“2017-ci ili Azərbaycan üçün uğurlu hesab edirəm”

Rüfət Quliyev: "2018-ci ildən gözləntilərimiz çoxdur"

Bir neçə il əvvəl neft qiymətlərində müşahidə edilən kəskin azalma fonunda dünya iqtisadiyyatında mənfi tendensiya, geriləmənin baş verməsinə baxmayaraq Azərbaycan bu təhlükə və risqlərdən özünü sığortalaya və iqtisadiyyatın davamlı şəkildə inkişafına nail ola bildi. Düzdür, sözügedən böhranın ölkəmizə də müəyyən mənada təsiri oldu. Ancaq qeyd etdiyimiz kimi Azərbaycan zamanında atmış olduğu adekvat addımlar və həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində bu kimi mənfi tendensiyaları aradan qaldıra bildi. Məhz düşünülmüş şəkildə və uğurla həyata keçirilən islahatların nəticəsində ölkə iqtisadiyyatında başa vurmaqda olduğumuz 2017-ci il ərzində də müsbət irəliləyişlər, inkişaf nəzərə çarpdı. Milli Məclisin deputatı, parlamentin iqtisadi siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini Rüfət Quliyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili il ərzində iqtisadi sahədə əldə edilən uğurlardan danışıb, qarşıdan gələn 2018-ci il üçün olan gözləntilərə toxunub.

-Rüfət müəllim, artıq 2017-ci ilin başı çatmasına sayılı günlər qalır. 2017-ci ili Azərbaycan iqtisadiyyatı üçün necə xarakterizə edərdiniz?

-Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, 2017-ci il Azərbaycan üçün uğurlu ildir. Dünyanın bəzi ölkələrində, o cümlədən postsovet respublikalarında hələ də qeyri-stabil durum mövcuddur və bu danılmaz faktdır. Azərbaycanda iqtisadiyyatın qeyri-stabilliyi son illərdə heç vaxt mövcud olmayıb və bu da ölkədə aparılan uğurlu islahatların, iqtisadiyyatın məqsədyönlü diversifikasiyası, qeyri-neft sektorunun bütün sahələrdə böyük inkişafı ilə əlaqədardır. İlk növbədə onu nəzərə çatdırmaq lazımdır ki, 2017-ci ildə Azərbaycanda resessiyanın qarşısı alınıb və ölkənin makro-iqtisadi göstəriciləri stabilləşib ki, bu da 2018-ci ildə iqtisadi artım üçün zəmin yaratdı. Cari ilin noyabr ayında Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcəsi müzakirə olundu və dekabrın 1-də də qəbul edildi. Təbii 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı 2017-ci ilin sosial-iqtisadi göstəriciləri də ərtaflı təhlil olundu. Bu təhlil göstərdi ki, Azərbaycan ənənəvi neft ölkəsi olsa da, qeyri-neft sektorunun hesabına hər sahədə iqtisadi nailiyyətlər qazanıb. Bu zəmin əsasında da 2018-ci il büdcəsinin gəlirləri 20 faiz artılıraq 20 milyard 127 milyon manat proqnozlaşdırılıb. Gələn il qeyri-neft sektorunun büdcə gəlirlərində payı 44,9 faiz və ya 9 milyard 31 milyon manat olacaq. Sözsüz ki, bu rəqəmlər Azərbaycanın iqtisadiyyatının 2017-ci ildəki uğurlarının bəhrəsidir. Buna görə də 2017-ci ili Azərbaycan üçün uğurlu hesab edirəm.

-Cari ildə ölkənin iqtisadi həyatında hansı yadda qalan hadisələr baş verdi?

-2017-ci ilin ən yadda qalan hadisələri kimi "Azəri-Çıraq-Günəşli" yataqları üzrə 2050-ci ilə kimi yeni sazişin imzalanmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsini, il ərzində Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibi olmasını vurğulamaq istərdim.

-Bu il ərzində əsas diqqət yetirilən sahə qeyri-neft sektoru oldu. Hazırda bu istiqamətdə vəziyyət necədir, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərə nail ola bilirikmi?

-Azərbaycanın iqtisadi inkişaf modeli Prezident cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanıb və qeyri-neft sektorunun prioritet inkişafına köklənib. Son illərdə neftin qiymətinin kəskin aşağı düşməsi, OPEK-in tələblərinə uyğun ölkədə hasilatın azaldılması iqtisadiyyatımızda müəyyən çətinliklər yaratsa da, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bu proses Azərbaycanda nisbətən ağrısız keçdi. Qeyd etmək zəruridir ki, qeyri-neft sektorunun yüksələn xətt üzrə inkişafı imkan verdi ki, Azərbaycan iqtisadiyyatı neftlə bağlı az itkilərlə üzləşsin. Ölkə üzrə qeyri-neft sektorunun coğrafiyası günbəgün genişlənir, yeni texnoparklar, aqroparklar təşkil olunur, istehsal gücləri işə salınır, kiçik və orta sahibkarlıq coşqun inkişaf edir. Kiçik sahibkarlıqdan söz düşmüşkən bir faktı xüsusilə qeyd etmək istərdim ki, son 2 ildə ölkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə "Özünüməşğulluq Proqramı" geniş vüsət alıb. 2016-cı ildə və 2017-ci ilin 8 ayında ölkə üzrə 1367 nəfər özünüməşğulluq proqramına cəlb olunub və bu sahə böyük perspektivlər vəd edir. Heç də təsadüfi deyil ki, əgər 2016-2017-ci illərdə bu işə 6 milyon manat ayrılmışdısa, 2018-ci ildə bu rəqəmin 35,8 milyon manata çatdırılması proqnozlaşdırılır. Hazırda Azərbaycan dövləti paternalizm prinsiplərini rəhbər tutaraq, öz əhalisinin imkanı zəif olan təbəqələrinə mümkün olan köməklikləri göstərir. Ancaq həmişə dövlətin himayəsində də yaşamaq mümkün deyil. Necə deyərlər, hər kəsin öz əli öz başı olmalıdır. Buna görə də dövlət "özünüməşğulluq Proqramına" böyük diqqət verir ki, mikro və kiçik sahibkarlıq zümrələri daha da inkişaf etsin. Tədricən imkanlı sosial yardımı yalnız o şəxslər alacaq ki, onların bu və ya digər səbəbdən işləmək imkanları həqiqətən də məhduddur. İş qabiliyyəti olan və iş tapa bilməyən şəxslər isə "özünüməşğulluğ"a cəlb olunacaqlar ki, onlar da ictimai-faydalı əməklə məşğul olub özlərinə və cəmiyyətə xeyir versinlər. Hesab edirəm ki, yaxın illərdə iqtisadiyyatın neft amilindən asılılığı maksimum dərəcədə azaldılacaq və qeyri-neft sektoru öncül mövqe tutacaq. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkədə sahibkarlar üçün çox münbit şərait yaradılıb.. Mən əvvəlki çıxış və məqalələrimdə qeyd etmişəm Azərbaycanda iri sahibkarlıq subyektləri artıq formalaşıb, istər ölkə daxilində, istərsə də xaricdə bu qəbildən olan sahibkarlar uğurlu fəaliyyət göstərirlər. Ancaq kiçik və orta sahibkarlıq ucu-bucağı görünməyən bir dəryadır. Bu sahibkarların sayı gündən-günə artır və hiss olunur ki, onlar iqtisadiyyatın inkişafının lokomotivi rolunu oynamaq əzmindədirlər. İnkişaf etmiş ölkələrdə ÜDM-da kiçik və orta sahibkarların istehsal etdiyi məhsulun və göstərdiyi xidmətin payı 60-65 faizə çatır. Bu, bizdə də belə olmalıdır. Bunun üçün mən üzümü əhalimizə tutub deyirəm ki, yaranmış münbit şəraitdən istifadə edin, istehsalla məşğul olun, heç olmazsa ilk növbədə özünüzü zəruri kənd təsərrüfatı məhsulları ilə təmin edin və tədricən bazara da çıxış əldə edin. Belə olarsa məhsul bolluğu da olar, işsizlik problemi də qismən həll olunar. Ayrı yol yoxdur, nicat kiçik və orta sahibkarlığın inkişafındadır.

-Cənab prezident il ərzində regionlara səfərləri zamanı həmin regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilmıəsinə dair müşavirələr keçirdi. Belə bir müşavirə sizin də millət vəkili olduğunuz regionda, sitrus meyvələri, çayçılığın inkişaf etdirilmısinə həsr edildi. Müşavirədən ötən dövr ərzində yəqin ki, görülən işlərlə maraqlanmısınız və bu istiqamətdə istər Lənkəranda, istərsə də digər cənub rayonlarında hansı işlər görülür, addımlar atılır? -Ümumiyyətlə,  perspektivdə bu sahənin inkişafı mümkün görünürmü?

-Möhtərəm Prezident cənab İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, respublika, regional müşavirələri keçirir. Belə müşavirələrdən biri də cari ilin sentyabr ayının 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi olub. Müşavirədə Proqram xarakterli çıxış edən cənab Prezident bu sahədəki mövcud vəziyyət və gələcək perspektivlərdən ətraflı bəhs edib. Deputatı olduğum Lənkəran rayonu ənənəvi olaraq çayçılıq, düyü və sitrus meyvələrinin vətəni kimi tanınır. Sovetlər dönəmində ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində Lənkəranda çayçılıq geniş inkişaf tapmışdı və 16 min tondan çox yaşıl çay yarpağından 4,2 min ton quru çay istehsal olunurdu ki, bu da respublikada çaya olan tələbatın 50 faizini təşkil edirdi. Çox təəssüf ki, 90-cı illərin əvvəllərindəki məlum hadisələrdən sonra bu sahə baxımsız hala düşdü. Hazırda rayonda 568 hektar çay sahəsi mövcuddur ki, bunun da 456 hektarı yeni salınıb. 2016-cı ildə rayonda cəmi 313 ton istehsal olunub. Son illər rayonda çəltikçiliyin və sitrus meyvələrinin istehsalını artırmaq üçün təsirli tədbirlər görülür və 2017-ci ildə 526,5 hektar sahədə çəltik əkilib, yeni emal zavodu tikilib. Sitrus bitkilərinin ümumi sahəsi 1228 hektardır. 2016-cı ildə 12,8 min ton sitrus məhsulu daxili bazara və Rusiya bazarlarına çıxarılıb. Bu sahələrin daha da inkişaf etdirilməsi üçün cənab Prezident 2017-ci il sentyabrın 12-də "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb və bu Sərəncamın yerinə yetirilməsi istər Lənkəranda, istərsə də digər Cənub rayonlarında xüsusi diqqət mərkəzindədir. Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, Lənkəranda bu il yeni bir ənənənin təməli qoyulub. Dekabr ayının 19-da Lənkəran şəhərinin mərkəzində H.Əliyev adına Xatirə Parkında "Çay, çəltik, sitrus" festivalı keçirilib və bu tədbir məhsul bolluğu bayramı xarakteri daşıyırdı. Tədbirdə rayondan seçilmiş deputatlar, sahibkarlar, fermerlər və çoxsaylı qonaqlar iştirak edirdi. Çox maraqlı keçən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov öz işlərində uğur qazanmış sahibkarlara mükafatlar, diplomlar təqdim edərək, onları qazandığı uğurlar münasibətilə təbrik etdi. Açığını deyim ki, bu ilk qaranquş olan festival məndə çox gözəl təəssürat yaratdı və bir daha hiss etdim ki, rayon rəhbərliyi, şəxsən cənab Taleh Qaraşov sahibkarlara necə qayğı göstərir, onların fəaliyyəti üçün necə gözəl münbit şərait yaratmağa nail olub. Doğrudan da Lənkəran rayonu son illərdə bir çox iqtisadi uğurları ilə, geniş abadlıq, quruculuq işləri ilə fəxr edə bilər. Rayonda tərəqqi, yüksəliş hər sahədə hiss olunur və sözsüz ki, bu inkişafın mərkəzində rayonun pasportu olan çay, çəltik və sitrus meyvələrinin ildən-ilə artan istehsalı dayanır.

-Bəs, qarşıdan gələn 2018-ci ildən gözləntiləriniz nədir?

-2018-ci ildən gözləntilərimiz çoxdur. İlk növbədə onu xüsusilə vurğulamaq istəyirəm ki, 2018-ci il Prezident seçkiləri ilidir. Bu ildə iqtisadiyyatımızda 1,5 faiz artım baş verməsi gözlənilir. Bu ildə bir çox sosial məsələlər öz həllini tapacaq. Çünki, dövlət büdcəsi 2017-ci ilə nisbətən 20 faizdən çox artırılıb. Minimum əmək haqqı 116 manatdan 130 manata, yaşayış minimumu 155 manatdan 173 manata çatdırılacaq. Sosialyönümlü xərclər 2017-ci ildəkinə nisbətən artıb 7 milyard 480 milyon və ya büdcənin 33,5 faizini təşkil edəcək. Ümumiyyətlə, 2018-ci ilə çox nikbin nəzərlərlə baxıram. Ən ümdəsi heç şübhəm yoxdur ki, Prezident seçkilərində xalq yenə də öz düzgün seçimini edib, növbəti dəfə də öz ləyaqətli oğlu İlham Əliyevi öz Prezidenti seçəcək.

Süleyman İsmayılbəyli 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR