Gürcüstandakı soydaşlarımız seçkilərə necə hazırlaşır?

Ruslan Hacıyev: "Gürcü arzusu" partiyası əhalisinin çox hissəsi milliyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü istəyərək, gənc, perspektivli və işinin peşəkarı olan namizəd təklif etdi"

Məlum olduğu kimi qonşu Gürcüstanda oktyabr ayının 21-də yerli özünüidarəetmə oqranlarına seçkilər keçiriləcək. Bu seçkilər olduqca önəmlidir və seçkilərin nəticəsi ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir. Gürcüstanda soydaşlarımızın yaşadığı Kvemo Kartli bölgəsindəki ümümi ab-havayla nəzər yetirdikdə məlum olur ki, partiyaların təqdim etdiyi namizədlərin arasında soydaşlarımız da kifayət qədərdir. Qeyd edək ki, həm iqtidar həm də müxalifət partiyalarının namizədləri arasında soydaşlarımız var. Tarixdə ilk dəfə isə, hakim "Gürcü arzusu" partiyası namizəd olaraq gənc və perspektivli azərbaycanlı Temur Abbasovu irəli sürüb. Marneulidə ümümi seçki ab-havası, soydaşlarımızın siyasi fəallığı, hakim partiyanın seçki platforması və gələcək planları haqqında Gürcüstan parlamentinin deputatı, "Gürcü arzusu" partiyasının Marneuli nümayəndəliyi üzrə rəhbəri Ruslan Hacıyevlə söhbətləşdik

Ruslan müəllim, Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?

-Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edərək vətənimizin taleyinə aid olan hər bir prosesdə fəallıq göstərməkdədir. Buna onların seçib seçilmə hüququ da daxildir. Bu gün azərbaycanlılar demək olar ki, hər partiyada təmsil olunurlar, onların öz siyasi baxışları və mövqeləri var və bu mövqedən həm namizəd, həm seçici kimi tam sərbəstliklə istifadə edə bilirlər. Bu demokratiya qanunlarının ən vacib amillərindən biridir deyə düşünürəm. Seçim azadlığı, seçilmə hüququ. Eyni zamanda vətəndaşlar namizədlərlə görüşlərdə fəal şəkildə iştirak edirlər və seçkilərə böyük ümidlər bağlayırlar.

 

Keçirdiyiniz seçkiöncəsi görüşlərin görüntülərinə baxarkən çoxsaylı insanların iştirakının şahidi oluruq. Xalqın namizədlərlə görüşlərə marağını nə ilə əlaqələndirirsiniz?

 

-Seçki prosesi olduqca məsuliyyətli və ölkənin gələcəyini həll edən prosesdir, ölkənin parlaq gələcəyi isə onun vətəndaşlarının yaxşı yaşamasının qarantıdır. Vətəndaşlar da bunu dərk edərək bu proseslərə olduqca məsuliyyətlə yanaşaraq maksumum şəkildə bu proseslərdə iştirak edirlər. Bunu biz, əhali ilə görüşlərdə müşahidə etmiş oluruq, hər seçki olan illərdə namizədlərlə görüşlərə gələnlərin sayı artır. Bu isə o deməkdir ki, xalqın hakimiyyət, məmurlar və namizədlərlə arasında heç bir subordinasiya, maneə və əlçatmamazlıq yoxdur. Əhali sərbəst şəkildə öz iradlarını, problemlərini bizlərə çatdırıb onların həlli istiqamətində aparılan işlərlə maraqlanırlar. Eyni zamanda bunu onunla qiymətləndirmək olar ki, ötən seçkilər zamanı verilən vədlər və qaldırılan problemlər öz həllini tapıb. Statistika aparırıq, araşdırırq və məlum olur ki, ötən seçkilərdən bu günədək kəndlərdə və regionda qaldırılan önəmli problemlər öz həllini tapıb. Bunu isə xalq görür və inamla bizimlə görüşlərə gəlir. Biz xalqın güvənini qazanmışıq və onlara sübüt etmişik ki, bu görüşlər görüntü və səs istəmək üçün deyil. Bu görüşlər gələcək iş strategiyamızı qurub o problemləri aradan qaldırmaq üçündür. Çünki dövlət xalq üçündür.

Əsas seçki platformanız nədən ibarətdir?

-Platformamızın bir çox sahə üzrə nəzərdə tutulmuş iş planı var. Bu iqtisadiyyatın yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, mədəniyyət, təhsil, gənclər və idman, kənd təssərrüfatının inkişafı və s. kimi sahələri əhatə edir. Son bir neçə il ərzində bu sahələr üzrə bir sıra layihələr həyata keçirildi, problemlər aradan qaldırıldı. Bu dövr isə artıq növbəti mərhəyə start veriləcək. Bilirsiniz ki, Marneuli - kənd təssərrüfatı bölgəsidir, əsas hədəfimiz məhsulların artırılması və kəndlərdə insanların işlə təmin olunması üçün işlərin aparılması prioritet məsələlərdəndir. İnsrastrukturun gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman komplekslərinin, stadionlarının tikintisi, məktəb və uşaq bağçalarının tikintisi və s kimi işlərin reallaşması nəzərdə tutulur. "Gürcü arzusu" partiyasının xarici siyasətdəki hədəfləri də həmçinin daxili siyasətə və vətəndaşlarını rifahına təsir edəcəkdir. Əsas hədəf Avropaya inteqrasiyadır, Avropa ailəsinin üzvü olaraq biz bir çox sahədə uğur əldə etmə şansı əldə edəcəyik. Buna görə də bu kursu tutaraq ildən-ilə irəliləmək hər bir vətəndaşın əlindədir.

-Ruslan müəllim, tarixdə ilk dəfədir ki, bir çox partiyalar Marneulidə merliyə namizəd olaraq azərbaycanlı namizədi təqdim ediblər. Məlumdur ki, hakim partiya da ilk dəfədir ki bu qərara gəlib. Sizcə bu nə ilə əlaqəlidir?

-Düşünürəm ki, siyasətdə irq, millət və s. kimi çərçivələr əsas rol oynamamalıdır. Hər bir işdə əsas odur ki, peşəkar və vicdanlı insan olsun, işinin məsuliyyətini dərk etsin. Lakin, "Gürcü arzusu" partiyası əhalisinin çox hissəsi milliyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü istəyərək, gənc, perspektivli və işinin peşəkarı olan namizəd təklif etdi. Bu isə əhali tərəfindən olduqca müsbət qarşılandı. Bu bir daha onu göstərdi ki, "Gürcü arzusu" partiyasının yürütdüyü siyasət demokratik prinsip və Avropa dəyərlərinə sadiqdir.

Temur Abbasovun digər namizədlərlə müqaisədə seçilmə şansını necə qiymətləndirirsiniz?

-Şəxsən öz adımdan bütün namizədlərə uğurlar arzulayıram. Tam səmimiyyətlə söyləyə bilərəm ki, Temur Abbasova rəqib görə bilmirəm, bunu vətəndaş olaraq deyirəm. Keçirdiyimiz görüşlərdə, əhaliylə apardığımız söhbətlərdə bunu təsdiq etmiş oluram. Bu etibar və inam partiyamızın apardığı islahat və işlərdən gəlir. Temur Abbasovun tərcüməyi halı, görüşlər zamanı çıxışları və xalqla davranışı onun namizəd kimi xalq tərəfindən sevilib seçkilərdə qalib gələcəyinə böyük ümid və inam yaradır.

-Qarşı tərəfin apardığı seçkiöncəsi təbliğat-təşviqat kampaniyasını necə qiymətləndirisiniz?

-Hər bir namizədin və partiyanın seçkiöncəsi görüşlər keçirib təbliğat aparmaq hüququ var, lakin qanun çərçivəsində. Bəzən çıxışlarda provokasiyalara yol verən namizədlər olur, lakin xalq yerindəcə haqqı nahaqdan seçib o qeyri- peşəkar əməllərin qarşısını alır. Xalqın gözü tərəzidir. Bizim xalq neçə ildir ki, layiqli seçimini edir. Biz də çalışırıq onların o dəyərli səslərini doğruldaq. Sözdə deyil əməldə. Hər seçkidə isə alnı açıq yenidən xalqın dəstəyini istəyirik.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR