“Toylarımızda vəziyyət bərbaddı”

Qiyas Qiyasov: "El şənliklərinə elə müğənnilər dəvət edirlər və elə musiqilər sifariş verirlər ki, insan məəttəl qalır"

Azərbaycan peşəkar musiqi sənətində öz dəsti-xətti olan, mahir qarmon ifaçısı Qiyas Qiyasovla Azərbaycan milli musiqisinə birgə nəzər saldıq.

 - Adətən uşaqlar sənət seçəndə valideynlərin yönləndirməsi olur. Musiqi sənətini seçmənizdə  məhz qarmon ifaçısı olmanızda valideynlərinizin rolu nə dərəcədədi?

- Təbii ki, hər bir uşağın müəyyən sənətə yiyələnməsində valideynlərinin rolu olur. Və bir də Allahın qisməti deyilən bir şey var. Quranda da buyurulur ki, sənətlərinizin müxtəlifliyi, rənglərinizin, irqlərinizin müxtəlifliyi onun qüdrət əlamətlərindəndi. Yəni, hər bir insan müxtəlif peşə, sənətlə məşğul olur ki, bu da həyatın qanunauyğunluğudu. Mənim bu sənəti seçməyimdə valideynlərimin, düşdüyüm mühitin və tanrının qismətinin rolu danılmazdı.

Özüm musiqiçi ailəsində doğulmuşam. Uşaqlıqdan daim musiqi eşitmişəm, musiqi dinləmişəm. Valideynlərimin hər ikisi qarmon ifaçısı olub. Yəqin, mənim də məhz qarmon ifaçısı olmağımda bu səbəb üstünlük təşkil edir. Amma qismət deyilən şey də var və onu elə - belə vurğulamadım. Mənim özümün də üç övladım var, amma mənim musiqiyə olan sevgimi onlarda görə bilmədim. Deməli, bu təkcə mühitdən asılı deyil. Burada tanrının qisməti əsasdı. Təbii ki, indi musiqiyə və həyata baxışım tamam fərqlidi. Mənim ilk müəlliməm anam olub. Bir çox müəllimlərim bu sözümdən inciyir. Amma bu həqiqətdir ki, mənə ilk notu, musiqiləri, rəqsləri anam öyrədib. İlk professional musiqi ansamblına Aygün Bəylərin sayəsində gəlmişəm. Aygün xanım mənim musiqiyə baxışlarımı tamam dəyişdi. Onun zövqü, musiqiyə baxışı mənim bir musiqiçi kimi təkmilləşməmdə çox böyük kömək oldu. Mən bunu heç vaxt danmaram. Bu sənət yolunda mənim yalnız bir devizim var: Azərbaycan musiqisinə xidmət etmək.

- Qiyas bəy, musiqimizi həm xaricdə, həm də ölkəmizdə yaşatmaq və sevdirmək üçün daha nələri etməliyik?

- Biz milli musiqimizi xaricə yaymazdan öncə, öz ölkəmizdə yetərincə doğru şəkildə təbliğ etməliyik. Təbii ki, bu işdə kütləvi informasiya vasitələri peşəkar musiqiçilərə dəstək olmalıdırlar. Daha sonra el şənliklərində milli musiqimizin düzgün təbliğ olunması da böyük rol oynaya bilər. Təəssüf ki, bu gün əksər insanlar bayağı musiqiləri dinləyir və o musiqilərin el şənliklərində səslənməsini istəyir.

Düşünürəm ki, radio və televiziyalarda səslənən musiqilərə musiqini anlayan, peşəkar və qeyri - peşəkar musiqiləri, ifaları bir - birindən seçə bilən şəxslər nəzarət etməlidilər. Bizim çox gözəl bəstəkarlarımız, musiqiçilərimiz, yaşayan korifey sənətkarlarımız var ki, onları yada salan yoxdu. Dəyərli musiqişünaslarımız var və onlar sevə - sevə bu işlə məşğul ola bilərlər. Mən özüm Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom hazırladım. Çox çətinliklərlə qarşılaşdım. Və bütün bu proses şəxsi vəsaitim hesabına oldu. Bildiyimiz kimi müğənni ilə musiqiçinin qazancı eyni deyil. Bizim el şənliklərindən başqa qazanc yerimiz yoxdu. Qazandığımız pulu da bilmirik ailəmizə xərcləyək, ya sənətimizə sərf edək. Sənətimizi televiziya vasitəsilə insanlara çatdıra bilmirik. Orda da müəyyən maddiyyat tələb olunur.

Bu problem rəqsdə də mövcuddur. Bizim yüzdən çox gözəl rəqslərimiz var. Amma əfsuslar olsun ki, insanlar el şənliklərində bizdən bayağı rəqslər ifa etməmizi istəyir və etiraz edəndə də bizə qeyri - peşəkar musiqiçi kimi baxırlar. Halbuki, mənim ruhum həmin bayağı musiqini ifa etmək istəmir.Unudulmuş gözəl rəqs musiqilərimiz var ki, onlar yenidən təbliğ olunmalıdı. Milli musiqi bizim sərvətimizdi. Avropadan öncə bu cür gözəl musiqilərimizi özümüzdə, öz ölkəmizdə təbliğ etməliyik. Əsasən, milli musiqilərimizin təbliğinə İran, Türk, Şərq ölkələrinin musiqiləri mane olur. Öz musiqilərimizi sevməliyik, musiqilərimizə qarşı da vətənpərvər olmalıyıq. Mən inanmıram ki, hansısa yunan, rus, bolqar öz iaşə obyektində Azərbaycan musiqisini səsləndirsin. Onların hamısı öz musiqilərinə vətənpərvər yanaşırlar. Olduğumuz məclislərdə, el şənliklərində hələ elə bir insan olmayıb ki, biz onun verdiyi sifarişdən məmnun olaq, sevinək ki, bizdə də - milli musiqisini duyan, hiss edən insanlar var. Yaşlı nəslin nümayəndələri elə musiqilər ifa etməmizi istəyirlər ki, biz öyrəndiklərimizi nə üçün öyrəndiyimizə, niyə vaxt sərf etdiyimizə düşünə - düşünə qalırıq.

- Adətən, musiqiçilər hər  hansı bir müğənnini müşaiyət edirlər. Siz də bir çox xanəndələri, müğənniləri müşaiyət etmisiniz. Bilmək istərdik ki, hansı xanəndə sizin ruhunuza daha yaxın olub?

- İlk sənətə başlayanda Aygün Bəylərin sənətini çox bəyənirdim. Onun musiqiyə yanaşması, seçdiyi repertuar, musiqiyə olan baxışları məndə belə bir arzu yaratmışdı və mən çox istəyirdim ki, Aygün xanımın rəhbərlik etdiyi ansamblda - "Şövkət" musiqi ansamblında ifa edim. Allah bunu mənə qismət elədi. O vaxt ansamblın direktoru İslam Tağıyev ( zərb alətlərinin ifaçısı) idi və məni ansambla o gətirdi. 6- 7 il orada fəaliyyət göstərdim. Ansamblla birgə bir neçə konsertlərimiz oldu və hər bir konsertdə repertuarda Azərbycanın gözəl, milli musiqilərini ifa etdik. Hər konsertdə bir muğamımızı dəstgah şəklində ifa etdik. Bütün bunların musiqiçinin öz üzərində işləməsində, sənətində yenilikləri öyrənib tətbiq etməsində böyük rolu var. O ansanblın mənim musiqi baxışlarımın dəyişməsində çox böyük dəstəyi oldu. Daha sonra digər müğənnilərlə qısamüddətli işlədim. Bəziləri zamanla hər şeyi unutdular, dəyişdilər. Yəni, məşhurlamamışdan öncə tamam başqa idilər, məşhur olduqdan sonra isə tamam dəyişdilər. Sənətlə bərabər insanın insanlığı da yüksək səviyyədə olmalıdı.Onlar birgə vəhdət şəklində olanda hər şey uzunömürlü olur. Onlar olmayanda artıq balans itir. Az halda musiqiçi ilə müğənni arasında dostluq yaranır.

Hazırda zövqümcə olan müğənnilər Gülyaz və Gülyanaq Məmmədova bacıları, Aytən Məhərrəmovadı. Bu sənətkarlarla çalışmaq insana böyük zövq verir. Aytən xanımı əvvələr dinləyirdim. Musiqi zövqümüzün üst - üstə düşdüyünü gördüm. Daha sonra çəkilişlərin birində tanış olduq və birgə fəaliyyət göstərməyə başladıq. Dinləyicilər Aytən xanımı muğam ifaçısı kimi tanıyırlar, amma biz Aytən xanımda digər çalarları da gördük. Dəyişmək zamanı olduğunu düşündük, tək xanəndə kimi yox, klassik bəstəkar, xalq musiqilərini repertuara daxil etməsi yönündə işlərə başladıq. Hazırda da fəaliyyətimiz davam edir. Yeni əsərlər, ifalar üzərində işləyirik, məşqlər edirik, yeni mahnılar yazdırırq. Aytən xanımla işləmək mənə böyük zövq verir və bu zövq varsa, iş də olacaq. Ən əsası da insani keyfiyyətlərlə üstün səviyyədədi. Ona görə də ümid edirəm ki, işbirliyimiz uzunömürlü olacaq.

Onu da qeyd edim ki, yaxın günlərdə xalq artisti Faiq Ağayevin ansamblında işləməyə başlamışam. Və orda da gözəl işbirliyimiz var. Hər kəsə məlumdur ki, Faiq Ağayev də yüksək insani keyfiyyətlərə və intellektə sahib şəxsiyyətlərdəndi. Onunla da çalışmaq mənim üçün zövqdü.

- Amma deyəsən Aytən xanım daha çox ürəyinizcədi.

- Bilmirəm ki, Aytən xanımın yaradıcılığından danışım, ya yüksək insani keyfiyyətlərindən. Neçə illik sənət fəaliyyətim ərzində Aytən xanım kimi insan görməmişəm. Mənim üçün Aytən xanım insanlığın pik nöqtəsindədi. Onun diqqətçiliyi, dostluğu, səmimiliyi, mehribanlığı, hissiyatı - bütün bunları ifadə eləməyə söz tapa bilmirəm. Yaradıcılıq baxımından da zövqü çox gözəldi. Allah şahiddir ki, mən də onun işlərinin daha da yaxşılaşması, repertuarının daha da zənginləşməsi, yeni yolların açılması üçün əlimdən gələni əsirgəməməyə hazıram. Çünki, mən bu cür gözəl səsli xanımın təkcə xanəndə kimi fəaliyyət göstərməsini istəməzdim, onun istedadı başqa janrlarda da ona uğur qazandıra biləcək. Bir ifaçının ki, qanında muğam var, ona digər janrlarda ifa eləmək hər zaman asan olacaq. Aytən xanımın səsində romantika da, klassika da var. İnşallah tez bir zamanda istədiyimiz uğurları əldə edəciyik. Ansambl gözəl kollektiv nəticəsində uğur qazanır. Kollektivin də sağlam olması əsas şərtdir. Artıq 4 yeni mahnımız hazırdı.

 - Milli musiqimizdə yaranan bəzi problemlərin həlli yollarını necə görürsünüz?

- Həzrəti Əlinin gözəl kəlamı var. Deyir ki, insanlar atalarından çox, yaşadıqları mühitə bənzəyirlər. Həqiqətən bu fikirdə çox məna var. Bu gün musiqimizdə də elə bir durum yaranıb. Dəyərli musiqilər əvəzinə, dəyərsiz musiqilər vüsət alıb, yayılır və belə düşünürlər ki, guya sevilir. Amma onu sevən insanların heç biri musiqini anlayan, musiqi duyumu, ruhu olmayan insanlardı. Həqiqətən bu qlobal məsələdi. El şənliklərində elə müğənnilər dəvət edirlər və elə musiqilər sifariş edirlət ki, adam məəttəl qalır. Düşünməklə də bütün bu olanlara cavab tapa bilmirik. Yəni, bu qədərmi insanlar zövqsüzdü, bu qədərmi yaxşını pisdən ayıra bilmirlər.Qonşu dövlətlərin musiqilərini götürüb özümüzünküləşdirmək, sözlərində heç bir məna olmayan mahnıları gündəmə gətirmək və.s bütün bunlar hazırkı musiqimizin ən aktual problemlərindəndi. Təbii ki, bütün bunların aradan qaldırılması üçün efirlərə nəzarət olunmalı, musiqidən başı çıxan insanlar nəzarət etməlidilər.

 - Əvvəllər musiqiçilər, xanəndələr toylarda yetişirdilər. İstər ifaçılar, istərsə də musiqiçilər toylara məsuliyyətlə yanaşırdılar. Bu gün isə biz o məsuliyyəti ən peşəkar müğənnilərimizdə belə görmürük. Sizcə, bunun səbəbi nədir?

- Bu gün toylarımızın əksəriyyətində vəziyyət çox bərbaddı. İndi musiqiçilərimizə bir o qədər dəyər verilmir. Çox üzücü haldır ki, bu gün övladına toy edən valideynlərin çoxu üçün ancaq restorandakı yeməklər önəmlidi, onların ceşidləri daha maraqlıdı. Amma bir dəfə də olsun nəzarət eləmir ki, mənim toyumda necə musiqi olacaq, hansı musiqiçilər, ifaçılar ifa edəcək. Ən üst səviyyədə düşünən toy sahibləri yarım saatlıq kimisə gətirirlər və o da gəlib disklə oxuyur. Bu gün el şənliklərində musiqiçilər çox aşağı qonorarla ifa edirlər. Amma bir məsələni də qeyd edim ki, mən burada məsuliyyəti sahibkarlarda yox, musiqiçilərdə görürəm. Onlar aşağı qonorara razılaşmamalıdılar. Təbii ki, bu sənətdə yaxşılar da var. Amma onlar o qədər azdılar ki... Təəssüf ki, böyük əksəriyyət bu cür musiqiçilərdi. Vəziyyəti belə olan şadlıq evlərində təbii ki, milli musiqidən söhbət gedə bilməz. Əgər yaxşı, peşəkar musiqçilərə təlabat olmasa vəziyyət həmişə belə olacaq.

İndi bütöv toyu xanəndə idarə etmir. Müğənnilər var ki, bəli, onlar toyu sona qədər idarə edirlər. Xanəndələr yalnız toya qonaq qismində dəvət olunurlar və çox gözəl haldır. Muğam bizim milli musiqinin sütunu, özəyidi.

Son vaxtlar cavanlar xarici musiqiləri fləşkartlara toplayıb 1 - 2 saat diskoteka kimi el şənliyində təqdim edirlər. Və bütün cavanlar da hamısı bu mahnıları əzbər bilirlər. Amma klassik bəstəkarların mahnılarını, musiqilərini əzbər bilmirlər. Hərdən düşünürəm ki, görəsən həmin xarici ölkələrdə də heç olmasa yarım saat Azərbaycan musiqilərinə yer verilir? Bu sual məni çox düşündürür və təəssüf ki, cavab tapa bilmirəm.

 - Azərbaycanda milli rəqs sənətinin inkişafı hansı səviyyədədi? 

  • Bizim çox gözəl rəqslərimiz var. Hardasa 50-yə yaxın maraqlı rəqslərimiz var. Bəlkə də daha çoxdu. Təbii ki, bunların hamısı oynamaq üçün yazılmayıb. Təəssüf ki, indi insanlarımız çox az rəqslərimizlə tanışdı. El şənliklərində daha çox "Papaq", "Qoşəli", "Mehmani", "Beşaçılan", "Tərəkəmə", "Heyvagülü" və.s rəqslərimiz ifa edilir. Amma digər maarifləndirici rəqslərimiz var. Bu yaxınlarda gözəl qarmon ifaçımız, pedaqoq Aydın Əliyevin rəqslərimizi tərənnüm edən lent yazısı əlimə keçdi. Mən Aydın müəllimdən əyani təhsil almasam da, daima onun yaradıcılığını izləyirəm, maraqlanıram və ondan bəhrələnirəm. Mənim eşidilməyən Azərbaycan rəqslərindən ibarət albom çıxartmaq fikrim var.

 - Bu yaxınlarda sosial şəbəkə hesabınızdakı paylaşımlardan dostlarınızdan incidiyiniz hiss olunurdu.Dost xəyanəti ilə çox rastlaşmısınız?

- Hər bir insanın həyatında şad günləri, şər günləri olur. Arzu edirəm ki, hər birimizin həyatında şad günlərin sayı daha çox olsun, şər günlər biz istəsək də istəməsək də olacaq. Bu danılmaz faktdır. Bu yaxınlarda oğlumun kiçik toyu idi. Bunu geniş qeyd eləmək istədim və istədim ki, yanımda dostlarım, yaxınlarım olsun. Təbii ki, burada söhbət maddi yox, mənəvi dəstəkdən gedir. Qürur hissi keçirirsən ki, sən bu insanlara bu qiyməti verirsən və həqiqətən də onlar ona layiqdi. Amma ki... Bir də baxırsan ki, sənin daxilən ucaltdığın insanlar o ucalığa layiq deyillər. Əgər, bir insanın xoş günündə istədiyi dostu, yaxını yanında olmursa, artıq burada söz deməyə ehtiyac yoxdu. Deməli, həmin insanı sən qəlbində çox ucalığa qaldırmısan, əslində o buna layiq deyillmiş. İstisna hal ola bilər, hansısa bir hadisə ola bilər və gələ bilməyəsən. Amma bir telefon zəngi ilə təbrik etmək, dil - ağız eləmək də insana güc verir. Mən sənət dostlarımdan çox qohumlarımdan, yaxınlarımdan incidim. Bu durum mənə çox qəribə və müəmmalı gəldi. Demək olar ki, mənəvi zərbə aldım. Mən dostluğu bacaran adamam. Amma çoxları məni sevmir və məni çox ciddi, özündən razı, acıdil kimi qəbul edirlər. Mən hər kəslə zarafat etməyi sevmirəm, insanlarla ehtiyatla davranıram. Belə bir söz var ki, insanlarla davranışın atəşlə davranışın kimi olsun. Nə çox uzaqlaş ki, donmayasan, nə çox yaxınlaş ki, yanmayasan. Amma mənimlə sonradan dost olan insanlar da bunu etiraf edirlər ki, ilk vaxtlar səndən zəhləm gedirdi. Amma tanıdıqca, daxilini gördükdə necə dəyərli, insani keyfiyyətlərə malik bir insan olduğunu gördüm. Dostluğu da bacarıram, dostlarım da var, dost xəyanəti də görmüşəm. Özümün də səhvlərim olub və bunu da dostlar arasında həmişə etiraf eləmişəm. Bir az xaraktercə soyuq insanam. Elə insanlar var ki, sevgilərini etiraf edə bilirlər, amma mən sevgimi göstərə bilmirəm. Doğmalarımı, dostlarımı, ailəmi çox istəyirəm, onlardan ötrü canımı da verə bilərəm, amma bu sevgimi göstərə bilmirəm.

Bütün bu baş verənlərlə hər kəsi daha yaxşı tanıdım. Kimlərin mənə qarşı necə olduğunu bir daha aydın gördüm.

- Gələcəkdə milli musiqimiz üçün nələr etməyi düşünürsünüz, bununla bağlı gələcək planlarınız necədi?
- Bir musiqiçi olaraq hələ ki, kənardan seyr edirəm. Özümdə əvvəlki həvəsi görmürəm. Demirəm ki, sənətimə qarşı həvəsim, sevgim ölüb. Yox, qətiyyən. Sadəcə bu aralar bir az kənara çəkilmişəm, olanları, baş verənləri müşahidə edirəm. Əcnəbi musiqilərinə meyl eləmirəm. Amma bu yaxınlarda bir əcnəbi musiqiyə müraciət elədim. Demək olar ki, son tamamlanma işləri qalıb. Amma həvəsim və atəşim o qədər sönüb ki, mən onu tamamlaya bilmirəm. Hərdən də düşünürəm ki, tamamladım və bu əziyyətimi necəsə təqdim etməliyəm və necə təqdim edim? Yenə də hər şey sonda gəlib maddiyyata bağlanır. Musiqiçi kimi qazandığımız pulla ancaq ailəmizi, digər problemimizi həll edirik.

Bəzən bu sənəti seçdiyimə görə təəssüflənirəm. O zaman futbola da marağım var idi. Peşəkar şəkildə futbolla məşğul olurdum. Mənim həyatımda musiqi və futbol eyni dərəcədədi. Sonda musiqini seçdim. Bəzən, həvəsdən düşəndə kaş futbolu seçərdim deyirəm. Hərdən valideynlərim övladlarımı musiqiyə qoyulmasını istəyəndə qəti şəkildə etiraz edirəm. Onların musiqidən uzaq olmalarını arzulayıram. Hər bir insanın gözəl bəxti olmalıdı. Bu həm də musiqiçilərə aiddi. Gərək musiqiçinin gözəl bəxti, şansı olsun. Adam var ki, musiqiyə sənin kimi yanaşması yoxdu, amma işlər tamam başqa cürdü. Düşünürsən ki, Azərbaycan musiqisini, milli sərvəti qorumaq və təbliğ etməklə iş bitmir. Gərək insanın şansı da olsun. Adam var ki, az istedadla daha çox yerlərə yayıla bilir, adam da var ki, çox istedadını artırır, öz üzərində çalışır, amma...

Amma naşükürlük etmirəm. Qismətə inanıram. Ümid edirəm ki, inşallah, allahın izni ilə sənətimdə istədiyim hər bir şeyi edə biləcəm.

Nigar 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR