Siyavuş Novruzov: Bəzi "iqtisadçı-deputat"ları danışdıran səbəb onların öz şəxsi-biznes maraqlarının doğurduğu hikkədir

YAP İcra katinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun müsahibəsi

- Siyavuş müəllim, məlum olduğu kimi, sabitlik adası olan, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycanın inkişafı müəyyən dairələrdə narahatlıq yaradır. Hətta ölkə daxilindəki bəzi şəxslər və qüvvələr həyata keçirilən uğurlu siyasətin və əldə edilən nailiyyətlərin üzərinə kölgə salmaq üçün müxtəlif manipulyasiyalar edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan son illərdə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə çoxsaylı uğurlar əldə edib, qazanılan nailiyyətlər ölkəmizin inkişafına yeni impuls verib. Bu gün Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyin, təhlükəsizliyin və tərəqqinin qarantı kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda əminliklə söyləmək olur ki, qazanılmış bütün uğurların təməlində məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun qanunauyğun nəticəsi kimi, Azərbaycan özünəməxsus milli inkişaf modeli ortaya qoyub. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bunlarla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Buna paralel olaraq həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Təsadüfi deyil ki, hazırda ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Məhz hazırda uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyanın diqqət mərkəzindədir. Şübhəsiz ki, bütün bu reallıqlar və nailiyyətlər müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər.

- Yeri gəlmişkən, belələrinin sırasında Milli Məclisin deputatları da var.

- Ümumiyyətlə, bəzi şəxslərin siyasi səbatsızlığı onların peşə fəaliyyətinə də sirayət etməkdədir. Bu tip adamlar "hər dövrün adamı" olmaq xüsusiyyətinə malikdirlər. Özlərini iqtisadiçı adlandıran bu cür şəxslər son zamanlar ölkəmizdə həyata keçirilən pul-maliyyə siyasətini, iqtisadi kursu hədəf alan bəyanatlarla çıxış etməklə ictimai çaşqınlıq yaratmağa çalışırlar. Bu şəxslərin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar səsləndirməsi, hakimiyyət komandasını hədəfə alan fikir və bəyanatlarla çıxış etməsi təsadüfi xarakter daşımır. Onlar məqsədyönlü şəkildə Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti hədəfə almaqla, əslində, ölkəmizə qarşı "qara piar" aparan antiazərbaycan dairələrlə sinxron fəaliyyət göstərmiş olurlar.

Onu da qeyd edim ki, əsas etibarilə, nüfuzlu və mötəbər beynəlxalq tədbirlər zamanı antiazərbaycan dairələr fəallaşaraq ölkəmizə qarşı təbliğat aparırlar. Məhz belə bir dönəmdə ölkəmizdəki "beşinci kolon" nümayəndələrinin fəallaşması da müşahidə olunur. Bu şəraitdə "hər dövrün adamı" olmaq xüsusiyyətinə malik olan, özlərini iqtisadçı adlandıran şəxslərin Azərbaycan iqtisadiyyatını hədəfə alması, hətta antiazərbaycan qüvvələrin səsləndirdiyi bəyanatlara uyğun fikirlərlə çıxış etməsi onların qərəzli yanaşmasını, dövlətimizə münasibətini əks etdirir. Bütün hallarda bu, yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır.

- Bu şəxslər həm də Azərbaycanda iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməklə ictimai rəylə manipulyasiya etməyə çalışır. Bu barədə nə deyə bilərsiniz?

- Özlərini cəmiyyətə "iqtisadçı" kimi sırımağa çalışan belələrinin ölkəmizdə həyata keçirilən iqtisadi siyasəti, eləcə də iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməsi tamamilə əsassız və qəbuledilməzdir. Çünki qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində bütün sahələrdə ardıcıl, davamlı uğurlar əldə edilib, dayanıqlı inkişaf təmin olunub. Azərbaycanın iqtisadi siyasətinin uğurları beynəlxalq müstəvidə ayrı-ayrı maliyyə institutları və qurumları tərəfindən yüksək qiymətləndirilir. Belə olan halda, onların bu cür mövqeyi qərəzli, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil.

Digər tərəfdən, Ayaz Mütəllibovun və AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışan belələrinin insanları ərzaq əvəzinə toyuq yemi ilə "təmin" etməsi hər kəs tərəfindən yaxşı xatırlanır. Həmin dövrdə iqtisadi siyasətə rəhbərlik edən komandanın başında olan şəxslərin ölkə büdcəsini talan etməsi, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb olan işlərin altına imza atması da reallıqdır. Müxtəlif dövrlərdə ayrı-ayrı siyasi komandaların tərkibində yer alan və əsas etibarilə, yüksək dövlət vəzifəsi tutan, ölkə iqtisadiyyatına çoxsaylı zərərlər vuran, insanları aclıq və səfalətlə sınağa çəkən bu şəxslərin indi bu cür "iqtisadi nağıllar"la çıxış etməsi gülüncdür. O dövrdə Azərbaycanın qarşılaşdığı maliyyə-iqtisadi problemlərin nəticələri, ölkəmizin acınacaqlı durumu hər kəsin yadındadır. Hazırda isə Azərbaycan hakimiyyətinin fəaliyyəti nəticəsində ölkəmizin inkişafı - əldə edilən nailiyyətlər göz önündədir. Belə olan halda, həmin dövrdə Azərbaycan iqtisadiyyatının acınacaqlı durumunun müəlliflərindən olanların indiki müsbət reallıqları tənqid obyektinə çevirməsi sadəcə gülüş doğurur.

- Siyavuş müəllim, həmin şəxslərin zaman-zaman bu cür manipulyativ fikirlərlə çıxış etməsi Azərbaycan ictimaiyyəti tərəfindən də haqlı narazılıqla qarşılanır. Cəmiyyətin bu mövqeyini necə dəyərləndirirsiniz?

- Şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin bu cür əsassız, qeyri-obyektiv və qərəzli fikirlərə qarşı haqlı narazılıqla çıxış etməsi təbiidir. Çünki əvvəla, Azərbaycan xalqı bir neçə siyasi komandanın tərkibində fəaliyyət göstərən belə şəxslərin fəaliyyəti barədə kifayət qədər məlumatlıdır, onların yüksək dövlət vəzifəsində çalışdıqları zaman xalqımızın və dövlətimizin başına gələn iqtisadi təlatümlərin nəticələrini yaxşı bilir. Həmin dövrdə insanlar əməkhaqlarını, təqaüdlərini aylarla ala bilmir, hətta bunun əvəzinə keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları ilə "təmin olunurdular". Həmçinin sovet dövrünün mənfi ənənələrindən biri olan "talon sistemi" bərpa olunmuşdu. İkincisi isə, Azərbaycan cəmiyyəti hazırda dövlətimizin inkişafına xidmət edən siyasəti dəstəkləyir, görülən işlərin nəticələrini olduqca yüksək qiymətləndirir. Xalqımıza yaxşı məlumdur ki, bu tip insanları danışdıran səbəb onların öz şəxsi biznes maraqları və gerçəkləşməmiş hansısa ambisiyalarının doğurduğu hikkədir. Belə olan halda, cəmiyyət, təbii ki, öz şəxsi biznes maraqlarını ölkəmizin mənafeyindən üstün tutan belələrinin Azərbaycanı, onun inkişafını hədəfə alan fikirlərini qeyri-ciddi və əsassız, absurd yanaşmalardan ibarət olan qərəzli münasibət kimi dəyərləndirir. Bir sözlə, Azərbaycan cəmiyyəti belələrinin Azərbaycan xalqı və dövlətinə qarşı çıxış edən "beşinci kolon" və antiazərbaycan dairələrlə paralel və koordinasiyalı fəaliyyət göstərdiyini bilərək bu qüvvələrə öz etirazını bildirir.

Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR