Rusiyanın əməlləri ilə dedikləri bir-birini tamamlamır

Əli Qənbərli: "Moskva münaqişənin həll olunmasında yox, həll olunmamasında maraqlıdır"

Rusiya hər zaman olduğu kimi, yenə də bitərəflilik prinsipini pozduğunu öz əməli ilə açıq şəkildə ortaya qoymuş oldu. Belə ki, şimal qonşumuz işğalçı Ermənistanın hərbi imkanlarını, potensialını gücləndirmək üçün növbəti maliyyə yardımı paketinin ayrılmasına başlayıb. Ümumilikdə, 2o milyon dolları əhatə edən kredit paketinin ilk 100 milyon dollarını qəbul etmək üçün Ermənistan hökuməti hərəkətə keçib və oktyabrın 12-də sənədi təsdiq edib. Məlumat üçün qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. İşğalçı ölkə isə Rusiyadan aldığı hərbi yardım paketi ilə "Smerç" reaktiv sistemləri, "İqla - S" zenit raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşviyyat kompleksləri, TOC - 1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar almağı qarşıya məqsəd qoyub. Göründüyü kimi, Rusiyanın təcavüzkar və işğalçı bir dövləti silahlandırması bölgədə gərignliyi daha da artırmış olub. Və Kremlin bu gedişi Qarabağda müharibə riskini kifayət qədər artılrıb. Nəzər almaq lazımdır ki, Moskva işğalçıya hərbi dəstək verməklə ATƏT-in Minsk qrupunun həmsədri kimi öz öhdəliklərini pozmuş olur. Eyni zamanda münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıqca ortaya qoyur. Heç şübhəsiz ki, şimal qonşumuzun Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Elə politoloq Əli Qənbərli də belə düşünür. "OLAYLAR"-a verdiyi müsahibədə Əli Qənbərli sözügedən məsələ ətrafında sualları cavablandırıb.

-Əli bəy, Rusiyanın Ermənistana hərbi yardım ayırmasını necə dəyərləndirmək olar?

-Rusiyanın Ermənistana hərbi yardım etməsinə ilk dəfə deyil ki, rast gəlirik. Belə ki, şimal qonşumuz dəfələrlə Ermənistana bu tip yardımlar edib. Burada əsas məqsəd Ermənistanın hərbi potensialını möhkəmləndirmək və Qarabağ probleminin həlli prosesini yubatmaqdır.

-Sizcə, bu Rusiyanın həmsədr ölkə kimi bitərəfliyini şübhə altına almırmı?

- Əlbəttə ki, bu addım Rusiyanın həmsədr ölkə kimi rolunu şübhə altına alır. Çünki, bir tərəfdən ATƏT-in Minsk qrupunun üzvü kimi Rusiya deyir ki, problemin həllində maraqlıdır. Amma, Rusiyanın əməlləri ilə dedikləri bir-birini tamamlamır. Mən dəfələrlə müsahibələrimdə demişəm ki, Rusiya münaqişənin həll olunmasında yox, həll olunmamasında maraqlıdır. Bu da nəticəsi, bir daha təsdiqini tapdı.

- Rusiyanın bu addımının prezidentlərin görüşü ərəfəsinə təsadüf etməsi Kremlin danışıqlar ərəfəsində gərginlik yaratmaq cəhdi deyildimi?

- Prezidentlər dəfələrlə problemin həll olunması üçün görüşüblər. Amma, real nəticə yoxdur. Çünki, Rusiya bunu istəmir. Aydın məsələdir ki, Sərkisyan danışıqlar prosesində formal bir fiqurdur. O, Rusiyanın sözünü deyir. Bu açıq-aşkar hiss olunur.

-Rusiyanın Ermənistana hərbi yardımı işğalçı ölkənin hərbi üstünlüyünü nə dərəcədə artıracaq?

-Əlbəttə etiraf etməliyəm ki, Ermənistanın bu yardıma hava, su kimi ehtiyacı var idi. Çünki, ən azından müharibə vəziyyətində yaşayan dövlətdir. Düşünmürəm ki, bu yardım Ermənistana böyük üstünlük qazandıracaq. Amma, nəzərə almaq lazımdır ki, bu tip yardımlar, hərbi təlimlər Rusiya ilə Ermənistan arasında mütəmadi olaraq həyata keçirilir. Bu baxımdan yanaşdıqda deyə bilərəm ki, müəyyən qədər bu proses Ermənistan hərbisinə müsbət təsir edə biləcək.

-Ümumiyyətlə,. Rusiyanın bu addımı regionda müharibə riskini və gərginliyi nə dərəcədə artıracaq?

- Müharibə riski dəyişməz olaraq qalır. Cəbhədə vəziyyət demək olar ki, hər zaman gərgindir. Deməzdim ki, konkret bu addım gərginliyi artıracaq. Amma bu kimi addımlar bu və ya başqa formalarda müharibənin aktiv fazaya qədəm qoymasını qısa müddətlik də olsa təmin edə biləcək.

-Bu həm də Bakı Tbilis Qars layihəsinə, onun istifadəyə verilməsinə bir növ etiraz jesti sayıla bilərmi?

-Düşünmürəm ki, bu addım sözügedən layihəyə görə atılıb. Çünki, bayaq qeyd etdiyim kimi bu birinci dəfə baş verən hal deyil. Burada uzunmüddətli maraqlar və Rusiyanın istəyi var. Rusiya hər vəchlə problemin həllinin gecikməsini istəyir. Bu addım da münaqişənin həllini yubatmaq və müəyyən mənada Azərbaycana gizli mesaj xarakteri daşıyır.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR