"Peşə məktəblərinin infrastrukturu bərbad haldadır" - Direktor

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müsahibə verib.

- Azərbaycan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin yaradılması hansı zərurətdən irəli gəlib və bu qurum nəyə xidmət edir?
 

-Peşə Təhsili üzrə Dövlət Agentliyi 20 aprel 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında yaradılıb. Agentliyin fəaliyyəti ölkədə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili və əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasının təmin edilməsindən ibarətdir. Əslində bu gün peşə təhsili sahəsində aparılan islahatlar ümumilikdə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Nəzərinizə çatdırım ki, əvvəllər bu sahə Təhsil Nazirliyində bir şöbə çərçivəsində idarə olunurdu. Son bir neçə ildə ölkəmizin inkişafı, iqtisadiyyatımızda olan müsbət təmayüllü dəyişikliklər peşə təhsilinin də bu çağırışlara tam cavab verə bilməsini zəruri edib. Bu zərurətdən irəli gələrək peşə təhsili sahəsində real bazarın tələblərinə uyğun daha çevik idarəetmə mexanizminin yaradılması məqsədilə ölkə rəhbərliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Qısa müddətdə prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiqləndi. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir.
 
Faktiki olaraq, mövcud peşə təhsili sisteminin qeyri-səmərəliliyinin aradan qaldırılması üçün tərəfimizdən dövlət peşə təhsili müəssisələrinin rasionallaşdırılmasına başlanılıb. İlk olaraq Bakı və Gəncədə yerləşən məktəblər monitorinq edilib və müxtəlif istiqamətləri üzrə məktəblərin ixtisaslaşmasının daha məqsədəmüvafiq olduğu qərara alınıb. Bu zaman bir neçə parametrlər, o cümlədən yerləşdiyi ərazi, biri-birinə coğrafi yaxınlığı, ixtisaslar üzrə paralel kadr hazırlığı amillərini nəzərə alaraq bu müəssisələri ixtisaslaşdırdıq. İlk dəfə olaraq Təhsil Nazirliyinin təklifi ilə 26-sı Bakıda, 6-sı isə Gəncədə olmaqla, 32 müəssisə rasionallaşdırılıb. Bakıda 26 məktəbin bazasında 11, Gəncədə isə 6 ilk peşə-ixtisas təhsili (İPİT) müəssisəsinin bazasında 2 dövlət peşə təhsili mərkəzi yaradılıb. Bu yaxınlarda, 5 iyun 2017-ci il tarixində Nazirlər Kabinetinin qərarı ilə Qəbələdə 2 təhsil müəssisəsi də birləşdirilərək onların bazasında Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi yaradılıb. Hesab edirik ki, gələcəkdə müvafiq monitorinqlər, rasionallaşma prosesləri davam edəcək. Qeyd etmək lazımdır ki,  rasionallaşma nəticəsində müəssisələrin sayı coğrafi əhatə etmə baxımından azalmır. Əsas məqsəd bu müəssisələrin çevik idarəolunan, əmək bazarının tələblərinə cavab vermək qabiliyyətində olan idarəetmə sisteminin yaranması və peşə təhsili müəssisəsinin səmərəli fəaliyyətinin təmin olunmasından ibarətdir. Bu istiqamətdə sənayenin və iqtisadiyyatın bütün əsas sahələrini əhatə edə bilən ixtisasların daxil olduğu təhsil müəssisələri yaranıb. Bunlar emal sənayesi, texnika və texnologiyalar, turizm və sosial xidmətlər, mədəniyyət və sənətkarlıq, metropoliten-dəmiryol, aviasiya-avtomobil, dəniz nəqliyyatı - gəmiqayırma - liman işi, tikinti və quraşdırma işləri və digər sahələr üzrə ixtisaslaşmış təhsil müəssisələridir. Lakin bu, o demək deyildir ki, həmin müəssisələrdə daha asan öyrədilə bilən elm və texnika tutumlu olmayan ixtisaslar olmayacaq. Çalışacağıq ki, sadə və eyni zamanda əmək bazarında ehtiyac duyulan ixtisaslar bütün peşə təhsili müəssisələrində olsun ki, bütün vətəndaşlarımız daha rahat şəkildə təhsil ala bilsinlər. Amma gələcəkdə müşahidələr əsasında daha çox ehtiyac olan mürəkkəb ixtisasların yaradılması işləri də görüləcək. Çünki bizim cəmiyyət də qloballaşan dünyanın tərkib hissəsidir və texnologiyaların inkişafı zamanı dünyada gedən proseslərdən geri qala bilmərik. Bu baxımdan həmin texnologiyalarla çalışa və istifadə edə bilən kadrlar hazırlamalı, işimizi gələcəyə yönümlü qurmalıyıq. Əmək bazarının bugünkü kadrları ilə 10 il sonrakı kadrları fərqlənəcək. Bu baxımdan mövcud vəziyyət daima nəzarətdə saxlanılaraq agentlik tərəfindən növbəti illərdə qəbul planı hazırlananda əmək bazarının tələbi nəzərə alınacaq.
 
- Bu gün ölkədə fəaliyyət göstərən peşə məktəbləri və orada çalışanların, təhsil alan şagirdlərin sayı barədə ətraflı məlumat verərdiniz.
 
- İlk növbədə bildirim ki, "Təhsil haqqında qanun"da ilk peşə ixtisas təhsili müəssisələrinin formaları müəyyənləşib. Bunlar peşə məktəbləri, peşə liseyləri və həmin məktəb-liseyləri özündə birləşdirən peşə təhsil mərkəzləri şəklində ola bilər. Peşə məktəbləri IX sinfi bitirən və tam orta təhsili almaq arzusunda olmayanlar üçün nəzərdə tutulub. Burada təhsil müddəti 1-2 ildir. Eynilə XI sinfi bitirən və heç bir ali təhsilə, heç bir təhsil pilləsinə getməyən, peşə ixtisası almaq istəyənlər üçün peşə məktəbləri var. Peşə liseylərinə isə IX sinfi bitirib, tam orta təhsili almaq istəyən şagirdlər gedirlər. Onlar həm tam orta təhsilin attestatını, həm də müxtəlif peşələrə dair diplom alırlar. Yəni, liseylər həm də peşə məktəbi kimi fəaliyyət göstərirlər. Ona görə də bu il bir neçə məktəb və liseylər birləşərək peşə təhsil mərkəzləri yarananda onlara Nazirlər Kabinetinin qərarı ilə lisey statusu verilib. Onlar həm məktəb, həm də lisey kimi fəaliyyət göstərə bilirlər.
 
Agentlik fəaliyyətə başladığı dövrdə 109 ilk peşə ixtisas təhsili müəssisəsi olub. Onlardan 6-sı işğal olunmuş rayonlarda olduğundan fəaliyyətləri dondurulub. Rasionallaşdırma çərçivəsində liseylərin bəziləri birləşdirilərək dövlət peşə təhsili mərkəzləri yaradıldı, bəzi peşə liseyləri peşə məktəbləri ilə birləşdi. Bəzi halda isə iki peşə məktəbi birləşərək peşə liseyi statusu aldı. Burada məqsəd peşə təhsilinin imicinin yüksəldilməsi və peşə təhsilini alan insanların növbəti təhsil pillələrinə keçid imkanlarının məhdudlaşdırılmamasıdır. Rasionallaşmadan sonra 14 dövlət peşə təhsili mərkəzi yaranıb, bundan əlavə 43 peşə məktəbi, 1 peşə tədris mərkəzi, 25 peşə liseyi fəaliyyət göstərir. Hazırda İPİT müəssisələrində 23 mindən çox şagird təhsil alır və 5 mindən çox  işçi çalışır.
 
Dünyada belə bir praktika var ki, hansısa insan karyerasını davam etdirmək istəyirsə, 3-5 il təcrübə əldə edəndən sonra növbəti təhsil pilləsinə asan addımlaya bilsin. Bu mexanizm üzərində düşünürük. Bizim üçün yaxşı praktika sayıla bilən Cənubi Koreya, İsveçrə kimi ölkələrdə peşə təhsilinə istiqamətlənənlər bütün orta təhsil pilləsini bitirənlərin 2/3-ni, yəni 70%-ni əhatə edir. Burada ali təhsildən sonra insanlar fəhlə kimi işləmək istəmir və bu, məqbul da hesab edilmir. Bizdə isə bəzən belə hallara rast gəlmək olur ki, ali təhsil almış şəxs peşə təhsili tələb olunan ixtisas üzrə fəaliyyət göstərir. Nümunə kimi düşündüyümüz sistemdə isə, insanlar fəhləlikdən başlayıb, sonra ali təhsilə yiyələnirlər. Bununla həm təcrübə toplanır, həm də praktiki bilikləri olan insanlar nəzəri bilikləri əldə edəndən sonra iqtisadiyyat üçün daha səmərəli olur.
 
- Azərbaycanda gənclərin çox güman ki, peşə təhsilinə cəlb olunma faizi daha aşağıdır...
 
- Bəli, bizdə bu rəqəm 11% civarındadır. Bu gün dövlət öz vəsaiti hesabına peşə təhsili sahəsində ehtiyac olan kadrların hazırlanmasını öz üzərinə götürüb. Amma peşə təhsilinə maraq artdıqca, dövlət yükünün bir hissəsi özəl sektorun üzərinə keçməlidir. Hazırda bu sahədə müəyyən işlər görülür. Özəl sektorun bu sahəyə cəlb edilməsinin effektiv mexanizmi düşünülməlidir. Peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsində göstərildiyi kimi, özəl sektor tərəfindən özəl peşə təhsili müəssisələrinin yaradılması, özəl sektorun dövlət peşə təhsili müəssisələrində idarəçiliyə cəlb edilməsi və bu kimi əməkdaşlıqların həyata keçirilməsi istiqamətində təşəbbüslərin stimullaşdırılması üzrə tədbirlər görülür. Bu mexanizm isə qanunvericilik aktlarında öz əksini tapmalıdır. Milli Məclis tərəfindən işçi qrupu yaradılıb və ölkədə "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanması üzərində iş gedir. Bu layihənin hazırlanmasında təkcə bizim mütəxəssislər, Milli Məclisin ekspertləri deyil, Avropa İttifaqının peşə təhsili və təliminə dəstək proqramı çərçivəsində texniki yardım layihəsinin ekspertləri də cəlb olunub.
 
- Yeni qanun ölkədə peşə təhsilinin inkişafı sahəsində nələri dəyişəcək? Burada hansı yeniliklər nəzərdə tutulur?
 
- Bu barədə danışmaq bir az tezdir. Əslində qanunun məqsədi bu sahədə işlək mexanizmin yaradılmasıdır. Stimullaşdırıcı mexanizm peşə təhsilinə gələnlərin sayının artmasına xidmət edəcək. Burada peşə təhsilindən növbəti təhsil pillələrinə keçidin asan olması, işəgötürənlərin, özəl sektorun, müəssisələrin, fabriklərin, sənayenin peşə təhsilinin inkişafında marağı nəzərə alınmalıdır. Qanun bu maraqlar və mexanizmlər üzərində hazırlanmalıdır. Məsələn belə şərt qoyula bilər ki, şirkətlər yalnız müəyyən faiz civarında peşə təhsili alan şəxsləri işə götürməklə dövlət tenderlərinin qalibi ola bilərlər. Biz çalışacağıq ki, dünyada mövcud olan mexanizmlərin ən işlək, çevik və effektiv işləyənlərini tətbiq edək.
 
- Son illərə qədər insanların düşüncəsində peşə məktəblərinin fəaliyyəti, lazımi səviyyədə təhsil verməməsi ilə bağlı qənaət formalaşıb. Məktəblərdə qiymətləri aşağı olan, oxumaq istəməyənlər bu təhsil pilləsinə daha çox üz tutur. Bu fikirlərin fərqli istiqamətdə dəyişməsi, gənclərin lazımi peşələrə, ixtisaslara yiyələnməsi üçün hansı konkret işlər görülür?
 
- Peşə yönümlü iş bütün təhsil müəssisələrinin funksiyasına daxildir. Əslində bu, təkcə bir agentliyin, nazirliyin işi deyil. Peşə təhsili bütün cəmiyyəti maraqlandıran bir sahə olmalıdır. Çünki bu, iqtisadiyyat, əmək bazarı ilə sıx bağlı olan təhsil pilləsidir. Bu baxımdan bizə cəmiyyətin digər qurumları - özəl sektor, ayrı-ayrı dövlət və qeyri-dövlət təşkilatlar yardımçı olmalıdırlar. Hər bir IX sinfi bitirən şagirdin gələcək karyerası barədə düşüncələri ailədə formalaşır. Bu ailələr zamanın tələblərindən irəli gələn qərarlar qəbul etməlidir. Valideynlər övladlarını sadəcə, diplom xatirinə daha yüksək təhsil almaq istiqamətinə yönəltməməli, gözəl sənət və hər hansı bir sahədə professional işçi kimi formalaşmasına şərait yaratmalıdırlar. Bu gün peşə təhsilinə olan münasibət illərlə formalaşıb. Cəmiyyətdə daima sən "2" alsan, yaxşı oxumasan peşə məktəbinə gedəcəksən kimi fikirlər artıq son illər dağılmaqdadır. İnsanlar başa düşür ki, 4 il bakalavr və 2 il magistr təhsili alandan sonra özünə iş tapa bilməyən 1-2 il müddətində bir peşə təhsili alaraq 2-3 dəfə artıq əməkhaqqı olan daimi işlə və ya sənətlə məşğul ola bilər. İnanırıq ki, bu sahəyə maraq getdikcə artacaq. Amma biz öz işimizdə müxtəlif metodlardan istifadə etməliyik və edəcəyik də. Çox güman ki, yaxın illərdə bu sahədə təhsil alanlar arasında bacarıq olimpiadaları təşkil ediləcək.
 
- Zamanla peşə məktəblərində oxumaq daha rahat olub. Çünki təhsil almağın, imtahanların müəyyən "haqqı" vardı və şagird yalnız adını yazdıraraq, lazımi vəsaitdə pulunu ödəyərək sonda peşə məktəbini bitirməsi barədə dövlət sənədini əldə edirdi. Bundan sonra neqativ halların aradan qaldırılması istiqamətində hansı işlər görüləcək, nəzarət mexanizmi necə olacaq?
 
- Agentlik yaranandan sonra ilk gündən bu məsələlər nəzarətdə saxlanılır, yerlərdə keyfiyyətli təhsilin aparılmasına maneçilik törədən bürokratik əngəllər, korrupsiya hallarına qarşı tərəfimizdən ciddi mübarizə aparılır. Peşə təhsilində əsas məqsəd dərsə davamiyyət, müəyyən peşəyə yiyələnmək, professional əmək bazarına lazımi kadrlar yetişdirməkdir. Ona görə də fikirləşdik ki, bütün peşə təhsili müəssisələrinin imtahanlarında əmək bazarında işəgötürən qismində olan müəssisə və təşkilatların nümayəndələri iştirak etsin.
 
Biz istəyirik ki, ən son mərhələdə - imtahanda həlledici sözü işəgötürənlər desin. Bu mexanizmin qurulması istiqamətində işə başlanıb. Bundan əlavə, dərs prosesində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində şagirdlər həmin müəssisələrdə istehsalat təcrübəsinə cəlb ediləcək. Onlara rəhbərlər təyin ediləcək, həmin şəxslər sonradan məzunların işə götürülməsində rol oynayacaq. Bu zaman həm də yuxarıda deyilən neqativ halların qarşısı alınacaq. Şagirdlərin dərs proqramını mənimsəməsi üçün xüsusi formada yoxlamalar keçiriləcək. Bu sistem tam qurulanda dərsə davamiyyəti də avtomatik rejimdə izləyə biləcəyik. Bunu təkcə biz yox, valideynlər də görə biləcək. Gələcəkdə məktəblərin reytinqinin formalaşdırılmasını düşünürük. Bundan sonra təhsil müəssisələri çalışacaq ki, onlarda mənfi hallar az olsun, məktəbi bitirənlərin çoxu işlə təmin edilsin. Reytinqlərdən asılı olaraq məktəblərin maliyyələşməsi məsələsində fərqlərin olmasını düşünürük. Bu, nəticəyönümlü mexanizmlərin tətbiqi deməkdir. Çünki nəticə deyəndə, bu peşə təhsili bitirənlərin işlə təminatı, mənfi halların aradan qaldırılması başa düşülməlidir. Mənfi halların olması məktəbin nəticəsinin aşağı olmasını göstərir.
 
Digər tərəfdən peşə təhsili müəssisələrinin kadr potensialının gücləndirilməsi istiqamətində işlər görülür. Demək olar ki, buraya cəlb etdiyimiz yeni kadrlar təkcə biznesdən və ya ali təhsil sahəsindən deyil. Hər iki sahədə bilik və bacarıqları olan mütəxəssisləri kadr kimi təhsil müəssisələrinə cəlb etməyə çalışırıq. Peşə sahəsində çalışan ümumtəhsil fənn müəllimlərinin hamısı diaqnostik qiymətləndirmədən keçirilib. Bu onların əmək haqqına hələlik təsir etməyəcək. Biz rasionallaşma prosesində kimlərin bu sistemdə qalıb-qalmayacağını müəyyənləşdirəndə bu nəticələrdən istifadə edəcəyik. Amma rasionallaşma aparılan müəssisələrdə qısa müddətdə mühəndis-pedaqoji heyətin də diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bununla da rasionallaşma tam başa çatacaq.
 
- Azərbaycanda bu gün peşə təhsili müəssisələri ilə bağlı olan əsas mühüm və aktual problemlər nədən ibarətdir? Onların həlli istiqamətində hansı işlər görülür?
 
- İşəgötürənlərlə əməkdaşlığın qurulması peşə təhsilində birinci prioritetdir. Lakin peşə təhsili sahəsində böyük problem burada təkcə imicin aşağı olmasına təsir göstərən amillər, buraya aşağı qiymət alan uşaqların cəlb edilməsi deyil. Bu sahədə infrastruktur da çox bərbad haldadır. Bir çox peşə təhsili müəssisələrinin təkcə yataqxanaları deyil, əsas tədris korpusları belə qaçqın və məcburi köçkünlər tərəfindən tutulub. Artıq ölkə rəhbərliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib və yəqin ki, bu yaxınlarda həmin məktəblərin boşalması ilə onların yenidən qurulması işlərinə başlanılacaq. Bütün peşə təhsili müəssisələrində yerləşən qaçqın və məcburi köçkünlərin siyahısı tərtib edilərək müvafiq orqanlara təqdim edilib. Təbii ki, birdən-birə bu işləri görmək mümkün deyil. Ona görə Strateji Yol Xəritəsinə əsasən prioritet hesab edilən ixtisaslar üzrə təhsil verən məktəblərdən qaçqın və məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur. Bununla bağlı artıq təkliflərimiz hazırlanıb və yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunacaq. Hesab edirik ki, bu işi mərhələli şəkildə həll etməklə peşə təhsili müəssisələrinin infrastrukturunu yeniləyə biləcək, yeni və nümunəvi peşə təhsili müəssisələrinin fəaliyyətinin şahidi olacağıq.
 
Bu gün Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrinin 90%-də qaçqın və məcburi köçkünlər yerləşib. İlkin olaraq, 4 məktəbdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin köçürülməsini məqsədəuyğun hesab edirik. Amma bu vəziyyət regionlarda da müşahidə edilir. Kürdəmir, Ağcabədi, Sumqayıt, Oğuz, Göyçay, Şəmkir, Biləsuvar məktəblərində çoxlu sayda qaçqın və məcburi köçkünlər məskunlaşıb. Bu da tədris prosesinə əsaslı dərəcədə mənfi təsir göstərir. Peşə məktəblərinin binasının bir hissəsində dərs tədris olunur, bir hissəsində isə qaçqın və məcburi köçkünlər məskunlaşıb. Belə olan halda peşə təhsilini necə inkişaf etdirmək olar?
 
Bundan əlavə, Mingəçevir, Lerik, Masallı, Siyəzən, Xızı, Xaçmaz, Balakən, məktəbləri çox bərbad vəziyyətdədir və onlara məktəb demək olmaz. Həmin təhsil müəssisələrində qaçqın və məcburi köçkünlər məskunlaşmasa da, infrastrukturu çox zəifdir. Onların fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulmalı və ya yenidən qurulmalıdır. Ağstafa, Qazax, Balakən, Kəlbəcər, Laçın, Lerik, Masallı, Yardımlı, Cəbrayıl, Daşkəsən, Siyəzən, Xaçmaz, Xızı məktəblərinin hamısında infrastruktur bərbad haldadır. Amma bizim regionlarda yaxşı vəziyyətdə olan məktəblərimiz də var. Bunlar əsasən Gəncə, Bərdə, İsmayıllı, Qəbələ və Cəlilabadda yerləşir. Gəncədəki məktəblər demək olar ki, yenidən qurulub və oradakı məktəblərdə qaçqın və məcburi köçkün ailələri qalmayıb. Müvafiq işlər görüldükcə onlar köçürülüb. Amma bununla yanaşı, yeni məktəblər də tikilir.
 
Ölkə başçısının "Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək" fikrinə uyğun olaraq bu yaxınlarda Qəbələ Peşə Təhsili Mərkəzinin yeni binasının açılışı olacaq. Bu məktəb xüsusilə kənd təsərrüfatı və turizm sahəsi üzrə ixtisaslaşacaq və çox nümunəvi, MDB-də, xüsusilə də Qafqazda olan peşə təhsili müəssisələri arasında qabaqcıl məktəblərdən biri olacaq.
 
- Ümumiyyətlə, bu gün istifadəyə yararsız, təmir vəziyyətində olan peşə təhsili müəssisələrinin sayı nə qədərdir?
 
- Ümumilikdə, bu gün peşə təhsili müəssisələrinin 80%-nin infrastrukturu köhnədir. Peşə məktəblərində olan avadanlıqların çoxu köhnəlib. Hesab edirəm ki, infrastruktur dedikdə bina, təmir, texnika - ümumilikdə hamısı nəzərdə tutulur. Hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yenilənməsi ilə bağlı işlər görülür. Ayrı-ayrı məktəblər təmir olunduqca ora yeni texnikalar verilir. Bu gün maddi-texniki baza kifayət qədər müasir tələblərə cavab vermir.
 
- Peşə təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsinə neçə müəllim cəlb olunub və nəticədə hansı göstəricilər ortaya çıxıb?
 
- Diaqnostik qiymətləndirməyə 1000-ə yaxın ümumtəhsil fənn müəllimləri cəlb edilib. Səmimi deyim ki, müəllimlər arasında nəticəsi yaxşı olanlarla yanaşı çox aşağı nəticə göstərənlər də var.
 
Ona görə də hesab edirik ki, öz fənnini bilməyən müəllim şagirdləri öyrədə bilməz. Bu prinsiplə çox güman ki, həmin müəllimlərdən uzaqlaşmağa çalışacağıq. Burada nəyisə bilməyib öyrənmək marağında olanlar nəzərə alınacaq. Tam səriştəsiz və gələcəkdə öz üzərində çalışmaq istəməyən insanlar bu sahədən özləri kənarlaşmalıdır. Qiymətləndirmədə müəllimlərin xeyli hissəsi aşağı nəticə göstərib. Rasionallaşma prosesində, məktəbin fəaliyyətinin yenidən, səmərəli şəkildə qurulmasında kadr məsələsi mühüm rol oynayır. Bu zaman nəzərə almağa çalışacağıq ki, ilk növbədə yüksək nəticə göstərmiş insanlar bu sahədə çalışsınlar. Bu, həm də rəqabət qabiliyyətli mühit yaradacaq. Bu sistemdə çalışanlar da rəqabət qabiliyyətli mühitdə çalışmağa hazır olmalıdırlar.
 
- Bu gün peşə təhsili sistemində ümumilikdə nə qədər müəllim çalışır və hansı ixtisaslar üzrə vakant müəllim kadrına ehtiyac var?
 
- Qeyd edim ki, hazırda 3 mindən çox mühəndis-pedaqoji heyət fəaliyyət göstərir və peşə təhsilində ciddi problemlərdən biri də mövcud müəllim-pedaqoji heyətin hazırlıq səviyyəsinin qənaətbəxş olmamasıdır. Peşə təhsili sisteminin spesifik cəhətlərindən biri bu təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin həm pedaqoji biliyinin, həm də ixtisas üzrə praktiki səriştələrinin olmasının vacibliyidir. Bu tələb həmin sahədə peşəkar müəllimlərlə təminatı çətinləşdirir.
 
Peşə təhsili sahəsində usta-pedaqoji heyətin yetişdirilməsi üçün müvafiq ali təhsil bazasının olmaması da əsas problemlərdən biri kimi qeyd edilməlidir. Eyni zamanda peşə təhsili müəllimlərinin mövcud əməkhaqqı səviyyəsi iş axtaran şəxslər üçün cəlbedici deyil. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin orta aylıq əməkhaqqısının ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsindən aşağı olması bu sahəyə peşəkar və səriştəli kadrların cəlb edilməsini mürəkkəbləşdirir. Vakant yerlərə gəldikdə isə bildirirəm ki, ümumtəhsil fənn müəllimləri istisna olmaqla peşə təhsilində digər müəllim heyəti dəyişən əmək bazarının tələblərinə uyğun olaraq hər bir ixtisas üzrə tez-tez dəyişməyə məruz qalır.
 
- Ötən ildən "ASAN peşə" layihəsi çərçivəsində bəzi peşə məktəblərinə şagirdlər "ASAN Xidmət" mərkəzləri tərəfindən seçilib. Bu il həmin təcrübə davam etdiriləcəkmi? Gələcəkdə şagirdlərin peşə təhsili müəssisələrinə fərqli qaydada qəbul olunacaqları gözlənilirmi?
 
- Keçən il Gəncə və Bakı şəhərlərində olan peşə təhsili müəssisələrinə "ASAN peşə" layihəsi çərçivəsində qəbul aparılıb. Bu qəbul prosesi subyektivliyi və süründürməçiliyi aradan qaldırmağa xidmət edib və öz müsbət effektini verib. Yeni qayda ilə peşə məktəblərinə qəbul olanların ¼-nin orta bal qiyməti "4"dən yuxarı olub. Bu ildən "ASAN Xidmət" mərkəzlərinin fəaliyyət göstərdiyi digər rayonlarda da qəbul "ASAN Xidmət" vasitəsilə həyata keçiriləcək. Yalnız "ASAN Xidmət" mərkəzlərinin olmadığı yerlərdə qəbul məktəblərin özləri tərəfindən keçiriləcək. "ASAN Xidmət" mərkəzləri zamanla ölkənin bütün regionlarını əhatə edəcək. Bu əhatə tam şəkildə olandan sonra bütün ölkə üzrə peşə məktəblərinə qəbul "ASAN Xidmət" mərkəzi çərçivəsində həyata keçiriləcək.
 
- Bu gün ölkədə mövcud olan hansı peşələr artıq öz aktuallığını itirib və bu təhsil pilləsində yeni ixtisasların yaradılmasına ehtiyac varmı?
 
- Əl əməyinin daha çox istifadə olunduğu peşələr getdikcə texnika və texnologiyalarla əvəz olunur. Bu baxımından onlar öz əhəmiyyətini itirir. Daha çox kompüter texnologiyaları, turizm, otelçilik, ictimai iaşə - aşpazlıq sahəsinə maraq artır. Bu gün bizim üçün əsas prioritet olan sahələr turizm, sənaye və kənd təsərrüfatıdır. Amma digər sahələr də zamanla inkişaf etdiriləcək.
 
- "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" 2017-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən bazarda tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrları hazırlaya biləcək pilot peşə təhsili müəssisələrini yaratmalı olduğu öz əksini tapmışdı. Bu məsələ necə həll ediləcək?
 
- "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən Təhsil Nazirliyi bazarda tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrları hazırlaya biləcək pilot peşə təhsili müəssisələrini seçəcək. Seçilmiş pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi nəzərdə tutulur. Strateji Yol Xəritəsinə uyğun olaraq 2020-ci ilədək ölkədə 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq. Buraya Bakı şəhərindən və regionlardan olan təhsil müəssisələri daxil olacaq. Həmin 10 müəssisə tamamilə yenidən qurulacaq, yeni dərs proqramları və müasir maddi-texniki baza ilə təmin ediləcək.
 
- Son illər peşə məktəbləri məzunlarının buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələri necə qiymətləndirmək olar? İldən-ilə hansısa irəliləyiş, dəyişiklik qeydə alınırmı?
 
- Bu nəticələr bizi qane etmir. Qarşıya qoyulan məqsədlərdən biri də bu işi qaydaya qoymaqdır. Artıq bu ildən peşə təhsili müəssisələrinin rəhbərlərinə bu işlə ciddi məşğul olmaları tapşırılıb. Bu prosesdə hər il üzrə geriləmə müşahidə olunur. Hesab edirik ki, keyfiyyətli kadrlar bu təhsil pilləsinə cəlb edildikcə nəticələr artacaq. Çünki hansısa məktəbin nəticələri zəifdirsə, diaqnostik qiymətləndirmə nəticəsində orada dərs deyən müəllimin aşağı nəticə göstərdiyi ortaya çıxırsa, deməli, burada əsas məsələ müəllimdir. Son illər peşə təhsilində keyfiyyətli kadrın hazırlanması üçün sadə ixtisaslara az yer verilir - qəbul azaldılır və ümumilikdə qəbulun keyfiyyəti yüksəldilir. Bu ildən xeyli yeni ixtisasları tətbiq etmək fikrimiz var. İki il öncə peşə təhsili müəssisələrində 123 ixtisasda təhsil verilirdisə, bu il 175-ə qədər ixtisasda təhsil verilməsi nəzərdə tutulur.
 
Yeni ixtisaslara istilik sistemləri üzrə çilingər (kombi), tibbi avadanlıqların təmiri və xidməti-elektromexaniki, yerüstü aviasiya avadanlıqları üzrə mexanik, proqramla idarəolunan dəzgahların operatoru, tankerlərdən yükləri boşaltma əməliyyatçısı, xidmət sahəsində tədbir və mərasimlərin təşkili kimi ixtisaslar daxildir. Məsələn, bu gün ölkədə tibbi avadanlıqların təmiri xidməti yoxdur. Xarici ölkələrdən bahalı avadanlıqlar alınsa da, onlara burada xidmət göstərən peşəkar kadrlar yoxdur. Nəticədə və hətta müəyyən müasir avadanlıqların göstəricilərində də yanlışlıqlar olur. Peşə təhsili müəssisələrində ixtisasların sayının artmasına baxmayaraq, ümumi qəbul planı, yerlərin sayında ciddi dəyişiklik - artım olmur. 2016/2017-ci tədris ili üzrə peşə məktəblərinə 11 500 nəfərin dövlət hesabına qəbulu aparılıb. 2500 nəfər ödənişli əsaslarla qəbul olub. Bu ildən ödənişli ixtisaslara təhsil haqqının məbləği aşağı salınıb. Belə ki, Bakıdakı peşə məktəblərində illik təhsil haqqının maksimum məbləği 500 manatdır. Bu, ötən il 650 manat olub. Regionlarda isə təhsil haqqı 400 manatdır. Minimum təhsil haqqı isə 350 manat təşkil edir.
 
Bu il peşə təhsili müəssisələrinin 11 348 nəfər məzun bitirəcək. Onun 6153 nəfəri lisey, 5195 nəfəri peşə məktəbinin məzunudur.
 
- Mövcud bazarın reallıqlarını nəzərə alaraq, peşə təhsili müəssisəsini bitirən, müəyyən peşələrə yiyələn gənclərin neçə nəfəri və ya faizi sonradan rahat şəkildə işlə təmin oluna bilər?
 
- Məsələn, 2015-ci ildə peşə təhsili müəssisələrini bitirən məzunların 31,5%-i ixtisasa uyğun işlə təmin olunub, 34%-i hərbi xidmətə gedib, 2,5% isə təhsilini növbəti pillədə davam etdirib.

Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR