İdarə rəisi: “Vətəndaşların Azərbaycan sərhədini keçmədən xaricdən diplom alması faktları var”

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyevin müsahibəsi

- Təhsil Nazirliyinin müvafiq şöbəsi ləğv edilərək Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradıldı. İdarənin məqsəd və vəzifələri nədən ibarətdir?

- Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi 2015-ci ilin dekabr ayında yaranıb və artıq idarənin yaranmasından 1 il 6 ay zaman keçir.  Qurumun fəaliyyəti 2 istiqamətdə - akkreditasiya və nostrifikasiya (xarici ölkə diplomlarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi) üzrə qurulub.

Təhsilin bütün pillələrində keyfiyyətin təminatı məsələsi bu gün üçün prioritet məsələlərdən biridir. İdarə bu istiqamətdə qısa müddətdə kifayət qədər böyük işlər görüb. Fəaliyyətin 1 ili ərzində 13 ali təhsil müəssisəsi akkreditasiyadan keçib. Akkreditasiya sahəsində idarə tərəfindən bir çox hüquqi normativ sənədlərin hazırlanması istiqamətində işlər görülüb. Belə ki, bu müddət ərzində akkreditasiyanın yeni qaydaları hazırlanıb. Bu qaydaların hazırlanmasında ölkənin bu sahədə böyük təcrübəsi olan yerli və xarici ekspertləri iştirak edib, tövsiyələr veriblər. Təhsil Nazirliyinin ekspertləri tərəfindən buna müsbət rəy verilib və nəticə etibarı ilə ali təhsil müəssisələrinin akkreditasiya qaydaları təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Eyni zamanda, təhsilin digər pillələrində də akkreditasiya qaydaları, standartları, meyarlarını hazırlamaqdayıq. Artıq ümumtəhsil, peşə, həmçinin məktəbəqədər təhsil müəssisələrinin akkreditasiya qaydalarını hazırlayırıq. Bizim ekspertlər tərəfindən bu istiqamətdə işlər görülür.

Buraya yerli ekspertlərlə yanaşı xarici ekspertlər də dəvət edilib. Məqsəd akkreditasiya qaydaları, standart və meyarlarının tətbiqi zamanı akkreditasiya sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməkdir. Yeni qaydalar həm də bu sahədə sınaqdan keçmiş ölkələrin standart və meyarlarını Azərbaycan şəraitinə, yerli təhsil müəssisələrinin vəziyyətinə uyğunlaşdırmaq şərtilə hazırlanır. Bu qaydalar Avropa standartlarına, meyarlarına uyğunlaşdırılır. Azərbaycanda mövcud olan təhsilin səviyyəsini nəzərə alaraq Avropa standart və meyarlarının təhsilin bütün pillələrində birbaşa tətbiq edilməsinin mümkünsüz olmasına baxmayaraq, çalışırıq ki, hazırlayacağımız qaydalar tranzit xarakteri daşısın və yaxın 3-5 il üçün nəzərdə tutulsun.

Düşünürük ki, yaxın gələcəkdə bizim ali təhsil müəssisələri də yerli və xarici ölkələrin təhsil müəssisələri ilə rəqabət apara biləcək təhsil müəssisələrinə çevriləcək. O zaman mövcud qaydalar təkrarən yenidən işləniləcək, standartlar, meyarlar dəyişərək tam şəkildə Avropanın tələblərinə uyğun hazırlanacaq.

İdarədə əsas fəaliyyət istiqamətlərindən biri də nostrfikasiya prosesidir. Bu sahədə  bütün proses elektronlaşdırılıb, şəxs idarəyə gəlmədən sənədlərini yükləmək və bütün mərhələlər haqqında mütəmadi məlumat almaq imkanındadır. Bu, təhsil sahəsi üçün xüsusi önəm kəsb edir. Çünki bir çox vətəndaşlar təhsil almaq üçün xarici ölkələrə gedir. Lakin tədris dilini bilmədən, öz ixtisası barədə məlumatı olmadan diplom əldə edilər. Nazirlik olaraq bu prosesin qarşısının alınması istiqamətində işlər aparılır. Əsas istiqamət ölkədə təhsilin bütün pillələrində keyfiyyətli təhsil vermək və nəticədə əmək bazarını peşəkar və ya ixtisaslı kadrlarla təmin etməkdir. Xarici ölkə ali təhsil müəssisələrindən gələrək öz ixtisasını və tədris dilini bilmədən diplom əldə edənlərin qarşısının alınması ən önəmli məsələlərdən biridir. Bu qəbildən olan insanlarla müsahibələr aparılır. Nəticə etibarı ilə öz ixtisasından heç bir məlumatı olmayana, tədris dilini bilməyən şəxslərə diplomlarının tanınmasından imtina edilir.

- Bu gün idarənin maliyyələşməsi hansı formada həyata keçirilir?

- İdarə həm büdcədən maliyyələşir, həm də təsərrüfat hesablıdır. Bu məqsədlə yaxın gələcəkdə müxtəlif xarakterli xidmətlər göstəriləcək. Vətəndaşların müraciətlərinin daha da asanlaşdırılması istiqamətində bir neçə xidmətlər fəaliyyətə başlayacaq. İşlər tam yekunlaşandan sonra bununla bağlı saytda əlavə məlumat yerləşdiriləcək.

Xarici ölkə təhsil müəssisələri, nostrifikasiya prosesinin nədən bəhs etməsi ilə bağlı geniş məlumat verilməsi məqsədilə bu sahəyə ekspertlər cəlb ediləcək. Bundan əlavə, sənədlərin yüklənməsi, bu prosesin özünün daha da sadələşdirilməsi məqsədilə sənədləri elektron təhvil verməklə yanaşı, öncədən həmin sənədlərin verilən tələblərə uyğun olub-olmamsı sahəsində yardımların göstərilməsi üçün işlər görüləcək.

- İl ərzində daha çox hansı ölkələrin diplomlarının təsdiqlənməsi ilə bağlı müraciətlər daxil olur və hansı ixtisaslar üstünlük təşkil edir?

MDB ölkələrindən, Ukrayna və Rusiyadan diplomların tanınması ilə bağlı müraciətlər daha çox daxil olur. Ən çox imtina alanlar da məhz həmin ölkələrdən diplom alanlardır. Ukrayna və Rusiya vətəndaşların daha çox müraciət etdikləri ölkələrdir. Bunun əsas səbəbi orada qəbul qaydalarının çox asan olması ilə əlaqədardır. Attestatla, müraciət edənin səviyyəsinə varmadan ali təhsil müəssisələrinə qəbul aparılır. Diplom əldə etmək də asan olduğundan bu ölkələrə müraciətlər daha çox olur. Lakin həmin ölkələrdən daxil olan müraciətlərə baxdıqda əsas problem məzunların təhsil aldıqları müddətdə həmin ölkədə olmamalarıdır. Yəni, sərhəd keçmədən, təhsil almadan həmin şəxslər diplom əldə edə bilirlər.

Artıq bizim üçün həmin ölkələrdə bəlli təhsil müəssisələri var, həmin müəssisələri bitirənlərin diplomları Azərbaycanda tanınmır. Ötən il Ukraynanın təhsil nazirinin müavini ölkəmizdə səfərdə olarkən nazir Mikayıl Cabbarovla görüşündə bu mövzu da müzakirə edilib. Ukrayna tərəfi bu sahədə ciddi işlər görəcəyinə söz verib. Diplom çap edib verən təhsil müəssisələri barədə də Ukrayna Təhsil Nazirliyinə məlumat vermişik. Onlar da müvafiq ölçü götürülməsi istiqamətində razılaşmaya əsasən işlər görürlər.

Bu sahədə Rusiya ilə də problemlərimiz kifayət qədərdir. Bu da Rusiyanın müxtəlif təhsil müəssisələri, xüsusilə onların filialları tərəfindən verilmiş diplomlarla əlaqədar kifayət qədər əngəllərin olması ilə bağlıdır. Digər əsas problem xaricdə təhsil alanların tədris dilini kifayət qədər bilməməsidir. Bəzi xarici ölkə ali məktəblərini bitirən gənclərin nəinki sadə tədris dilində danışmamasının şahidi oluruq, həmçinin onların öz ixtisasından xəbərləri olmur. Belə diplom sahibləri də var.

Lakin qeyd etməliyəm ki, dünya reytinqlərində öndə olan təhsil müəssisələrindən kifayət qədər məzunlarımız var. Onlarla bağlı indiyə qədər elə bir ciddi problem olmayıb. İngiltərə, İsveçrə, Türkiyə, Almaniya ali təhsil müəssisələrinin məzunlarının diplomlarını demək olar ki, avtomatik olaraq tanıyırıq. Çünki həmin təhsil müəssisələri yüksək reytinqə malikdir. Bir çoxlarından eksperiment olaraq müsahibə təşkil edilib, görüşlər keçirilib. Onların yüksək səviyyəli peşəkar kadr olduqlarının şahidi olmuşuq. Ona görə idarə tərəfindən də qərar qəbul olunub ki, yüksək reytinqə malik olan təhsil müəssisələrini bitirən şəxslərin diplomları heç bir müsahibə keçirilmədən avtomatik olaraq  tanınsın.

Əsasən problemlərimiz Rusiya və Ukrayna təhsil müəssisələri ilə bağlıdır. Gürcüstanın bir neçə təhsil müəssisələri ilə də problemlərimiz var. Bu istiqamətdə mütəmadi işlər aparılır və ictimaiyyətə vaxtında məlumat verilir.

Son dövrlərdə vətəndaşlarımız xarici al təhsil müəssisəsini seçən zaman məsləhətlərə əməl edir. Bu sahədə əvvəlki illərlə müqayisədə fərqlilik hiss edilir.

- Hazırda ölkədə diplomların tanınması hansı qanunlar və ya qaydalar əsasında həyata keçirilir?

- Bu gün ölkədə diplomların tanınması Nazirlər Kabineti tərəfindən təsdiq edilən nostrifikasiya qaydalarına uyğun olaraq həyata keçirilir. Burada birinci növbədə təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyadan keçməsi, lisenziyasının olub-olmaması yoxlanılır. Sonradan həmin şəxsin təhsil aldığı müddətdə ölkədə olub-olması, aldığı ixtisasın ölkədə olan ixtisas təsnifatında nəzərdə tutulan ixtisaslara uyğunluğu yoxlanılır (ekvivalentliyini təyin etmək məqsədilə) və nəhayət təhsil müəssisəsinin reytinqindən asılı olaraq onun məzunun müsahibəyə dəvət olunub-olunmaması ilə bağlı qərar verilir.

- Azərbaycanın qonşu ölkələrlə diplomların qarşılıqlı şəkildə qeyd-şərtsiz tanınması ilə bağlı razılaşması olubmu? Hazırda şəraiti nəzərə alaraq bu məsələyə yenidən baxıla bilər?

- Biz Lissabon və Haaqa Konvensiyasına istinadən diplomları tanıyırıq. Həmin konvensiyada da hər bir ölkə öz daxili prosedur qaydalarına uyğun olaraq diplomların tanınması prosesini müəyyən edir. Diplomların qarşılıqlı tanınması istiqamətində Azərbaycanın bir neçə ölkə ilə qarşılıqlı müqaviləsi olsa da, bəzi hallarda müqavilə tərəfdaşları bu şərtləri yerinə yetirmir.

Bu istiqamətdə müxtəlif yazışmalar, danışıqlar aparmışıq. Bütövlükdə bu gün müəyyən olunmuş nostrifikasiya qaydalarına uyğun olaraq  diplomları tanıyırıq. Qeyri-şərtsiz diplomların tanınması ilə bağlı hansısa ölkə ilə müqavilə imzalamamışıq. Daha çox ali təhsil müəssisinin reytinqli olması, məzunlarının nə dərəcədə savadlı olmasına üstünlük verilir, bəzi təhsil müəssisələrinin özləri ilə birbaşa əməkdaşlıq edilir. Bu da bizə imkan verir ki, qeyri-şərtsiz olaraq  bəzi ali məktəblərin diplomlarını avtomatik olaraq tanıyaq.

- Lissabon Konvensiyası 1999-cu ildə qüvvəyə minib. Azərbaycan bu sənədi ratifikasiya edib və 2003-cü ildə, məhz bu sənəd əsasında xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının təsdiq edilməsi haqqındaNazirlər Kabineti qərar qəbul edib. Nazirlər Kabinetinin qərarının qəbul edilməsinin üstündən kifayət qədər vaxt keçib. Bu qərara yenidən baxıla bilərmi? Çünki Lissabon Konvensiyasında hər il dəyişiklik edilir.

- Bu məqsədlə idarə tərəfindən yeni nostrifikasiya qaydalar hazırlanır və hazırda baxılma mərhələsindədir. Təhsil dinamik olaraq dəyişir, dünyada bu proseslər təkmilləşir, müasirləşir və daha çox etibar üzərində qurulur.

Ali məktəblər daha çox reytinqdə yer tutmaq üçün təhsilin keyfiyyətinə daha çox önəm verməyə başlayıb. Təbii ki, dəyişkənlik olduğundan biz də nostrifikasiya qaydalarına yeniliklər gətirmək istəyirik. Yaxın gələcəkdə bu qaydalar qüvvəyə minəcəyi halda vətəndaşlar üçün şəffaf və aydın qaydada təqdim olunacaq.

- Təhsil Nazirliyinin bu gün verdiyi şəhadətnamə ilə həm elmi fəaliyyət-magistr, doktorant səviyyəsində fəaliyyət göstərmək, həm də əmək bazarına çıxış hüququ verilir. Gələcəkdə şəhadətnamə sənədlərinin fərqlənməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilərmi?

- Bəli, hazırda bizim tərəfimizdən xaricdə təhsil alan gənclərə 2 şəhadətnamə verilir. Bunlardan biri onların əmək bazarında işlə təmin olunması üçün imkan verir. İkinci  şəhadətnamə isə təhsilin digər pillələrində təhsil almaq imkanı yaradır. Yeni nostrifikasiya qaydalarında isə hər iki anlayışı birləşdirərək bir şəhadətnamənin verilməsi düşünülür. Həmin sənəd də məzunlara həm ali təhsil, həm də əmək bazarında müvafiq işlə təmin olunma imkanı yaradacaq.

- Azərbaycanlı gənclərin xaricdəki aşağı səviyyəli universitetlərə oxumağa göndərilməsində rol oynayan təhsil şirkətləri ilə bağlı hər hansı təkliflə çıxış etmək niyyətiniz varmı?

- Bütün dünyada hansısa təhsil xidmətinin göstərilməsi normal bir haldır. Azərbaycanda da bu gün belə şirkətlər fəaliyyət göstərir. Sadəcə olaraq, bəzi hallarda həmin şirkətlər nazirliyin adından ictimaiyyətə yanlış məlumatlar verirlər. Əhalinin diqqətinə bir daha çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi hansısa şirkətlə əməkdaşlıq etmir. Bəzi hallarda şirkətlər elanlarında qarant olaraq nazirlik tərəfindən məzunların diplomlarının tanınacağını qeyd edir. Bu, əhalini aldatmaqdan başqa bir şey deyil. Çünki mövcud qaydalar var və nostrifikasiya qaydalarına uyğun olaraq müraciət etmək üçün mərhələlər mövcuddur. Bu, ali təhsil müəssisəsindən, ölkədən asılı olmayaraq bütün xaricdə təhsil alanlara şamil edilir.

Elə bir şirkət yoxdur ki, əvvəlcədən xaricə göndərəcəyi şəxsə məzun olacağı halda diplomunun Təhsil Nazirliyi tərəfindən mütləq tanınacağına qarantiya versin. Dəfələrlə bu barədə ictimaiyyətə məlumatlar çatdırmışıq ki, şirkətlər və onların vədlərinin arxasında nə durduğu araşdırılmalıdır. Bu kimi vədlərlə şirkət sahibləri, belə bir vədlər verənlərin özləri böyük bir məsuliyyət altına girmiş olurlar. Bu addımlar aldatmaqdan başqa bir şey deyil. Amma hər kəs nəzərə almalıdır ki, təhsil millətin gələcəyidir və ən önəmli məsələlərdən biridir. Vicdanla düşünsünlər ki, dar düşüncəli vədlər verməklə nə etmiş olurlar.

- Gəlin etiraf edək ki, bu gün cəmiyyətdə xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması üçün müəyyən məbləğdə vəsaitin kifayət etməsi haqda rəy var. Yəni, düşünürlər ki, müəyyən məbləği ödədikdən sonra diplomlar tanınır və bu məsələdə heç bir problem olmur. Bu fikirlərə sizin münasibətiniz necədir?

- Bu sahənin elektronlaşdırılması məhz bu növ söz-söhbətlərin qarşısının alınması və əhali üçün şəffaf mexanizmin olması məqsədilə qurulub. Şəxsin özünün bilavasitə idarəyə gəlməsinə ehtiyac yoxdur. Hazırda onlar elektron qaydada sənədlərini təqdim edir, bu sənədlərə baxılır, mütəmadi olaraq bütün mərhələlər barədə onun poçt adresinə (emailə), telefonuna sms xidməti vasitəsilə məlumatlar daxil olur. Şəxs bu prosesi özü izləyə bilir. Sonluqda ehtiyac olduqda o müsahibəyə dəvət olunur.

Müsahibələr isə təhsil naziri tərəfindən təyin olunmuş ekspertlər tərəfindən keçirilir. Bu gün müsahibə formatı yalnız ixtisas biliyinin, əsasən tədris dilinin yoxlanılmasına xidmət edir. Sərhəd məlumatları Daxili İşlər Nazirliyi tərəfindən idarəyə daxil olur. Təhsil müəssisəsinin akkreditə olunub-olunmaması faktı isə internetdən əldə edilir. Düşünmürəm ki, bu gün normal düşüncəyə malik olan bir kəs fikirləşsin ki, düşdüyü vəziyyətdən asılı olmayaraq hansısa məbləğlə öz diplomunu təsdiq etmək imkanına malikdir. Bu gün nazirlik tərəfindən verilmiş imtina cavabları ilə razı olmayan kifayət qədər insanlar məhkəmələrə müraciət edir. Müvafiq qərarlar qəbul edilir. Elə hallar olur ki, qərarımız qüvvədə qalır, bəzən yenidən baxılması üçün sənədlər idarəyə göndərilir. Bu, kifayət qədər şəffaf və açıq şəkildə qurulmuş mexanizmdir.

- Xaricə getmədən pulla saxta diplom alanlar təhsil alanların neçə faizini təşkil edir. Belə hallarla bağlı Təhsil Nazirliyinin mövqeyi necədir?

- Hazırda faizi demək çətindir. Amma xaricə getmədən vətəndaşların pulla saxta diplom alması faktları var. Ümumiyyətlə, sərhədi keçmədən, həmin ölkədə olmadan bəzi vətəndaşlar diplom əldə edə bilirlər. Hətta bu diplomlar  həmin ölkənin apostil möhürü ilə də təsdiq edilib. Apostil registrində belə bir diplomun mövcud olması faktı təsdiq edilib, eyni zamanda, ali təhsil müəssisəsinin özü də belə bir sənəd verdiyini təsdiq edib.

Və yaxud 4 il əyani təhsil almış şəxs yalnız son ilin 2 günündə həmin ölkədə olub. Belə hallar mövcuddur. Bu təhsil müəssisələrinin verdiyi diplomların özü saxta olmasa da, məzunun təhsil almadan, imtahan vermədən, həmin ölkədə olmadan diplom əldə etməsi həmin təhsil müəssisəsinin necə fəaliyyət göstərdiyini göstərir. Biz hər bir ölkədə bu növ təhsil müəssisələri haqqında məlumatlıyıq və dəfələrlə onların özlərinə də müraciət edərək məlumatlar verilib. Bu kimi hallara qarşı daha ciddi mübarizə aparılır. Çünki bizdə hər bir ölkədə belə diplom verən təhsil müəssisələrinin siyahısı mövcuddur. Bu siyahıda da Ukrayna, Rusiya təhsil müəssisələri üstünlük təşkil edir, qismən Gürcüstan ali məktəbləri də da var. 

- Bu gün Azərbaycanda təhsil müəssisələrinin akkreditasiya qaydaları müasir tələblərə cavab verirmi? Yeni hazırlanacaq akkreditasiya qaydalarında mövcud qaydalarla müqayisədə hansı yeniliklərin edilməsi nəzərdə tutulur?

- Hələlik əlimizdə olan mövcud akkreditasiya qaydalarına uyğun olaraq bu prosesi həyata keçiririk. Ötən il 13 təhsil müəssisəsinin akkreditasiyası aparılıb. Hazırda 2017/2018-ci tədris ili üçün akkreditasiyadan keçiriləcək ali təhsil müəssisələrinin qrafiki təhsil nazirinə təqdim olunub. Təsdiq olunandan sonra bu müəssisələr barədə məlumat verilə bilər. Hazırda proses mövcud akkreditasiya qaydalarına uyğun olaraq aparılır. Yeni akkreditasiya qaydalarıNazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra onlara əsasən icra olunacaq. Yeni qaydaların əvvəlkilərdən kifayət qədər fərqi var. Əsas fərq təhsil müəssisəsinin fəaliyyətinin 6 əsas istiqamət üzrə yoxlanılmasıdır.

Belə ki, təhsil müəssisəsinin missiyası, strategiyası, insan resursları, tələbə məmnunluğu, Avropa təhsil standartlarına uyğunlaşdırılması əsas meyarlar kimi qəbul edilib. Yeni qaydalar 3 ali məktəbdə pilot olaraq abrobasiya edilib və çox müsbət nəticələr əldə edilib. Bu proses xarici və yerli ekspertlərin iştirakı ilə həyata keçirilib. Burada tələbələrin biliyinin  qiymətləndirilməsi mexanizmində də dəyişiklik nəzərdə tutulub. Nazirlilər Kabineti tərəfindən təsdiq olunandan sonra gələcəkdə atılacaq addımlardan biri həmin qaydaları ictimaiyyətə geniş şəkildə təqdim etməkdir.

- Mövcud qaydalara əsasən yalnız ali və orta ixtisas təhsili müəssisələri 5 ildən bir akkreditasiyadan keçirilirdi. Yeni qaydalarda isə ümumtəhsil, peşə məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilməsi nəzərdə tutulur. Onlar üçün illə bağlı şərtlər necə olacaq?

- Yeni qaydalarda bütün təhsil pillələri üzrə akkreditasiya fərqlənəcək. Hər təhsil pilləsi üçün ayrı-ayrılıqda qaydalar nəzərdə tutulub. Bu da daha məntiqlidir. Çünki hər bir təhsil müəssisəsinə qoyulan standart və meyar fərqlidir. Hər bir təhsil pilləsində təhsil müəssisəsinin spesifikası nəzərə alınmalıdır. Hazırda ali təhsil müəssisələrinin akkreditasiya qaydaları Nazirlər Kabinetinə təqdim olunub. Digər təhsil pillələri üzrə akkreditasiya qaydaları ekspertlər tərəfindən müzakirə mərhələsindədir. Yaxın müddətdə müzakirələr yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təsdiq üçün təqdim ediləcək. Hər bir halda təhsil pillələri üçün akkreditasiya müddəti fərqli olacaq.

- Mövcud və müasir tələblərə cavab verməyən hansısa ali məktəbin akkreditasiyası və ona verilən lisenziya ləğv edilə bilərmi?

- Akkreditasiya dedikdə ali təhsil müəssisələrində belə bir fikir yaranır ki, konkret olaraq yoxlama keçiriləcək. Burada məqsəd bağlanmaq və ya hansısa xoşagəlməz halla nəticələnməkdən ibarətdir. Ancaq yeni qaydalarda da qeyd edilib ki, akkreditasiya yoxlama deyil, qiymətləndirmədir.

Təhsil müəssisəsinin kadr hazırlığı nöqteyi-nəzərdən qoyulan standartlara nə dərəcədə cavab verib-verməməsi dəyərləndirilməlidir. Akkreditasiya komissiyasının məqsədi təhsil müəssisəsinə zəif və ya inkişaf etdirməli olduğu sahələri göstərməkdən ibarətdir. Eyni zamanda, təhsil müəssisəsi ilə birgə bu problemlərin aradan qaldırılması istiqamətində işlərin görülməsidir. Düzdür, qaydalara əsasən, sonluqda 3 qərardan (akkreditasiya olunması, şərti olunması və akkreditə olunmaması) biri verilir. Bütün dünyada normal bir haldır ki, akkreditasiya agentlikləri, qurumları al təhsil müəssisəsi üçün köməkçi qismində iştirak edir. Dünyanın hər yerində ali təhsil müəssisələri özləri akkreditasiya qurumlarına gəlib fəaliyyətlərini qiymətləndirmək üçün dəvətlər verirlər.

- Bəzən akkreditasiya və lisenziya fəaliyyəti ilə bağlı görülən işlər düzgün anlaşılmır. Bildirilir ki, akkreditasiyaya əsasən, ali məktəblərin fəaliyyəti dayandırılsa da, sonradan lisenziya verilərək fəaliyyəti bərpa etmək olar. Buna münasibətiniz necədir?

- Lisenziyanın verilməsi Təhsil Nazirliyinin səlahiyyətində deyil. Bu məsələ İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənir. Təhsil Nazirliyinin hüquq şöbəsi bu və ya digər ixtisaslar üzrə kadr hazırlığı ilə bağlı müvafiq rəy verir. Akkreditasiya qurumu olaraq biz təhsil müəssisəsinin 5 illik fəaliyyətini qiymətləndiririk. Əgər təhsil ocağı akkreditasiyadan keçmirsə, onun fəaliyyəti dayandırılır və gələcək illərdə fəaliyyət göstərməsi qeyri-mümkündür.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR