"Naxçıvanda 4 yaşlı qızı zorlayan gəncin ailəsi köçüb getməli olacaq" - MÜSAHİBƏ

Naxçıvanda 4 yaşlı qızın 23 yaşlı gənc tərəfindən zorlanması xəbəri hər kəsi şoka salıb. Qeyd edək ki, həmin gəncin - 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun yerli əhali tərəfindən cəzalandırıldığı bildirilir. Azyaşlının isə 3 gün komada qaldıqdan sonra həyatını itirdiyi bildirilir.

Yayılan məlumatlarda qeyd olunur ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib. O, sərxoş olduqdan sonra 4 yaşlı qız uşağına təcavüz edib. Sözügedən şəxs uşağı nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb. Əhali tərəfindən ələ keçirilən şəxsin əllərinin və ayaqlarının yandırıldığı, cinsiyyət orqanının kəsildiyi iddia olunur. Baş vermiş hadisə ilə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

- Mehriban xanım, dəhşətli hadisə barədə ilk dəfə kimdən eşitdiniz?
- Əvvəla, onu qeyd edim ki, bu, həqiqətən, çox dəhşətli bir hadisədir - azyaşlının zorlanması və ələlxüsus da bu hadisənin Naxçıvanda baş verməsi... Bilirsiniz ki, Naxçıvan moqopolislərdə olduğu kimi deyil, buranın öz qaydaları, ənənələri var. Adətlər, ənənələr burada çox qorunur. Kifayət qədər cəhd göstərilir ki, hansısa bir neqativ münasibətlərdən, neqativ hallardan ailələr qorunsun. Ailə münasibətlərinə, ailə dəyərlərinə çox ciddi münasibət var burada. İnsanlar öz ailələrini ciddi cəhdlə qoruyurlar. Orada boşanmaların çox olmaması, zorakılıq faktlarının çox olmaması da bundan xəbər verir. Hadisə ilə bağlı mən də ilk olaraq saytlardan, sosial şəbəkələrdən xəbər tutdum.

- Həmin şəxsin psixi xəstə olması ehtimalı barədə nə düşünürsünüz?
- Naxçıvanda təcavüzü törədən həmin şəxs mən deməzdim ki, psixi xəstədir. Mən onu psixi xəstə hesab eləmirəm. Bəzən cinayətdən canlarını qurtmarmaq üçün deyirlər ki, filankəs psixi xəstədir. Yox, əgər bu şəxs hərbi xidmətdə olubsa, deməli, normal bir adamdır. Bu hərəkəti ilə həmin şəxs bölgədə çox ciddi bir ajiotaj yaratdı. Onu cəzalandıranlar - hər bir iştirakçı, kim ki, ona müqavimət, təpki göstərib bunlar zorlanan həmin uşağı öz balası, öz övladı kimi qəbul edib. Hər kəs qonşunun, qohumunun və yaxud bir tin o tərəfdə yaşayan insanın problemini öz ailəsinin problemi kimi qəbul edəndə belə problemlər o mühitdə geniş yayıla bilməz. Biz indiki halda bu müqavimət göstərmiş oluruq. Bu çox böyük bir hadisədir, o qədər təsirləmişəm ki... Bilmirəm necə təskinlik verim, adam necə ovundursun o ailəni. Mümkünsüzdür...

- Sosial şəbəkələrdə müzakirələrdə həmin əməli törədən gəncin ailəsini də qınayırlar, bildirirlər ki, bunlar necə övlad tərbiyə edib. Siz bu barədə nə düşünürsünüz?
- Bəzi hallarda ailəni qınamaq düzgün olmur. Ola bilsin ki, çox normal və alicənab ailəsi var. İnanıram ki, həmin ailə təcavüzə uğrayan azyaşlının ailəsi qədər dəhşətli hislər keçirir. Acı hislər keçirir ki, məhz onların övladı bu əməli törədib, qeyri-insani hərəkət eləyib.

Ola bilsin ki, həmin şəxs azyaşlı olan vaxtlarda internet resurslarında seksual videolara baxıb, şüuraltı olaraq onda bəzi hislər yaranıb. Bəlkə heç birinci təcavüzü deyil? Mən ailəni tanımıram, ona görə də kiməsə böhtan atmaq olmaz ki, ailəsi belə idi. Ola bilər ki, bu adam erkən seksual münasibətə başlayıb. Hər halda bunu psixoloq və yaxud psixiator söhbət edib akşarlamalıdır. Müəyyən olunmalıdır ki, nədən bu adam körpə uşağa qarşı belə bir münasibət sərgiləyib. Dilim də gəlmir ki, deyəm zorlayıb. Çünki o qədər körpədir ki, adamın dili də gəlmir o sözü işlətsin.

- Ən qəribəsi də odur ki, bunu hərbi xidmətdən yenicə gələn bir gənc edib...
- Söhbət ondan gedir ki, hərbi xidmətdə öyrənmək lazım idi onun davranışını. Psixiator yəqin aydınlaşdıracaq ki, bu adam nə üçün azyaşlıya meyl edib. Deyək ki, bunu bilərəkdən, qəsdən eləyib, amma qəsdin varsa, get kişi kimi et də. O qədər ziddiyyətli davranışlar ortaya çıxır ki. Belə bir informasiya da oxudum, amma bilmirəm nə qədər doğrudur. Körpədən qisas almaq və yaxud körpəyə təcavüz eləmək vəhşilikdir. Mən düşünürəm ki, Naxçıvanda da belə məsələlərə həm hüquq-mühafizə orqanları, həm yerli qurumlar sərt reaksiya verəcəklər və kifayət qədər ağır cəza alacaq həmin şəxs. Lakin nə qədər böyük cəza alsa da, çox böyük travmadır, bölgə üçün də, bütün əhali üçün də.

Mən bu yaxınlarda Naxçıvanda 2-3 dəfə seminarda olmuşam, əhali ilə söhbət eləmişəm. Ənənələrə, ailə dəyərlərinə çox böyük önəm verilir burada, kişi öz məsuliyyətini bilir, qadın öz məsuliyyətini bilir. Dəyərlər sistemi müəyyən mənada qorunur.

Bu hadisə çox ciddi bir travmadır. Məsələ burasındadır ki, hətta Bakının özündə də belə bir hadisə olsaydı, əhali cinayəti törətmiş həmin şəxsi cəzalandırardı. Cəzalandırmaq o demək deyil ki, kimisə öldürsünlər. Hansısa bir qınaq, cəza, yaxud qısnama olanda digərlərinə də görk olur.

- Bu hadisə Azərbaycanın hər yerində şok effekti yaradıb.
- Bəlkə Azərbaycanın başqa bir bölgəsində bu hadisə bütün əhali üçün travma olmasın, amma Naxçıvanda başqadır. Orada bütün əhali bunu özünə böyük travma və qəbahət hissi kimi yaşayır. Ona görə də ciddi təpki göstərirlər. Siz cavansınız, bilmirsiniz - bizim vaxtımızda bir ərazini kişilər müdafiə edirdisə, o əraziyə kimsə başqa niyyətlə daxil ola bilməzdi. Yəni belə bir yazılmamış qanun var idi. Həmrəylik, mənfi hərəkətlərə qarşı müqavimətlər var idi. Əhalinin müqaviməti olanda bu hərəkətlər orada təkrarlanmır. Naxçıvan camaatı da lazım olan təpkini göstərdi.

- Çox şükür ki, Azərbaycanda belə hadisələr tez-tez təkrarlanmır...
- İstənilən qadın - hansı yaşda zorlanma varsa, bu bir evin məsələsi deyil, elin məsələsidir. Zorlanan nisbətən yaşlı biri olanda başlayırlar onu günahlandırmağa. Zorlanmadırsa, demək ki, məcburidir. Zorlananı ittiham eləmək olmaz. İndi bu körpədir deyə, hamımız lap dəhşətli reaksiya veririk. Zorlananın yaşından asılı olmayaraq, istənilən halda bu məsələlərə təpki göstərmək lazımdır. Qadın namusdur, qeyrətdir, müdafiə olunası şəxsdir.
Keçən dəfə bizim təşkilata bir xanım müraciət etmişdi. Yoldaşı hərbidə olub, ancaq xanımını müdafiə edə bilmir. Ona deyirəm ki, ay balam, mən sənə öz taleyimi necə tapşırım ki, sən öz ailəni müdafiə eləmirsən? Əskinə, ona qarşı zorakılıq göstərirsən. Elə məsələlər var ki, bu adamlar xüsusən etməməlidirlər və sərt münasibət göstərməlidirlər. Polislər, hərbiçilərin ailə münasibətləri ideal olmalıdır, bu məsələlərə də ciddi təpki göstərməlidirlər. Bir də ümumiyyətlə, Azərbaycan kişisi qadını ayaqlamamalıdır, onu müdafiə etməlidir. Bir az yaşca böyük xanım zorlananda sosial şəbəkələrdə insanlar onu qınayıb "öz günahıdır" yazanda bir başqası da baxır ki, deməli, mən də bu addımı atsam, qadını günahkar çıxaracaqlar. Heç kəs qadına, qıza ancaq seksual obyekt kimi baxılmamalıdır. Bunun qarşısı alınmalıdır. Ciddi şəkildə təpki olmalıdır.

Bizdə azyaşlılara qarşı belə cinayətlər 5-6 ildə bir dəfə olar, ya olmaz. Azərbaycanda çox az olur belə şeylər. Sonuncu dəfə səhv etmirəmsə, azyaşlıya qarşı belə iyrənc hərəkət 5 il öncə qeydə alınmışdı.
Əhalinin özünün qınağı və təpkisi açıq şəkildə olanda bu əməllər başqaları tərəfindən təkrarlanmır. Yəni burada millətin özünün müqaviməti olmalıdır, belə şeyləri yaxın buraxmamalıdır. Mən bu baxımdan deyirəm. Qanunla həmin adam onsuz da cəzalandırılacaq. Lakin insanların qınağı başqadır. Sosial şəbəkədə nə qədər təpki var, digərləri onu özünə dərs götürür. Düşünürlər ki, sabah bu sözlər mənə də deyilə bilər, verilən cəzalar mənə qarşı da edilə bilər, elliklə məni biabır eləyərlər, orada yaşaya bilmərəm. Bax, bu düşüncə ilə ola bilsin bəzi şeylər təkrarlanmasın. Biz biganə olsaq, inanın ki, təkrarlanacaq, daha çox olacaq. Ən əclaf adamlar belə bu hadisəni pislədi. Bütün məsələlərdə bu cür reaksiya olmalıdır.

- "Həmin şəxsin ailəsi köçüb getsin" kimi ittihamlara da rast gəlirik sosial şəbəkələrdə...
- Gəncədə var idi belə adət, kimsə başqasının həyatına qəsd edibsə və qonşudurlarsa, qəsd edən tərəfin ailəsi oradan köçüb gedirdi. Qohumluqda, qonşuluqda kimsə bu hərəkəti edirsə, onun orada yaşaması qeyri-mümkündür. Yəqin ki, zorlama cinayətini törədən şəxsin ailəsi də özünə hörmət edən ailədirsə, düşünürəm ki, heç vaxt orada qalmaz. Həm də nəsil davasına gətirib çıxarmamaqdan ötrü... Çünki bu sıradan bir hadisə deyil. Ölən uşağın atası da deyəsən, çox gərgindir. Bu təhqirdir, bunu qəbul edə bilməyəcək. Düşünürəm ki, o biri ailə mütləq şəkildə oranı tərk edəcək. Mümkün deyil ki, orada yaşasın. Kənardakılar da o ailəni qınayacaq, elə münasibət göstərəcək ki, onlar orada yaşaya bilməyəcəklər...

Cebhe.info

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR