Nigar Camal Röyaya sülh ÇAĞIRIŞI etdi: " Nömrəmi bilirsən, zəng et, danışıb görüşək"

Müğənni Nigar Camalın müsahibəsi.

"Deyirlər ki, Nigar o vaxt "Eurovision" musiqi yarışmasında qalib oldu, daha vaxtı keçib. Belə çıxır ki, bizim idmançılar gedib xarici ölkələrdə qalib olublar, indi onlar da heç nədir?" deyə Nigar yarızarafat, yarıəsəbi halda söhbətə başlayır. Yəqin ki, müsahibənin hansı mövzuda olacağından xəbərdar idi. Nigar Camal son dəfə ətrafında dolaşan qalmaqallardan danışaraq, bu məsələyə birdəfəlik nöqtə qoydu.

- Nigar, siz nədənsə hətta problemlərdən belə pozitiv danışırsınız. Olmaya son günlərdə yayılan söz-söhbətlər də sizə qətiyyən təsir etmir?

- Xeyr, əvvəl bir az ciddi qəbul etdim, sonra mənə "vız" kimi gəldi (gülür). Əhval-ruhiyyəm çox yaxşıdır, niyə əhvalımı lazımsız söhbətlərə görə pozmalıyam ki? Qarşıdan yeni il gəlir, böyük yeniliklərim olacaq. Yeni mahnılarla, yeni filmlə gəlirəm. Məni hal-hazırda ailəm və yeni işlərim maraqlandırır. Boş-boş söhbətlər həmişə olub, olacaq da.

- Sizin adınız indiyə qədər heç bir qalmaqalda hallanmayıb. Amma nədənsə "Altın kələbək" mükafatı, sözün əsl mənasında, başıbəlalı oldu. Hətta sizin başınızı da oyuna saldı. Elə bir oyun ki, mükafat gecəsi bitsə də, söz-söhbətlər hələ də bitib-tükənmir.

- Bu söz-söhbətlərdə küsən tərəf Röyadır. Mən qalmaqallı insan deyiləm, sadəcə olaraq ortada gəzənlər, Röyaya zəng edib yalnış informasiya verənlər çox idi. İlk dəfə Röya çıxıb sözünü dedi. Ən maraqlısı bu idi ki, o insanların (Röya ilə mənim aramı vuranların) özləri ilə mənim heç vaxt konfliktim olmamışdı. Biz bir neçə dəfə bir oturub yemək yemişik, görmüşəm ki, mənim adamım deyillər, sakitcə oradan uzaqlaşmışam. Bir daha mənimlə görüşmək istəyəndə isə onlara "işim var" deyib özümdən uzaqlaşdırmışam. Bu, mənim həyat taktikamdır. Həm də mən xoşlamıram yanımda oturub "o belədi, bu belədi" deyib qeybət etsinlər. Yanımda oturub, kiminsə üzünə gülərək pislik edən insanlar mənim adamım deyillər.

- Olmaya Röyada da bu xüsusiyyətləri görüb uzaqlaşmaq istəmisiz? Çünki Röya açıqlamasında Nihat Odabaşı ilə görüşə ilk öncə razılıq versəniz də, daha sonra imtina etdiyinizi bildirmişdi.

- Xeyr, söhbət belə olmayıb. Məndə hətta bizim yazışmalarımız da var. Röya yazdı ki, gəl görüşək. Dedim ki, mütləq görüşərəm. Amma hamı bilir ki, mən hər 4-cü gün Londona, ailəmin yanına uçuram. Mən övladlarımı və ailəmi qoyub kiminsə görüşünə gəlməli deyildim ki?! Mənim övladlarım mənim üçün çox önəmlidir. Mən Bakıda müğənni ola bilərəm, amma İngiltərədə anayam. Elə oldu ki, Nihat Odabaşı 5-ci gün gəldi, onda isə mən artıq Londonda idim.

- Deməli, aranızdakı qalmaqalın qığılcımı hələ Bakıda olanda yaranmışdı. Bu incikliyi öz aranızda həll edə bilməzdiniz?

- Bəli, əgər nəsə xoşuna gəlməmişdisə, mənə zəng edib deyə bilərdi. Sadəcə olaraq, əsəbi olub, İnstaqram-da yazıb və jurnalistlər də götürüb yayımlayıb. Biz mükafatlandırma gecəsində bir yerdə oturmuşduq və Röya səhnəyə çıxanda onun əlini sıxıb, təbrik etdim. Mən gözləyirdim ki, o ödülü alsın, sonra gedim. Durub arxasınca qaçmalı deyildim ki! Mən düşünürəm ki, Röya düzgün hərəkət etmədi! Amma yenə də mən onun cavabını kəskin vermədim. Hamı mənə deyirdi ki, sən susmağınla günahını boynuna aldın! Amma bu, belə deyildi. Sadəcə olaraq, "asıb-kəsmək", kimisə küçə söyüşləri ilə söymək mənlik deyildi. Mənim üçün böyük problem sevdiklərimin problemi ola bilər. Belə hallarda mən çox zəif insanam. Yalnız bu, mənim ürəyimi sındıra bilər. Kimsə nəsə danışmaq istəyirsə, danışsın. Mən buna da inglislərin psixologiyası ilə yanaşıram: "Kim nə istəyir danışsın, mən öz həyatımı yaşayıram" (gülür).

- Siz Türkiyəyə gedəndə bilirdiniz Röya qalib gələcək?

- Əlbəttə, hamımız əvvəlcədən bilirdik. Axı dekabrın 4-də "Altın kələbək"-in Bakıda təqdimatı artıq bitmişdi. Biz oradan bilirdik ki, ödülü Röya götürüb, orada həm mahnı oxuyacaq, həm də səhnədə danışacaq. Bir şampun şirkəti ilə müqaviləm olduğundan, onsuz da, Türkiyəyə getməli idim. Miri Yusifin konserti oldu deyə o getmədi.

- Qalib olmadığınızı bilə-bilə getdiniz?

- Bilə-bilə deyəndə ki, biz hamımız orada olmalı idik. Çünki müqavilə bağlamışdıq, mütləq şəkildə getməli idik.

- Belə çıxır ki, xalq artisti Aygün Kazımova elə vaxtında mükafatdan imtina etmişdi?

- Mənim üçün problem yoxdur ki, kim 1-ci dir, kim 2-ci. Mən yenə də deyirəm ki, Röya bizim ulduzumuzdur, nömrə birdir. Mən bunu deyirəm, həmişə də demişəm. Onun mahnıları daha çox dinlənilir. Röyanın mahnıları daha çox insanlara xoş gəlir, nəinki mənim mahnılarım. Mən, onsuz da, şou-biznesə qalib kimi gəlmişəm. Azərbaycanı Avropa ölkələrində Eldarla mən təmsil etmişəm. O qədər mükafat, ödüllərim var ki. Mənim üçün ən önəmlisi o idi ki, gecədə qəşəng görünüm. Qəşəng görünməyimin də səbəbkarı Anar Ağakişiyev idi. Çünki mən onun məsləhətlərinə inanıb, qulaq asdım.

- Anar son verdiyi müsahibədə sizə qarşı olan gizli aqressiyasını bir daha sübut etdi. Təqdimat gecəsində sizin yanınızda olan Anar nədənsə sizi yox, Röyanı müdafiə etdi.

- Anar, sadəcə olaraq, 3 gün əvvəl məndən küsüb. Bu 100 faiz dünənin acığıdır. Mən Anara deməmişdim ki, Röyanı sən bəzəmə?! Mən, sadəcə olaraq, Anara dedim ki, istəyirsən get Röyanı bəzə. Onsuz da, mən özüm bəzənəcəkdim, çünki mən həmişə özüm-özümü makiyaj edirəm. O, həmişə mənə deyirdi ki, bəsdir özün makiyaj etdin, gəl mən səni makiyaj edim. Mən bilirəm ki, onun xətrinə dəymişəm, o da çıxıb elə bir müsahibə verib. Amma mən olanı demişəm, üstünə nəsə qoymamışam. Əgər mən aqressiv olsaydım, bu qalmaqala da kəskin, aqressiv yanaşardım.

- Bu qalmaqaldan sonra Röya ilə aranızda telefon danışığı oldu?

- Xeyr, aramızda heç bir telefon danışığı olmayıb. Mənə bir bilsəniz, nə qədər insanlar direktə yazırlar ki, "boş ver".

- Barışıq ola bilər?

- Mən küsməmişəm ki, barışım (gülür). Küsən odur. Sadəcə olaraq, aramızı vurmaq istəyənlər çox idi, belə də oldu. Bizim qalmaqalımız digər şou nümayəndələri üçün daha maraqlı oldu.

- Röyaya son sözünüz nə ola bilər?

- Röya, əgər bir problem varsa, zəng et, oturub danışaq. Nömrəmi də bilirsən (gülür).

Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR