Ürək-damar xəstəlikləri niyə yaranır? 

Müasir dövrdə tibbdə yeni sahə olan invaziv kardiologiyanı ürək - damar xəstəliklərindən əziyyət çəkənlərin həyat xilasedicisi adlandırmaq olar. Bu sahəyə marağı və həmçinin də bu haqda məlumat azlığını nəzərə alaraq invaziv kardiologiya üzrə mütəxəssis, bir neçə beynəlxalq konfransların iştirakçısı, Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvü, Avropa İnvaziv Kardiologiya Cəmiyyətinin həqiqi üzvü  Doktor Eyvaz Abbasovla olan söhbətimizi təqdim edirik.

 - Eyvaz dr, tibbdə və cəmiyyətdə yeni termin olan invaziv kardiologiya nə deməkdir?

- İnvaziv kardiologiya nisbətən cavan bir sahədir. Bir sıra inkişaf etmiş ölkələrdə 70 - ci illərdə inkişaf etməyə başlayıb. Bizdə isə 2000 - ci ildən etibarən geniş yayılmağa başladı. İnvaziv kardiologiya qeyri - invaziv, yəni sadəcə dərman müalicəsi ilə bədənə müdaxilə olmadan aparılan müalicə ilə cərrahi əməliyyat arasında ortaq bir mövqe tutur. Yəni, invaziv kardioloqlar da əməliyyatlar aparırlar, bədənə müdaxilə edirlər, xüsusi alətlər və cihazlarla damara, ürəyin içinə daxil olurlar. Bütün bu prosedurlar cərahiyyə əməliyyatından fərqli olaraq kəsiksiz aparılır. Aparılan əməliyyatların böyük əksəriyyəti narkozsuz həyata keçirilir. Cərrahi əməliyyatla invaziv kardioloji əməliyyat arasındakı fərq budur.

İnvaziv sözünün mənası müdaxilə deməkdir. Yəni, bədənə bir müdaxilə var, amma bütün bu müdaxilələr qapalı yolla aparılır. Bəzən, invaziv kardioloji müdaxiləyə qapalı əməliyyatlar da deyirlər. İnvaziv kardiologiya 40 ildə çox inkişaf edib. Daha əvvəl invaziv kardiologiya sadəcə diaqnostik metod olaraq meydana çıxdı. İndi bildiyimiz koronar angioqrafiya, ürək boşluqlarının kateterizasiyası bunlar invaziv diaqnostik metodlardır. Yəni, bədənə daxil olaraq birbaşa xüsusi kateterlərlə ürəyin içinə girərək anadangəlmə ürək qüsurlarını, yaxud damar tutulması xəstəliklərinin diaqnozunu qoyurdular. Sonra daha da inkişaf edərək tək diaqnoz qoymaqla kifayətlənməyərək, inkişaf edərək adı çəkilən və digər ürək xəstəliklərini invaziv üsulla müalicə etməyə başladılar. Bu gün artıq əksər ürək - damar xəstəlikləri açıq cərrahi əməliyyatlar olmadan, invaziv yolla həm diaqnoz qoyulur, həm də müalicə olunurlar. Bu üsul həm anadangəlmə ürək qüsuru olan, sonradan ürək xəstəliklərinə tutulan, ürək - damar xəstəliklərindən əziyyət çəkən hər kəsə tətbiq edilə bilər.

- İnvaziv müdaxilələrdə mütləq infarkt halı olamlıdı, yoxsa infartkdan öncə də müdaxilələr mümkündür?

- Koronar müdaxilələr invaziv kardiologiyanın ən böyük hissəsidir. Bizim ölkədə də, xarici ölkələrdə də gündəlik aparılan invaziv prosedurların böyük əksəriyyəti ürəyin işemik xəstəliyi, koronar damar xəstəliyi, onun fəsadı olaraq infarkt keçirmiş xəstələr üzərində aparılır. Amma invaziv kardiologiya tək onunla bitmir. Bu onun sadəcə bir hissəsidir.

- Daxildə, gizlin baş verən damar tutulmalarının ilkin əlamətlərini necə hiss eləmək olar? Ürəyin işemik xəstəliyi nədir?

- Ürəyi qidalandıran 3 ədəd böyük tac damar var. Bu damarlar ürəyin özünü qanla təmin edir. Həmin o damarlarda daralma olduqda ürəyin müəyyən hissəsinə, həmin o damarın qidalandırdığı hissəsinə, qan çatmır və ürəyin işemik xəstəliyi, onun əlaməti olan sinə ağrıları, stenokardiya meydana çıxır. Bu darlıq artıqca, damar 100 faiz tutularsa miokard infarktı baş verir. Amma bu hər zaman belə olmur. Darlıq tədricən artıb, tutulma yaratmaqla yanaşı, infarkt qəfil də baş verə bilər. Amma əksər hallarda miokard infarkt öncədən darlığı olan damarda baş verir.

Ürəyin işemik xəstəliyinin əlaməti stenokardiyadır. Stenokardiya nədir? Fiziki gərginlik zamanı, yəni, tez-tez yeriyəndə, qaçanda, pilləkan çıxanda, ağır fiziki iş görəndə sinədə yandırıcı ağrılar, göynəmə meydana çıxır. Bu bir növ "изжога" dediyimiz qida borusu göynəmələrinə bənzəyir. Çox vaxt bu cür olur.

Amma bəzən də bu ağrılar fərqli olur. Stenokardiya təkcə sinədə olan göynəmə kimi yox, bəzi adamlarda kürək ağrısı kimi, qola, çənəyə vuran ağrı kimi, ürək nahiyəsində sıxılma kimi, bəzi adamlarda yüksək təzyiqlə büruzə verə bilər. Bu ağrılar hər kəsdə fərqli ola bilər. Amma 90 faiz hallarda sinədə göynəmə kimi özünü göstərir. Ən önəmlisi odur ki, fiziki gərginliklə əlaqəli olur.

Miokard infarktının əlamətləri stenokardiya şəklində ola bilər. Saydığımız əlamətlər şəklində - yenə də, göynəmə, yanma ola bilər. Amma adi stenokardiyadan fərqli olaraq infarkt olan anda bu ağrı dayanıb istirahət edəndə belə keçmir, dərman yardımları edəndə keçmirsə bu artıq infarktın əlamətidir. Həmin an mütləq təcili yardım çağırmaq lazımdır. Burada önəmli bir məqamı qeyd etmək istəyirəm ki, sinədə göynəmə, ürək nahiyəsində olan ağrı bunun infarkt ola biləciyinə işarə edir. Amma əsas bizim gözdən qaçırdığımız atipik infarktlardır. Onların da ən geniş yayılmış forması mədə ağrısı, ürəkbulanması - qusma şəklində özünü göstərəndir. Onun əlaməti yalnız ürəkbulanma, qusma və mədə ağrısıdır. Bu zaman xəstə özü də, yaxınları da zəhərlənmədən şübhələnir. Toksikoloji şöbələrə aparırlar, ya da özləri xəstənin mədəsini təmizləməyə çalışırlar. Çox zaman təcili yardım həkimləri də səhv edir. Əgər bu cür hal yay aylarında baş verirsə və xəstə qarpız, dönər yediyini qeyd edirsə o zaman tibbi persanalı düzgün müayinə etməkdə çaşdırır. Bütün bunlar vaxt itkisidir və bu zaman infarkt dərinləşir. Amma o an sadə bir kardioqrama çəkilsə, infarktın diaqnozu qoyula bilər. Ona görə biz hər zaman məsləhət edirik ki, zəhərlənmə ilə, ürək bulanma - qusma ilə müraciət edən 30 yaşından yuxarı bütün xəstələrə ilk növbədə kardioqrama çəkilsin.

- Eyvaz dr, stent nədir və hər kəsə qoyula bilərmi?

- Ürəyin işemik xəstəliyinin səbəbi damarda daralma olduğu üçün onun müalicəsi həmin o darlığı aradan qaldırmaqdır. Darlığı aradan qaldırmaq üçün damarlara metallik stent. yerləşdiririk. Stent darlığı aradan qaldırır və bununla da xəstənin şikayətləri götürülür. Stentləmə əməliyyatı stabil işemik xəstələrndə aparıldığı kimi miokard infarktı zamanı da aparılmalıdır. İnfarkt zamanı stent taxılması əməliyyatı həyat qurtarıcıdır. Burada da ən önəmli olan vaxt itirməməkdir. Ağrı - infarkt başlayandan bir neçə saat ərzində damar açılsa, damarda qan axını bərpa olunsa, bu zaman infarktı geri qaytarmış oluruq. Bu zaman infarkt ürəyə ciddi zərər yetirmir. Yox , əgər xəstə gec - 1,3,10 gündən sonra gələrsə artıq gec ola bilər. Belə durumlarda ilk 6 saat ürəyə müdaxilə etmək üçün qızıl vaxt adlandırılır. Bəzən, damarı açıb, stent taxırıq, amma bir faydası olmur. Sonra ürək çatışmazlığı meydana çıxır və o ömürlük qalır. Çünki, hüceyrələrin bir hissəsi artıq ölmüş olur və orda çapıq əmələ gəlir, əzələ toxuması məhv olur və çapıq toxuması ilə əvəz olunur. Ona görə də infarkt keçirən xəstəni ilk 6 saat ərzində angioqrafiya və stent taxma imkanı olan xəstəxanaya çatdırmaq lazımdır.

Sualınızın ikinci hissəsinə gəldikdə isə bildirirəm ki, şəkər xəstəsinə stent taxmaq olmaz, yaxud damar əməliyyatları icra etmək olmaz fikirləri kökündən yanlışdır. Təsəvvür edin ki, hansısa bir şəkərli diabet xəstəsinin damarı tutulub, işemik xəstəliyi var və infarkta doğru gedir. Şəkəri var deyə stent taxmayaqmı? Qoyaq ağrıdan əziyyət çəksin, infarkt keçirsin, ürək çatışmazlığı yaransın? Şəkərli diabet ürəyin işemik xəstəliyinin gedişini ağırlaşdırır, amma qətiyyən stent taxılması üçün əks göstəriş deyil. Xəstələrimizin böyük bir hissəsi şəkər xəstələridir. Çünki, şəkərli diabet xəstələrində damar tutulması ehtimalı daha yüksəkdir. Əslində, şəkər xəstəliyi nəticələrimizi düşündüyünüz qədər pisləşdirmir. Məsələn, şəkəri olmayan xəstələrə stent taxdığımız zaman onun tutulma ehtimalı cəmi 3 faizdirsə, şəkərli diabet xəstələrinə taxılan stentlərin tutulma ehtimalı 6 faizdir. Burada çox böyük fərq yoxdur. Bu nəticə açıq əməliyyatlara da aiddir. Aydın məsələdir ki, şəkərli diabet xəstələri açıq əməliyyat olduqdan sonra yaralar daha çətin sağalır, hətta yarada irinləmənin olması da gözləniləndir. Şəkərli xəstələr arasında olan göstəricilərimiz yaxşıdır, amma təbii ki, şəkəri olmayan xəstələr arasında olan göstəricilərimiz daha yaxşıdı. Onu da qeyd edim ki, burada əsas məsələ şəkərin nə qədər düzgün idarə olunmasıdır. Çünki, bizim xəstələrin çoxu şəkərlərini normada saxlamırlar, insulindən qaçırlar, pəhrizə riayət etmirlər.

- Yeni doğulan körpələrdə anadangəlmə ürək qüsurlarının sayında artım müşahidə olunur. Buna ilkin səbəb nədir və hamilə qadınlar gələcəkdə körpələrində belə bir problemin olmaması üçün nə etməlidirlər?

- Anadangəlmə ürək qüsurlarının başlıca bir neçə səbəbi var: qohum nikahlar, hamilə qadınlar üçün qadağan olunmuş dərman preparatlarının istifadəsi, hamiləlik vaxtı həddindən artıq spirtli içkilərin qəbul olunması, siqarət və narkotik maddələrdən istifadə, hamiləlik dönəmi radiasiyaya məruz qalma, hamiləlik vaxtı bəzi infeksion xəstəliklərin keçirilməsi, bütün bunlar anadangəlmə ürəkqüsurlu uşaqların doğulmasına səbəb ola bilər.

Hamiləlik zamanı mütləq vaxtı - vaxtında ulturasəs müayinələrindən keçmək, lazım olan bütün qan analizlərini vermək lazımdır. Bəzən hamiləliyin ilkin dövrlərində gələcək ana sadalanan müayinələrdən keçsə, kiçik qüsur olarsa müalicələrlə aradan qaldırmaq olur. Əgər, döldə çox ciddi qüsur aşkarlanarsa, bu zaman hamiləlik sonlandılır. Sonlandırılmağa ehtiyac yoxdursa, amma qüsur varsa çox zaman uşaq dünyaya gələn kimi müdaxilələr edilir. Hətta inkişaf etmiş ölkələrdə dölə bətindaxili müdaxilələr edilir.

- Bir sıra beynəlxalq elmi konfranslarda iştirak edirsiniz. Bilmək istərdik ki, xarici dövlətlə Azərbaycan arasında ürək xəstəlikləri arasında nə kimi fərqlər var? Ürək xəstəlikləri digər ölkələrlə nisbətdə bizdə daha geniş yayılıb, ya necə?

- Fərqlər var təbii. Amma bizdə daha çoxdu demək olmaz. Ürək xəstəliklərinin yayılması irqdən, qidalanmadan, ekologiyadan asılıdır. Məsələn, ürək xəstəliyinin elə növü var ki, o ən çox zəncilərdə olur. Bəzi növləri var ki, ağ irqin nümayəndələrində, bəzi növləri şərq xalqlarında daha çox olur. Bir də qidalanma böyük rol oynayır. Millətlərin, xalqların hansı qidalara üstünlük verməsinin də böyük əhəmiyyəti var. Hansı qidalara üstünlük verilməsi təkcə ürək - damar xəstəliklərində deyil, digər xəstəliklərdə də özünü büruzə verir.

Azərbaycanda hələ də anadangəlmə ürək qüsurları çoxdur. Bunun da əsas səbəbi öncə də qeyd etdiyim kimi qohum nigahları və hamiləlik zamanı olan infeksiyalardır. Ürəyin işemik xəstəliyi - yüksək qan təzyiqi bütün dünyada olduğu kimi Azərbaycanda da ilk sıralardadır.

Sevindirici haldır ki, bu gün Azərbaycanda kardiologiya yüksək inkişaf səviyyəsindədir. Beynəlxalq konfranslarda iştirak edəndə bizim də onlara təqdim edəcək, bölüşəcək, onları maraqlandıracaq işlərimiz olur.

Məsələn, bu il Türk Kardiologiya Cəmiyyətinin konqresində apardığım nadir və ağır əməliyyatlardan birini məruzə etdim. Məruzəm "Ən yaxşı həyat qurtaran invaziv əməliyyatlar" nominasiyasında seçilərək sertifikat təqdim edildi. Bu ilin May ayında Parisdə keçirilən EuroPCR 2017 konqresində digər bir əməliyyatım barədə məruzə etdim, məruzəm maraqla qarşılandı. Bu ilin İyun ayında ABŞ-ın Orlando şəhərində keçirilən C3 konqresində də maraqlı əməliyyatlarımdan birini məruzə etdim. Kardiologiya cəmiyyətimizin sədri dosent dr. Fərid Əliyev bu il Barselonada keçirilən Avropa Kardiologiya Cəmiyyətinin illik toplantısında çıxış etdi, digər həmkarımız dr. Fuad Səmədov ABŞ-ın ən mötəbər jurnallarından birinin redaksiya heyətinə üzv seçildi. Nailiyyətlərimiz var. Dünyadan geri qalmamağa çalışırıq. Bir sıra inkişaf etmiş dövlətlərdən qismən geri qalsaq da, məsələn MDB dövlətləri arasında ön sıradayıq. Ölkəmizdə invaziv kardiologiya bu gün lazimi inkişaf səviyyəsindədir. Biz bu gün demək olar ki, bütün növ invaziv və açıq ürək əməliyyatlarını həyata keçiririk. Çox az sayda əməliyyatlar var ki, onları icra etmirik. Buna səbəb də biz həkimlərin bacarıqsızlığı deyil, həmin avadanlıqların çox baha olması və xəstələrin əməliyyatları həyata keçirmək üçün maddi imkanlarının olmaması, sığorta sisteminin tam həyata keçirilməməsidir.

- Bu gün ürək xəstəliklərində gəncləşmə nə dərəcədədi?

- Ürək xəstəliklərində gəncləşmə, cavanlaşma var. Bunun da əsas səbəbi urbanizasiya, şəhər əhalisinin artması, stresin çoxalması, düzgün qidalanmamaq və s. Ən çox müraciət

edənlər isə 40 yaşından yuxarı insanlardır. Ürək damar xəstəliklərində cavanlaşma olsa da, bu ən çox orta və yaşlı insanların xəstəliyidi.

- Eyvaz dr, ürək damar xəstələrinə edilmiş invaziv müdaxilələrdən sonra onların həyat şəraitində, qidalanmalarında hansı dəyişikliklər olur?

-Ürək damar xəstəliklərinin qarşısını almaq üçün ən yaxşı qidalanma növlərindən biri Aralıq dənizi pəhrizidir. Yəni, daha çox dəniz məhsullarından, zeytun yağından, tərəvəzlərdən, qırmızı şərabdan istifadə edildiyi zaman ürək - damar xəstəliklərinin qarşısı müəyyən mənada alınır. Ürək damar xəstəliklərindən qorunmaq üçün ilkin olaraq sağlam qidalanmağı məsləhət

görürəm. Və sağlam qida dedikdə yağlı, xəmir, hazır qidalardan az istifadə etsinlər. Meyvə və tərəvəz, zeytun yağından davamlı istifadə etsinlər, badam yesinlər, təbii qidalara üstünlük versinlər. Ağır yox, dinamik idmanlarda mütamadi məşğul olsunlar. Təmiz havada daha çox olsunlar. Və bütün bunlardan ən önəmlisi ildə bir dəfə kardioloji çekapdan keçsinlər.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR