Siyavuş Novruzov: “Qanun qarşısında bu insanlar cavab verməlidirlər”

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsi:

Siyavuş müəllim, Prezident İlham Əliyevin struktur dəyişiklikləri, çevik idarəçilik sahəsində aparılan islahatlarla bağlı nələri söyləyə bilərsiniz?

Bu məsələ hələ ötən il Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklərlə əlaqədar keçirilən referendumda öz əksini tapmışdı. Referendumun bir çox maddələri isnan hüquq və azadlıqlarını əks etdirsə də orada müəyyən struktur dəyişiklikləri də nəzərdə tutulmuşdu. Ümumxalq səsverməsi yolu ilə bu artıq qəbul olundu və hüquqi təsdiqini tapdı. Bundan sonra dövlətin strukturlarında müxtəlif dəyişikliklər və təkmilləşdirmə işləri aparıldı. Beləcə strukturların daha çox çevikliyi, mövcud iqtisadi, ictimai- siyasi proseslərə cavab verməsi ilə əlaqədar olaraq belə bir strukturlar yarandı və yeni təyinatlar həyata keçirildi. Hesab edirəm ki, bu, ilk mərhələdir. Bu cür digər aidiyyatı strukturlarda da müvafiq islahatlar aparılacaq. Bunun effektivliyi daha çoxdur. Çünki aylar, illər, günlər elə dövr edir ki, burada da çox çevik bir mexanizm tələb olunur. Bu çevik mexanizmin yaradılması üçün də struktur islahatlarına ehtiyac var idi.

Azərbaycan həqiqətlərinin dünya ölkələrində təbliği ilə bağlı diplomatik korpuslarımızın gördüyü işlər, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə təhdidləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində hansı işlər görülür?

Bu gün Azərbaycan gənc bir dövlətdir və burada diplomatik işlər gedir. Bildiyiniz kimi ara-sıra diplomatik korpusun nümayəndələri Azərbaycanda toplanırdı və ölkəmizdə baş verən hadisələr, qanunvericilik, həyata keçirilən iqtisadi islahatlar, quruculuq-abadlıq işləri, dövlətin siyasəti və digər bu kimi məsələlər bir neçə həftə ərzində səfirlər tərəfindən diqqətə çatdırılırdı. Eləcə də müxtəlif strukturların rəhbərləri ilə görüşlər keçirilirdi və onlarla sual-cavab aparılırdı. Kifayət qədər informasiya əldə olunduqdan sonra bu məlumatların dünya ölkələrinə çatdırılması istiqamətində də işlər görülürdü. Mən bu prosesin davamlı olmasını düşünürəm. Həmçinin diplomatik korpusumuz Azərbaycan həqiqətlərini, ölkədə aparılan abadlıq-quruculuq işlərini, ictimai-siyasi sabitliyi, bütün beynəlxalq tədbirləri haqqında məlumatları geniş şəkildə təmsil olunduğu ölkəyə və yaxud da həmin ölkənin mətbuat orqanlarına çatdırmağa nail olmalıdır. Bu gün Azərbaycan artıq turizmin inkişafı ilə bağlı da xüsusi addımlar atıb. Azərbaycan müharibə aparan bir ölkə, təhlükəli ərazilər hesab olunurdu. Nəticə etibarilə də onu oxuyan, məlumatı olmayan turistlər Azərbaycana gəlməkdən imtina edirdi. Amma artıq bir sıra ölkələrdə bu ənənəyə son qoyuldu. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, müxtəlif forumlar, dünya çempionatları və s. zamanı ölkəmizə gələn həm idmançılar, həm də turistlər gördülər ki, bu gün Azərbaycan dünyanın ən sabit və stabil ölkəsidir. O baxımdan bunu daha da genişləndirərək dünya ictimaiyyətinə çatdrmaq lazımdır ki, onlar da ölkəmizə səfərləri zamanı heç bir maneəyə rast gəlməsinlər. Digər tərəfdən Dağlıq Qarabağ, işğal olunmuş ərazilərimiz, erməni təcavüzü, ermənilərin həyata keçirdikləri terror aktları, Xocalı soyqırımı və s. kimi məsələlər müddətli deyil, daimi xarakter almalıdır ki, daim gündəmdə saxlanılsın.

Xaricdən maliyyələşən QHT-lərin erməni lobbisi və bəzi beynəlxalq qurumların Gürcüstan üzərindən ölkəmizə qarşı əsassız ittihamları nə ilə bağlıdır?

İlk növbədə qeyd edim ki, biz Milli Məclisdə QHT sektorunun maliyyələşməsi ilə əlaqədar qərar qəbul etmişik. Burada şəffaflığın təmin olunması ilə əlaqədar verilən qrantların mənbəyi, onun hansı məsələlərə xidmət edəcəyi, kim tərəfindən alınması, verilməsi və s. normal bir hal kimi qeydiyyatdan keçməlidir. Beləcə bu haqda aidiyyatı strukturlara məlumat verilməlidir. O zamanlar belə bir qanunda əlavə və dəyişikliklər olunanda bizə qarşı müxtəlif erməni lobbisinin dəstəklədiyi təşkilatlar xeyli hay-küy qaldırdılar. Burada sırf bir məsələ ortaya qoyulurdu ki, şəffaflıq təmin olunsun. Beləcə faktlar da göz qarşısına çıxdı. Məsələn, partiyanın sədr müavini il yarım ərzində Gürcüstana 41 dəfə səfər edib. Eləcə də ayrı-ayrı banklardan müxtəlif valyuta növlərində qrantlar, pullar alıb və bunun da mənbəyi bəlli deyil. Əgər bunlar Azərbaycanda istifadə olunursa mən ölkəmizdə hansısa tədbirin keçirilməsinin şahidi olmamışam. Ona görə də bu qrantlar məqsədli şəkildə verilir. Sözügedən qrantlar məqsədli şəkildə verilirsə həmin şəxslər qarşısında da məsələlər qoyulur. Bizə aydındır ki, Azərbaycan haqqında düzgün olmayan qeyri-obyektiv məlumatlar bunların dili ilə dünya ictimaiyyətinə çatdırılır. Onlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması üçün də bu qrantları, pulları ayırırlar. Bu baxımdan da həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət, cəmiyyət artıq bu insanları tanıyır və onlarla bağlı da hər kəs öz metodlarını tətbiq etməkdədir. Qanunun aliliyi qorunmaq şərtilə qanun qarşısında bu insanlar cavab verməlidirlər.

Qətər böhranı, regionda yeni müharibə ocağı yetişirmi? Bunun Azərbaycana təsir imkanları nə dərəcədir?

Bu böhranın Azərbaycana təsiri olmayacaq. Qətərlə Azərbaycan arasında çox yaxşı iqtisadi, siyasi əməkdaşlıq münasibətləri var. Amma bütün bunlara baxmayaraq həmin olaylar çox ciddi bir faktordur. Çünki ərəb dünyasında artıq haçalanma ortaya çıxır. Bir tərəfdən terrorizm, ayrı-ayrı dövlətlərin suverenliyinin pozulması, onların ərazilərinə müdaxilə, digər tərəfdən isə müxtəlif bəhanələrlə kifayət qədər təbii sərvətləri olan ölkələrin qarşı-qarşıya qoyulması faktları ortadadır. Təbii ki, burada da o təbii sərbətlərdən güzəştli şərtlərlə istifadə nəzərdə tutulur. Bütün o sıxmalar, təsir mexanizmləri də hamısı ondan qaynaqlanır. Faktlardan biri odur ki, guya bu hansısa terrorist təşkilatının maliyyələşdirilməsi ilə məşğuldur. İndi sual olunur ki, o təşkilatlar haradan yaranıb. Biz onun tərkibinə, təchizatına nəzər salsaq hansı ölkələrin silahları ilə silahlandığının şahidi olarıq. Günün günorta çağı ərəb yarmadasında 60 minlik ordu ortaya çıxıb və digər ölkələrin suverenliyini pozmaqla məşğuldur. Bu heç də elə-belə hal deyil. Bəs niyə o dövlətlər məsuliyyət daşımırlar? Eləcə də müxtəlif ölkələrin daxilində qarşıdurma yaratmağla, etnik separatizmi dirçəltməklə həmin dövlətləri dağıtdılar. Vaxtilə onlar dünyanın ən inkişaf etmiş və aparıcı dövlətləri idi. Buna misal olaraq Liviyanı, İraqı, Misiri, Yəməni və s. göstərə bilərik. Bu gün onlar ayrı-ayrı Avropa ölkələrinə qaçıb miqrant statusu ilə yaşamaq məcburiyyətindədirlər. Onların təbii sərvətləri dəyər-dəyməzinə daşınır. O baxımdan bunlar da müzakirə olunmalıdır və qiymət verilməlidir. Hesab edirəm ki, yanaşma tərzi düzgün olmalıdır. Əgər bir yerdə ədalət pozulacaqsa, digər bir yerdə də bu pozulmalıdır. Bu sırf qütbləşmədir və bunun qarşısı dayandırılmalıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri ilə bağlı nələri söyləyə bilərsiniz. Səfərdən gözləntilər nədir?

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərindən də heç nə gözləməyə dəyməz. Çünki onların bu səfərləri turistik bir səfərdir. ATƏT öz üzərinə götürdüyü funksiyanı sona kimi yerinə yetirmir. Biz bütün hallarda bu proseslərlə bağlı öz fikirlərimizi demişik. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə ATƏT indiyənə kimi də hələ bir münasibət bildirməyib. Bizim vətəndaşlarımızın əziyyət çəkməsinə, onların zorla məhkəmələrə gətirilməsi və onlar haqqında qeyri-qanuni qərar çıxarılmasına göz yumurlar. Çünki qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən məhkəmə Azərbaycan məhkəməsidir. Mən ATƏT-dən başqa bir şey gözləyə bilmərəm.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR