Qərbin özündə də insan hüquq və azadlıqlarının pozulduğunun şahidi oluruq

Əli Qənbərli: "İspaniyadakı son hadisələr də bunu bir daha göstərdi"

Hazırda bütün Avropa, eləcə də dünyanın diqqəti İspaniyada, daha doğrusu müstəqillik referendumu keçirən Kataloniyada bölgəsindədir. Həftə sonu ümumxalq səsverməsində müstəqillik mövqeyini ortaya qoyan katalonlar səsəvermənin sevincini ürək dolusu yaşamadan mərkəzi Madrid tərəfindən ciddi təzyiqlər, təqiblərlə üzləşdi. İspan polisi müstəqilik arzusunda olan katalonlara qarşı xüsusi qəddarlıq nümayiş etdirərək onlara fiziki zor tətbiq etdi. Nəticədə yüzlərlə dinc etirazçı müxtəlif dərəcəli xəsarət aldı. Amma qəribədir ki, hər zaman insan hüquq və azadlıqları, sərbəst toplaşmaq azadlığından dəm vuran Qərb, Avropanın siyasi institutları bu dəfə İspan polisinin zorakılığına göz yumdu, onun üçün sərbəst toplaşmaq azadlığı arxa plana keçdi. O zaman maraqlı bir sual ortaya çıxır. Qərbin demokratiya, insan hüquq və azadlıqları anlayışı yalnız bir sıra ölkələrə, eləcə də Azərbaycana təsir, təzyiq vasitəsidirmi? Məgər bunun özü də ikili standart deyilmi? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik.

-Əli bəy, bu günlər dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də, Kataloniyada keçirilən müstəqillik referendumudur. Maraqlıdır ki, müstəqillik arzusunda olan insanlara ispan polisinin qəddarlığına hər zaman demokratiya və insan haqlarından dəm vuran Qərb göz yumur. Sizcə, bu da Qərbin demokratik prinsiplər, insan hüquq və azadlıqları məsələsində ikili yanaşması deyilmi?

--Sizinlə tam razıyam ki, Katoloniyada keçirilən referendum dünya gündəmini zəbt edən hadisə idi. Bəlkə də, bu referendum bir növ Bərzaninin keçirdiyi referendumdan ilham alan referendum idi. Təbii ki, referendum polis zorakılığı ilə yadda qaldı. Əlbəttə, bu arzuolunan hal deyil. İnsanlar öz iradələrini ortaya qoyaraq, müstəqillik istəyirdilər. Bundan təbii nəsə ola bilməz. Mən deməzdim Qərb bu hadisələrə göz yumur. Təbii ki, müxtəlif formalarda etirazlar olmuşdu. Amma, bu kütləvi olmadı. Düşünmürəm ki, baş verən hadisələr bütün Qərb ölkələrində demokratiyanın yoxluğunu şübhə altına alır. Belə ki, demokratiya geniş anlayışdır. Qərb ölkələrinə, onların siyasi quruluşlarına, seçki sisteminə, insan hüquq və azadlıqlarını nəzər salan hər bir kəs burada demokratiyanın mövcudluğunu təsdiq edər.

-Halbuki Qərb Azərbaycan və bu kimi ölkələrdə müntəzəm olaraq insan hüquq və azadlıqlarının pozulduğunu iddia edir. Sizcə, hazırkı vəziyyət Qərbin qeyri-səmimiliyini ortaya qoymurmu?

--İnsan hüquq və azadlıqları geniş anlayışdır. Burada daha çox fundamental dəyərlər önəmli rol oynayır. Amma, təbii ki, Qərbin özündə də insan hüquq və azadlıqlarının pozulduğunun şahidi oluruq. İspaniyadakı son hadisələr də bunu bir daha göstərdi. Azərbaycan Avropa Şurasının üzvüdür. Məsələyə siz deyən prizmadan yanaşanda əgər, Qərb iddia edirsə Azərbaycanda insan hüquqları pozulur, bəs onda niyə Azərbaycan Avropa Şurası münasibətləri hələ də davam edir? Düşünürəm Qərbin bu yanaşması hardasa siyasi manevrdir. Burada məqsəd heç də təkcə insan hüquqları məsələsi deyil. Qərbin fərdi maraqları var.

-Düzdür, katolonların bu addımı separatizm meyilləri olsa da, lakin eyni yanaşmanı Qərb, Avropa Qarabağ separatçılarına münasibətdə sərgiləmir. Bu onu deməyə əsas verirmi ki, hətta separatizm məsələsində belə Qərbdə, Avropada ikili standart mövcuddur?

--Mən deməzdim ki, Katalonların bu addımı tam olaraq separatizmdir. Əgər, BMT-nin nizamnaməsinə nəzər yetirsək görərik ki, burda da xalqların azadlığından daha çox millətlərin azadlığından söhbət gedir. Qarabağ məsələsi fərqli məsələdir. Hazırda, burada yaşayan əhali yerli əhali deyil. Buranın əsl sakinləri azərbaycanlılardır. Azərbaycanlılar oradan yəni öz torpaqlarından zorla qovulublar. Qarabağ məsələsində başlıca maneə Ermənistandan daha çox Rusiyadır.

-Belə demək mümkündürmü ki, Qərbin bu ikili yanaşması artıq onun özü üçün də problemə çevrilib və separatizm Avropada ciddi bir problemə çevrilib?

--Mən deməzdim ki, Avropada separatizm o səviyyədədir ki, artıq təhlükəli tendensiyaya çevrilib. Avropada separatizm meylləri çox azdır. Düşünmürəm ki, əgər separatizm olsa belə bu Avropanın ikili standartlarından qaynaqlanacaq. Separatizm meyllərinin ikili standartla heç bir əlaqəsi yoxdur. Separatizm müstəqil dövlətdə hər hansısa bir milli azlığın müstəqillik tələb etməsi meylidir.

-Sizcə, bu proseslər Avropanı hara aparır və qoca qitədə yeni separatizm ocaqları, meyilləri yarana bilərmi?

-Istər Avropada, istərsə də dünyanın başqa yerində baş verəcək etnik prosesləri indidən proqnozlaşdırmaq yalnış nəticələrə səbəb ola bilər. Əlbəttəki, Avropada ayrı-ayrı dövlətlərin milli tərkibini müxtəlif xalqlar təşkil edir.Sabah heç kim deyə bilməz ki, belə bir hal baş verə bilməz, kimsə də deyə bilməz ki, baş verə bilər. Amma, Avropanın apardığı siyasət onu göstərir ki, böyük ehtimalla burada separatizm olmayacaq. Çünki, burada yaşayan xalqlar yüksək maddi təminat, birgə yaşayış və kollektiv təhlükəsizlik normalarına alışıblar.

-Məhz bu kimi mənfi tendensiyalardan sonra Qərbin, Avropanın bir qədər ədalətli davranacağı, ikili standartlara son qoyacağı gözləniləndirmi?

-Avropa özünə qarşı, öz insanına qarşı ədalətlidir. Amma, dünyanın ayrı-ayrı yerlərində bunu görə bilmirik. Əksər yerlərdə insanlar yerli hakimiyyətlərdən narazı olurlar. Bu narazılığın da konkret səbəbləri olur. Amma, sizi əmin edirəm ki, bu gün istənilən dövlət Avropa ailəsinin üzvü olmaq istəyir. Avropa ittifaqına daxil olmağa can atır. Bu da Avropa siyasi qitəsinin formalaşdırdığı mühitlə əlaqədardır. Verdiyiniz sualı konkretləşdirərək, qeyd edim ki, düşünmürəm ki, Avropanın xarici siyasəti dəyişəcək.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR