“İstəmirsiniz videolarıma baxmayın”- VİDEO

Nuranə Abıyeva: "Sırf bizə məxsus jestika yoxdu"

"İşarət dili ilə heç bir əlaqəm olmayıb. Nə ailəmdə, nə dostlarım arasında nitq məhdudiyyətli insanlar olmayıb.Gündəlik həyatımda həmişə mimikalardan, əllərdən geniş istifadə edən biriyəm. Danışanda əllərimdən çox istifadə edən biri olduğum üçün işarət dilini rahatlıqla öyrəndim. Heç vaxt gələcəkdə işarət dilini öyrənəcəm kimi bir fikrim də olmayıb və bu haqda geniş məlumatım da yox idi. Loru dildə desək, mən də çoxu kimi  lal - kar dili olaraq bilirdim, hansı hərəkət hansı sözü ifadə edir haqqında da heç bir anlayışım olmayıb" - bunu son günlər sosial şəbəkələrdə nitq məhdudiyyətli gənclər üçün videolar hazırlayan Nuranə Abıyeva bildirir.

Müsahibimizişarət dili üzrə dərslər, layihələr təqdim edən, nitq məhdudiyyətli gəncləri cəmiyyətə qaytarmaq istiqamətində onlarla birgə çalışan  Nuranə Abıyevadır.

- Necə oldu ki, işarət dili üzrə tərcüməçi kimi fəaliyət göstərməyə başladınız? Ailənizdə, yaxın çevrənizdə nitq qüsurlu insanlar var idi?

- Sadəcə türklərdə bir video görmüşdü. Orada mahnını jestlərlə, əl hərəkəti ilə nitq qüsurlu insanlara təqdim edilirdi. Bu mənə çox maraqlı gəldi və həmin videoya baxa-baxa mən də eyni hərəkətləri təkrarlayıb, videolara çəkib sosial şəbəkələrdə paylaşdım. Çəkdiyim videolara maraqla qarşılanmaqla yanaşı, bu sözdə niyə bu hərəkəti etdin, niyə məhz bu hərəkət edilməlidi kimi suallar çox olurdu və bu mənim özüm üçün də maraqlı idi. O suallar əsasında mən jestika haqqında araşdırma apardım. Bir müddətdən sonra nitq məhdudiyyəti olan bir oğlanın nişanlısı mənə yazdı. Həmin xanım bildirdi ki, türk jestikası ilə bizim jestika çox fərqlidi. Ondan sonra hər ölkənin fərqli jestikası olduğunu bildim. Daha sonra onlarla görüşdüm və dost olduq. Oğlanın nişanlısına bağışladığı Jestika ilə bağlı kitabı bir müddətlik mənə öyrənməyə verdilər. Öyrəndikcə özümdə jestiknın alındığını gördüm və daha da həvəslə öyrənməyə başladım. Bilmədiyim hansısa söz, hərəkət olnda nitq qüsurlu dostlarıma müraciət edirdim.

Mən özüm öyrənən zaman gördüm ki, bu dili öyrənmək üçün kitabdan, videoardan çox nitq məhdudiyyətli insanların əhatəsində olmaq və gündəlik həyatda mütamadi bu dili istifadə etmək lazımdı. İki ildi bu işin içindəyəm. Bir ilim türk jestikasını öyrənməyə gedib. İşarət dilini hər yerdə tətbiq etmək olur. Məsələn, kliplərdə, reklam çəkilişlərində və.s Bu sahələr geenişləndikcə mənə dahada maraqlı gəldi.

 - Yeni, siz bu dili heç bir müəllimdən öyrənməmisinz?

-Yox, jestikanı mənə heç bir müəllim öyrətməyib. Mənim şansım onda gətirdi ki, bu dili mənə məhz nitq qüsurlu insanların özləri öyrətdi. İlk başlayanda mənə bayaq söz açdığım cütlük - nitq qüsurlu oğlan və heç bir nitq qüsuru olmayan qız, bir də Qara Qarayevdə 3N-li Eşitmə və Danışma məhdudiyyətli uşaqların məktəbində çalışan müəllimə yazdı. Bu cür videoları ölkəmizdə ilk dəfə gördüyünü, türk jestikası ilə bizim jestikanın fərqli olduğunu və bizim jestikanın daha çox rus jestikasına yaxın olduğunu bildirdi. Və həmin müəllimə mənə jestikanı nöyrənmək üçün lazım olan ilkin kitabı hədiyyə etdi. Sosial şəbəkələr vaistəsilə videolarım paylaşıldı, videoların altında adım etiketlənirdi. Nitq məhdudiyyəti olan gənclər və ya onların yaxın çevrələri mənə yazmağa başladı.

Öyrəndikcə, videolar paylaşıldıqca artıq gənclər arasında maraq yarandı və öyrənmək istəyənlər oldu.Öyrəndikcə öyrətməyə başladım və tələbələrim oldu. Yavaş-yavaş dərs deməyə başladım. Sonda yekun imtahanını həmişə özüm yox, məhz məhdudiyyətli gəncləri dəvət edirəm, onlar götürürlər. Hər dəfə gələn nitq qüsurlu özü ilə bərabər başqa dostunu da gətirirdi. Beləliklə, çevrəmiz genişləndi. Müxtəlif yerlərdən - universitetlərdən, məktəblərdən, müəssələrdən görüşlər, öyrətmək, birgə layihələr etmək təklifləri gəldi. Bəzən, layihələrdə, dərslərdə bilmədiyim sözlər olurdu. Mən onların heç birindən qaçmırdım, imtina etmirdim. Çünki, bilirdim ki, bilmədiyim sözü soruşacaq, mənə öyrədəcək insanlar, dostlar var.

İlk layihəm Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin xahişi oldu. Onlar mənə Məhəmməd Əmin Rəsulzadənin "Gəncliyə xitab"nı jestika dili ilə videoya çəkilməsini istədilər. Təsəvvür edin jestikaya yeni başlamışam və 1-2 söz bilirəm. Yenə də qorxmadım. Əmin olduğum insanlar var idi. Hər yeni layihə, hər yeni dərs mənim üçün yeni bir söz idi.

Sonra qarşıma valideynləri nitq qüsurlu olan iki ayrı gənc çıxdı. Onların da mənə çox böyük köməkliyi oldu. Hər dəfə sanki allah özü mənim qarşıma bu insanları çıxardırdı.

 - Jestikaya maraq göstərənlər gənclərdi və bu dil bəlkə də gələcəkdə onlara geniş iş imkanı yaratmayacaq. Məsələn, ingilis, rus dillərini mükəmməl öyrənən gənclərin gələcəkdə iş imkanı daha genişdi, nəinki jestikanı öyrənən gəncin. Sizcə, jestikaya bu qədər marağın olma səbəbi nədir?

- Doğru deyirsiniz. Mən özümdən demək istəyrəm. Mənim heç vaxt jestika ilə məşğul olmaq, nitq qüsurlu insanlara dəstək olmaq kimi ideyam olmayıb. Mənim jestikaya gətirən gündəlik həyatımda əllərimdən çox istifadə etməyim və bu sahəyə marağımın yaranması oldu. Daha sonra onların içində olanda insan düşündüm ki, həqiqətən də öyrənmək və öyrətmək  lazımdı. Mən də təzə- təzə məşğul olmağa başlayanda çoxu deyirdi ki, nəyinə lazımdı, sən bundan maddi təlabatlarını ödəyə bilməyəcəksən, bu sənin təhsil aldığın sahə deyil və.s Mənim cavabım isə həmişə belə olub: "İstəmirsiniz videolarıma baxmayın".

Tələbələrimə də ilk sualım belə olur ki, niyə bura gəldiniz? 90 faizi bildirir ki, onlarla ünsiyyətdə olmaq istəyirlər, onların dünyasının maraqlı olduğunu düşünürlər. 10 faizi isə yaxın çevrəsində olan nitq qüsurlu insana görə gəlir. Bəziləri, isə işinə görə gəlir.

- Nuranə xanım, siz nitqi qüsurlu insanlarla daha çox ünsiyyətdə olursunuz. Onların dünyalarını necə təsvir edə bilərsiniz?

-Əslində onlar - nitq məhdudiyyətli insanlar xaraktercə bir az çətin olurlar. Eşitmədikləri, danışmadıqları üçün hər şeyi yaxşı görürlər, təsir altına tez düşürlər. Onları kiminsə yaxşı və pis olduğuna inandırmaq asandı. Bu o demək deyil ki, onlarda düşünmə, analiz etmə qabiliyyəti yoxdu. Onlar sadəcə, bizim gördüyümüz pisliklərin içində olmurlar, o pislikləi eşitmirlər deyə, hər şeyə inanırlar.

Hər kəs məhdudiyyətlilərin mənimlə bu qədər yaxın münsibətdə olmalarına bir az qısqanclıqla yanaşır. Dəfələrlə demişəm ki, mən heç bir məhdudiyyətli insana maddi yardım etmirəm, onları işlə təmin etmirəm. Mən onları dinləyirəm, onlar üçün maraqlı olacaq nələrsə etməyə çalışıram. İşarət dili üzrə conversation,partilər təşkil edib, onları cəmiyyətə qaytarmağa çalışıram. Conversation- da  bir qayda var idi ki, məhdudiyyətli gənc öz dilini nitq qüsuru olmayan gəncə öyrətməli idi. Özləri dialoq qurmağa çalışırdılar. Mən və komandam arada sadəcə vasitəçi rolunu oynayırdıq. 8 həftə davam edən conversation-da inanın ki, o qədər nitq məhdudiyyəti olan gənclər başqaları ilə ünsiyyət qurmağa can atırdılar ki... İndi də israrla yenə conversationlar təşkil etməmizi istəyirlər. Mövzu seçməkdə, ünsiyyət qurmaqda çətinlik çəkənlər növbəti həftələrdə çox zaman heç bizə ehtiyacları olmurdu. Özləri mövzular seçirdilər və çox rahat şəkildə də bir - birləri ilə müzakirə edirdilər. Beləliklə, onlar cəmiyyətə adaptə oldular. Sayımız genişləndikcə layihələrimiz də çoxaldı. Məndən sonra mənim ilk tələbələrim, hazırda komandam olan gənclər layihələr etməyə başladılar. Hətta tələbələrimin də tələbələri var. Bu da mənm uğurumdu.

- Bu günə qədər nitq qüsurlu gənclər üçün iki filmi, bir tamaşanı işarət dilində onlara təqdim etmisiniz. Reaksiyalar necə idi və gələcəkdə bu yöndə işləriniz olacaqmı?

- Bu yaxınlarda "Xənnas" filmini təqdim etdik. Həmin gün Nizami kinoteatrı sırf onlara xidmət etdi. Təqdimatlarda filmlərdə iştirak edən qəhrəmanlar onlar üçün gəlirlər, görüşürlər, onlarla şəkillər çəkdirirlər. Bizə dəstək olurlar. Bu günə qədər məhdudiyyətli gənclərin valideynləri ilə görüşəndə hər biri bu layihələrin uşaqlarda necə xoş təəsürat yaratdığından danışır. Əslində, "Xənnas" qorxu filmidi, amma flmin qəhrəmanlarının məhz onlar üçün ora gəlmələri, onlara diqqət göstərmələri onları çox sevindirdi.

Gələcəkdə gənclər üçün film günləri yox, nitq məhdudiyyəti olan uşaqlar üçün layihə düşünürük. Təbii ki, məhdudiyyətli gənclər də iştirak edə biləcəklər. Sadəcə bu dəfə uşaqları düşünmüşük. Cizgi filminin adını açıqlamaq istəmirəm, amma məşhur bir cizgi filmini nitq məhdudiyyətli uşaqlar üçün işart dilinə tərcümə edəciyik və bu layihəmizi 2018 - ci ildə etməyi düşünürük.Təqdimata məşhur simaları öz övladları ilə birgə dəvət edəcəyik. Təbii ki, 2018 - ci ildə başqa layihələrimiz olacaq.

- Bildiyim qədəri ilə rəsmi qurumlarla da birgə layihələr həyata keçirirsiniz.

- Bəli, ASAN xidmətlə iki layihəmiz olub. Sonuncu layihəmiz yaxın günlərdə sırf məhdudiyyətli qızlar üçün bir aylıq İKT təlimlərimiz oldu. "Veysəloğlu" şirkəti ilə, "Bank of Baku" ilə bir sıra layihələrimiz olub. İstər rəsmi qurumlar istərsə də göz önündə olan məşhurlar - hər kəsə onlarla birgə olmaq, işləmək çox maraqlıdı. Amma təbii ki, ilk olaraq həmin isanları, gəncləri cəmiyyətə qaytarmaq, tanıtmaq lazımdı. 5-6 il bundan öncə ümumiyyətlə belə bir şey yox idi. Türkiyədə, Rusiyada və digər ölkələrdə olurdu, Azərbaycan da isə olmayıb.

Biz istər rəsmi qurumların, istərsə də nitq məhdudiyyətli gənlərin özlərinin, valideynlərin, onlara dəstək olmaq istəyən məşhur simaların inamını, etibarını qazanmışıq. Hansı valideyinə, məşhura, rəsmi dövlər müəssələrinə layihə ilə müraciət ediriksə hər zaman bizə dəstək olurlar.

- Məhdudiyyətli gənclərin kitaba, ədəbiyyata marağı nə dərəcədədi?

- Aralarında kitaba, təhsilə marağı olanlar çox deyil. Boş vaxtlarını keçirmək üçün daim getdikləri yer yoxdu. Onların bizim conversationlar sayəsində daimi toplanacaq məkanları oldu. Ona görə istəmirdiər ki, conversationlarımız bitsin. Hələ də yazırlar, istəyirlər ki, yenidən

başlayaq. Ya da kino günlərində toplanırlar. Amma biz layihə, parti, günlər təşkil etmiyəndə onların gedəcək yerləri çox az olur. Hər kəs öz ətrafı ilə olur.

Aralarında təbii ki, təhsilə maraqlı olanlar da var. Sırf onlara aid filmlərin çəkilməsini arzulayanlar da var, gözəl ideyaları olanlar da var. Yaradıcı düşünən, yeniliklər axtaran məhdudiyyətli gənclərimiz çoxdu. İçlərində çox gözəl əl işləri olan xanımlar var, bəziləri eşitməsə də, danışmsa da çox gözəl rəqs edə bilir. Hətta onu da qeyd edim ki, işarət dilində şəkilçilər yoxdu. Amma onladan bəziləri yazanda Azərbaycan dilinin qramatik qanunlaını elə dəqiq əməl edir ki, tanımayan bilməz ki, bu insan nitq qüsurludu.Onların sadəcə şəraitləri yoxdu. Biz əlimizdən gəldiyi qədər onlara o şəraiti yaratmağa çalışırıq.

Hətta onları məşhur simalarla tanış edəndə də onlar üçün nəsə bir imkan, şərait olacağını düşünürük. Çoxları bunun fərqində deyil. Amma ola bilər ki, həmin insanın hansısa işi, qabiliyyəti kiminsə diqqətini çəkə bilər. Məhdudiyyətli oğlan var, Xaliq adında artıq  model kimi fəaliyyət göstərir. Bu cür görüşlərdən qaçmırıq.

- Məşhur simalardan kimlər sizə, layihələrinizə dəstək olmağı təklif edirlər və ya təklifinizə yox demirlər?

- Məsələn, Mir Yusiflə birgə layihəmiz oldu. Klip çəkdirdik və bu klip sırf işarət dili üzərində quruldu. Bir çoz məhdudiyyətli gənclərimiz o klipin çəkilişlərində iştirak etdi. Bu tanışlıq və layihə tələbələrimin sayəsində oldu. Mir Yusif onlara təklif etmişdi. Onlar da layihəni müəllimləri ilə birgə işləməyi məsləhət göörmüşdülər və beləliklə, biz birgə o klipi işarət dili üzərində qurduq.

Bundan əlavə layihələrimə dəvət etdiyim daimi qonaqlarım var. "Xənnas" filminin qəhrəmanları olan Pərvin Abıyeva, Hikmət Rəhimov, Zenfira Adülsəmədova, Zarina Qubanova, Turkay Cəfərli,Torqut Cəfər, Ramin Nabran, Kamil Zeynallı və digərləri gəncləri filmə işarət dilində dəvət etmişdilər. Tünzalə Ağayeva daim layiələrimizdə iştrak edən, bizə dəstək göstərən müğənnimizdi. Yaxın zamanlarda onunla da bir layihə həyata keçirəciyik. Gənc müğənnilərdən Çinarə Məlikzadə, rəqqasə Rəna Ağamuradova, Sami Oruc, Ruslan Alışan, aparıclardan Nərmin Əlisoy, Fira Cəlilova daimi dəstəkçilərimizdəndi. Bu insanların hər biri məni videolarımla görüb, tanıyıb. Mən onların mahnılarını işarət dilində yaymlamışam, onlar da bunu görüb, bəyəniblər. Dəyərli diktromuz Rafiq Həşimov da bizi dəstəkləyən insanlar sırasındadı. Əsa teatrı ilə uğurlu layihəmiz oldu. Yaxın günlərdə növbəti, uğurli layihəmizi təqdim etdik.

- Nuranə xanım, siz işarət dilində məşhur mahnıları təqdim edirsiniz. Zövqlər müxtəlifdi, təbii ki. Mahnıları necə seçirsiniz, zövqləri necə tənzimləyirsiniz?

- Sözün düzü, mahnıları öz zövqümcə seçirəm. Əsasən, Azərbaycan və Türk mahnılarını işarət dilində səsləndirirəm. Azərbaycan jestikasını öyrəndikdən sonra türk mahnılarını azərbaycan jestikası ilə təqdim etməyə başladım. Bir dəfə Beyonsun mahnısını işarət dilinə tərcümə etmişəm. Bu çox əvvəllər olub. Və orada ingilis jestikasəndan istifadə etmişdim. Bir müddət istəkləri nəzərə aldım. Bu mənim üçün də yaxşı idi. Yeni mahnı, yeni söz demək idi, mənim üçün. Amma sonra elə mahnılar istədilərki, məətəl qalırdım... Həddindən artıq bayağı mahnılar istəyənlər çox olub. Və bunu məndən nitq qüsurlu yox, normal danışıq qabiliyyəti olanlar istəyirdi. Jestika elə bir şeydi ki, orada təkcə əllər rol oynamır. Bədən dili də önəmlidi. Bəzən, elə söz olur ki, mən onu üz ifadələrimlə çatdırıram. Daha sonra o istəkləri saxladım. İndi artıq normal, yaxşı mahnılar istəyirlər.

Ən çox istənilən mahnılar isə Cingiz Mustafayevin "Ana mən şəhid oluam", bir də "Cənab leytinat" mahnıları olub. Bəzən, qəzəl, meyxana istəyənlər də olurdu.

Bir müddət isə retro mahnılarını işarət dilində tərcümə etdim. Bu zaman özüm də zövq alırdım və sevə -sevə o mahnıları təqdim edirdim. Bəziləri elə düşünür ki, mən mahnıları sözlərinin asanlığına görə seçirəm. Qətiyyən, bu belə deyil. Mən rep də, estrada da tərcümə etmişəm. Mahnı seçimimdə həmişə öz zövqümə və gənclərin ən çox hansı ifaları sevdiyini təxmin edib, seçmişəm. Hansı mahnını ki, həvəslə ifa edəcəm, onlara üstünlük verirəm. Mənim üçün janr fərqi yoxdu.

 - Dil olaraq türk dili ilə bənzərliklərimiz var. Jestikada da bu cür bənzərlik var, ya tamam ayrı - ayrı işarələrdi?

- Bir qrup sözlər var ki, onlar hər dildə eyndi, həmcinin də türk dilində. Məsələn, ev, yol, göz, qaş, gəzmək, saç, külək. Amma konkret sözlər var ki, o türklərdə də,  biz də ayrıdı. Məsələn, məktəb sözü. Ayrı - ayrı işarələrlə göstərilir. Bizim jestika daha çox rus jestikası ilə bənzərdi. Rus və azərbaycanlı məhdudiyyətli bir ortama düşsə, rahat ünsiyyət qura biləcəklər. Düzdü, müəyyən sözlər də fərq var. Amma bu elə də ciddi bir maniə deyil. Amma türk və azərbaycan jestikası tamam fərqlidi. Bizim özümüzün, sırf bizə məxsus jestikamız yoxdu. Bu da çox zaman bizə probem yaradır. Yaşlı nəsil rus jestikasını bilir, gənc nəsil isə daha sadə, yumşaldılmış jestikanı bilirlər. Məhz ona görə ünsiyyət zamanı müəyyən problemlər yaranır.

Biz bu çətinliyi Mir Yusifin klipini işarət dilinə tərcümə edəndə də yaşadıq. Nitq qüsurlu, orta yaşlı valideynlərlə gənclər eyni sözü fərqli işarələrlə göstərirdilər. Klipi işarət dilinə tərcümə edərkən 8 nəfər məhdudiyyətli arasında müzakirə apardıq, ortaq məxrəcə gəldik. Onu da qeyd edim ki, məktəblərdə fərqli öyrədir. Qara Qarayevə yerləşən məktəblə Şüvəlandakı məktəb bir söz ayrı - ayrı işarələrlə öyrədilir. Yenə də, bildirim ki, uşaqlar bir -birlərini anlamağı, ortaq məxrəcə gəlməyi bacarırlar. Amma sırf bizə məxsus jestika yoxdu. Bu sahədə ciddi uçurumlar var. Ona görə də mən dərs zamanı əgər bir sözün bir neçə hərəkətlərlə göstərmək olarsa, bütün hallarını göstərirəm. Hansı ilə rastlaşsalar, mənasını bilsinlər.

- İşarət dilini nə zamana nə qədər öyrənmək mümkündü?

- Bu ilk dərs günü ən çox verilən sualdı. Mən özüm iki ildi bu işin içindəyəm. Türk jestikasının hərfləri daha sadədi, amma bizim hərflər çox çətindi. Çox zaman 3-5 ay arası olur dərslərimiz amma bu o demək deyil ki, 3 aya jestikanı təmiz öyrənə bilərsiniz. Xeyir. Jestikanı da digər dillər kimi gündəlik işləndikcə öyrənirsən, öyrəndiklərinin siyahısına hər gün bir söz əlavə oluna bilər. Tələbələrimə tez -tez deyirəm ki, çalışın jestikanı öyrənəndə hər gün kiminləsə ünsiyyətə olun. Əgər, ətrafınızda elə bir insan yoxdusa, o zaman gördüyünüz hər şeyi özünüzə jestika ilə göstərməyə çalışın. Nə qədər çox işlətsəniz, bir o qədər tez və mükəmməl öyrənəcəksiniz. Mən indi də layihə işləyəndə, ya dərsdə bilmədiyim sözlər olanda yenə də məhdudiyyətli insanlara müraciət edirəm. Bu dilin konkret bir kitabı yoxdur ki, unudanda açıb, oxuyasan.

Bir də həmişə onu xüsusi qeyd edirəm ki, çalışın hərfləri düzgün və dəqiq öyrənin. Çünki, nəyisə izah edə bilməyəndə hərflər vasitəsilə fikrinizi qarşı tərəfə çatıra biləcəksiniz. Hərflər ən çox xüsusi isimlərdə istifadə olunur. Elə mövzular var ki, orada hərflərdən geniş istifadə olunur.

- Son illər bədən dili deyilən bir termin geniş yayılıb. Bədən dili ilə jestika arasında oxşarlıq çoxdu?

- Əslində, oxşardı. Amma bədən dili jestika demək deyil. Jestika - hər bir sözün öz hərəkətidi. Bədən dili jestikaya təkan verir. İşarət dili nitq məhdudiyyətli insanların əlləri, dodaq oxuması, üz mimikaları, bədən dili vasitəsilə ünsiyyət qurmaları üçündü. Ona görə də bədən dili sırf işarət dili deyil.

- Azərbaycan jestikası ilə bağlı gələcəkdə kitab tərtib etməyi düşünürsünüz?

- Çoxları bu sualla müraciət edirlər. Amma indi, tez bir zamanda düşünmürəm Buna illərin təcrübəsi lazımdı. Bəlkə, zamanla bu işin hər incəliyini bildikdən sonra ola bilər. Təbii ki, o zaman bu işin profissionalı olan müəllimlərlə, məhdudiyyətli insanların özləri ilə məsləhətləşərək, yaxın gələcəkdə etmək olar.

- Gələcəkdə yenə bu sahədə fəaliyət göstərmək istərdiniz, ya başqa planlarınız var?

-Gələcəkdə televiziya üzrə çalışmaq istəyirəm. Bu yöndə də dərslər almışam. Çoxları mənim görünüşümə görə əyləncəli verilişlər üzrə aparıcı nəzərdə tuturlar. Amma mən özümü orada görmürəm. Daha çox ciddi verilişləri, xəbərləri aparmaq istərdim. Televiziyada çalışsam, hazırki işimi dayandıracağımı düşünmürəm. İki sevdiyim işi bir arada idarə etmək istərdim. Aparacağım xəbərlərdə mən tərəfdən işarət dili üzrə tərcümə olunmasını  istərdim.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR