Onlar mətni danışırlar, mətni oynamırlar

Bu gün həmsöhbətimiz əməkdar incəsənət xadimi, "Şöhrət" ordeni laureatı, yazıçı, ssenarist Natiq Rəsulzadədi. Natiq bəylə  yaradıcılıqdan, filmlərdən bəhs edən müsahibəmizi təqdim edirik.

- Natiq bəy, hal hazırda hansı ssenari, əsər üzərində işləyirsiniz?

- S.Vurğun adına Rus Dram Teatrında rejissor Emin Mirabdullayevin quruluşunda "Onun adı məmədi" pyesim səhnələşdirilir. Artıq tamaşanınn məşqləri bitmək üzrədi. Sentyabrda tamaşanın təhvil veriləcəyini düşünürəm. Əsər dəfələrlə çap olunub, amma birinci dəfədir ki, səhnəyə qoyulur. Pyesin çox maraqlı süjet xətti var.

Bilirsiniz ki, bakılılar tayfada yaşlı qadına məmə deyillər. Burda isə çox bacarıqlı, gənc qadın - biznes ledi hər şeyi idarəetmə səlahiyyətinə məxsusdu. Əsər ətrafında çoxlu sayda kişilər olan sərt bir qadın haqqındadı. Bu qadın təsadüf nəticəsində həyata uyğunlaşmayan bir kişiyə vurulur. Qadın kişinin adını professor qoyur. Onlar bir - birini sevirlər. Əsərin sonrakı  gedişatında qadının sərt xarakteri zamanla mülayimləşir, kişin yumşaq xasiyyəti isə zamanla sərtləşir. Dramaturji əsərdə xarakterin inkişafı əsasdı və bu əsərdə də fikrimcə, bu alınıb.

- Hazırda hansı bədii film üzərində çalışırsınız?

-Bir neçə bədii film proyektim var. Amma hələ nazirlikdən çıxmayıb (gülür) Təzə ssenari üzərində də işləyirəm. Hələ ki, rejissoru yoxdu, amma maraqlı materialdı.

- Dövlət sifarişli ssenaridi?

- Yox, yox. Bilirsiniz, bəziləri ssenarini sifarişsiz işləmirlər. Mən artıq 40 ilə yaxındır ki, ssenari yazıram. Hərdən insana elə süjet, material gəlir ki, onu məhz bir variantı ssenariyə təbii yatır. Yaxud, pyesə, romana və.s. Material özü insana diqtə edir ki, məni pyes şəklində, ssenari şəklində yazmalısan. Maraqlı bir material mənə gəldi və  mən onu yazıram. Bitirmək üzrəyəm. Bəlkə, elə bir rejissor oldu ki, onu çəkməyi öz üzərinə götürə bilər.

- Əsərinizi istədiyiniz kimi kino lentinə köçürə bilən rejissor var?

- Uzun müddət Eldar Quliylə birgə çalışmışam. Bir neçə ssenarilərimi məhz Eldar Quliyev çəkib. Bu yaxınlarda bir ideyamız oldu. Bu - üzərində çalışdığım ssenaridə də Eldarla  ümumi dil tapsaq, yəqin ki, birgə işləyərik.  Olmasa başqa bir rejissorla birgə çalışarıq.

- Son zamanlar artıq kinoda gənc nəfəslər duyulur. Öz seriallarımız çəkilir. Gəncləri izləyisinizmi, bəyənirsinizmi?

- İndi şəhərin mərkəzində, hər tin başı bir film, serial çəkirlər. İndiki rejissorlar üçün film çəkmək asan görülür. Aparaturaları varsa, xalasıqızlarını, bacısıoğullarını çağırıb çəkirlər. Onlara belə durma, belə oturma deyirlər. Və bu da təbii ki, onlar üçün film olur. Amma əslində film bu deyil. Aktyorluq sənəti, rejissorluq sənəti çox böyük sənətdi. Hər dəfə öyrənməyi, yeniliklərdən xəbərdar olmağı tələb edən sənətdilər. Kinodramaturq özü də böyük sənətdi, hər gün öz üzərində çalışmağı, öyrənməyi tələb edir. Biz də isə bu bir az başqa cürdü. Kim məşhur olmaq istəyir, pul qazanmaq istəyir başlayır film çəkməyə. Yaxud da, görür ki, hamı film çəkir, o da başlayır film çəkməyə. Təəssüflər olsun ki, indi elə bir tendensiya yaranıb və çox inkişaf edib. Hərdən özümü məcbur edib, çəkilən seriallara on dəqiqə baxıram. Aktyorlarda peşəkarlığın hansı səviyyədə olması o dəqiqə görünür. Peşəkarlıq çox aşağı  səviyyədədi. Onlar mətni danışırlar, mətni oynamırlar. Yəni, kinoda çox problemlər var. Yəqin ki, bütün bu problemlər öz həllini tapar.

- Natiq bəy, sizi serial yazmağa dəvət eləsələr iştirak edərsiniz?

- O baxır seriala. Hərdən prodüsserlər öz ideyaları ilə gəlir və o ideyalar içərisindən hələki mənim xoşuma gələn olmayıb. Əgər, bəyəndiyim ideya olarsa, yəqin ki, işləyərəm. Sifarişlə çox şey yazmışam. Amma hər dəfə də mənə təklif olunan ideyanın  maraqlı bir əsərə yatacağını ürəyimcə olub - olmayacağını düşünürəm. O zaman mən o ideya üzərində işləməyə razılıq verirəm ki, o ideya mən işlədiyim zaman, tamaşaçılar isə  filmi izləyən zaman zövq alacaqlar. Görəndə ki, yox bu ideya mənlik deyil, çox cılızdı ondan imtina edirəm.

Amma bir şeyi də etiraf edim ki, serial sözün əsil mənasında incəsənət növü deyil. 100, 150, 200 seriyalıq bir film, əsər  necə incəsənət əsəri ola bilər. Serial bir növ qəhramanların həyatından bəhs edən gündəlikdi. Kiçik seriallar olur ki, onu cəmləşdirib gözəl incəsənət nümunəsi kimi tamaşaçılara təqdim edirlər. Amm 100, 200 seriallıq bir filmi incəsənət növü təqdim etmək doğru deyil.

- Pedaqoji fəaliyyətiniz hansı səviyyədədi? Bir müddət İncəsənət Universitetində dərs deyirdiniz. Sonra ayrıldınız. Ayrılığa səbəb nə idi?

- On üç il universitetdə çalışdım. Sonra beynəlxalq layihəyə dəvət aldım. Rəhbərliklə məsləhətləşib, universitetdən ayrıldım. 2- 3 il pedaqoji fəaliyyətimdə fasilə oldu. Amma indi qayıtmışam. Yenidən universitetdə dərs deyirəm.

Maraqlı tələbələr var, onlarla işləmək olar. Təvəzökarləıqdan uzaq da olsa deyim ki, onlar da mənimlə birgə çalışmaq istəyirlər. Və biz həqiqətən də çalışırıq. Hər zaman deyirəm ki, mühazirə ilə heç vaxt dramaturq yetişdirmək olmaz. İşləyə - işləyə, hər çətinliyi bilə - bilə mövcud problemləri aradan qaldırırıq.

- Hazırda hansı əsərləri mütailə edirsiniz?

- Mən artıq həm yaradıcılıqda, həm də yaş baxımından elə bir yaşdayam ki, indi daha çox təkrar mütailələrə üstünlük verirəm.Sevdiyim kitabları yenidən, təkrarən oxuyuram. Dünya klassikasından Qoqolun, Mirzə Cəlilin əsərlərini dönə - dönə  oxuyuram. O Mirzə Cəlil ki, Qoqolu özünə müəllim bilirdi...

İndi düşünürəm ki, vaxt azdı və bu vaxtı səmərəli işlətmək lazımdı. Bəzən görürsən ki, Nobel mükafatı alan, Nobelə təqdim olunan yazıçıların əsərini hamı axtarır, hamı oxuyur. Açığı mən idi yaradıcılığına bələd olmadığım yazarları oxumağa qorxuram. 2 -3 gün onu oxumağa vaxt sərf edim, sonra da xoşuma gəlməyəcəyindən ehtiyat edirəm. Müasir dövrdə Dostayevski səviyyəli yazıçılar çox azdı. Bütün Yapon nəsri etiraf edir ki, biz hamımız Dostayevskinin ideyalarından çıxmışıq. Balzak səviyyəli yazıçılar indi  çox azdı. Hərdən müasir yazarlardan da oxumağa çalışıram.

Latın Amerikasından Borxesi çox sevirəm. Onu anlamaq üçün bir əsərini bir neçə dəfə oxuyuram. Müasir dünya ədəbiyyatında elə birnasir demək olar ki, yoxdu. O Markese gülürdü. Mən birinci dəfə bunu eşidəndə çox təəcübləndim ki, bütün dünyanın tanıdığı, sevdiyi Qabriel Qarsiya Markesi tanımamaq və ona gülmək... "Yüz ilin tənhalığı" əsərini, hekayələrini dəfələrlə oxumuşdum. Sonra Borxesi dönə - dönə oxudum. Doğrudan da onun Markesdən də üstün olduğunu gördüm. Ümumiyyətlə, Latın Amerikasında zəngin nəsr var. Fikrimcə, müasir dövrdə ən maraqlı nəsr məhz Latın Amerikasındadı.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR