Yaxın Şərqdə türk kimliyini silməyə çalışırlar

Nuralciya Tagin: "Bunu hər ötən gün aydın şəkildə görürük"

Saxa Respublikasından olan (Yakutiya) olan etnoloq, araşdırmaçı yazar Nuralciya Taginin "OLAYLAR"-a müsahibəsi

-Nuralciya xanım, Azərbaycana səfərinizin məqsədi nədir və burada hansı görüşlər keçirməyi nəzərdə tutursunuz?

-Azərbaycanda bizim türk qardaşlarımız yaşayır və türk qardaşlarımızla əlaqələri inkişaf etdirmək məqsədilə bu kimi səfərlər edirik. Biz saxaların İslam ilə heç bir əlaqəsi olmasa da, türkçülüyü inklşaf etdirir, öz kimliyimizi qoruyub saxlayırıq. Çünki özünü, kimliyini unudan bir dövlət heç vaxt ayaqda qala bilməz. Mən Azərbaycan Respublikasının ayaqda qalmasını istəyirəm. Biz türklər olaraq öz mədəniyyətimizi, kimliyimizi qoruyub saxlamalı, onu yaşatmalıyıq. Təbii ki, Azərbaycan da bir türk respublikasıdır və bu dövlət ayaqda dura bilməsə inkişafını da itirər. Burada keçirəcəyimiz görüşlərə gəlincə rəsmi görüşlər nəzərdə tutulmur. Sadəcə bəzi konfranslarda iştirak edəcək, buradakı dostlarımla görüşəcəyik.

-Azərbaycanla Yakutiya arasında əlaqələri necə dəyərləndirirsiniz?

-Biz Yakutiya olaraq Azərbaycanla əlaqələri inkişaf etdirməyi çox istəyirik. Yakutiyada Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir və həmin təşkilat da əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verir. Hesab edirəm ki, Azərbaycanla akademik səviyyədə, universitetlər arasında əlaqələr qura bilərik.

-Bəs Yakutiyanın digər türk respublikaları ilə əməkdaşlığı hansı səviyyədədir?

-Yakutiya olaraq Türkiyə, Özbəkistan, Qırğızıstanla əlaqələr qurmuşuq. Adı çəkilən ölkələrlə akademik səviyyədə əməkdaşlıq edirik. Həmçinin universitetlər arasında yaxşı əlaqələr mövcuddur. Ancaq təəsüüflər olsun ki, Azərbaycanla hələ bu səviyyədə əlaqələr yoxdur. Düşünürəm ki, qeyd etdiyim istiqamətlərdə Azərbaycanla da əlaqələri inkişaf etdirə bilərik.

-Bəs türk respublikaları arasında yakutlara daha çox yaxın olan hansı ölkədir?

-Yakutiyada özbəklər, qırğızlar daha çoxdur. Düzdür, Azərbaycandan da Yakutiyada yaşayanlar var. Ancaq o qədər də çox deyil. Yakutiyada yaşayan türk respublikalarınıən nümayəndələri özlərini orada rahat hiss edə bilirlər . Hətta türk olduqları üçün onlara dəstək də verilir.

-Bu gün türk dünyasının durumunu necə dəyərləndirirsiniz?

-Təssüflər olsun ki, bu gün Yaxın Şərqdə türk kimliyini silməyə çalışırlar. Bu layihəni Suriya, İraqda həyata keçirdilər. İndi isə sıra Türkiyəyə gəlib. Əgər Türkiyədə də bunu reallaşdıra bilərlərsə, o zaman sıra Azərbaycana gələ bilər.

-Bəs türklər buna qarşı hansı tədbiri görməli, addımı atmalıdır?

-İlk növbədə türklər bunu anlamalı, türk kimliyini qoruyub saxlamağa çalışmalıdırlar. Türklər öz ata-babalarının qəhrəmanlıqlarını unutmamalı, onu yaşatmalıdırlar. Bu gün türkləri ərəbləşdirməyə çalışır, insanın məntiqini dəyişməyə başlayırlar. 20 ildir ki, bu proses gedir. Ancaq biz 1 ildir ki, bunu dərk etməyə başladıq. Bu gün dərk edirik ki, Yaxın Şərqdə türklərə qarşı terror həyata keçirilir, onları məhv etmək layihəsi reallaşdırılır. Nədən ki, türklər uzun illər dünyaya sahib olublar. Bir sözlə türklərin mənəvi kültürünü məhv etmək istiqamətində çalışılır. Uzun illər türkləri qatil, savaş tərəfdarı kimi göstərməyə çalışsalar da, lakin bu savaşların nədən baş verdiyini açıqlamayıb, onun əsl mahiyyətini açmayıblar. Əslində isə bu savaşlar, türklərin apardığı mübarizə dünyaya ədalət gətirməyə hesablanıb.

-Qısacası bu Qərbin bir layihəsidir

-Demək olar ki. Amma sırf Qərbin layihəsi də demək olmaz. Çünki bəzi Qərb dövlətləri bu yalnışı anlayıb öz siyasətlərinə bir qədər geri çəkildilər. Mən deyərdim ki, türkləri yox etmək planının arxasında dünyanı idarə edən maliyyə qaynaqları dayanır. Təəssüflər olsun ki, türklər də hələ bunu dərk etmir və sanki yuxudadırlar.

-Bəs yakutlar öz kimliklərini necə qoruyurlar?

-Bizim yerləşdiyimiz coğrafiya həddən artıq soyuq olduğu üçün yakutları o qədər assimliyasiyaya məruz qoya bilməyiblər. Nə qədər siyasi cəhətdən yakutları assimliyasiya etməyə çalışsalar da, biz bunun qarşısını ala bilmişik. Yakutlar olaraq dil və mədəniyyətimizi bu günə qədər də saxlamışıq. Dil və mədəniyyətin saxlanılması, assimliyasiyaya uğramaması isə türklüyümüzü qoruyub saxlamağa imkan verib.

-Bəs hansısa basqılar, təpkilərlə üzləşmək kimi hallarla qarşılaşırsınızmı?

-Müəyyən iqtisadi təsirlər ola bilər. Yəni Yakutiyada heç zaman iqtisadi baxımdan əlverişli layihələr həyata keçirilməyib. Bizə bu imkan verilməyib. Bütün bunlara rəğmən biz öz kimliyimizi, mədəniyyətimizi qoruyub saxlamışıq. Hətta Yakutiyaya gəlib orada məskunlaşan digər xalqların nümayəndələri də tədricən bizim mədəniyyətimizi, adət-ənənələrimizi qəbul edirlər. Mənəvi və mədəni kültürümüzü qorumaq uğrunda mübarizəni ilk dəfə 1980-ci illərdən başlanılıb və bu prosesi ilk dəfə Yakutiya prezidenti Mixail Nikolayev başlayıb. Bu gün biz öz milli və mənəvi kimliyimizi qoruyub, saxlayırıq. Təsadüfi deyil ki, tanınmış rus tədqiqatçısı Aleksandr Şipkov da yakutları mənəvi mədəniyyətə sahib çıxan ən mübariz xalq kimi dəyərləndirib.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR