“Tamaşaçı  öz seriallarımıza baxmaq istəyir”

Son zamanlar yerli seriallarımıza olan tamaşaçı marağı əlbəttə ki, sevindirici haldı. Artıq demək olar ki, yerli seriallar arasında rəqabət formalaşıb.

Tamaşaçılar arasında maraqla qarşılanan və izlənən "Ögey ana" və "Barama" seriallarının ssenari qrupunun üzvü Reyhan İsayeva ilə seriallar haqqında danışdıq.

- Reyhan xanım, serial aləmində məncə yenisiniz...

- Serial sahəsində ilk işim  2015 - 2016 - cı illərdə yayımlanan "Dəfnə ağacı" serialı olub. Filmlər üçün də ssenarilər yazırdım. 2013 - cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" ssenari müsabiqəsində "Gözlənti" adlı ssenarim qalib olmuşdu. O zaman qəzetdə fəaliyyət göstərirdim, amma paralel olaraq ssenarilər yazırdım. Daha sonra da serial sahəsinə gəldim.

- Youtube - da hazırda üzərində işlədiyiniz "Ögey ana" və "Barama" seriallarının yeterincə izləmə sayı var. Hər kəsə məlumdur ki, azərbaycanlı tamaşaçılar türk seriallarına aludədilər və zamanla yerli seriallardan uzaq olmaları da  prodakşınlardan məhz izlədikləri serialları tələb edirdilər. Amma bu gün deyəsən, mənzərə bir qədər fərqlidi.

- Kino üzrə yazar olduğumdan bu araşdırma hər zaman mənim üçün də maraqlı olub. Tamaşaçı nə qədər dünya filmlərinə və seriallarına baxsa da, mütləq öz filmlərimizə, seriallarımıza baxmaq istəyir.  Nəyə görə? Çünki, baxdığı filmlərdə, seriallarda özünü görmək istəyir. Öz mühitini görmək istəyir. Bu ona daha əziz, daha doğma olacaq. Azərbaycanda serial sahəsi yeni yaranıb. Hətta deyərdim ilk 10 illiyi başa vurmayıb.  Biz bu sektorda yeniyik. Türklərdə olduğu kimi serial təcrübəmiz yoxdu. Təbii ki, zamanla biz də inkişaf edirik və öz tamaşaçımızı qazanırıq. Əgər, bu gün biz - serial prodakşınları öz tamaşaçılarını toplaya bilirlərsə artıq bu bizim uğurumuzdu.

- Bildiyimiz kim, üzərində çalışdığınız seriallardan biri "Ögey ana" bədii filminin motivləri əsasındadı. Niyə məhz "Ögey ana" filmini seçdiniz?

- "MEDIAMASTER" şirkəti bir neçə variant irəli sürmüşdü. "Ögey ana" da onlardan biri idi. Biz də sonda bu variantın üzərində qaldıq. Və bu serial üzərində işləməyə başlayanda təbii ki, cəmiyyətə müəyyən mesajlar verməyi hədəfləmişdik. Hər kəsə məlumdur ki, bu gün bizim cəmiyyətimizdə ailəsindən orta yaşlı şəxslərin yenidən ailə qurma problemi var. Məhz buna görə biz "Ögey ana" filminin üzərində qaldıq. Cəmiyyətdə baş verənləri təhlil etdikdən sonra biz də insanların bu probleminə toxunmaq istədik. Serial filmin motivləri əsasındadır və təbii ki, biz burada bir çox dəyişikliklər etdik, serialı bu günkü cəmiyyətimizə uyğunlaşdırmağa çlışdıq. Düşünürəm ki, etdiyimiz dəyişikliklər də uğurlu oldu.

- "Ögey ana" serialında ən diqqət çəkən məqam autizmli xəstəyə yer verilməsidi. Bu gün autizm cəmiyyətimizdə geniş yayılmış və təəssüf ki, fərqlilik kimi yox, xəstəlik kimi qəbul olunur. Autizmli insanlara serialda yer verilməsi kimin ideyası idi? Və autizmli xəstənin obrazını yazarkən autizm mərkəzləri, psixoloqlarla məsləhətləşmələr oldumu?

- Bu ssenarist qrupunun və rejissorun birgə qərarı idi. Ssenari qrupu öncədən ailədə üç fərqli uşağı gündəmə gətirməyi düşünürdü. Əslində bu ssenari bizə də material verir. Ailədə fərqli uşaqların olması, fərqli xarekterdə olan gənclərin evdə baş verən hadisələrə, proseslərə təbii ki, fərqli reaksiyaları olacaq. Ailədə bir qız - ailənin bütün məişət yükü onun üzərindədi, İsmayıl - dəliqanlı, haqqını tələb edən, Ümid - autizmli gənci canlandıran obrazdı.

Ümidin obrazını biz daha sonrakı seriyalarda açacağıq. Ailədə daha bir əks  tərəf isə qaynanadı.

Fərqli ailə çaları verməkdə məqsədimiz öncə də qeyd etdiyim kimi bizə növbəti hadisələrin yaranması, ailə - məişət dramının daha da qabardılmasıdı. Serialda növbəti seriyaların olması üçün problemlər vacib amildi. Serialda bir də Sevincin - Ögey ananın qızı var ki, o anasının ikinci dəfə ailə qurmasını qəbul edir. Demək olar ki, serialda iki tərəf - qəbul edən və qəbul etməyən tərəflərin ziddiyyəti qabardılır. Dramaturgiyanın qanunlarına əməl etməyə çalışırıq.

Qeyd edim ki, autizm mərkəzləri ilə, psixoloqlarla görüşüb, müəyyən məsləhətlər almışıq. Amma Umid obrazını canlandıran aktyor Elçin Muradov özü də mütəmadi olaraq autizm mərkəzlərinə gedib, orada baş verənləri uzun müddət müşahidə edib. Bir neçə həkim, psixoloq da bizə bildirmişdi ki, Elçin Muradov Ümid obrazını çox dəqiq canlandırır.

Burada həm də fantaziya məhsulu var. Ümidin davamlı kitab oxuması, hadisəyə uyğun sitatlar çəkməsi-bütün bunlar fantaziya məhsuludu.

- "Barama" serialında hadisələr, persanajlar sırf təxəyyül məhsuludu. "Ögey ana" serialında isə motivlər var, müəyyən izlər var. Hansı seriala ssenari yazmaq daha rahatdı?

- "Ögey ana"  - da motiv sadəcə bir xəttdi: Orta yaşlı insanlar ailə qurur. Qalan bütün hadisələr, konfiliktlər tamamilə fərqlidir. Deməzdim ki, motivlər əsasında işləmək daha rahatdı. Mənə görə hər ikisində işləmək eynidi. Hər iki serialda istər - istəməz ssenaristlər öz fantaziyalarını işə salmalıdılar. Sadəcə hər iki serialda janr fərqliliyi var. Biri ailə - məişət dramı, digəri isə kriminal dramdı. Bildiyiniz kimi, "Ögey ana" gündəlik yayımlanır, "Barama" isə həftədə bir dəfə yayımlanır. Janr baxımından hansının işləmək daha asan olduğunu demək istəyirəm. "Barama" - da - kriminal dram janrında işləmək, fantaziyanı inkişaf etdirmək, dinamikanı qorumaq  ssenarist üçün daha rahatdı. Burada hər an gözlənilməz anda nəsə etmək mümkündü. Amma "Ögey ana" - da vəziyyət bir qədər fərqlidi. Burada qəhrəmanlar arasında ailə-məişət zəminində, psixoloji konfiliktlər yaratmalısan. Bu fikrimcə daha çətindi.

- Bir çox aktyor müəyyən səhnələrə etiraz edirlər. Bu cür hal daha çox sevgi səhnələrində müşahidə olur. Sizin çalışdığınız seriallarda aktyorlar ssenaristlərə hansısa səhnələrin yazılmaması kimi şərtlər qoyur?

- Hələ ki, bu cür hallara rast gəlməmişik. "Ögey ana" - da material çoxdu. 3 ssenarist  - Nicat Dadaşov, Elçin Muradov və mən, birgə işləyirik və aya 18 - 20 seriya təhvil verməliyik. Hansısa səhnəni yazaq, ya yazmayaq haqqında düşünməyə vaxt olmur. Amma həmişə aktyorlara da deyirik ki, hansı səhnədə nəyisə daha yaxşı eləmək olarsa, gəlin onu məsləhətli şəkildə edək. Bizim seriallarda çox professional, peşəkar aktyorlar var. Onlarla məsləhətləşmək bizim üçün fəxrdi. Təkliflər alırıq, məsləhətlərini dinləyirik. Peşəkar aktyorlarla işləsək də hələ onların kaprizləri ilə rastlaşmamışıq.

Onu da qeyd edim ki, gənclər də öz rollarına, işlərinə qarşı çox məsuliyyətlidilər. İsmayıl obrazını canlandıran Ziya Ağa hələ seriala hazırlıq, danışıqlar vaxtı hər gün bizə zəng edərək ssenariləri istəyirdi. Rolu ilə çəkiliş meydanında deyil, öncədən tanış olmaq, hazırlaşmaq istəyirdi.

- Serialdakı obrazları yaradan, onlara həyat verən ssenaristlərdi. Sizcə, ssenaristlər kastinqlərdə iştirak etməlidi və siz iştirak edirdiniz?

- Haqlısınız. Obrazları, hadisələri ssenaristlər yaradır. Ona görə də düşünürəm ki, ssenaristlər də kastinqlərdə iştirak etsələr daha yaxşı olar. Xoşbəxtlikdən rejissorumuz Sain Qəhrəman çox açıqfikirli insandı. Kastinqlərdə, aktyor seçimində bizimlə də məsləhətləşirdi. Nəinki rejissor,  layihənin rəhbəri Rüstəm Əliyevlə də  aktyor seçimində məsləhətləşmələrimiz olub. 

Qeyd edim ki, "Barama" serialının ssenari müəllifləri mən, Tural Baxış və Aqşin Fatehdir. Aqşin həm də layihə rəhbəri olduğu üçün burda kastinq demək olar ki, yazı prosesində baş verir. Yazdıqca hər üçümüz yazdığımız personaja, rola uyğun aktyor seçimi barədə müzakirələr aparırdıq. Təbii ki, rejissor Vüsal Hacı-Qədirin iştirakı və razılığı ilə.

- İstərdim bir az Türk serilalları ilə müqayisə aparım. Türklərdə hadisələr uzadılır, uzadılan hadisələrin içərisində tamaşaçı yeni hadisələr, qəhrəmanlar, problemlərlə tanış olur. Fikrimcə, "Ögey ana" - da isə hadisələr öz həllini daha tez tapır. Məsələn, Ariflə Sevinc səhv etmirəmsə, ikinci seriyada artıq ailə qurdular.

- Bizim serialda konfiliktlər Sevinc evə gələndən sonra başlamalı idi. Burda sevgi xəttindən çox bir ailə dramı daha qabarıq göstərilir. Qəhrəmanlarımız Sevinc və Arif artıq ikinci baharlarını yaşayan, uzun illər bir - birlərini tanıyan, öz qərarlarından əmin olan insanlardı.

- Serialı izləyəndə müəyyən bölümlərdən sonra biz qəhrəmanları işbaşında görmürük. Məsələn, Dadaşın, Leylinin işdəki həyatı, iş mühütü  tamaşaçıya müəmmalı qalır. Və Təranə obrazı haqqında fikrimi bildirmək istəyirəm. Obraz olaraq sakit, fağır bir qadın deyil. Əksinə konfilikt yaradan obrazlardan biridi. Amma Təranə digər obrazlarla ünsiyyəti demək olar ki, yoxdu. Yalnız 8 - ci seriyada oğlundan, həyat yoldaşından başqa digər obrazla -Sevinc ilə ünsiyyəti oldu.

- Gündəlik serialda ola bilər ki, 10-15-ci seriayada da siz personajın iş yerini görə bilmirsiz. Lakin 20-30 hətta daha sonrakı seriyalıarda siz onların iş yeri ilə tanış olacaqsız. Nəyə görə belə olur. Bu serialda əsas hadisələr evdə baş verir. Yəni konfliktin mərkəzi məhz evdir. Tamaşaçını daha çox evdəki problemlərlə fokuslayırıq. Daha sonra isə sujeti şaxələndirdikdə artıq iş yerlərinə və ya digər məkanlara keçirik. Həm də nəzərə alın gündəlik serialdı. Burda vaxt və texniki məsələlər də önəm daşıyır. Həftəlik serialda isə vəziyyət bir qədər fərqlidir. Daha çox məkana çıxmaq imkanımız olur.

- Serialda bir neçə obraz var ki, tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Gənc aktyorların tamaşaçılar tərəfindən qəbulolunması sevindirici haldı. Bir də qaynana obrazı  - Zemfira xanm haqqında danışmaq istəyirəm. Fikrimcə, Nəsibə Zeynalovadan sonra artıq qaynana obrazı yarandı.

- Bu rolu Zemfira Əbdülsəmədovanın  seçilməsi demək olar ki, hamımızın yekdil qərarı oldu. Qaynana obrazını hamımız Zemfira xanımın canlandırmasını istəyirdik. Bizim ssenaridə qaynana zəhmlidi, məqsədyönlü nəsə edən qaynanadı.

- Məşhur türk rejissoru, ssenaristi Birol Güvən serial çəkilişləri zamanı aktyorların çəkiliş meydanında və ya digər məkanlardan fotolar paylaşmasına, müsahibələr verməsinə qadağa qoyur. Səbəb isə tamaşaçını aktyorundan sehrindən çıxarmamaqdı. Sizcə dorğru qadağadı?

- Məncə, əksinə. Bilirsiniz, niyə. Bu onların işidi. Təsəvvür edin, günün 12 - 15 saatını işləyirlər, can qoyurlar. Həm də öz işləri ilə sevinirlər, xoşbəxtdirlər. Və bu sevinclərini bölüşmək istəyirlər. Əgər, serialda kiminsə kiminləsə konfilikti varsa, o demək deyil ki, onlar birgə foto paylaşa bilməzlər.

- Son araşdırmalara görə uğurlu serialların ssenari müəllifləri qadınlardı. Sizcə, filmdə, serialda konfiliktləri, dramaturgiyanı qurmaqda qadınlar daha peşəkardılar?

- Fərqliliyi bilmirəm. Qadına hər hansı sadə bir söz, hadisəni danışanda ondan min dənə variant, versiya çıxaracaq. Amma kişiyə deyəndə ki, bu hadisə belə baş verdi. Kişi bunu dediyin kimi qəbul edəcək. Əlavə nələrisə düşünməyəcək, başqa versiyaların ola biləcəyi heç yadına da düşməyəcək. Qadın bir sözü yüz mənada fikirləşəcək, amma kişi olduğu kimi qəbul edəcək. Yəqin, bu səbəbdən qadın ssenaristlərin filmləri, serialları daha baxımlıdı. Həm də qadının gündəlik fəaliyyəti daha şaxəlidi. Qadın həm anadı, həm həyat yoldaşıdı, həm "həkimdi"... Qadının beyni daim aktivdi, işləyir.

Məncə, kişilərin qayğıları qadınlara nisbətən azdı. Onların daha rahat işləmək imkanları var.

- "Barama" serialı kriminal mühütü təsvir edir. Və serialda uşaqlar da çəkilir. Növbəti bölümlərdə uşaqların hadisələrə təsiri olacaq?

- "Barama" serialında məndən öncə 8 bölüm çəkilmişdi. Daha sonra pradakşına qadın ssenarist tələb olundu və məni dəvət etdilər. Uşaq obrazı bizdə seriallrda çox azdı. Fikrimcə, uşaq obrazlarını sseriallara gətirmək lazımdı. Mən "Barama"da uşaq obrazlarını görəndə çox sevindim. Uşaqların növbəti bölümlərdə təbii ki, hadisələrə müəyyən təsiri olacaq. Amma süjeti açmaq istəmirəm. Uşaqların atadan, anadan uzaq böyümələrinin onlara verdiyi psixoloji travmalar serialda uşaqların dialoqlarında da açıq-aşkar hiss olunur.

- Özünüz də "Barama" serialında rol almısınız
-"Barama" - da həm də uşaqların anasını Kəmalə rolunu canlandırıram. Serialın prodüsseri, əsas rolun ifaçısı və həm də ssenari müəlliflərindən biri Aqşin Fateh mənə bu rolu təklif etdi. Əvvəl tərəddüd etdim. Lakin, sonda məni razı sala bildilər.

- "Barama" nın digər seriallardan fərqi həm də iki meyxanaçının eyni serialda çəkilməsidi.

- Hətta 3. Vasif Əzimov və Şəhriyar Məcidi. Bu bütün dünyada var. Tanınmış adamlar, müğənnilər filmlərdə, seriallarda rol alırlar. Belə layihələr adətən daha çox tamaşaçı kütləsi cəlb edir. "Barama" da tamaşaçılar arasında böyük səs - küyə səbəb oldu. Və ümid edirəm ki, biz etimadları doğruldub tamaşaçıların ürəyincə olan uğurlu bir iş təqdim etdik və sona qədər də bu uğuru qoruyub saxlayacayıq.

- Bir neçə serialın ssenari müəllifi kimi tamaşaçılara nə demək istərdiz?

- Daha keyfiyyətli, daha baxımlı iş göstərməyə etməyə çalışırıq. İstərdim ki, tamaşaçılar bizə dəstək olsunlar. Yerli serialları dəstəkləsinlər. Razıyam, tənqid etsinlər. Amma haqlı tənqid, təbii ki. Daha yaxşı iş görməyimiz üçün səhvlərimizi desinlər. Amma bu tənqid təhqirə keçməsin. Aktyor oyununda, ssenaridə, rejissor işində nöqsanları qeyd etsinlər. Etik çərçivəni qorumaqla bizə kömək olsunlar. Biz də onlara daha yaxşı iş təqdim etməyə çalışaq.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR