Ölkə iqtisadiyyatı dinamik inkişaf edir

Azər Badamov: "Bu inkişafımızın təməlində dövlət başçımızın müəyyənləşdirdiyi düşünülmüş siyasi-iqtisadi kurs dayanır"

2014-cü ildən başlayaraq dünya iqtisadiyyatını  təhdid edən böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini davam etdirir. Zamanında atılmış məqsədyönlü addımlar nəticəsində bu riskləri özündən uzaqlaşdırmağa müvəffəq olan ölkəmiz qarşısına qoyduğu hədəflərə də mərhələ-mərhələ çatmaqdadır. Bu əminlik Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında da bir daha təsdiqini tapdı. Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən iclasda dövlət başçısının çıxışından məlum oldu ki, ilin ilk altı ayı Azərbaycan üçün uğurlu olub, qarşıya qoyulan hədəflər, məqsədlər reallaşıb. Bəs görəsən ilin sonuna Azərbaycanı nə gözləyir və ilk altı ayda əldə edilən uğurlar ümumilikdə 2017-ci ilin iqtisadi inkişafla başa çatmasını şərtləndirəcəkmi? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.

-Azər müəllim, Prezident İlham Əliyevin  iştirakı ilə keçirilən Nazirlər Kabinetinin iclasında dövlət başçısı ölkəmizlə bağlı bir sıra vacib məqamlara, xüsusilə iqtisadi sahədə əldə edilən uğurlara toxundu. Sizcə, dünyada ciddi iqtisadi böhran hökm sürdüyü halda Azəbaycanda inkişaf tempinin davam etməsi nə ilə bağlıdır?

-Bildiyiniz kimi 12 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda cənab Prezdent 2017-ci ilin 1-ci yarısında ölkəmizin sosial-iqtisadi mənzərəsini statistik göstəricilərə əsaslanaraq təhlil etdi. Dünya iqtisadiyyatında iqtisadi böhran davam etməsinıə baxmayaraq cari ilin yola saldığımız 6 ayı ərzində iqtisadi uğurlarımız yüksək olmuşdur.

-Cari ilin birinci yarım ilinin iqtisadi göstəricilərini necə dəyərləndirərdiniz?

-Cari ilin iqtisadi göstəriciləri müsbətdir. Qeyri-neft sektorumuz 1,7 faiz , qeyri-neft sənayemiz isə 4,4  faiz artmışdır. Ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya qoyulmuş, valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 40,4 milyard dollara çatmışdır. Cari ildə 123 min yeni iş yerləri yaradılmış, xarici ticarət dövrüyyəmizdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artmış, idxal isə 15 faiz azalmışdır. Göründüyü kimi bütün iqtisadi göstəricilərimiz müsbətdir, ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Bu inkişafımızın təməlində dövlət başçımızın müəyyənləşdirdiyi düşünülmüş siyasi-iqtisadi kursu dayanır. Həyata keçirməyə başladığımız iqtisadi islahatlar artıq öz nəticələrini verməkdə davam edir. Düşünürəm ki, ilin sonunda iqtisadi uğurlarımız daha da yüksək olacaqdır

-Altı ayın müsbət nəticələri ümumilikdə bu ilin iqtisadi inkişafla başa vuracağını söyləməyə əsas verirmi?

-Təbii ki, cari ilin altı ayının iqtisadi göstəriciləri hər birimizi sevindirir. İqtisadiyyatın inkişafı insanların sosial rifahının inkişafı deməkdir. Ulu Öndər Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Ölkə başçımızın da məqsədi ölkəmizi güclü iqtisadiyyata malik ölkəyə çevirməkdir. Bununla əlaqədar 2016-cı ildə ölkə qanunlarında köklü dəyişikliklər həyata keçirilmiş, iqtisadiyyatımızın əsas aparıcı sektorları üzrə Strateji Yol xəritələri təsdiq olunmuş və cari ildə də təsdiq olunmuş islahatların icrasına start verilmişdir. Nəticələr göz qabağındadır.Dövlət başçımız İlin sonuna qədər hədəflər müəyyənləşdirmişdir. Düşünürəm ki, nəticələrimiz də yüksək olacaqdır.

-Dövlət başçısı müşavirədə diqqəti xüsusilə kənd təsərrüfatının inkişafına yönəltdi. Hazırda bu istiqamətdə inkişaf tendensiyasını necə dəyərləndirərdiniz?

-Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin kökündə iqtisadiyyatımızın neftdən asıllığının aradan qaldırılması dayanır. Qeyri-neft sektorunda ən çox potensialı olan və gəlir gətirəcək sahə kənd təsərrüfatdır. Ölkəmizin yerləşdiyi coğrafi mövqe çox çeşidli kənd təsərrüfatı məhsullarının istehsalına geniş imkanlar verir. Çoxşaxəli şəkildə ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi birinci növbədə ölkədə ərzaq təhlükəsizliyini təmin edir. Bununla yanaşı ölkəmizin ixrac potensialını da artırır. Cari ilin 6 ayında kənd təsərrüfatının ixracı 2,2 faiz artmışdır. Dövlətimiz kənd təsərrüfatının inkişafına 2 milyard dollar vəsait yatırmışdır. Dövlət dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmış, indi isə 38 aqropark yaradılmaqdadır. İri fermer təsərrüfatlarının yaradılması hər hektarın məhsuldarlığını bir neçə dəfə artırır. Intensiv bağ təsərrüfatları yaradılır. Kənd təsərrüfatda müasir texnika və texnologiyalardan istifadə edilməyə başlanmışdır. Bu da ümumilikdə istehsalın artımına gətirib çıxarır. Cənab prezdent kənd təsərrüfatında inkişaf etdiriləcək əsas istiqamətləri müəyyənləşdirmişdir. Qarşıya qoyulan tapşırıqların icrası ölkəmizin ixrac potensialımızı artıracaqdır.

-Dövlətin bu sahəyə ayırdığı kreditlər, fermerlərə göstərilən dövlət qayğısı yaxın gələcəkdə kənd təsərrüfatının əsaslı dərəcədə inkişaf etməsinə gətirib çıxaracaqmı?

-Bəli, yuxarıda qeyd etdiyim kimi ölkədə kənd təsərrüfatının inkişafına böyük dövlət dəstəyi göstərilir. Becərilən məhsulun növündən asıllı olaraq hər hektar torpaq sahəsinə görə dövlət büdcəsindən subsidiyalar ödənilir. Fermerlərə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası verilir. Torpağa güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərmək üçün aqrolizinq təsərrüfatları yaradılmışdır. Fermərlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kənd təsərrüfatı müəssisələrinin yaradılmasına dövlət büdcəsindən uzunmüddətli güzəştli kreditlər verilir. Yəni, qısa olaraq qeyd etmək istəyirəm ki, ölkəmizsdə kənd təsərrüfatının inkişafına dövlət qayğısı günü - gündən artırılır. Burada dövlətimizin yeganə məqsədi ölkəmizin kənd təsərrüfatı məhsulları ilə özünü təmin edib ixracını artırmaq və yeni iş yerlərinin yaradılmasıdır. Perspektivdə hədəflər çox genişdir. Düşünürəm ki, müəyyən olunmuş hədəflərin icrası ölkəmizin kənd təsərrüfatının şöhrətini özünə qaytaracaqdır.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR