Evlilikləri bitirən səbəb kənar müdaxilələrdir

Cəmiyyətdə ikinci evliliyi arzulayan, amma bununla belə böyük qorxular yaşayan tərəflər var. Bu qorxulardan ən başlıcası ikinci evliliyin birincidəki kimi uğursuz olacağıdır.

Bu qorxular üzərində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən münasibətlər üzrə mütəxəssis, həmyerlimiz Şəbnəm Sadıqova ilə müsahibəni təqdim edirik.

- İkinci evlilik zamanı hansı tərəf daha çox tərəddüd edir: kişilər, yoxsa qadınlar?

- İkinci evliliklərdə ya tərəflərdən hər ikisi yenidən ailə qurur, ya da sadəcə biri. Belə halda hansı cinsiyyətə məxsus olmağından asılı olmayaraq, hər ikisi də tərəddüd edə bilir. Bu, əslində təbii haldır. İlk dəfə evlənəcək olan biri, daha əvvəl bu təcrübəni yaşayan biri ilə bir yola başlamağı planlaşdırır. Öncəki münasibətlərin təsiri olduqca böyükdür. İlk evlilikdən qalan travmalar, dözümsüzlüklər, parçalanmış hisslər, xatirələr, əşyalar və s. Hər ikisi də ikinci evliliyini edəcəksə, bu zaman daha çox ölçüb - biçmək istəyirlər. Birinci evlilikdən olan təcrübələr bəlkə də yararlarına çatar, lakin, yeni münasibətlərdən gözləntiləri çox yüksək ola bilir. Belə vəziyyət üçün ən çox deyilən ifadə "süddən ağzı yanan, qatığı üfürərək içər"dir. Sözün əsl mənasında, çox zaman yaşananların xülasəsi budur.

 -İlk evlilikdə tərəflərin ailə ortamına uyğunlaşma müddəti ilk 5-6 il qeyd olunur. İkinci evliliklərdə bu müddət nə qədərdir?

-İndi o 5 - 6 il, bir neçə aya bərabər olub artıq. Münasibətlər də məhsul kimi tez tükətilir. Əvvəlki evlilikdən təcrübəli olmaqları, bəzi proseslərin daha sürətli keçməsinə kömək edə bilir. Cütlük əvvəlkindən daha çox problemin çözümünə yönəlik düşünməyə çalışa bilər, mübahisəni uzatmaz, cinsi həyata önəm verər, təcrübəli ana - ata rolları ifa edərlər.

 -İkinci evliliklərdə yaranan problem daha çox nələrdən qaynaqlanır?

-Əgər münasibət şəffaf deyilsə, əvvəlki evlilikdən olan insanlarla hələ də əlaqə varsa, cütlüklərdən biri digərinin övladını qəbul edə bilmirsə və ya tərəflərdən birinin ailəsi boşanmış digərini gəlin (kürəkən) olaraq qəbul etmirsə, daima köhnə münasibəti ilə yenini müqayisə edirsə və s. kimi hallar çaxnaşma yarada bilir.

- İkinci evlilikdə yaranan problemlərdə tərəflər nə dərəcədə bir - birlərinə anlayış göstərirlər?

-Anlayış göstərməyə "məcburdurlar". Çünki, bu dəfə səhv etməməlidirlər. Bu dəfə nə olursa - olsun, evliliyi (əvvəlkinə nisbətən) uzun tutmalıdırlar. Belə olduqda, artıq başqalarının nəzərində ilk evliliyin problemli tərəfi avtomatik olaraq qarşıdakı şəxs olacaq. Bir növ, burada özünü təsdiqləmək və təmizə çıxarmaq tələbatı vardır. 
Digər halda isə, bunun səmimi olaraq yaşandığı həyatlar da var. Yəni, ilk evliliklərindən dərs almış cütlük, dürüstlüyə və şəffaflığa önəm verməyə başlayır. Münasibətdə açıq və içdən olmağa çalışır. İndi əlində olan dəyəri daha böyük həssaslıqla qorumağa yönəlir.

 -Bütün ailələrdə problem halını alan qısqanclıq hallarına birinci, yoxsa ikinci evliliklərdə daha çox rast gəlinir?

-Sahiblənmə və qısqanclıq duyğuları, başqa adı ilə (ümumiləşdirsək əgər) fetişistik və asılı münasibətlər birlikdəliklərin düşməni halına gəlir. Lakin, ikinci evliliklərdə bunun rəngi biraz daha fərqlidir. Buraya partnyorun əvvəlki birlikdəliyi, o birlikdəlikdən olan uşaqları, boşandığı yoldaşı ilə hansı sıxlıqla qarşılaşmağı, onun haqqında hansı üslubda danışmağı və s. aralarındakı münasibətə gərginlik gətirə bilir. Bu səbəbdən də, münasibətin ən başından dürüst olunmalı və bütün şərt - şəraitlər danışılmalıdır. Əvvəlki evlilikdən olan dost - tanışlarla görüş haqqında, ayrıldığı yoldaşıla ortaq övladları xaricində görüşlərin olmamağına dair və digər məsələlər haqqında ortaq razılığa gəlinməlidir. Münasibətdə hər iki tərəf nə qədər çox şəffaf və demokratik olarsa, bir o qədər əmin -aman illər keçirərlər.

 -Hansı yaş qrupunda olan uşaqlar valideynlərinin ikinci evliliklərini anlayışla qarşılayırlar?

-Uşağın valideyninin yenidən evlənməyindən daha az təsirlənməyinə görə düşünsək, böyük yaş qrupları buna uyğun gəlir. Çünki, vəziyyəti daha məntiqli anlaya bilirlər və böyük yaş qrupu olduğu üçün özlərini daha müstəqil idarə edə bilirlər. 
Çətinliklərin daha az yaşandığı dövrü düşünsək, bura azyaşlı uşaqları misal gətirə bilərik. Çünki, daha rahat uyğunlaşa bilirlər. 
Yeniyetməliyin başlanğıc dövrlərində isə vəziyyət daha gərgin ola bilər. Bu yaş dövrlərində evdən qaçmalara da çox rast gəlinir. Valideynin evliliyinə etiraz forması ola bilər bu davranış. 
Evlənən valideynin yanında yaşamalı olan uşağın cinsiyyəti də önəm daşıyır. Evlənəcək olan ana ilə oğlanın yaşamağı qızın yaşamağından, evlənəcək olan atanın yanında qızın yaşamağı oğlanın yaşamağından fərqlidir. Ataları ilə yaşayan qızlar və anaları ilə yaşayan oğullar özlərini evin qadını və ya kişisi olaraq görürlər. Belə olan halda evə gələn yeni şəxs onun rolunu əlindən alacaqdır. Beləliklə də, yeni gələn şəxsi uşaq özünə düşmən, dəvətsiz qonaq, bir rəqib olaraq görür. Bu səbəbdən də ona isinməyi, onu qəbul etməyi bir az zaman alır. Bu müddətdə uşaqdan zoraki olaraq ona ata və ya ana deməyi, onunla bir çərçivədə davranmağı tələb olunmamalıdır. Uyğunlaşmağa və məntiqlə düşünməyə başladıqca, situasiyaya baxışı da dəyişəcəkdir.  

-Tərəflərin 2 - ci evliliklərində ailədaxili məsələlərinə yaxın çevrələrinin müdaxiləsi nə dərəcədə təsir edir?

-Ən az ilk evlilikdəki qədər. Çox zaman evlilikləri bitirən səbəb də elə məhz kənar müdaxilələrdir. Əvvəlcədən evlilik keçirmiş birinə qarşı muhakiməli yanaşmalar subay insandan daha qabarıqdır. Fərqli ssenarilər quraraq cütlüyün həyatını çətinə sala bilirlər. Cütlük gərək ki, qərarlarına və planlarına 3-cü şəxsləri qatmaya. Öz şəxsi sahəsinə hörmət edən və önəmsəyən cütlük, kənar müdaxilələrin şiddətini azaltdığı kimi, ailəiçi gərginliklərə də birbaşa müsbət təsir göstərməyi bacaracaq.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR