla yadda qaldı.  Dövlət başçısının bir sıra ölkələrə səfərləri, xüsusilə NATO qərargahında keçirilən görüşlər, Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində ölkəmizin də təmsil olunması xarici siyasət sahəsində Azərbaycan üçün yeni-yeni imkanlar yaratdı. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayla söhbətimizdə 2017-ci il ərzində xarici siyasət sahəsində baş verən mühüm hadisələrə aydınlıq gətirdik.

-İlqar bəy, artıq 2017-ci il başa çatmaq üzrədir. Sizcə 2017-ci il Azərbaycan üçün nə ilə yadda qaldı?

-Dünyada və xüsusən bizim regiondakı ziddiyyətli qarşıdurma dövrü və ümumi qlobal iqtisadi böhranı nəzərə alsaq, fikrimcə Azərbaycan ayaqda qaldı. Bəzi ölkələr kimi dərin siyasi, iqtisadi, sosial defolt səviyyəsinə enmədi. Xarici siyasətdə çalışıldı ki, bu neçə illərdə az kömək etməmiş taraz siyasət aparılsın. Hərgah ki, müəyyən anlarda ölkəmiz seçim qarşısında qoyulsa belə. Qarabağ problemimiz istiqamətində də bütün beynəlxalq təzyiqlərə baxmayaraq, torpaqlarımızın işğaldan azadlığı baxımından prinsipal mövqe tutuldu. Bununla belə ölkənin daxili siyasətində bir sıra   probıemlərin üzə çıxması davam etdi. Ciddi köklü struktur və kadr islahatları ümid və gözləntisi hələ ki, doğrulmadı.       

-İl ərzində xarici siyasətdə, beynəlxalq münasibətlər sistemində baş verən mühüm hadisə nə oldu və onun hansı təsir imkanları var?

- Bu bir reallıqdır ki, dünyadakı kiçik ölkələrin, hətta orta ölkələrin də taleyi, istiqaməti xeyli dərəcədə böyük fövqəl dövlətlər arasındakı münasibətlərin nəticəsindən asılıdır. Məsələn Azərbaycan, Gürcüstan kimi ölkələrlə bərabər, hətta İran və Türkiyə kimi ölkələrin də. Müşahidələrimiz onu göstərdi ki, son bir il ərzində, yəni Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın bizim regionda mövqeyi xeyli zəiflədi. Təbii ki Rusiya ilə qarşıdurmada. Xüsusən də bizim üçün əhəmiyyət kəsb edən Yaxın Şərqdə. Bu hal nə qədər davam edəcək, demək çətindir, amma bu gün Rusiyanın regiondakı proseslərə təsir imkanlarını kəskin artırdı. Və açıq danışsaq, biz istəsək də istəməsək də, əgər qonşu İran, Türkiyə kimi böyük dövlətlər bu saat Rusiya ilə hesablaşırsa, biz də təbii ki, buna məcburuq. Bu qaçılmazdır hələ ki, siyasətimizi bu vəziyyətə uygun quraq. Təbii ki, ümummilli Qarabağ məsələsində çəkinməz mövqeyimiz və maksimum qədər müstəqilliyimizi qorumaq şərti ilə.

-Bu il də Qarabağ problemi həll edilmədən qaldı. Bəs qarşıdakı ildən gözləntiləriniz nədir?

- Qarabaq probıemi Ermənistanı ortaya atmaqla beynəlxalq güclər tərəfindən başladılıb, onların da insaf və vicdana gəlməsi qədəri ilə həllini tapmalıdır. Təbii ki, tək Azərbaycanın öhdəsində olsaydı, biz bu məsələni qısa müddətdə həll edib toraqlarımızı kiçik və zəif Ermənistandan geri alıb azad edərdik. Neçə ki, ötən 2016-cı ildə bir gecədə bütün Ermənistanı sarsıdıcı zərbə endirdik. Ancaq bu saat beynəlxalq güclərarası durumun dəyişməsi və yeni gözlənilməz siyasi səhnələrin ortaya çıxa bilməsi ilə illərlə durğunluqdan kif atmış Qarabağ status-kvosunda da kəskin dəyişikliyin olmasına ümid var. Və bu məsələdə qeyd etdiyim kimi regionda mövqeyi güclənmş Rusiyanın rolu ola bilər. Hətta baxmayaraq ki, biz Rusiyanı Ermənistan tərəfli görüb, hesab etmişik. İndiki sürətli dəyişiklik dövrü Rusiya bu köhnə ermənipərəst mövqeyini kənara da qoya bilər. Hər halda hələ ki, gedən proseslər buna ümid verir.  

-İstər Bakı Tbilisi Qars, istər Şahdəniz yatağı ilə bağlı yeni sazişin imzalanması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini nə dərəcədə möhkəmləndirdi?

- Ümumiyyətlə həyatın, talenin gedişatımı, qismətidirmi, ya bizə qarşı aparılan məqsədyönlü fövqəl kamaniya siyasətidirmi, ya nədənsə, bizim Azərbaycan nisbətən təklənmiş, yiyəsiz kimi durumdadır. Bu faktdır, bunu düşüncədə qəbul etsək də, etməsəkdə belədir. Ona görə bizim bu müstəqillik illərində çalışdığımız yükümüz iki qat artıq olub. Çalışıb dövlətçiliyi, xalqın birliyini, təhlükəısizliyimizi, iqtisadi-sosial inkişafımızı təmin etməklə bərabər, bu illərdə üstəlik beynəlxalq aləmdə real tanınma yerimizi tutmaq, möhkəmləndirmək istiqamətində də çalışmışıq. Yəni tanınmaq kimi işi də görməyə məcbur olmuşuq, Halbuki Gürcüstan, Ukrayna kimi respublikalar bunun biri yəni yalnız şəxsi inkişafları ilə məşğul olublar. Bizdəki bu idman, incəsənət, müxtəlif beynəlxalq siyasi iqtisadi yığıncaqlara böyük xərclər qoyub ev sahibliyi etmək hamısı bu tanınma, dünya birliyində yer tutub möhkəmlənmə üçün vacib olub, Çox çətin tanıdılar bizi, xalq dövlət kimi şüurlarda bu müstəllik illərində. Çünki xüsusi güclü təbliğatlar var idi beynəlxalq ictimai şüura təsir edən. Bu baxımdan, Azərbaycanın iştirakı ilə bağlanan hər bir beynəlxalq müaqavilə, xüsusilə iqtisadi prpoyektlər bizim dövlətin varlığını və dayanıqlığını şübhə altına alan qüvvələrin yerinə oturdulması deməkdir, Bakı-Tuflis-Qars layihəsi, Şahdəniz yatağı ilə bağlı layihə kimi sazişlərin iqtisadi gəlirlərindən başqa.  

-Ümumiyyətlə, xarici siyasətdə ortaya qoyulan mövqe, balanslı siyasət Azərbaycana nə kimi dividentlər gətirir, onu beynəlxalq təhdidlərdən sığortalayır?

- Xarici balanslı siyasət hər bir ölkə üçün iki halda lazım olur. Bir, özünə o qədər arxayındır ki, heç bir tərəfdən çəkinmir və heç bir tərəfə əyilmir, qarışmır. Məsələn, İsveçrə, Çin və s. kimi. Bir də var arxasızdır və heç bir siyasi güc tərəfə də güvənə bilmir. Bu neçə illərdə fakt, məntiq göstərdi ki, Azərbaycanın Qarabağ kimi haqlı, hətta BMT-nin qətnaməsi ilə təsdiq olunan işğallı mövqeyində həm Rusiya, həm Qərb qütb tərəfləri Ermənistan tərəfini tutdu, Azərbaycan bu halda neyləməli idi, kimə güvənib, kimin tərəfinə keçib balans pozmalı idi? Ona görə də Azərbaycanın neçə illərdəki balanslı, tarazlı, beynəlxalq ziddiyyətlərə qarışmama siyasəti vacib idi və buna məcbur idi. Bunun hesabına dövlətçiliyini qorudu ilk növbədə. İndi artıq beynəlxalq şərait kəskin olaraq dəyişir, Yeni siyasi səhnə və xəritələr ortaya çıxır. Məncə buna, şəraitə uygun da müvafiq addımlar atıla bilər.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR