Qızı Emin Sabitoğlunun GİZLİNLƏRİNİ AÇDI: “Soruşdu, mahnım başqa əsərlərə oxşamır ki?”

Bu gün yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyidir. "Aman Ayrılıq", "Payız gəldi", "Alagözlüm", "Gözüm yaşla dolmasınmı", "Limanlar", "Çiçək yağışı" "Uzaq yaşıl ada", habelə yüzlərlə başqa mahnı və musiqi əsərləri insanlara milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Onun mahnıları üçün keçilməyəcək sərhəd, aşılmayacaq sədd yoxdur. Hər qəlbə yol tapmağı, gizli qalan duyğuları oyatmağı bacaran bəstəkarın əsərləri həm orta, həm də gənc nəslin ən çox dinlədiyi və sevdiyi mahnılar arasında yer alır. Elə bir müğənni yoxdur ki, repertuarına E.Sabitoğlunun mahnısını daxil etməsin. Bəstəkarın ömrü hələ sağlığında ölməzlik qazanan əsərlərində davam edir...

Bəstəkarın qızı, xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor Ceyran Mahmudova Publika.az-a Emin Sabitoğlunun 80 illik yubileyi ilə bağlı müsahibə verib.

- Emin bəy doğum günlərini necə keçirərdi? Ümumiyyətlə, ad günü qeyd etməyi xoşlayırdı?

- Atam ad günlərini keçirməyi çox xoşlayardı. Ya bizim, ya da babam Sabit Rəhmanın evində yığışardıq. Ad gününə atamın bəstəkar, şair, aktyor və müğənni dostları, həmçinin yaxın qohumlarımız gələrdi.

- Ömrünün bir hissəsini Türkiyədə yaşayıb və orada fəaliyyət göstərib. Türkiyədə Emin bəyin doğum günü ilə bağlı tədbirlər təşkil olunurdumu?

- Atam orada yaşadığı illərdə həmkarları və musiqiçi dostları onu tək qoymazdı, mütləq doğum gününə yığışardılar. 60 illiyində mən özüm də Türkiyəyə onun yanına getmişdim.

- Noyabrın 2-də, yəni atanızın doğum günündə hansı əhvalda olursunuz?

- Atası vəfat etmiş insan onun doğum günündə özünü necə hiss edə bilər? 17 ildir atam bu dünyada yoxdur, təbii ki, kədərlənirəm. Təkcə noyabrın 2-də deyil, ümumiyyətlə, atam üçün tez-tez darıxıram. Bunun üçün də mənə xüsusi tarix lazım deyil. Qüssələnirəm ki, o, çox az yaşadı. Daha uzunömürlü ola bilərdi...

- Atanızla bağlı yadınıza düşən ilk xatirə hansı olur?

- Ata dedikdə yadımıza konkret hadisə yox, onun obrazı, siması, bizə olan münasibəti, gülüşü və başqa məqamlar yada düşür. Atanı bir xatirəyə sığışdırmaq mümkün deyil. O, bir şəxsiyyət kimi hər zaman qəlbimdə yaşayır. Məsələn, Mirzə Babayevi necə xatırladığımı soruşsanız, onun haqqında bir neçə xatirlərimi bölüşə bilərəm. Baxmayaraq ki, Mirzə Babayev ailəmizin yaxın dostu olub, yenə də doğmam sayılmır.

- Ölümü qəbul etmək çətin mərhələdir. Siz atanınızın ölümünü nə zaman və necə qəbul etdiniz? Və başa düşdünüz ki, o, heç vaxt qayıtmayacaq...

- Vəfat etdiyi gün başa düşdüm ki, o, bir daha qayıtmayacaq. Artıq yetişkin insan idim, 35 yaşım vardı, uşaq deyildim. Atamın ölümünü dərk etmək üçün mənə vaxt lazım deyildi. Sadəcə onun ölümünün qəfil baş verməsi, bizim üçün çox ağır və sarsıdıcı zərbə idi. Müəyyən müddət xəstə yatsaydı, biz özümüzü necəsə hazırlayardıq, tədricən bu fikrə alışardıq.

- Övlad kimi atanızın yoxluğunu hansı məqamlarda hiss edirsiniz?

- Bir çox hallarda... Xüsusən də televiziya verilişləri və mətbuat orqanlarına onun haqqında müsahibə verəndə yoxluğunu çox hiss edirəm. Emin Sabitoğlunun qızı olmaq böyük məsuliyyətdir. Atanın irsinə, onun qoyub getdiyi yaradıcılığa sahib çıxmalı, xatirəsini qoruyub saxlamalı, eyni zamanda da ona layiq övlad olmalısan.

- Çoxları hesab edir ki, tanınmış insanın övladı olmaq böyük xoşbəxtlikdir...

- Sözsüz ki, mənim üçün böyük şərəfdir, lakin həm də böyük məsuliyyətdir. Odur ki, bu məsuliyyəti öz çiyinlərimdə hər zaman hiss edirəm.

- Məsuliyyətin öhdəsindən gələ bildiyinizi düşünürsünüz?

- Bu, mənim üçün yük deyil ki, altında qalım. Şükür Allaha ki, məsuliyyətin öhdəsindən layiqincə gələ bilirəm. Yeri gəlmişkən, babam Sabit Rəhman da tanınmış yazıçı olub, xalam Maral Rəhmanzadə Azərbaycanda Xalq rəssamı adını qazanan ilk qadındır. Onların yaradıcı irsinin qorunub saxlanması ilə əsasən mən məşğul oluram.

- Ceyran xanım, Emin Sabitoğlu ata kimi necə biriydi? Onu necə xarakterizə edərdiniz?
- Qayğıkeş insan idi, ailənin işləri ilə, habelə musiqi təhsilimlə yaxından maraqlanırdı. Deyə bilmərəm ki, bütün gün oturub dərslərimdə mənə kömək edirdi, çünki işi-gücü çox idi. Günün çox hissəsini bilavasitə işinə sərf edirdi, Bakı Musiqi Akademiyasında dərs deyirdi, studiyada səsyazmalarda iştirak edirdi, hər gün kinostudiyalarla gedirdi. Həmçinin Musiqili Komediya Teatrında əsərləri qoyulurdu. Elə il olurdu ki, iki film üçün musiqi yazırdı. Gün ərzində bir neçə məkanda olurdu, odur ki, təhlisimə ciddi nəzarət etdiyini deyə bilmərəm. Bununla daha çox anam məşğul olurdu.

- Evdə ən çox kiminlə ünsiyyətdə olurdu? Daha çox hansı mövzulardan danışırdınız?

- Sözsüz ki, anam və mənlə. Danışmağı sevən insan deyildi, bir qədər özünə qapalı idi. Ailəyə aid olan mövzulardan danışardıq.

İkiotaqlı evimiz var idi, nə isə yazanda görürdük və bilirdik ki, yeni musiqi üzərində işləyir. Bəstələri haqqında fikirlərimiz onun üçün vacib idi, tez-tez rəyimizi soruşardı.

Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi. Məsələn, Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə. Onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi gedirdi.

- Atanızı hansı musiqilərini dinlədikdən sonra onu daha yaxşı anlamağa başladınız? Yaxınlarına və doğmalarına deyə bilmədiyi sözləri hansı mahnılarında ifadə edib?

- Onu daha dərindən başa düşmək üçün mahnılarına qulaq asmaq kifayətdir. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Ayrılıq", "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Fikrimcə, atamı "Ayrılıq", "Uzaq yaşıl ada" və "Bizim Cəbiş müəllim" filminə yazdığı "Vals" daha yaxşı xarakterizə edir.

- Sizinlə dərdləşirdimi?

- Problemlərindən uzun-uzadı danışmağı xoşlamazdı, o, elə insan deyildi.

- Bunu ancaq mənəvi baxımdan çox güclü olan insanlar bacarır.

- Bəli, çalışırdı ki, öz problemlərini yaxınlarının üstünə tökməsin.

- Ceyran xanım, məşhur şəxsiyyətlərin övladları adətən atalarının soyadlarını götürür. Sizin Eminqızı təxəllüsünü götürməməyinizin səbəbini öyrənmək olar?

- Birincisi, bu, artıq dəb halını alıb. İkincisi, mən müəlliməyəm, müğənni və ya jurnalist deyiləm. Bir vaxtlar musiqişünaslıq barədə Sabitoğlu soyadı ilə bəzi məqalələr yazmışam, amma Eminqızı təxəllüsünü heç vaxt istifadə etməmişəm. Onsuz da hamı bilir ki, Emin Sabitoğlunun qızıyam. Odur ki, ehtiyac yoxdur.

- Emin Sabitoğlunun qızı olmaq sizə hansı üstünlüklər qazandırıb?

- O mənada üstünlük qazandırıb ki, musiqini daha yaxşı duya bilirəm, daha yaxşı təhlil edirəm, bəstəkar qızıyam. Atam sürücü, mühəndis və ya həkim olsaydı, yəqin ki, yenə musiqiçi olardım. Amma musiqi duyumu genetik ötürülür. Genetikanın rolu böyükdür, bu baxımdan atama və anama borcluyam. Anam da musiqiçidir və əvvəllər musiqi müəlliməsi olub.

- Atanız sizə qadağalar qoyurdumu?

- Xeyr, çox demokratik insan idi. O, hesab edirdi ki, insan müstəqil şəkildə öz beyni ilə düşünməyi bacarmalıdır.

- Maddi baxımdan təmin olunmuş ailədə böyümüsünüz?

- Bəli.

- Necə düşünürsünüz hər şeyin əlçatan olması həyatı maraqsız edir?

- Mənim üçün hər şey əlçatan olmayıb, həyat üçün zəruri olan nə var idisə, onlar sarıdan korluq çəkməmişik. Həmçinin heç vaxt ifrata varmamışıq. Bizim ailədə uşağı ərköyün böyütməyiblər. İndi də ifratçılığa və bədxərcliyə yol vermirəm.

Gözümü açandan görmüşəm ki, bizdə pul ən çox kitaba, jurnala, qəzetə xərclənib. Bu əqidə ilə böyümüşəm. Mənim üçün kitab indiyədək ən gözəl hədiyyədir. Həm kitab almağı, həm də hədiyyə etməyi çox xoşlayıram. Müasir standartlara uyğun gəlmirəm.

- Bəstəkarın son anlarını necə xatırlayırsınız?

- Vəfat edəndə onun yanında idik, qəfildən yıxıldı və... İnsanlar var ki, vəfat edəcəyini əvvəlcədən bilir və yaxınları ilə vidalaşmağa vaxtı olur. Bizdə isə bu, baş vermədi. Hadisədən əvvəl hər zamankı əhval-ruhiyyədə idi...

Atam qan təzyiqindən əziyyət çəkirdi, təzyiqi çox yüksək olurdu. Müxtəlif dərmanların köməyi ilə təzyiqini aşağı salırdı. Ümumiyyətlə, babam da həmin xəstəlikdən vəfat edib.

- Atalar həmişə qızlarının qəhrəmanı olur. Atanız ikinci dəfə ailə quranda, yəni Xədicə xanımla evlənəndə xəyalınızdakı qəhrəman obrazı dəyişmədi ki?

- Yox, dəyişmədi. Təbii ki, fərqli emosiyalar yaşadım, amma bu həyatdır və həyatda hər şey baş verə bilər. Bir çox ailələrdə daha qəliz situasiyalar olur, hər kəsin həyatında müxtəlif hadisələr baş verir. Məsələ ondadır ki, çoxları tanınmış şəxsiyyətlərin, göz önündə olan insanların həyatına nəzər salmağı xoşlayır. Halbuki, öz həyatlarında daha betəri baş verir. Odur ki, hər şeyi yaşamaq və doğru qəbul etmək lazımdır.

- Sizcə, Xədicə xanım, yoxsa ananız Emin bəyi daha çox sevirdi?

- Bu suala cavab verə bilmərəm, onu ancaq atam cavablandıra bilərdi. Atam isə belə suallara qətiyyən cavab vermirdi, ümumiyyətlə, şəxsi həyatı haqqında danışmağı heç xoşlamazdı. Hesab edirdi ki, şəxsi həyatına heç kimin müdaxilə etməyə haqqı yoxdur. Mən də onun fikrinə hörmətlə yanaşıram.

Çox istərdim ki, atamın yaradıcılığına, dünyagörüşü və onun daxili aləminin açılmasına daha çox fikir verilsin, nəinki ailə həyatının detallarına. Çünki ailə həyatı onu insan kimi səciyyələndirmir. İnsan kimi onu yaratdığı əsərlər səciyyələndirir. Yaradıcılığına üz tutanda onun necə insan olması üzə çıxır. Yaradıcı insanlar iç dünyasını əsərləri vasitəsilə ifadə edir.

- Xədicə xanımla münasibətləriniz necədir?

- Normaldır. Biz rəfiqə ola bilmərik, başqa-başqa insanlarıq. Dünyagörüşümüz də, yaşımız də fərqlidir. Ümumiyyətlə, rəfiqəm çox azdır. Ancaq uşaqlıqdan tanıdığım insanlarla dostluq edirəm.

- Emin Sabitoğlu necə baba idi?

- Çox gözəl, hətta deyirdi ki, qızımı məndən daha çox istəyir. Mən də buna ancaq şad idim.

- Bu gün Emin Sabitoğlunun anadan olmasının 80 illiyidir. Emin bəyin 80 illik yubileyi necə keçiriləcək? Mümkünsə, bu barədə məlumat verərdiniz...

- Bir sıra tədbirlər həyata keçirilməlidir. Dekabrın 1-də Azərbaycan Dövlət Flarmoniyasında yubiley konserti olacaq. Azərbaycan Bəstəkarlar İttifaqında atam haqqında yazdığım monoqrafiya kitabının təqdimatı baş tutmalıdır. Bu, xatirələr kitabı deyil, atamın əsərlərini musiqişünas nöqteyi-nəzərindən təhlil etmişəm. Tədbiri keçirtmək üçün kitabın nəşr olunmasını gözləyirik. Həmçinin Xarici Dillər Universiteti, Milli Konservatoriya, İncəsənət Universitetində və başqa tədris ocaqlarında Emin Sabitoğlunun xatirə gecələri keçiriləcək.

- Kitab təxminən nə vaxt çıxacaq?

- Nəşriyyatdan asılı olduğuna görə dəqiq tarix deyə bilməyəcəm, biz də səbirsizliklə gözləyirik.

- Emin Sabitoğlu sağlığında sizə hansısa vəsiyyət etmişdi?

- Vəsiyyət yox, sadəcə xahiş etmişdi ki, onun haqqında kitab yazım. Dediyim kimi, əsərlərinin tədqiatı ilə bağlı kitabı artıq yazmışam.

- Emin bəy mahnılarını ən çox hansı müğənninin ifasında dinləməyi bəyənirdi?

- Mahnılarını oxuyan bütün müğənnilərin ifasını bəyənirdi, fərq qoymurdu. Müğənnilər də öz növbəsində atamın əsərlərini sevə-sevə ifa edərdi.

- Bu yaxınlarda Emin Sabitoğlunun bir neçə bəstəsinin plagiat olması haqqında xəbərlər çıxdı. Sizdən bununla bağlı açıqlama almışdım. İstərdim ki, məsələ haqqında yenidən fikirlərinizi öyrənim. Sizcə, musiqişünas olmayan bir şəxsin belə bir iddia qaldırması nə dərəcədə doğrudur? Bu məsələni araşdıracaqsınız?

- Araşdırmayacam. Məni tanıyanlar yaxşı bilir ki, kimisə reklam etməyi, adını atamın yanında hallandırmağı sevmirəm. Onun elə böyük sənəti və elə gözəl əsərləri var ki, araşdırılnasına ehtiyac yoxdur. Artıq söz-söhbət lazım deyil. İnsanlar onun nə yazdığını bilir və dinləyirlər.

Atam özünə qarşı çox tələbkar insan olub. Yeni mahnısı olanda məni və anamı çağırıb "Necədir? Başqa əsərlərə oxşamır ki?" , - deyə soruşardı. Əsərlərinin başqasına bənzədilməsindən hər zaman qaçıb. Bu prosesi gördüyümə görə özünə qarşı necə tələbkar oluğunu bilirəm. Kimsə adını Emin Sabitoğlu ilə məşhur etmək istəyirsə, bu gülüncdür. Çünki bir neçə il ötəcək, onun əsərləri həmişə yaşayacaq. Ona görə yox ki, Emin Sabitoğlu mənim atamdır, ona görə ki, onun əsərləri sevilir, onları indiyədək oxuyurlar və oxuyacaqlar da!

Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meyilli insan olmadığı üçün həmişə ancaq musiqi ilə məşğul olub.

- Hər zaman atanız haqqında danışmısınız. İstərdim ki, bir qədər də ananız Cəmilə xanım haqqında məlumat verəsiniz. Onun hansı keyfiyyətləri sizdə var?

- Çox ağıllı, ziyalı və mədəni bir anam var. Çox şadam ki, mənimlə birlikdə yaşayır. Məndə anamın hansı keyfiyyətləri olsa, sevinərəm, o, mükəmməl insandır. Yəqin ki, anamın işə ciddi yanaşmağını və sənətini çox sevməsi kimi cəhətləri mənə keçib. Çünki anam da musiqişünasdır.

- Xaraktercə ən çox kimə bənzəyirsiniz?

- Ümid edirəm ki, anama bənzəyirəm. Sənət adamları başqa cür olur, atamın peşəsi elə idi ki, daim məşğul olurdu. Anam ailəyə və evə çox bağlı idi. Ona görə də kişiyə yox, qadına bənzəmək mənim üçün daha məqbul olardı.

- Emin bəyin payızı sevməsi bu ayda dünyaya gəlməsi ilə bağlıdır?

- Noyabrın ikisi dünyaya gəlib, noyabrın 18-də vəfat edib. Yəqin ki, təsiri var. Məncə, payız bir çox yaradıcı insanın əsas ilham mənbələrindən biridir.

- Ceyran xanım, bu dünya ona musiqi bəstələməyə dəyər? Bir musiqişünas kimi fikrinizi bilmək maraqlı olardı. Və sizcə, Emin bəy bu suala necə cavab verərdi?

- Əlbəttə dəyər! Həyat gözəldir! Atamın münasibətini isə onun
məşhur mahnısının adı ilə ifadə edərdim - Nə gözəldir Azərbaycan!

Aytən,

Fotolar: Elnur Muxtar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR