CHP-nin Ankara-Bakı qardaşlığına vurduğu zərbə

İlqar Altay: "Təsəvvür belə edə bilmirəm ki, Azərbaycan tərəfinin deputatı, nümayəndəsi Türkiyə əleyhinə səs versin"

"Bu addımlar Ermənistan-Azərbaycan münaqişəsində erməni tərəfinin dəyirmanına su tökməklə bərabər, həm də Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək hallardır"

Zaman-zaman erməni lobbisinin Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq, iki dost-qardaş ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrinə xələl gətirmək üçün həyata keçirdiyi məkrli planlar günümüzdə də öz icra mərhələsindədir. Əgər əvvəllər erməni lobbisi müntəzəm olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması kimi həssas bir mövzunu ildə bir neçə dəfə, xüsusilə də iki ölkə arasında mühüm layihələrin həyata keçirilməsi mərhələsində gündəmə gətirirdisə, indi başqa bir mövzu ətrafında eyni oyun davam edir. Hansı ki, yeni oynanılan oyunlar da elə sərhədlərin açılması məsələsi qədər həssas bir mövzudur. Söhbət bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisinin üzvü də daxil olmaqla bir neçə qardaş ölkə vətəndaşının Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etməsindən gedir. Bu günlərdə isə türk qardaşlarımızdan daha bir zərbə aldıq. Belə ki, qardaş ölkənin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan bir neçə üzvü də adıçəkilən qurumda Azərbaycan əleyhinə qəbul edilmiş qətnamələrin lehinə səs vermiş oldu. Bütün bunları müşahidə edərkən haqlı olaraq bir sual ortaya çıxır. Görəsən erməni lobbisi Türkiyədə o qədərmi güclüdür ki, Ankara-Bakı münasibətlərinə zərbə vurmaq üçün müntəzəm olaraq fəaliyyətlərdə bulunur, yeni-yeni oyunlar üzərində işləyir. Bütün bu suallara cavab axtarmaq üçün İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altaya müraciət etdik.  

-İlqar bəy, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamənin səsverməsi zamanı türkiyəli deputatların sənədin lehinə səs verməsini necə dəyərləndirərdiniz? Türkiyəli deputatların bu addımını nə dərəcədə normal qəbul etmək olar?

--Təbii ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qətnamə qəbulunda qardaş Türkiyə nümayəndəsinin sənədin lehinə səs verməsi gözlənilməz və xoşagəlməz haldır. Təsəvvür belə edə bilmirəm ki, Azərbaycan tərəfinin deputatı, nümayəndəsi Türkiyə əleyhinə səs versin. Düzdür, mən biləni həmin türkiyəli nümayəndə hakim partiya yox, müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) adamıdır və onun Türkiyə dövlətinə az aidiyyəti var. Amma yenə də, eyni milli mənsubiyyətli qardaş ölkənin nümayəndəsinin belə bir addım atması bizim üçün düşündürücü, düşmənlər üçün isə sevindiricidir.

-Bundan bir müddət əvvəl isə daha bir deputat, eləcə də yazar və jurnalist Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etmişdi. Sizcə, hər iki hal qardaş ölkədə erməni lobbisinin uğurla çalışdığından xəbər vermirmi?

- Bəli, ortada daha bir bu cür və daha ağrılı fakt var. Türkiyə deputatı və yazar-jurnalistləri Azərbaycanı saymadan, Ermənistan ərazisindən işğaldakı Qarabağ ərazimizə səfər edir. Və bu fakt sırf ermənilərin üstünlüyünə, Azərbaycanın isə əleyhinə işləyən haldır. Və bu hala da xüsusi siyasi rəng verən ağrıdıcı məqam, yenə qardaş Türkiyə tərəfi insanlarının bunu etməsidir.

-Nəzərə alsaq ki, bu ayın sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılışı olacaq. Belə nəticəyə gəlmək olarmı ki, bu ərəfədə qeydə alınan hər iki hal həm də sözügedən layihəyə qarşı yönəlmiş bir cəhd, Ankara-Bakı münasibətlərinə zərbə vurmaq istəyidir?

- Bu addımlar Ermənistan-Azərbaycan münaqişəsində erməni tərəfinin dəyirmanına su tökməklə bərabər, həm də Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək hallardır. Burada təbii ki, erməni antitürk, antiAzərbaycan mərkəzlərinin təxribatı düşüncəyə gəlir. Qardaş ölkə vətəndaşlarını ələ almaqla türk birliyi içində şübhə, münaqişə toxumu səpmək. Və bunu Azərbaycanla Türkiyə birliyində qurulan ən böyük, qüdrətli proyekt Bakı-Tiflis-Qars dəmiryolunun açılışı ərəfəsində etmək. Təbii, növbəti erməni təxribatına çox uygundur bu məqamlar.

-Sizcə, Qarabağa səfər edən türkiyəli deputat və yazarların Azərbaycana təhvil verilməsi proseduru nə üçün yubanır və Türkiyə vətəndaşlarını Azərbaycana təhvil verəcəkmi?

-Birmənali olaraq deyə bilərik ki, işğal altında olan Qarabağa həmin səfər Azərbaycan qanunlarını pozan cinayət tərkibli əməldir. Yəqin ki, Azərbaycan hüquq-mühafizə orqanları bu pozuntuya uygun konkret addımlar atıb, fakt üzrə müvafiq cinayət işi başlayıblar. Yəqin ki, o şəxslərdə beynəlxalq axtarışa verilib, çünki bu olmalıdır. Belə olan halda, Türkiyə dövlətinin bu şəxsələri Azərbaycanın tələbi ilə mühakimə üçün təhvil verməsi qarışıq və çətin məsələdir. Nəzərə alsaq ki, Azərbaycan tərəfi Türkiyənin tələbi ilə neçə FETÖ-çunu qardaş ölkəyə təhvil verib, məktəbləri bağlayıb, ANS tv-ni cinayət işi başlanana qədər qapadıb, Türkiyə də yəqin bu məsələdə adekvat addım atmalıdır. Amma yenə də, bu məsələnin siyasi tərəfləri var və məncə bu barədə ancaq hər iki dövlət rəhbərliyi arasındakı müzakirənin nəticəsi olaraq qərar verilər.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR