Danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib

Əli Qənbərli: "Müharibə hər an başlaya bilər?

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə bir çox beynəlxalq ekspertlər, politoloqlar ümidlə baxsalar da, lakin Azərbaycan cəmiyyətinə gün kimi aydın idi ki, İrəvan gec-tez hansısa bir təxribat törətməklə danışıqlarda əldə edilən hansısa xırda detalı belə pozmağa, ona mane olmağa çalışacaq. Çünki bu Ermənistanın ənənəvi siyasəti idi və neçə illərdir ki, işğalçı ölkə eyni oyunu oynayır. Bu dəfə də fərqli bir şey baş vermədi və Azərbaycan Prezidenti ilə görüşdən dəqiqələr sonra Serj Sərkisyan Qarabağdan heç bir halda vaz keçməyəcəklərini açıq şəkildə bəyan etdi. Bu azmış kimi ölkəsinə qayıdan kimi verdiyi təlimat əsasında Ermənistan Ordusu yenidən cəbhə xəttində gərginliyi artırdı, yeni təxribatlara əl atdı. Nəticədə bir həbiçimiz şəhid oldu.

Həm Ermənistan prezidentinin təxribat və aqressiv xarakter daşıyan çıxışları, həm də cəbhədə baş verən təxribatlar onu deməyə əsas verir ki, prezidentlərin Cenevrə görüşündə danışqların davam etdirilməsi barədə əldə olunan razılıq İrəvanın sayəsində tam iflasa uğrayıb və artan gərginlik yeni bir qarşıdurmanı qaçılmaz edir. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik.

-Əli bəy, son günlər cəbhədə erməni təxribatı yenidən intensivləşib. Nəticədə bir əsgərimiz həlak oldu. Bu Cenevrə görüşünün növbəti mərhələsinin keçirilməsinə nə dərəcədə zərbə oldu?

-Bu kimi hallar birinci dəfə deyil ki, baş verir. Ermənistan tərəfi hər vəchlə danışıqlar prosesinin gedişinə mane olmaq istəyir. Bu da onun göstəricisidir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil. Ümumiyyətlə, status-kvo Ermənistanın xeyrinə olduğundan erməni tərəfi danışıqların intensivləşməsində maraqlı deyil.

-Ümumiyyətlə, belə bir qeyri-səmimi mühitdə, Ermənistanın aqressiyasının davam etdiyi bir zamanda danışıqların növbəti mərhələsinin keçirilməsi nə dərəcədə normaldır?

-Problemin həllinin iki yolu var. Birincisi, danışıqlar prosesi, ikincisi müharibə. Amma, hələlik danışıqlar prosesi bitməyib. Əslində, beynəlxalq hüquqa əsaslansaq Azərbaycanın tam ixtiyarı çatır ki, öz torpaqlarını işğaldan azad etsin. Son vəziyyət əlbəttə, danışıqlar prosesinə öz mənfi təsirini göstərəcək. Düşünürəm ki, danışıqlarda müsbət irəliləyişdən danışmaq hazırda yersizdir.

-Erməni aqressiyası cəbhədə gərginliyin daha da artması, lokal əməliyyatların başlamasını mümkün etmirmi?

- Mən sizə müsahibələrimdə dəfələrlə bildirmişəm ki, müharibə hər an başlaya bilər. Çünki, işğal faktı uzun müddətdir ki, davam edir. Amma, düşünmürəm ki, son vəziyyət hərbi əməliyyatların başlanmasına səbəb olacaq.

-Bu arada işğalçı ölkənin sürətlə silahlanması onun yeni bir savaşa hazırlığından xəbər verirmi?

- Rusiya Ermənistana böyük dəstək verir. Ermənilər hər zaman olduğu kimi indi də Rusiyaya, onun dəstəyinə arxalanırlar. Hər şey baş verə bilər. Zatən Ermənistan tərəfi danışıqların davam etməsində, müsbət məcraya yön almasında maraqlı deyil.

-Ümumiyyətlə, yaxın perspektivdə, konkret olaraq il sonuna qədər prfblemin həlli istiqamətində ciddi bir nəticə gözlənilirmi?

- Düşünmürəm ki, problem ilin sonuna qədər həll oluna bilər. Bu o qədər də asan məsələ deyil. Xüsusən də, Ermənistan tərəfi prosesi ona görə gərginləşdirir ki, ümumiyyətlə danışıqlar prosesində iştirak etməsin.Sualınıza konkret cavab verərək qeyd edim ki, bu gedişlə problemin həlli yaxın illər ərzində mümkün olmayacaq.

-Nəzərə alsaq ki, gələn il hər iki ölkədə seçki ilidir, o zaman belə qənaətə gəlmək mümkündürmü ki, bu il problemin həlli istiqamətində ciddi addım atılmayacağı təqdirdə 2018-ci ildə də eyni siutuasiya davam edəcək?

-Bəli, bu mümkündür. Böyük ehtimalla danışıqlar prosesi davam etdiyi müddət ərzində müəyyən razılıq əldə oluna bilər. Ancaq, Ermənistan tərəfi bunu yaxşı anladığından hər dəfə cəbhədə vəziyyəti gərginləşdirir. Bu onların uzunmüddətli taktikasıdır. Buna əsaslanıb demək olar ki, artıq danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib. Bu vəziyyət davam edəcəyi müddət ərzində də müsbət nəsə gözləmək olmaz.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR