Muğamımız qürur mənbəyimizdi

Ədalət Behbudov: "Musiqiçi sərbəst olmalıdı"

Pərviz Fərhadov: "Hər birimiz bu musiqini qorumalı, sevməli və gələcək nəsillərə ötürməliyik"

Hər bir sevilən ifaçının, xanəndənin uğuru onu müşayiət edən istedadlı musiqiçilərdən asılıdı. Əgər musiqiçi xanəndəni istedadla və ruhla müşayiət etməzsə, bu zaman xanəndənin səsinin, ifasının gözəlliyi tamaşaçıları ovsunlaya bilməz. İstedadlı tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov ifaları ilə həm  özlərinin, həm də müşayiət etdikləri xanəndələrin sənət gücünü nümayiş etdirməyi bacarıblar.

Gənc olmalarına baxmayaraq, Azərbaycan muğamının təbliğində təbliğində onların əməyi az deyil. Bir neçə beynəlxalq festivalın iştirakçıları və qalibləri olan Ədalət Behbudov və Pərviz Fərhadovun sənət yollarına nəzər salmaq istədik. İlk olaraq bu iki istedadlı musiqiçinin sənətə gəlmə tarixcələri ilə maraqlandıq. Məlum oldu ki, kamança ifaçısı Pərviz Fərhadovun sənətə gəlməsinin ilk səbəbkarı qardaşı olub...

Pərviz Fərhadov - Qardaşım Bəhruz Fərhadov tar çalırdı. Mən də ona baxıb həvəsləndim.Çünki efirlərdə Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Elçin Həşimov, Elnur Əhmədov, Malik Mansurov, Elşən Mansurov, Ələkbər Ələkbərov, Xəyyam Məmmədov, Firuz Əliyev, Munis Şərifov, Ağasəlim Abdullayev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Əliağa Sədiyev, rəhmətlik Habil Əliyev və Ədalət Vəzirov kimi sənətkarlara baxıb biz də onlar kimi tar, kamança ifa edəcəyimizi düşünürdük. Sonra hamıdan gizlin Qara Qarayev adına 8 saylı musiqi məktəbinin kamança üzrə hazırlıq kurslarına yazıldım. 1998- ci ildə kamança üzrə birinci sinifə getmişəm. İlk müəlliməm Şahnaz Muradova olub. Daha sonra sənədlərimi G.Şaroyev adına 35 saylı musiqi məktəbinə verdim. Orda da həm ixtisas,  həm də muğam dərslərini Əli müəllimdən almışam. Qeyd edim ki, 2007-ci ildə N.Nərimanov rayonu 45 saylı orta məktəbdən məzun olarkən həmin məktəbin direktoru Nazilə Məmmədova tərəfindən tərifnamə ilə təltif olunmuşam və həmin ildə Azərbaycan Milli Konservatoriyasına bakalavr pilləsinə daxil oldum. Konservatoriyada not dərslərini əməkdar müəllimə Kazımova Afət xanımdan, muğam dərslərini isə ustadım, dosent, əməkdar artist Elnur Əhmədovdan almışam. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirmişəm və həmin ildən bu günə qədər Milli Konservatoriyada müəllim vəzifəsində çalışıram. 2014-2016-cı illərdə  Mədəniyyət və İncəsənət Universitetinin magistatura pilləsində təhsil almışam. Orada əməkdar artist, dosent Mirnazim Əsədullayevdən ixtisas və muğam dərsləri almışam. Bu sənətlə məşğul olmağı çox sevirəm, kamança mənim hər şeyimdi və Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq həmişə inkişaf edəcəkdir".

Ədalət Behbudov - Respublikanın əməkdar artisti, dosent Elçin Həşimovun tələbəsi olmuşam. Ustadım Elçin Həşimovun və böyük sənətkarlarımız - Möhlət Müslümov, Firuz Əliyev, Ağasəlim Abdullayev, Malik Mənsurov, Ayaz İmranova baxıb, sənətə gəlmişəm. Asəf Zeynallıda və Konservatoriyada da Elçin müəllimdən bu sənəti öyrənmişəm. Daha sonra İncəsənət Universitetində magistratura təhsili almışam. Magistr pilləsində gözəl sənətkarımız Vamiq Məmmədəliyevdən bəhrələnmişəm. Konservatoriyada not müəllimim Ramiz Əzizov olub.

- Bildiyim qədəri ilə həm də pedaqoji fəaliyyət göstərirsiniz. Milli alətlərimizə uşaqlar arasında maraq nə dərəcədədi?

Ədalət Behbudov - Hazırda Bakı Humanitar Kollecində və Füzuli rayon musiqi məktəbində müəllim kimi çalışıram. Əvvəllər daha çox maraq var idi. İndi maraq bir qədər azalıb. Amma tarı sevərək gələn uşaqlar da çoxdu.

Pərviz Fərhadov - Konservatoriyani bitirdiyim ildən - 2011 - ci ildən, bu günə qədər Konservatoriyada, Respublika Gimnaziyasında və Şuşa Humantar Kollecində müəllim vəzifəsində çalışıram.

Hər birimiz bu musiqini qorumalı, sevməli, və gələcək nəsillərə ötürməliyik. Sevindirici haldır ki, indiki uşaqlar milli musiqimizi sevərək öyrənməyə çalışırlar.

- Həm solo fəaliyyət göstərirsiniz, həm də xanəndələrlə çalışırsınız. Hansı ifa ilə sənətinizi daha rahat şəkildə sərgiləyə bilirsiniz?

Pərviz Fərhadov - Hər bir işin öz çətinliyi var, asan iş yoxdu. Hər ikisində fəaliyyət göstərmək gözəldi. Hər iki sahədə biz xalqa xidmət edirik. Ulu öndərimizin dediyi ki, "Hər bir insanın milli mənsubiyyəti, milli dəyəri onun qürur mənbəyidi".Bizim də milli dəyərimiz olan muğamımız bizim qürur mənbəyimizdir. Fəxr edirik ki, milli musiqimizi - muğamımızı təbliğ edirik.

Ədalət Behbudov - Solo ifa və xanəndə ifası ayrı - ayrı məktəbdi. Yəni, elə ifaçı var ki, soloda çox mükəmməldi, amma xanəndə ilə trioda özünü göstərə bilmir. Və həmçinin də əksinə ola bilər. Xanəndəni müşayiət eləmək böyük məktəbdi. Bu yolun hər iki istiqamətini bilən musiqiçi üçün sənətini nümayiş etdirmək çox rahat olacaq. Allahın insana verdiyi istedadla, duyumla, ruhla yanaşı, zəhmət də böyük şərtdi. İstər musiqiçi ol, istər idmançı fərq etməz, əgər mütəmadi öz üzərində çalışmırsa, məşq etmirsə ona hər şey çətin olacaq. Bizim sənət də məşqi sevən sənətdi. Savadlı musiqiçi olmaq olar, amma zəhmət çəkmirsənsə, məşq eləmirsənsə o savadın səhnədə, ifada sənə heç bir köməyi olmayacaq.

Bizim sənətimiz ruha bağlı sənətdi. Elə olur ki, xanəndəni müşayiət edəndə xanəndə ifasında elə gözəlliklər edir ki, sən özünü burda görürsən, ya da solo ifa zamanı həmin an maraqlı nəsə edirsən və o an üçün özünü orda rahat görürsən. Bəzən də, alınmayanda heç birində də alınmır.

Sənət adamlarına incəsənət adamı deyilməsi elə - belə ifadə deyil. Həqiqətən də əsl musiqiçi çox kövrək olur, tez inciyən olur. Bəzən məclislərdə sifarişlər verirlər. Bu musiqiçinin rahat ifasına mane olur. O sifariş onun beynində, ürəyində həmin an düşündüyü, qurduğu kompozisiyanı məhv edir. Musiqiçi sərbəst olmalıdı. Təbii ki, musiqiçi də ifalarının yerini və zamanını bilməlidi. Məclislərdə ifa etdiyi musiqini efirdə ifa etməməlidi. Məclisdə dinləyənlə efir dinləyicisi arasındakı fərqi bilməlidi. Hər ikisində insanlar musiqini dinlədikdə dincəlir. Amma burada musiqilər bir- birindən fərqlənirlər. Musiqi mədəniyyəti tamam başqadı. Bunu hər bir musiqiçi qorumalıdı.

Kimləri müşayiət etmək istərdiniz?

Pərviz Fərhadov - Bizi yaxından izləyən tamaşaçılarımız bilirlər ki, biz bir çox xanəndələrlə işləmişik. Gülnar İsayeva, Elməddin İbrahimov, Məhərrəm Həsənov, Vüsal Zamanov və.s. Hal - hazırda isə gözəl səsli xanəndəmiz Aytən Məhərrəmova ilə davamlı işbirliyimiz var.

Yaqub Məmmədovu,Əbülfət Əliyevi, İslam Rzayevi müşayət etmək istərdim

Ədalət Behbudov - Hal -hazırda fəaliyyət göstərən bir çox ustad xanəndələrimizi müşayiət etmişik. Canlı korifeyimiz olan, Xalq artisti Arif Babayevdən tutmuş, Dədə Süleyman, Mənsum İbrahimov, Cabir Abdullayev, Könül Xasıyeva, Qəzənfər Abbasov, Sevinc Sarıyeva, Zabit Nəbizadə və bir çox dəyərli xanəndələri müşayiət etmişik. Yeganə Alim Qasımovla birgə işbirliyimiz olmayıb.

Bu yaxınlarda UNESCO - nun Latviyada təşkil etdiyi festivalda çıxış etdiniz. Səfər təəssüratlarınızı bilmək istərdik.

Pərviz Fərhadov - Festivalın açılış günü Azərbaycan Muğam Kompozisiyasi adlı repertuarla başladıq. Qeyd edim ki, bu kompozisiyada Azərbaycan himnini instrumental şəkildə ifa etdik. Gözəl səsli xanəndəmiz Könül Məmmədli Azərbaycanla bağlı qəzəl və "Azərbaycan" mahnısını ifa etdi. Növbəti günlərdə ermənilərin orada çox olduğunu nəzərə alaraq "Sarı gəlin", "Qarabağ" və "Mehriban olaq" mahnılarını ifa etdik. Festivala Klaipeda dəniz muzeyində qala konsertlə yekun vuruldu. Festival çox gözəl, yüksək səviyyədə təşkil olunmuşdu.

Ədalət Behbudov - Festivalda məhz bizim çıxışımız çox bəyənildi, gurultulu alqışlarla qarşılandı. Klaipeda şəhərinin Vitse Meri, UNESCO Milli Komissiyasının sədri, professor Romas Pakalnis və Litvanın mədəniyyət naziri bizi çox bəyəndiklərini bildirdilər və bizimlə xatirə şəkilləri çəkdirdilər. Hər zaman olduğu kimi bu festivaldan da vətənə əliboş qayıtmadıq. UNESCO tərəfindən hər birimiz diplomlarla təltif olunduq. Diplomları Klaipeda şəhərinin Mədəniyyət şöbəsinin müdiri Narunas Lendraitis və Etno-Mədəniyyət Mərkəzinin direktoru Nijole Sliuzinskiene təqdim etdilər.

Daha sonra Azərbaycanın Litvadakı diasporasının sədri Aliağa Məmmədovla və cəmiyyətin üzvləri ilə görüşlərimiz oldu. Bizi orada dəstəkləyənlərdən biri də Azərbaycan nümayəndə heyyətinin üzvləri Tofiq Həsənov və Vüqar Quliyev idi. İfalarımızı UNESCO rəsmiləri çox bəyəndi. Və növbəti festivala da dəvət aldıq.

- Artıq uzun zamandır ki, muğamımızın təbliğində sizin də  rolunuz var. Bu istiqamətdə qazandığınız uğurları bilmək maraqlı olardı.

Pərviz Fərhadov - 2010 - ci ildə əməkdar artist Babək Niftəliyevlə Ulan - Ude şəhərində UNESCO - nun IOV bölməsinin keçirdiyi 5 - ci beynəlxalq "Avrasiyasının səsi" festivalında iştirak eləmişik, 2011 - ci il də Aytən Məhərrəmova ilə birgə Respublika Muğam Müsabiqəsinin qalibləri olmuşuq, 2012 - ci ildə Ədalət bəylə birgə "Avrasiya səsləri" 7 - ci beynəlxalaq müsabiqədə birinci yerin qalibi, 2014 - cü ildə Budaşqin beynəlxalq festivalının qalibi, 2015 - ci ildə Beynəlxalq Muğam müsabiqəsinin qalibi olmuşuq.

Bu günə qədər bir çox konsertlərimiz olub. Vüsal Zamanovla birgə Fizuli rayonunda "Qarabağ canım mənim" adlı solo konsertimiz, Aytən xanımla birgə Füzuli rayonunda Ulu öndərimizin 88 illiyinə həsr olunmuş uğurlu konsertlərimiz olub. Həmçinin,  Moskvada Respublika gününə həsr olunmuş konsertlərimiz də böyük marağa səbəb olmuşdu.

Məhz vitse - prezidentimiz Mehriban xanımın əməyi sayəsində muğamımız və milli alətimiz olan tarın UNESCO - nun mədəni irs siyahısına daxil olması Azərbaycanın böyük uğurudu. Bütün bu fəaliyyətlər Azərbaycanımızın, mədəniyyətimizin təbliğində, tanıdılmasında əvəzsiz rol oynayır.

Ədalət Behbudov - Bir sıra ölkələrdə muğamımızı təbliğ etmişik. Ukraynada, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, İranda, Türkiyədə konsertlərdə, festivallarda iştirak etmişik. Həmçinin TÜRKSOYUN təşkil etdiyi bir çox festivallarda mütəmadi iştirak edirik.

Bu gün prezidentimiz İlham Əliyevin və birinci vitse - prezident, UNESCO və İSESCO nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və diqqəti nəticəsində muğamımız dünya səviyyəsində qəbul edildi. 2005 -ci ilə qədərki  dövrə nəzər salsaq görərik ki, muğamımız demək olar ki, beynəlxalq səviyyədə təbliğ olunmurdu. Mehriban xanımın dəstəyi və diqqəti sayəsində muğam sanki yenidən Azərbaycan musiqi dünyasına və tarixinə daxil oldu. 2005 - ci ildən sonra davamlı olaraq televiziya, respublika, beynəlxalq Muğam müsabiqələri təşkil olundu. Bu Azərbaycanın uğurdu.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR