Soçi görüşü münaqişənin həllinə əhəmiyyətli dərəcədə təsir edəcək

Cəbrayıl Fərzəliyev: "Rusiya ilə Azərbaycan münasibətlərinin tarixi kökləri var və hazırda bu münasibətlər regional təhlükəsizliyin təminatçısıdır"

Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən bir neçə gün keçsə də, lakin hələ də həmin görüş barədə müzakirələr davam edir, müxtəlif ehtimallar irəli sürülür. Bütün səslənən fikirlər və ehtimalların əsas ana xəttini isə o təşkil edir ki, Soçi görüşü Moskva-Bakı münasibətlərinin daha da inkişaf etdirilməsi, strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Həmçinin bu görüş Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərəcək. Elə politoloq Cəbrayıl Fərzəliyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Cəbrayıl Fərzəliyev Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən mümkün gözləntilər barədə danışıb.

-Cəbrayıl bəy, həftə sonu, Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən nəzərdə tutulmadığı halda Soçiyə gedərək rusiyalı həmkarı ilə görüşdü. Sizcə, belə bir qəfil görüş hansı zərurətdən irəli gəldi?

--İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri və Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü ötən həftə sonunun ən mühüm siyasi hadisəsi sayıla bilər. Təbii ki, görüşü zəruri edən əsas səbəblər bunu deməyə bizə əsas verir. İlk növbədə söhbət həlli uzanan Dağlıq Qarabağ məsələsi ətrafında yaranmış təhlükəli durumdan gedir. Bəllidir ki, bir sıra ekspertlər, o cümlədən rusiyalı təhlilçilər bu vəziyyətin olduqca təhlükəli həddə çatdığı və siyasi liderlərin çevik müdaxiləsi olmazsa, müharibənin qaçılmaz olacağı haqda xəbərdarlıq etməkdədirlər. Belə perspektivdən yayınmaq üçünsə ən əvvəl Moskvanın çevik müdaxiləsi tələb olunur

-Prezidentlərin görüşündə Qarabağ məsələsinin əsas müzakirə mövzusu olduğu bildirilir. Sizcə, yaxın vaxtlarda Rusiya problemin həlli ilə bağlı yeni təşəbbüslərlə çıxış edə bilərmi?

- Təbii ki, Soçi görüşündə bizi maraqlandıran əsas məsələ dalana girənmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir. ATƏT-in Minsk qrupunda təmsil olunan Rusiya SSRİ-nin varisi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlarla bağlı olub. İki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır və düşünürəm ki, Soçi görüşü münaqişənin həllinə əhəmiyyətli dərəcədə təsir edəcək.

-Xüsusilə, xarici işlər nazirlərinin Nyu-York görüşü və Azərbaycan-Ermənistan prezidentlərinin görüşəcəyi barədə xəbərlərin gündəmə gəldiyi bir ərəfədə belə bir görüş nə dərəcədə effektli ola bilər?

--Prezident İlham Əliyevin Rusiyaya səfəri və ölkə prezidenti Vladimir Putinlə Soçidəki görüşü Rusiya-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini təsdiqləməklə, əməkdaşlığın çox böyük perspektivlərinin olmasına işarədir. Hesab edirəm ki, Soçi görüşü regional məsələlərin müzakirəsi və həlli baxımından xüsusi əhəmiyyətə malikdir.

-Azərbaycan və Rusiya prezidentlərinin görüşü ikitərəfli münasibətlərə hansı müsbət təsirləri göstərə bilər?

- Bu müzakirələrin predmeti təkcə ikitərəfli münasibətlər deyil, eyni zamanda regionda yaranmış mürəkkəb geosiyasi vəziyyət və bu vəziyyətin qlobal konteksdən qiymətləndirilməsi idi. Elə bunun nəticəsidir ki, görüşə başlayan zaman Vladimir Putin məhz bu məsələləri önə çəkərək Rusiya ilə Azərbaycan arasında münasibətlərin gələcək perspektivlərindən və inkişafından danışdı. Rusiya ilə Azərbaycan münasibətlərinin tarixi kökləri var və hazırda bu münasibətlər regional təhlükəsizliyin təminatçısıdır. Nəzərə alsaq ki, bu təhlükəsizlik sadəcə siyasi müstəvidə təmin olunmur, eyni zamanda hər iki ölkə böyük layihələrin birgə müəllifi olmaqla, yeni nəqliyyat dəhlizi, yeni iqtisadi münasibətlər, yeni təhlükəsizlik və enerji şərtləri formalaşdırır, o zaman prezidentlər arasında bu görüşün nə qədər əhəmiyyətli olduğunu anlamaq o qədər də çətin deyil.

-Nəzərə alsaq ki, bu görüş son vaxtlar iki ölkə arasında siyasi münasibətlərdə bir sərinliyin müşahidə edildiyi bir vaxtda baş verir. O zaman belə qənaətə gəlmək olarmı ki, Soçi görüşünün əsas məqsədlərindən biri də məhz Moskva-Bakı incikliyini aradan qaldırmağa yönəlib?

- Təbii ki, Əsas məsələlərdən biri də odur ki, bu görüş məhz ayrı-ayrı ekspertlərin və ermənipərəst dairələrin yaratdığı dezinformasiya zamanında baş tutdu. Son günlərdə informasiya məkanında Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanması və yaxşı perspektivlərin olmaması ilə bağlı fikirlər səslənirdi. Lakin görüşdən sonra bəlli oldu ki, bu şayiələr Azərbaycan və Rusiyanı sevməyən qüvvələr tərəfindən informasiya məkanına ötürülür və bu fikirlərin əsası yoxdur. Heç şübhəsiz ki, ən ümdə məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərin müzakirə edilməsi idi.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR