“Özümü Qarabağ məktəbinin nümayəndəsi hesab edirəm”

Müsahibimiz gənc xanəndə Tuqay İsmayılovdur. Tuqay bəylə birgə onun sənət yolundan, gələcək layihələrindən və planlarından danışdıq.

- Tuqay bəy, istərdim oxucularımıza sənətə gəlişiniz haqqında məlumat verərdinz. Necə oldu bu ağır sənət yolunu seçdiniz?

- Uşaqlığımdan səsim olub. Ailədə demək olar ki, hamının səsi var idi. Məktəb illərində bütün tədbirlərdə ifa edirdim. Məktəbi bitirdikən sonra Tibb Universitetinə hazırlaşırdım. Atamın da, özümün də arzum həkim olmaq idi. Uşaq vaxtı valideynlərim məni tara qoymaq istəyirdilər. Müharibə illərinə təsadüf etdiyi üçün onların bu istəyi alınmadı. Daha sonra İncəsənət Universitetinə imtahan verdim. Şüvəlan Mədəniyyət evində çalışan Flora xanım mənim üçün kodlaşdırma sistemini həyata keçirdi və Universitetin nəzdində olan Kulturologiya ixtisasına daxil oldum. Kulturologiyada oxumağıma baxmayaraq, demək olar ki, günün çox hissəsini ifaçıların, xanəndələrin dərslərində olurdum. Mobil Əhmədovun, Gülyanaq Məmmədovanın dərslərində iştirak edib, sənətin incəliklərini öyrənirdim.

Daha sonra bir il ərzində Asəf Zeynallı adına musiqi məktəbində Sabir Abdullayevdən "Bayatı Kürd", "Rast" , "Cahargah", "Bayatı - Şiraz" , "Şur", "Zabul", "Mahur Hindi", "Şahnaz"-ı qısa müddətdə öyrəndim.

- Yaradıcılığınızın sonrakı illərində kimlərdən bəhrələndinz?

- Hərbi xidmətimi yerinə yetirdikdən sonra Mənsum müəllimlə əlaqə saxladıq. Mənsum müəllim dəfələrlə mənim ifamı yoxladıqdan sonra " Tuqay, sən bu vaxta kimi harada idin? " dedi. O gündən sonra Mənsum müəllim, Təyyar müəllim mənimlə mütəmadi məşğul oldular. Bütün bu əziyyətlərin gözəl sonluğu olaraq uğurla Milli Konservatoriyaya daxil olum.

Mənsum müəllimin dəstəyi ilə bir neçə dəfə "Gəncləşən Muğam" layihələrində iştirak etmişəm. Bu müsabiqənin mənim həyatımda böyük izi və rolu oldu. Bu müsabiqə nəticəsində insanlar məni tanıdı, qəbul etdilər. Öz məclislərinə dəvət etməyə başladılar.

Onu da qeyd edim ki, mənim vokal ifa üzrə ustadım xalq artisti, gözəl insan Samir Cəfərovdu.

- Bildiyim qədəri ilə Bakı məclislərində tələb olunan xanəndəsiniz...

- Bakı kəndlərində təşkil olunan el şənliklərinə tez - tez dəvət alıram. Demək olar ki, Bakının ən ağır kəndlərində ifa etmişəm, məclislər aparmışam. Ordakı insanlar hər kəsin ifasını bəyənib, məclislərinə dəvət etmirlər. Və o cür muğam bilicilərinin qarşında ifa etmək, onların etimadını qazanmaq çox çətindi. Bakının kəndlərində ifa etməyimin mənim sənət yolumda çox böyük köməkliyi olub. Təbii ki, burada mənim ustadlarımın əməyi danılmazdı. Biz xanəndələr bütün sənətkardan bəhrələnməyə çalışırıq. Amma mənə akademik ifanı ustadlarım Mənsum müəllim və Təyyar müəllim öyrədib.

- Ustadlarınızdan əlavə sənət dostlarınızdan kimlər sizə dəstək olur?

- Ustadlarımdan başqa mənə bu ağır sənət yolunda musiqiçi dostlarım çox böyük dəstək oldular. Gözəl və istedadlı  tarzən Ədalət Behbudov, Pərviz Fərhadovla birgə çalışmağa başladıq. Onların sayəsində ilk dəfə professional səhnəyə çıxdım. Aytən xanım Məhərrəmovanın da mənim üzərində əməyi danılmazdı. Bu dostlar sənət yolumda hər zaman mənə dəstək olublar...

- Tuqay bəy, bu günə qədər hansı müsabiqələrdə iştirak etmisiniz?

- Mənsum müəllimin dəstəyi ilə bir neçə dəfə "Gəncləşən Muğam" layihələrində iştirak etmişəm. Bu müsabiqənin mənim həyatımda böyük izi və rolu oldu. Müsabiqə nəticəsində insanlar məni tanıdı, qəbul etdilər.

Ondan öncə sə Bakı şəhəri Mədəniyyt evləri üzrə keçirilən muğam müsabiqələrində dəfələrlə qalib olmuşam. Bu müsabiqələr Mədəniyyət Nazirliyi tərəfindən keçirilib.

Bu yaxınlarda başa çatan 6 -cı Muğam müsabiqəində iştirak etmək istədim. Lakin bəzi səbəblərə görə alınmadı. Bu səbəbi çəki və yaşla əlaqləndirdilər. Müsabiqənin seçim turlarında dəfələrlə müsabiqələrdə iştirak etdiyim, Bakı kəndlərində ifalarımın bəyənildiyi qeyd edildi. Amma, efirin də öz qanunları var və bizlər o qanunlara əməl etməliyik.

- İfa zamanı özünüzə məxsus jestlər edirsiniz. Tamaşaçılar tərəfindən maraqlı qarşılanır. Ustadlarınız necə bunu sizə irad bildirmirlər?

- Bizim sənətimiz, ifamızla bir növ tamaşaçılarla, dinləyicilərlə ünsiyyətdə oluruq. Hər ifaçının, xanəndənin özünəməxsus ünsiyyət üslubu var. Mənim də üslubum bu cürdü. Ən əsası odur ki, tamaşaçı burda ifamın səmimiliyinə inanır və qəbul edir. Təbii ki, bu cür ifa etməyim mənim özümdən asılı olmur.

- Hansı ustadların səs yazılarını dinləyirsiniz və onlardan bəhrələnməyə çalışırsınız?

Bu sənət elə bir sənətdir ki, hər gün öyrənməlisən. Hər gün nəsə öyrənməlisən ki, gələcəkdə gözəl, qəbuledilən xanəndə kimi yaddaşlarda qala biləsən. Daha çox Mütəllim Mütəllimov, Qulu Əsgərov, Yaqub Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Qədir Rüstmov  və bir çox xanəndələrdən öyrənməyə çalışıram. Bəzən məni Bakı kəndlərində Bala Ağaxan ləqəbi ilə də çağırırlar.

- Özünüzü ən çox hansı muğam məktəbinin nümayəndəsi kimi hiss edirsinz?

- Biz Azərbaycanımızın hər guşəsində ifa edirik. Bütün bölgələr bizə doğmadı, əzizdi. Bəzən, Bakı kəndlərində onların istədikləri kimi, məsələn, Cəlilabadda o zonanın sevimli, ustad xanəndəsi olan Sabir Mirzəyev üslubunda ifa edirik. Hər bölgənin, hər yerin öz üslubunda ifa etməyi, onların arzularını həyata keçirməyə çalışırıq.

Amma özümə qaldıqda isə mən özümü Qarabağ məktəbinin nümayəndəsi hesab edirəm. Ağdamlıyam və bu cənnət diyarın məndə yeganə əmanəti səsimdi.

- Gələcək planlarınız haqqında bilmək istərdik.

- Çox istərdim ki, Dövlət fondunda ifalarım yazılsın və saxlanılsın. Müəyyən qədər sənətimizin sayəsində tanınırıq, qəbul edilirik. Amma xalq üçün, yaddaşlarda qalmaq üçün ifaların qorunub, saxlanılması əsas şərtdi. Bu bir növ biz ifaçıların, xanəndələrin vətənimizə xidmətidi.

Təbii ki, mən vətənimə müəllim kimi xidmət edirəm. Mədəni - Maarif kollecində çalışıram, tələbələrim var.

Nigar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR