Zorakılığa məruz qalmış uşaqların davranışlarında kəskin dəyişikliklər baş verir

Günel Aslanova: "Bu əlamətlərin nəzərə çarpması valideyn və pedaqoqlar üçün siqnal olmalıdır"

Uşaq intiharlarının və uşaqlara qarşı zorakılıq hallarının artması və bununla bağlı maarifləndirmə işlərinin zəifliyi cəmiyyətin sağlam inkişafına böyük maneələr yarada bilər. Bu problemin həlli və bu istiqamətdə atılacaq addımlar kimliyindən, mövqeyindən asılı olmayaraq hər kəsi düşündürməlidi.

Bu məqsədlə Bakı Dövlət Universitetinin müəllimi, doktorant, psixoloq, paixoterapevt Günel Aslanova ilə olan müsahibəni təqdim edirik.

- Uşaqların sağlam psixologiya ilə böyümələri üçün məktəblərdə müəllimlər və direktorlar nələrə diqqət yetirməlidirlər?

- Uşaqların şəxsiyyətinin inkişafının mühüm mərhələləri demək olar ki, məktəbə başlayıb məktəbi bitirmələri ilə üst-üstə düşür. Şəxsiyyət isə cəmiyyətdə, mühitdə formalaşır. Nəzərə alsaq ki, uşaqlar zamanlarının xeyli hissəsini məktəbdə keçirirlər, məktəbin də ailə qədər uşaq psixologiyasına olan təsirinin qaçılmaz olduğunu görə bilərik. Bu bir neçə cümlədən alınan məntiq budur ki, məktəb mühitinin necə təşkil olunmasından asılı olaraq uşaq şəxsiyyətində də müvafiq dəyişikliklərin olması labüddür. Məktəbdə başda direktor olmaqla müəllimlərin uşaq şəxsiyyətini qorumaq və inkişaf etdirmək istiqamətli olması, bu istiqamətdəki həssaslıqları mühümdür deyə düşünürəm. Bəzən ənənəvi yanaşmanı dəstəkləyən pedaqoqlar uşaqlara ancaq biliklərin aşılanması mövzusunda mərkəzləşirlər. Bilikləri mənimsəmək, ümumiyyətlə, intellekt fərdi, mürəkkəb anlayış olduğu üçün uşaqlar bu prosesdə bir-birindən fərqlənirlər. Yəni biri daha yüksək, mükəmməl nəticələr göstərdiyi halda digəri daha aşağı nəticələrə malik olur. Bilik mərkəzli pedaqoq isə bu halda təbii ki, uşaqları bir-birindən fərqləndirəcək. Bu isə nəticəvi olaraq şagirdlərin bir qismində xudbinlik, digərlərində isə özünüqiymətləndirmənin aşağı olması şəklində fəsadlara gətirib çıxara bilər. Lakin müasir təhsilin vəzifəsi biliklərin aşılanması ilə məhdudlaşmayıb, şəxsiyyəti də ehtiva edəcək, hətta onu daha ön sıralara çəkəcək qədər daha genişdir. Pedaqoq şagirdə münasibətdə özündən aşağı olan kimi deyil, özünə bərabər  biri kimi davranarsa şagird sağlam özünüqiymətləndirəcək, özünü ifadə edə biləcək, müstəqil, sərbəst düşünməyi, davranmağı bacaracaq, cəmiyyətə isə daha yaxşı adaptasiya olmaqla yanaşı, töhfələrini də verəcək, yararlı biri olacaqdır.

 - Uşaqların istirahət zamanlarını cizgi filmləri izləmələri məsləhət görülür. Amma son zamanlar bəzi cizgi filmlərində şiddət və cinsi səhnələr yer alır. Valideynlər uşaqların istirahət saatını necə və nə ilə təmin etsinlər?

- Valideynlər uşaqların istirahət vaxtlarında əsasən canlı ünsiyyətin üstünlüyünə diqqət edərlərsə uşaq psixikasının sağlamlığı baxımından daha faydalı ola bilər. Bura həm uşaqların fiziki, mədəni, mənəvi, həm də əqli inkişafını əhatə edən oyun, fəaliyyət və əyləncələr daxildir. Canlı ünsiyyətin üstünlüyünü qorumaqla valideyn uşağı virtual aləmin onun psixikasına olan neqativ təsirlərdən qoruyur. Əlbəttə ki, cizgi filmlərininin də öyrədici, inkişafetdirici təsirləri vardır. Lakin burada kəmiyyət və keyfiyyətə diqqətsizlik onun pozitiv tərəflərindən daha çox neqativ tərəflərini qabarda bilər. Kəmiyyət dediyimiz cizgi filmlərini izləmənin sayı və zamanında olan limitsizlik, keyfiyyət dediyimiz qeyd etdyiniz məzmun məsələləridir. Fəsadlarına isə uşaqlarda aqresiya və davranış pozuntularının yaranması ilə yanaşı, onların informasiyanı daha asan şəkildə əldə etməyə meylli olmaları aiddir. Uşaq 10 dəqiqəlik cizgi filmində aldığı informasiyanı 1 saat mütaliə edərək alacağı informasiyadan daha asan hesab etdiyi üçün mütaliədən yayınır. Son zamanlar uşaqların dərslə məşğul olmaqdan tutmuş digər sahələrdəki motivasiyasızlıqlarına qədər iradi sferalarında baş verən əksər dəyişikliklər valideynlərin bu qeyd etdiyimiz kəmiyyət və keyfiyyət məsələlərini nəzərə almamaları ilə bağlıdır.

- Cəmiyyətdə yetginlik yaşına çatmayan uşaqların cinsi təcavüzə məruz qaldıqlarının şahidi oluruq. Çox zaman uşaqlar belə bir durumu valideynlərindən gizlədirlər, qorxullar. Hansı əlamətlərlə valideyin uşağın təcavüzə uğradığını anlaya bilər və bu zaman psixoliji olaraq uşağa necə yanaşılmalıdı?

- Zorakılığa məruz qalmış uşaq bir çox hallarda baş verən hadisədə özünü günahkar hiss edir, çaşqın olur, utanır. Xüsusən də zorakılıq edən ailə üzvlərindən və ya ailəyə yaxın olan adamlardan biridirsə uşaq zorakılığa məruz qalması haqqında kimsəyə danışmaqdan qorxur, çəkinir. Bu uşağın davranışlarında kəskin dəyişikliklər baş verir, aqressiv, əsəbi, qıcıqlı olur, məktəb performansında zəifləmələr yaranır, depresiya, intihar meylləri müşahidə edilir. Diqqət ediləcək məqam odur ki, bütün bu dəyişikliklər qəfil və kəskin şəkildə baş verir. Bir uşaqda bu əlamətlərin nəzərə çarpması valideyn və pedaqoqlar üçün siqnal olmalıdır. Uşağın yaşına xas olmayan dərəcədə seksual həyat haqqında məlumatlılığı, başqa uşaqlara cinsi zorakılıq etməsi, paltarlarında qan ləkəsinin olması, gəzərkən və ya oturarkən ağrıması, onda seksual yolla yoluxulan virusun aşkarlanması seksual zorakılığın birbaşa əlamətlərinə daxildir. Valideyn bu halları aşkarlayarsa uşağa qarşı yalnız qınaq və ittihamdan uzaq şəkildə yanaşa bilər. Əks halda uşaq qapanacaq və hətta yalana meyllənəcəkdir. Eyni zamanda valideynin daxilən özünün hiss etdiyi, yaşadığı qorxu və qəzəb hislərini də uşaqdan gizlətməyi bacarması çox önəmlidir. Anlayış və sevgi dolu səslə ünsiyyət qurularsa uşaq təcridən baş verən hadisə haqqında danışmağa başlayacaqdır. Ünsiyyətdə uşağın aldığı mesajın "sən nə etsən də, sənə qarşı nə baş versə də mənim sənə olan sevgimdə dəyişən nə isə yoxdur, hər zaman səni sevirəm" olmasına diqqət etmək mühümdür.

- Son günlər Türkiyə mətbuatı mütəmadi olaraq valideynləri uşaqlarını təcavüzdən necə qorumalı, onlara özəl orqanlarının toxunulmaz olduğu mövzusunda maarifləndirici verilişlər, yazılar təqdim edirlər. Sizcə, valideynlər uşaqları bu kimi hadisələrlərlə bağlı necə məlumatlandıra bilərlər? Bizdə bu mövzuda hansısa tədbirlər görülürmü? 

- Həm ailədə, həm məktəbdə bu istiqamətdə tədbirlər görülməli, maarifləndirici kampaniyalar təşkil olunmalıdır. Bir çox hallarda valideynlər uşaqlarla cinsi mövzularda danışmağı doğru hesab etmirlər, nəticələr isə çox ağır olur. Valideyn övladına bədəninə özünün sahib olduğu düşüncəsini aşılamalı, yad insanlarla fiziki təmasa icazə verməməyin, bədəninin toxunulmazlığının zəruriliyini bildirməlidir. Bu zaman məsafə və insan anlayışlarının qarşılıqlı əlaqəsi haqqındakı biliklərdən istifadə edə bilər. Məsələn, ictimai zona (3,6 m-7,6 m. arası), sosial zona (1,2 m-3,6 m arası), şəxsi zona (45 sm-1,2 m arası), intim zonalara (45 sm-ə qədər) kimlərin daxil ola biləcəyini uşağın özü ilə şəxsi nümunələr əsasında müzakirə edə bilərlər. Bununla yanaşı valideyn övladına "yox" deməyi öyrətməyi bacarmaqla da onu zorakılıqdan qoruya bilər. Əsasən kollektivist cəmiyyətlərdə "yox" demək, imtina etmək qarşı tərəfi üzməklə assosiasiya olunduğu üçün insanlar bu sözdən çəkinir, istifadə etməməyə çalışırlar. Nəticədə isə ya daxili istəyinə qarşı olub "hə" deyərək istəmədiyi davranışı həyata keçirir, ya da dediyi "yox"u yumşaq şəkildə çatdırmaq üçün gülüş və digər  xoş mimikalardan istifadə edir. Yumşaq şəkildə deyilən "yox" isə "hə" kimi qavranıldığı üçün qarşı tərəfi istəyində israrlı edir. Bu səbəbdən də valideynlər uşaqlarına ən adi həyati nümunələrdə belə arzu etmədiklərindən əmin şəkildə imtina edə bilmələrini təbliğ etməli, bu halda deyilən ifadə və bədən diliarasındakı uyğunluğa diqqət etməlidirlər. Belə yetişdirilmiş uşaqlar uşağa qarşı zorakılığın istənilən növündən böyük ehtimalla qorunmuş olurlar.

 - Təcavüz zamanı ciddi psixoloji pozğunluq yaşayan uşaqların gələcək həyatlarında bu travmalar hansı hallarda özünü daha qabarıq büruzə verir?

- Əsasən münasibətlərdə çətinliklər yaşayırlar. Güvən, etibar hissindən məhrum olmaları, ətrafdakı şəxsləri təhlükəli kimi qavramalarına səbəb olur. Bu isə dostluq, yoldaşlıq, sevgi hislərinin formalaşmasına da mane olur. Psixi sağlamlığın başlıca meyarı ünsiyyətdir. Ətrafında güvənli münasibətlərdən məhrum olan şəxs isə özünü ifadə, izhar edə bilmədiyi üçün aqressivləşir. Adətən təcavüzə uğrayan şəxslərin daxilə və ya xaricə yönəlmiş aqresiya yaşamalarının səbəbi bu mexanizm əsasında baş verir. Cinsi münasibətlərdəki çətinliklər isə ya bütünlükdə ondan imtina etmək, ya aşırı partnyor dəyişmək, ya da cinsi münasibəti ağrılı və zövq almadan yaşamaq şəklində özünü büruzə verir.

- Son günlər uşaq intiharlarının sayında artım müşahidə olunur. Hansı səbəblər və hansı ortam uşağı intihar haqqında düşündürə bilər?

- Uşaqların intiharı törətmələrinin əsasında bir çox səbəblər dayanır. Bəzən uşaqların intiharın mahiyyəti haqqında məlumatsız olmaları onların intiharı törətməklərinə səbəb olur. Belə ki, bir uşağın izlədiyi filmdə intihar məzmunlu və ya intihara səbəb ola biləcək hərəkətlərlə rəngli (məsələn, hündürlükdən atılmaq) bir süjet ona maraqlı gələ bilər. İntihardan sonra yaşamın bitəcəyini təsəvvür etmədiyi üçün uşaq hadisəni həyata keçirir. Bu tip uşaq intiharlar valideyn nəzarətinin ciddi olmadığı, uşağa qarşı etinasız münasibətin bəsləndiyi mühitlərdə baş verir.

Yeniyetmələrə isə isə ətrafdakılardan qisas almaq motivli olan demonstrativ və affektiv intiharlar xasdır.  Demonstrativ intiharlar davranış pozuntuları fonunda baş verir. Adətən valideynin pedaqoji səriştəsizliyi nəticəsində uşaq qaydalara tabe olmaq istəmir. Belə uşaqların valideynləri onların istəklərini uşağın təzyiqi vasitəsilə yerinə yetirməyə alışırlar. Bu istəklər ifrat həddə çatdıqda valideyn təmin etməkdən çəkinir. Uşaq isə inadkarlığını daha yüksək təzyiqi simvolizə edən intihar şəklində nümayiş etdirir. Bu tip intiharlar əsasən disfunksional ailələrdə baş verir.

Affektiv intiharlar isə güclü, kəskin hiss doğuran (qəzəb, nifrət, təhqir olunma) hadisələrin təsiri altında baş vermiş olur. Hadisədən çox qısa müddət sonra intihar baş verir. Özgüvəni sarsılmış, təhqir olunmuş, bundan sonra necə yaşayacağını təsəvvür edə bilməyən uşaq həmin məqamda dəstək alardısa, sevildiyini hissi edərdisə intihar baş verməyəcəkdi. Çünki bu tip intihar törədən uşaqlar yaşamaq istəmədikləri üçün deyil, necə yaşayacaqlarını təsəvvür edə bilmədikləri üçün intiharı seçirlər. Övladının psixoloji durumuna qarşı həssas və diqqətli olan valideyn onun əhvalında baş verən dəyişikliklərin fərqinə varacaq və nəticəvi olaraq da anlayış, qayğı, dəstək və sevgini nüşayiş etdirməklə intiharın qarşısını ala biləcəkdir.  

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR